XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 15:17

Trampın ilk 100 günü…- ABŞ prezidentinin vədləri və real statistika


 

ABŞ prezidenti Donald Tramp fürsət düşdükcə öyünür ki, onun administrasiyası qısa müddətdə böyük uğurlara imza atıb. Ağ Evin yeni sahibinin bu bəyanatının reallığı nə dərəcədə əks etdirdiyini yalnız rəqəmlər ortaya qoya bilər.

Strateq.az xarici mətbuata istinadən Trampın 100 günlük fəaliyyətinə nəzər salaraq bu müddətdə hansı işlər gördüyünü müəyyən etməyə çalışacaq.

 

Prezident fərmanları 

 

Seçkiöncəsi vədlərinin bir hissəsini gerçəkləşdirmək üçün Tramp prezident kürsüsünə əyləşən kimi bir neçə önəmli sənədə imza atdı.

100 gündə verilən fərmanlar

Yanvar ayının sonlarında ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzaladı. 2016-cı ildə 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını, bu regionda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. 

Saziş Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.
 
Yeri gəlmişkən, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin üçdə biri  Sakit okean ölkələrinin payına düşür. Tramp Çinin bu sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını iddia edərək onu ölkəsi üçün təhlükəli sənəd kimi qiymətləndirdi.

Ümümilikdə Trampın fərman vermək sürəti əvvəlki prezident Barak Obama ilə eynidir. Lakin 21 aprel tarixinədək olan dövrdə Obamadan daha çox fərmana imza atıb.


Reytinq göstəriciləri

 


Yanvarın 20-də inauqurasiya günündə Trampın reytinqi özündən əvvəlki prezidentlərlə müqayisədə ən aşağı səviyyədə idi. 

Vəzifəsinin icrasına rəsmən başlayandan bir gün  sonra yüzminlərlə etirazçının Tramp əleyhinə təşkil etdiyi nümayişlər də yeni prezidentin şəxsinə duyulan mənfi münasibətin hansı səviyyədə olduğunu ortaya qoydu.

ABŞ tarixində əksər prezidentlər vəzifələrinin icrasına yüksək reytinqlə başlayıblar. Tramp bu tendensiyanı dəyişdi. 

Məsələn, oğul Buş və Obamanın aprel ayında reytinqləri 60 faiz idi. Trampda isə faiz göstəricisi 40-dır.
 

Qeyri-leqal miqrasiya ilə mübarizə 

 

İlin I rübündə sərhəd xidməti tərəfindən saxlanılanların statistikası

Trampın seçicilərinə verdiyi əsas vədlərindən biri qeyri-leqal miqrasiya ilə mübarizə idi. Bu mübarizənin aktiv şəkildə aparılacağının işartıları görünür. Və artıq ortada nəticə də var. Birləşmiş Ştatlara miqrant axınında real azalma müşahidə olunur.

ABŞ hökumətinin məlumatına görə, yanvar ayından bu yana Meksika-ABŞ sərhədini keçdiyi üçün saxlanılan şəxslərin sayı son 17 ilin minimumuna düşüb.

Tramp administrasiyası bunu prezidentin müvafiq (qeyri-leqal miqrasiya, sərhəd və gömrük nəzarəti) göstərişlərinin nəticəsi kimi qiymətləndirir.

 

Yeni iş yerləri

 

Əmək bazarının vəziyyəti


Barak Obama ilk dəfə prezident seçiləndə ABŞ 1930-cu ildən bu yana ən ağır dövrünü yaşayırdı. Prezidentliyinin ilk ayında ABŞ iqtisadiyyatı daha 800 min iş yerindən məhrum olundu.

Bir müddət belə davam edəndən sonra bu istiqamətdə dirçəlmə başladı və iş yerlərinin artması baxımından yüksəliş dövrünün ömrü tarixdəki ən yüksək həddinə çatdı. 

Tramp isə seçkiöncəsi kampaniyada amerikalılara söz verib ki, 10 il ərzində 25 milyon yeni iş yeri açılacaq.

 

Fond birjaları

 


Trampın prezidentliyinin birinci həftəsində  Dow Jones, S&P 500 və Nasdaq birjalarında göstəricilər rekord həddə qədər yüksəldi. 

Bu vergilərin azalacağına dair ümidləri artırdı, sərmayəçilərin ruhlanmasına təsir göstərdi.

Lakin mart ayında Konqresdə respublikaçıların səhiyyə islahatları planı iflasa uğrayandan və vergi islahatının aparılmasının hələ müəyyən vaxt alacağı bəlli olandan sonra hər üç fondda geriləmə başladı.

 

Səhiyyə islahatı

 

Trampın seçkidən əvvəl verdiyi əsas vədlərdən biri də “Obamacare” kimi tanınan tibbi sığorta sisteminin ləğvi və ya əvəzlənməsi idi.

Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən bu səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

Respublikaçılar bu mübahisəli qanunu çoxdan dəyişmək istəyirdilər. Baxmayaraq ki, bu qanun 20 milyon amerikalını tibbi sığorta ilə təmin edib.

Təklif edilən alternativ plan 2026-cı ilə qədər 24 milyon amerikalının tibbi sığorta ilə təmin edilməsini nəzərdə tuturdu.

Nümayəndələr Palatasındakı respublikaçılar bu məsələdə ortaq məxrəcə gələ bilməyib iki yerə ayrıldılar. Bu səbəbdən də yeni planın qəbulu üçün tələb olunan səsi yığa bilmədilər. 

Nəticədə Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürdü. Lakin onu da bəyan etdi ki, “Obamacare”i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq. Və qanun layihəsinin yeni variantını həm respublikaçılar, həm də demokratlar dəstəkləyəcək.

 

Strateq.az