XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2017 - 21:28

“Xortlayan” tarix:9 min qara qutu, 2,5 milyon sənəd, gün üzünə çıxan Holokost dəhşətləri...

İkinci Dünya müharibəsi illərində nasistlərin əlində 6 milyon yəhudi həlak olmuşdu. Bir çox hallarda yəhudilərin yaşadığı şəhərlər tamamən məhv edilirdi. Onların acı hekayəsini nəql edə biləcək heç kim qalmırdı. Bu, nasistlərin Avropada yəhudi məsələsini birdəfəlik həll etmək planının bir hissəsi idi.

4,7 milyon ad…

1954-cü ildə İsraildə Holokostun tarixini əks etdirən "Yad Vaşem" (ivrit dilində "xatirə və ad" mənasını verir) memorial kompleksi quruldu. Kompleks bütün qurbanların adlarını öyrənməyə çalışır. Bu illər ərzində 4,7 milyon qurbanın adını müəyyən etmək mümkün olub.

"Hər bir ad bizim üçün çox önəmlidir", – deyə kompleksin direktoru Aleksandr Avram bildirir: "Bazamıza yerləşdirilən hər yeni ad bizim nasizm və nasistlərin yəhudiləri yer üzündən silmək niyyəti üzərində qələbəmizdir. Hər yeni ad həm də unutqanlıq üzərində kiçik qələbədir".

 

Deportasiya siyahıları

"Yad Vaşem" Holokost qurbanları ilə bağlı iki yolla məlumat toplayır. Ölənlər barədə onların yaxınlarından, qurbanları tanıyanlardan məlumat almaqla və arxiv materiallarını öyrənməklə. Həmin materiallar nasistlər tərəfindən tərtib edilən deportasiya siyahılarıdır. Bu siyahılar yəhudi məktəblərindəki sinif jurnalları vasitəsilə tərtib olunub.

Jizel Fridman "Yad Vaşem" kompleksinə atası Volf Fridmanın ölümündən 73 il sonra gəlib. Atasının adını əbədiləşdirmək və unudulmasının qarşısını almaq üçün: "Mərhəmətli, inanclı insan idi. Həmişə kitab oxuyardı. Həm də bizneslə məşğul idi və ailəsinin qayğısına qalırdı".

 

"Sabah biz olmayacağıq…"

 

Müharibə başlayana qədər Fridmanlar Xustda xoşbəxt və firavan həyat sürürdü. Yəhudi icmasının yaşadığı bu şəhərcik həmin illərdə Çoxoslavakiyanın ərazisinə (Macarıstan sərhədində) daxil idi. Hazırda isə Ukraynanın Zakarpat vilayətindəki şəhərlərdən biridir.

Fridmanların ənənəvi həyatına 1939-cu ilin avqustunda son qoyuldu. Xusta əvvəlcə macar, sonra da alman qoşunları girdi. Və şəhərdəki bütün yəhudilər deportasiya olundu. 

İndi 89 yaşı olan Jizel atası ilə son görüşünü belə xatırlayır: "Həm fiziki baxımdan, həm mənən möhkəm idi". 

Bir neçə saat sonra ailə ölüm düşərgəsi kimi tanınan "Birkenau"ya gəlib çıxır. Nasistlərin saldığı "Birkenau"  Osventsimdəki düşərgə kompleksinə daxil idi. Volf Fridmanı işçi dəstəsinə götürürlər. Qızı Jizeli ona yaxın gəlməyə qoymurlar.

Jizel, anası və bacılarından biri Osventsimdə 5 aylıq cəhənnəm əzabından sonra qurtula bilirlər. Sonradan Jizel öyrənir ki, 1944-cü ilin oktyabrında ayaq üstə zorla duran, skeletə bənzəyən bir nəfər qadın düşərgəsinə yaxınlaşaraq Xustun sağ qalan sakinlərinə ismarıc göndərib:

"Onlara çatdırın ki, kömür mədənindən yalnız 200 nəfəri geri qaytarıblar. Onu da deyin ki, artıq sabah biz olmayacağıq".

