XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 08:00

Məşhəddəki görüşün tozanağı:İrandakı seçkilərdə də "Putin barmağı"?! - TƏHLİL

Sina Azodi

"Atlantic Council"


   
İranda 19 May prezident seçkiləri yaxınlaşdıqca, hazırkı prezident Həsən Ruhani hələ də qələbəyə yaxın namizəd sayılır. Lakin o, beş opponentlə üzləşib və iki mühafizəkar real problem yarada bilər – Tehran bələdiyyəsinin başçısı Məhəmməd Baqir Qalibaf və İbrahim Rəisi.

Sabiq polis rəisi və İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandiri olmuş Qalibaf prezidentliyə üçüncü dəfə cəhd edir və kampaniyası üçün populist şüar qəbul edib – "Xalqın rəhbərliyi". Aprelin 27-də yayımlanan televiziya proqramındakı çıxışında Qalibaf o qədər "irəli getdi" ki, A. Linkolnun Gettisberqdəki məşhur nitqindən sitat gətirdi: "İnşallah, insanlar insanlar üçün insanların hökumətini seçəcək…"

Qalibaf, həmçinin 18 yaşından etibarən hər bir işsizə 2.500.000 rial (77 $) aylıq müavinət vəd edir – mümkünlük ehtimalı zəif təklif. Böyük idarəçilik təcrübəsi və populyarlığına baxmayaraq, o, geniş yayılmış korrupsiya iddiaları və Tehranın mərkəzindəki "Plasco" göydələninin və çox sayda yanğınsöndürənin yanıb kül olması ilə bağlı ittihamlara tuş gəlir.

Bələdiyyə başçısının təhlükəsizlik xidməti də seçkilərdə onun şansına zərər verə bilər. 2013-ci ildə canlı yayımlanan prezidentliyə namizədlərin debatları zamanı ovaxtkı əsas namizəd Ruhani Qalibafı 1999-cu ildə tələbə nümayişlərini "dəmir yumruq"la əzməkdə ittiham edib: "Hörmətli cənab Qalibaf! Mən polkovnik deyiləm, hüquqşünasam… dediniz ki, böyük tələbə etirazlarını kəlbətinlə əzmisiniz"… Qalibafın cavabı isə "Mən burada həmin məsələləri müzakirə edə bilmərəm" olub..

İranın siyasi psixikasında "Hokumət-e çəkmepuşan" ("Çəkməlilər hökuməti" – hərbi xuntatərc.) yaxşı nüfuza malik deyil, hərbçilər isə seçiciləri özünə az cəlb edirlər.

Qalibafın qarşısında başqa problem durur. Belə ki, şəhər şuralarına seçkilər də prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək. Əgər mühafizəkarlar şuralarda əksəriyyəti itirərsə, Qalibaf bələdiyyə başçılığı postundan da məhrum olacaq. Hər iki vəzifəyə iddialılıq isə siyasi avantüradır, çünki hər ikisindən məhrum olmaq mümkündür.

Bununla belə, 2005-ci ildən Tehranın bələdiyyə başçısı olan Qalibaf böyük populyarlığa malikdir. Hətta məşhur şiə türbəsinin qəyyumu təyinatına qədər cəmiyyətə nisbətən az naməlum olan Rəisidən də. Uzaqgörən namizəd və texnokrat kimi Qalibaf özünü uğurla təqdim edə bilib. Tehranda yeni magistral və tunellər, əsas magistrallar boyunca gül və ağac əkilməsi, habelə bina divarlarını naxışlama kimi abadlaşdırma işləri daxil olmaqla, urbanist layihələr ona məxsusdur. O, həmçinin Ruhani rəhbərliyi altında əldə edilən nüvə sazişini dəstəkləyib. Aprelin 27-də o, bu sazişi "milli sənəd və öhdəlik" adlandırıb.

