XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 08:47

Möhürlənmiş zərflərin sirri:Ölüm döşəyinə düşmüş 77 yaşlı sultanın 85 varisi olsa da, əsas namizəd gizlədilir - ARAŞDIRMA

Sultan Kabus bin Səid

 

Sergey Manukov

eadaily.com.ru, 30.04.2017

 

Oman sultanı Kabusun sağlamlığı son illərdə kəskin şəkildə pisləşib. Ölkədə hakimiyyət dəyişikliyindən danışırlar, amma yeni başçının adını heç kim bilmir.

 

Vətənin müdfafiəçisi və xalqın atası

 

Omanda sultan Kabus bin Səiddən heç harada gizlənmək olmaz. O, hər yerdədir. Onun portretləri sultanlığın qonaqlarını aeroport, vağzal və dəniz limanlarında qarşılayır. Onları yol, məktəb, universitet, xəstəxana və stadionlarda görmək olar. Qısası, hər yerdə. Omanın bütün şəhərlərinin baş məscidləri hökmdarın adını daşıyır. Yeri gəlmişkən, islam dünyasnda diri adama bu cür münasibət çox nadir işdir.

Yəqin ki, südəmər körpələr istisna olmaqla, dörd milyon omanlıdan hər biri Kabusla bağlı öz əhvalatını nağıl edə bilər. Əlbəttə, sultan bütün ölkəni dəfələrlə eninə, köndələninə gəzərək yeni xəstəxanalar, məktəblər, su təmizləyən qurğular açıb və təbəələrlə görüşüb. Kiməsə öz biznesini açmağa pul verib, kimisə nadir dərmanı tapmağa və yaxud uşağını məktəbə düzəltməyə yardım olub. Oman sultanlığında vətənə sevgi, demək olar, çoxdan yarm əsr şəriksiz hökmranlıq edən sultana sevgi və səmimi sayğıyla çulğaşıb.

Kabus hakimiyyətə o qədər də qanuni yolla gəlməyib, daha dəqiqi, qeyri-konstitusion yolla gəlib. O, 1970-ci ildə keçmiş metropoliyanın – Böyük Britaniyanın dəstəklədiyi hərbi çevriliş həyata keçirib. Qiyam Kabusun atası, digər məsələlərlə yanaşı psixikasında problemi olan  sultan Səid bin Teymura qarşı yönəlmişdi. Sui-qəsdçilərdən birinin  danışdığına görə, Səidə taxtı tərk etməli olduğunu deyəndə təmtəraqlı geyimindən tapançasını qəzəblə çıxardıb öz ayağına atəş açıb. Əlbəttə, təsadüfən. Bu, Omanda hərbi çevriliş nəticəsində axmış yeganə qan idi. Keçmiş hökmdarı ömrünü başa vurmaq üçün Londona təmtəraqlı “Dorçester” otelinə göndəriblər və iki il sonra burada vəfat edib.

Kabus yarım əsrdən bir qədər az müddətdəki idarəçiliyində xalqın atası və ölkənin müdafiəçisi imicini yaradıb. Yaxın dövrdə kəşf edilmiş neftin sərvəti sayəsində Omanda yaşayış səviyyəsini kəskin şəkildə yüksəltmək və sultanlığı ərəb dünyasında əsas oyuçulardan biri olan çağdaş dövlətə çevirməyə nail olub.

Kabus hakimiyyətə gələrkən Oman Yaxın Şərqin ən kasıb dövlətlərindən biriydi. Ölkədə cəmi üç məktəb və bir neçə kilometr asfaltlanmış yol var idi. Yaşlı əhalinin 66%-i savadsız idi. Bu göstərici qadınlar arasında xeyli yüksək idi – 88%. Beş uşaqdan biri beş yaşına çatmamış ölürdü, yarım əsr əvvəl orta yaş müddəti isə cəmi 49,3 il təşkil edirdi!