Bu adam Volf Fridman idi. Sabahı o, qaz kamerasına göndərilmişdi…

 

Qara qutulardakı qara talelər…

 

Qara qutular

Mərkəzin əməkdaşları Jizel kimi onlara üz tutanlara şahid ifadələrinin doldurduğu vərəqə təqdim edirlər. Orada qurbanların bioqrafiq məlumatları – müharibəyə qədər harada yaşadıqları, ailə üzvlərinin adları, fəaliyyət sahəsi və s. soruşulur. Foto varsa, vərəqəyə yapışdırılır.  

"Yalnız sona çatanda biz o şəxslərin müharibə zamanı harada olduqlarını və başlarına nə gəldiyini soruşuruq", – deyə mərkəzin "Yad Vaşem" arxiv bölməsinin direktor müavini Sintiya Vrotslavski bildirir.

Mərkəz artıq 2,7 milyon belə vərəqə toplaya bilib. Nəhəng kağız toplusu qara qutularda saxlanılır. Hər qutuda 300 şahid vərəqəsi. Hazırda arxivdə 9 min belə qutu var.

Daha 11 min qutu digər şahid ifadələri üçün saxlanılır. Yalnız bütün qutular dolandan sonra Holokostun 6 milyon qurbanı haqda axtarılan məlumatlar əldə olunacaq.

Problemlərdən biri şahid vərəqələrini doldura biləcək şəxslərin sayının azalmasıdır. Məsələn, 5 il əvvəl mərkəz hər ay 2 min vərəqə əldə edə bilirdisə, indi bu rəqəm 1600-ə düşüb. Səbəb də şahidlərin bir qisminin həyatdan köçməsidir.  

"Yad Vaşem"in hədəfi mümkün olduğu qədər çox insanın, eləcə də Holokost dəhşətini yaşayanların bu mərkəz barədə məlumatlanmasıdır. 

 

Qurbanlar niyə 30-40 il susublar?

 

Uzun illər qurbanların bir çoxu ümumiyyətlə, başlarına gələnləri danışmaq istəməyiblər. Bu, onlar üçün olduqca əzabverici olub.

Holokost qurbanlarına dəstək mərkəzinin tibb bölməsinin rəhbəri Martin Auerbax bunu normal hal sayır. Onun sözlərinə görə, Holokostu yaşayanların bir çoxu başlarına gələnlər barədə 30-40 il sonra danışmağa başlayıblar. Özü də uşaqlarına yox, nəvələrinə. 

Auerbax qurbanların adlarının müəyyən edilməsi üçün aparılan işi olduqca vacib addım kimi qiymətləndirir:  

"Siz bu vərəqəni doldurursuz və qeyd edirsiz ki, bu, sizin atanız, ananız, yaxın qohumunuzdur. Siz onları qayda-qanunla dəfn edə bilmirsiz. Amma xatirələrinin əbədiləşməsini təmin edirsiz və bu çox vacib bir şeydir. Holokostu keçənlərin bir çoxu üçün bu, həm də müalicə prosesidir".

"Yad Vaşem" artıq Qərbi və Mərkəzi Avropadakı Holokost qurbanlarının 95 faizinin adlarını əldə edə bilib. Şərqi Avropadakı yəhudilərlə bağlı vəziyyət isə ağırdır. Nasist işğalı zamanı orada 4,5 milyona yaxın insan həlak olub.

Əgər Avropanın qərbində yəhudilərin "yəhudi probleminin birdəfəlik həlli" əsasən həbs və deportasiyanı nəzərdə tuturdusa, şərqdə bötöv icmalar birbaşa ölümə məhkum edilirdi.