Lakin Rəisi mühafizəkar düşərgənin yüksələn ulduzudur və o, İranın ali lideri Ayətullah Əli Xamneinin uğur xələfi hesab edilir. Rəisinin prezidentlik kampaniyası onun populyarlığı ölçmək cəhdidir. Uğurlu kampaniya onun növbəti ali lider olmaq şansını artıracaq, amma məğlubiyyət İranın ən yüksək postuna perspektivləri zəiflədəcək.

Rəisi bildirib ki, o, müstəqil namizəddir və Ruhanini birbaşa tənqidindən yayınıb. Bununla belə, onun veb-saytında Səid Cəlili ilə fotosu dərc edilb. 

Cəlili mühafizəkar düşərgənin sərt siyasət tərəfdarı, nüvə danışıqlarında başlıca ekspert və Ruhaninin güclü tənqidçilərindən biridir. 2013-cü il seçkilərində zəif namizəd kimi çıxan Cəlili yenidən namizədliyini irəli sürməmək qərarı verdi. Onun Rəisi ilə görüşünün təfərrüatları bilinmir, lakin bu, Rəisi üçün prinsipçilər düşərgəsinin güclü dəstək siqnalı ola bilər. Bu, həmçinin hər ikisi arasında gələcək ittifaqı nümayiş etdirə bilər. Əslində, İranın bəzi KİV-ləri xəbər verir ki, seçiləcəyi təqdirdə Rəisi Cəlilini vitse-prezident təyin edə bilər.

Qalibaf kimi, Rəisi də populist mövqe qəbul edib və məzlum iranlılara aylıq pul ödənişləri – üçqat nəzir təklif edib – bu da mümkün görünmür. Rəisi "İş və Ləyaqət" (farsca "Kar və Kəramət"tərc.) şüarı qəbul edib və mühafizəkar media onun kimsəsiz kənd yerlərində çəkilən fotolarını müntəzəm dərc edir. Sabiq prezidenti Mahmud Əhmədinejad da bir vaxtlar bu üsuldan istifadə etmişdi. 

Lakin Rəisinin inzibati fəaliyyət stajı azdır və harizması yoxdur. Bundan əlavə, 1980-ci ildə minlərlə siyasi məhbusun qətlində onun iştirakı iddiaları uğur şansına ciddi təhlükədir.

Digər potensial qara ləkə Rəisi və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin elçisi, Tatarıstan lideri Rüstəm Minnixanov arasında son görüşdür. Rəisi onu İmam Rza ziyarətgahı xadimi qismində qəbul etdiyini bəyan etsə də, bu, seçkilərə xarici müdaxilə narahatlığına səbəb olub. Rusiyanın İranın işlərinə müdaxiləsinə dair tarixi keçmişi nəzərə alaraq, əlbəttə, həmin görüş Rəisinin kampaniyası üçün zərərli ola bilər. Əslində, "Qanun" qəzetinin həımin görüşü barədə dərc etdiyi məqalə də buna işarədir – "Rus ruleti". 

Ruhaninin opponentləri ölkənin iqtisadi problemlərindən istifadə edərək onun idarəçiliyini sərt tənqid edirlər. Ruhani iqtisadiyyatı sabitləşdirmək, inflyasiyanı azaltmaq və nüvə müqaviləsi vasitəsilə sanksiyaları bir qədər zəiflətməyə nail olsa da, ümumən əhali bundan faydalanmayıb və işsizlik yüksək səviyyədə qalır. Bu, həm də Rəisi və Qalibafın populist yanaşmasını izah edə bilər.

Rəisinin idarəçilik təcrübəsinin yoxluğunu və İranın məhkəmə sistemində sərtliyinin nüfuzuna zərər vurduğunu nəzərə alaraq, müqayisədə, Qalibaf Ruhani qarşında daha yaxşı mövqedə görünür. 

Hazırda Ruhaninin iki əsas rəqinindən hansınınsa irəli çıxması və ya digərini dəstəkləməsi ehtimalı qeyri-mümkün görünür. Hər iki namizəd siyasi gələcəyə yönəlik iddialıdır və onların sonadək mübarizə apacağı düşünülür.

 

Tərcümə: Strateq.az