Kabus bin Səidin dönəmində Oman ÜDM-i 256 milyon dollardan (1970-ci il) 70 milyard dollardan yuxarı qalxdı. Hazırda sultanlıqda 1230 orta məktəb var, yaşlı əhali arasındakı savadsızlıq 5,2%-ə düşüb. Omanda 59 xəstəxana var. Orta yaşayış müddəti bir dəfə yarımdan çox artıb – 76 yaş.

Bu Ərəbistan ölkəsi hazırda Fars körfəzinin arşınlarına görə cüzi neft və qaz ehtiyatları ilə bölgədə ən əlverişli yaşayış ölkələrindən biri sayılır. Siyasətlə məşğul olmasan, omanlı olmaq olduqca sərfəli və rahatdır: sultanlıqda yaxşı təhsil var, sosial xidmətlər dəqiq işləyir.

Omanın sürətli yüksəlişinə aid nə varsa, hamısında sultan Kabusun əli görünür. O, omanlıların maşını necə yumağın gərəkdiyindən tutmuş biznesi necə başlamağa qədər qanun və məsləhətlərin hazırlanmasına aid  bütün iş və təşəbbüslərə qatılıb. Təəccüblü deyil ki, omanlılar hökmdarı səmimi şəkildə sevir və hörmət edirlər. Düzdür, onlar indi sarayı az-az tərk edən sultanın səfərlərini deyil, sağlamlığını izləyirlər. Kabus 77 yaşın içindədir. O qədər də ahıl yaşda və qoca deyil, lakin hökmdarın sağlamlığı ən yaxşısını arzulamağa yer qoyur.

Kabusun sağlamlığı ilə bağlı problemlərdən 2014-cü ildən danışmağa başlayıblar. Sarayın təkzib etdiyi şayiələrə görə, onda yoğun bağırsağın xərçəngi var. Sultan keçən il iki ay Almaniyada müalicədə olub, sonra üç ay Omanda bərpa dövrü keçib. Amma bundan sonra da adam içinə çox az-az çıxır.

Nə qədər istəsək də, Kabusu demokrat adlandırmaq çətindir, çünki əlində son dərəcə böyük səlahiyyətlər cəmləşdirib.

O, həm baş nazir, həm müdafiə naziri, həm xarici işlər naziri, həm maliyyə naziri və mərkəzi bankın prezidentidir. Səciyyəvidir ki, keçən il sultan olmadığından və müalicədən sonra Omanda bərpa dövrü keçdiyindən, az-çox heç bir önəmli sərəncam çıxmayıb, heç bir qanun qəbul edilməyib.

 

Hollivuddakı kimi

 

Təbii ki, Kabusun təbəələri (həm də təkcə onlar deyil) Ərəbistan yarımadasının cənubi-şərq küncündəki kiçik sultanlığın bölgə və dünyada oynadığı rolu nəzərə almaqla  yaxınlaşmaqda olan hakimiyyət dəyişikliyi və Omanın yeni hökmdarından danışırlar. Burada böyük sual işarəsi meydana çıxır, çünki Kabusun varisinin adı məlum deyil.

Omanda hakimiyyətin dəyişilməsi ilə bağlı tarixçə heç də az klassik olmayan “Min bir gecə” ünsürləri ilə klassik detektivi xatırladır. Kabus 1976-cı ildə daha çox Kamilə kimi tanınmış əmisı qızı Səidə ilə evlənib. Nikah çox çəkməyib və başlıcası, övladsız olub. O boşandıqdan sonra subay qalmağı qət edib. Bu bildirir ki, Oman hökmdarının birbaşa varisi yoxdur.

Digər tərəfdən, hüquq üzrə ekspertlərin fikrincə, Kabusun Səidlər kral ailəsinin hər iki valideyni omanlı olan 85 potensial varisi var. Qüvvədə olan və yeri gəlmişkən, Kabusun dönəmində qəbul edilmiş konstitusiyaya görə, sultanın vəfatından sonra yeni hökmdarı Ailə Şurası seçməlidir. Kabusun qohumlarına bunun üçün üç gün ayrılıb. Səidlər konsensusa gəlməyə nail olmasalar, onda səhnəyə iki … zərf çıxacaq.