 

Kiyevdə 33 min yəhudi güllələnib

 

1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumundan sonra 1,5 milyona yaxın yəhudi ölüm eskadronlarında can verdi. Həmin ilin sentyabrında cəmi bir neçə gün ərzində Kiyevdə 33 min yəhudi güllələndi. Bu günə qədər həmin şəxslərin heç 50 faizinin adını müəyyən etmək mümkün olmayıb. 

Adları məlum olmayan Holokost qurbanları sırasında acından ölənlər, işgəncə ilə ölənlər, ölüm düşərgələrindən həlak olanlar da var. 

"Yad Vaşem" qurbanları tapmaq üçün keçmiş sovetlər birliyindəki yəhudi təşkilatları ilə də əməkdaşlıq edir. Qurbanların bir çoxu belə bir memorial mərkəzin mövcudluğundan xəbərsiz də ola bilər.

 

205 milyon sənəd

 

Mərkəzin əməkdaşları bu günə qədər Holokosta aidiyyəti olan 205 milyon sənəd toplayıblar və axtarışlar fasilə vermədən davam edir. Aleksandr Avram adları məktublardan və ya rəsmi sənədlərdən tapdıqlarını deyir:

"Bəzən bir neçə ad tapmaq üçün minlərlə səhifəlik sənədləri oxumaq lazım gəlir. Problem ondadır ki, bəzən adlar bir neçə dildə, fərqli əlifbalarla – latın, slavyan, yəhudi v s. yazılır. Bizim əməkdaşlar təkcə linqvist yox, həm də qrafoloq-mütəxəssis olmalıdırlar. Məsələnin ən ağrılı tərəflərindən biri də uşaqlardır. Holokost zamanı 1,5 milyon uşaq məhv edilib. Onlardan təxminən yarısının adını bilirik. Bu, həmin tarixin ən faciəvi tərəflərindən biridir. Əlimizdə elə sənədlər var ki, valideynlər övladlarının sayını göstəriblər – 3 və ya 4 uşaq. Amma onların adları qeyd olunmayıb". 

"Yad Vaşem"in əsas vəzifələrindən biri anonim statistikanı insanlara və həyat hekayələrinə çevirməkdir. Zaman keçdikdə yeni adların tapılması çətinləşdiyi kimi, texnologiyaların inkişafı ilə yeni axtarış vasitələri yaradır. 

Məsələn, "Yad Vaşem" bu yaxınlarda "Facebook"un da köməyindən istifadə edib. Bu sosial şəbəkədə aparılan kampaniya ilə çoxsaylı yeni şahid ifadələri ortaya çıxıb.

"Yad Vaşem" kompleksi

Sosial şəbəkələrdəki gənclər mərkəzin mövcudluğundan xəbər tutan kimi bunu ailə üzvləri ilə bölüşür və qurumla əlaqə yaradırlar. 

Mərkəzdəki məlumatlar bir-birinin həyatda olmasından xəbərsiz olan yaxınları da birləşdirir.

Ötən il məlum şahid ifadələri iki bacını bir araya gətirmişdi. Bacıların hər ikisi o biri bacının öldüyünü düşünürdü. Məlum oldu ki, onlar bütün həyatları boyu İsrailin şimalında yaşayıblar və onları bir-birlərindən cəmi 25 dəqiqəlik yol ayırıb.

Klaudia de Levinin valideynləri 1930-cu illərdə Almaniyadan Argentinaya qaçıb. Klaudia düşünürdü ki, Holokostda 4-5 yaxınını itirib. Lakin mərkəzin məlumatları ilə tanışlıqdan sonra onların sayının 180 olduğunu görüb.

2003-cü ildə "Yad Vaşem" layihəsi YUNESKO-nun yaddaş proqramına daxil edilib. Qurumun bəyanatında qeyd olunur ki, bu layihə soyqırım yaşayan başqa ölkələr üçün nümunə olub. Məsələn, Ruanda və Kamboca üçün…

Strateq.az