Paytaxt Maskat və cənub şəhəri Salalada olan zərflərin açılışı, yəqin ki, Oskarın təqdimi mərasimini yada salır – yalnız bu fərqlə ki, məktublarda Kabusun özünün seçdiyi və "X" saatına qədər gizlətdiyi varisinin adı var. Artıq bu mərhələdə qeyri-müəyyənliklər başlanır. Paytaxt sarayındakı Kabus varisinin adıyla möhürlü zərfin varlığından heç kim şübhələnməsə də, ikinci zərfin olduğunu hələlik şayiə saymaq olar. Ən azı, onun varlığı haqda rəsmi təsdiq yoxdur. Həm də ikinci zərfdə də eyni və ya başqa adın olduğu da tam aydın deyil. Yəqin ki, ikinci zərf birincinin başına nəsə gələcəyi hal üçün hazırlanıb.

Taxt varisi məsələsində qaranlıq yetərincədir. Məsələn, şayiələrə görə, zərflərin hər birində iki varisin adı ola bilər – Kabusun seçdiyi əsas iddiaçı və onun başına nəsə gələcəyi və yaxud hansısa səbəbdən taxta çıxa bilməyəcəyi halda, ikinci iddiaçının adı. Həmçinin danışırlar ki, çox güman ki, Ailə Şurasının üzvləri sultanın sərəncamını bir qədər pozacaq və zərfləri ölümündən dərhal sonra açacaqlar ki, yeni sultanı seçməmişdən onun seçimi ilə tanış olsunlar.

Əl-Səidlər sülaləsi artıq on dörd nəsildir Omanı idarə edir. Təəccüblü budur ki, ölkəni bu qədər müddətdə idarə etmiş sülalə indiyədək dəqiq cilalanmış taxt varisliyi mexanizmi hazırlamayıb.

Burası da var ki, sirrə münsibətdə hər şey az-çox anlaşılandır.

“Əl-Səidlər ailəsinin tarixində şahzadələr arasında hakimiyyət uğrunda daxili hesablaşmalar məlumdur, – Sultan Kabusun qərarının səbəbini siyasi analitik və Oman üzrə mütəxəssis Əhməd əl-Məhayni izah edir. – Həm də məsələ bəzən qətllərə gedib çıxıb. Kabusun varisi əvvəlcədən məlum olsa, kral ailəsi üzvlərini bir-birinin üzərinə salmaq istəyən çox adam tapıla bilər. Varis son dəqiqəyə qədər məlum olmasa, onda ölkədəki durum sabit qala bilər”.

Ehtimal ki, Kabus da bu səbəbdəncə hakimiyyətdə olduğu bütün müddətdə kişi xətti üzrə favoritsiz ötüşməyə çalışıb ki, artıq varisi seçdiyi barədə şayiələrdən yayınsın. Bununla belə, Omandakı duruma yaxşı bələd politoloqlar taxta ən çox ehtimal olunan namizədi Kabusun üç əmisi oğlunu – bin Tariklərin üç ögey oğlu Əsəd, Şihab və Həytamı  sayırlar. Söz düşmüşkən, qırx il öncə məhz onların bacısı sultanın yeganə arvadı idi.

Bəzilərinin fikrincə, təxminən, iki ay əvvəl varislə bağlı durum bir qədər aydınlaşıb, başqalarınn fikrincə isə, daha da qəlizləşib.

Hökumət KİV-ləri martın 2-də ümumi rəyə görə adı zərflərin birində olan Əsəd bin Tarikin baş nazirin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə müavini, yəni faktiki olaraq xarici işlər naziri təyin edildiyi haqda məlumat verib. Martın sonunda bir vaxt tank qoşunlarına komandanlıq etmiş Əsədin mövqeyinin yenidən gücləndiyi məlum olub, müavin təyin edilməzdən qabaq isə artıq sultanın “özəl təmsilçisi” idi. Kabus onu İordaniyada Ərəb Dövlətləri Liqasının sammitində Omanı təmsil etməyə göndərmişdi. Bu iki hadisə güman etməyə əsas verir ki, Kabusun vəfatından sonra Əsəd bin Tarik taxta ən başlıca olmasa da, əsas namizədlərdən biridir. Əlbəttə, onun rəqibləri var – ögey qardaşları, mədəniyyət və miras üzrə nazir Həytam və Oman hərbi-dəniz donanmasının keçmiş komandanı Şihab. Hər ikisinin yaşı artıq altmışı keçib.

Diplomatik dairələrdə fikir yayılıb ki, Kabus qohumlarının işgüzar və digər qabiliyyətlərini yüksək qiymətləndirmir. İstisna olunmur ki, varisin adını çəkməyə tələsməməyin səbəblərindən biri də budur. Şübhəsiz, onda varisi təkcə ailədə aramamaq fikri var idi. Məsələn, taxta namizədi Oman siyasi infrastrukturunun üç “kit”ini – tayfa şeyxləri, təhlükəsizlik xidməti rəhbərləri və işgüzar cəmiyyətin içində aramaq olardı. Lakin sultan Kabus hətta onlara diqqətsiz yanaşsa və yenə də varisi qohumlarından seçsə, bu bildirmir ki, onlar hakimiyyət dəyişikliyini diqqətdən buraxacaqlar. Yuxarıda sadalanan qruplar Ailə Şurasına təzyiq göstərməyə səy edə bilər, mövcud namizədlərdən birini dəstəkləyər və yaxud yenisini, məsələn, əl-Səid tayfasından daha cavanını irəli sürər. Bu cür “qara at” 37 yaşlı Teymur Əsəd bin Tarikin oğlu ola bilər. Amerika diplomatları "WikiLeaks" saytında dərc edilmiş teleqramda onun qabiliyyətləri haqda yüksək rəy bildiriblər.

 

Məharətin möcüzələri

 

Müşahidəçilərin fikrincə, sultan Kabusun sirlərə şövqü təkcə Omanda sabitliyi qorumaq istəyi ilə, yəni daxili səbəblərlə deyil, həm də xarici səbəblərlə izah olunur. Oman Səudiyyə Ərəbistanı (SƏK) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həmsərhəddir. Onu İrandan Hörmüz boğazının cəmi 60 km-lik su səthi ayırması da az önəmli deyil. Kabusun ən böyük əndişəsi bir çox günahlarda və məsələn, Oman ordusunda casus şəhəkəsi yaratmaqda ittiham etdiyi BƏƏ-yə nisbətdədir.

Sultan Kabus bölgə dövlətləri arasındakı ziddiyyətlərdə oynayaraq uzun illər ərzində məharətlə manevr edib. Maskat təkcə çoxdankı ticarət tərəfdaşı İranla deyil, həm də onun ən qatşı düşməni Səudiyyə Ərəbistanı ilə sıx iqtisadi və siyasi əlaqələr saxlayır. O, Ərəb Dövlətləri Liqasından savayı Fars körfəzi Ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına da (GCC) daxildir.

Sirr deyil ki, GCC-nin başqa ölkələrində Omanla İranın möhkəmlənən münasibətlərinə davamlı neqativ yanaşma var, – “Christian Science Monitor” Vaşinqtonun "Gulf State Analytics" konsaltinq şirkətindən siyasi analitik Corcia Kafyerodan sitat gətirir. – Yüksək ehtimal var ki, GCC-nin digər üzvləri, əsasən, Səudiyyə Ərəbistanı və BƏƏ Kabusun varisini vadar edəcək ki, Ər-Ruiyad və Əbu-Dabini qane edən və Tehrana qarşı yönəlmiş olmasa da, heç olmasa, ona münasibətdə daha az dostcasına xarici siyasət yürütsün”.

Oman Kabusun dövründə bölgədə olduqca mürəkkəb, ziddiyyət və münaqişələrlə dolu danışıqlarda baş danışıqçı rolunu oynayıb. Sultanın bu məcrada əsas nailiyyətlərindən biri kimi Tehranda ABŞ səfirliyində saxlanan amerikalı girovların azad edilməsini xatırlamaq olar. Məhz sultan o zaman İran və ABŞ təmsilçilərini danışıqlar masasının arxasına əyləşdirib. 2015-ci ildə İİR-in nüvə proqramı üzrə sazişin bağlanması ilə başa çatan mühüm danışıqlar üçün məhz Oman meydança olub. 

Oman Fars körfəzinin ərəb monarxiyaları içində ən dünyəvi dövlət sayılır. Sultanlıq əhalisinin 65%-i islamda sünnilik və şiləlikdən fərqlənən, mütəxəssislərin fikrincə, daha dinc və sakit ibadilik cərəyanına etiqad bəsləyir.

Söz düşmüşkən, ola bilsin, Kabusun vasitəçi missiyasını bu durum izah edir və sultanlığın Yaxın Şərqin dövlət dini sünni yönlü islam olan başqa ərəb monarxiyaları ilə münasibətlərinə çox mühüm təsir göstərir. Demək olmaz ki, ibadiliklə sünnilik arasında da sünniliklə şiəlik arasındakı qədər mürəkkəb münasibət var, lakin bunu tamamilə saf adlandrmaq mümkün deyil.

Fars körfəzindəki qonşular sultan Kabusa birmənalı yanaşmırlar. Səciyyəvi cizgi: Dəməşqdə martda çoxsaylı qurbanla müşayiət olunan bomba partlayışından sonra Maskat Suriyaya başsağlığı teleqramı göndərib. Vaşinqtonda və təbii ki, İran istisna olmaqla, xüsusən də Fars körfəzi dövlətlərinin paytaxtlarında bu şəfqət təzahürünə yetərincə soyuq yanaşdılar.

Maskatda da öz növbələrində SƏK və BƏƏ-nin Yəməndə apardığı müharibəyə görə narazılıqlarını gizlətmirlər. Oman hökuməti İranın da müdafiə etdiyi husilərə müəyyən diplomatik və ola bilsin, maddi dəstək verir. Oman Səudiyyə Ərəbistanının başçılıq etdiyi anticihad koalisiyasına sonda daxil olan ərəb dövlətlərindən biri idi. Bununla belə, qeyd edir ki, onu İŞİD-dənsə “Əl-Qaidə”nin Ərəbistan yarımadasında Yəmənin cənubundakı düşərgələri narahat edir.

Taxt varisi planlarındakı məxfilik həmçinin Kabus irsinin bir sıra mühüm uğurlarını müdafiə etməyə yardım edir. Məsələn, onun uzun illərin əziyyətli işindən sonra çoxsaylı tayfalar və müxtəlif dinlərin təmsilçiləri arasında əldə edilmiş qüvvələr balansı. Sultan həmişə göz qoyub ki, məhkəmələrdən başlayaraq yerli məktəblərə qədər hər yerdə ibadilərlə ölkənin qitə hissəsində yaşayan tayfalar, şiələr, sahilyanı tacirlər və şərqi Afrikadan gəlmə omanlılar arasında təqribi tarazlıq saxlansın.

Təcrübəsiz varis qüvvələrin bu kövrək tarazlığını asanlıqla poza bilər. Omandakı sabitlik təkcə Ərəbistan yarımadası və Yaxın Şərq bölgəsi üçün deyil, böyük mübaliğəsiz demək olar ki, bəlkə də, bütün planet üçün önəmlidir. Sultanlıq Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən Hörmüz boğazının sahilində stratejicə olduqca mühüm yer tutur. Hər il dünya neftinin 20%-nin keçdiyi bu mühüm su yolu üzərindəki nəzarət müxtəlif sahillərdə yerləşmiş İran və Omana məxsusdur.  

Maskatdakı Qərb diplomatları razılaşırlar ki, Hörmüz boğazı İranla SƏK arasındakı mübarizədə əsas qənimətlərdən biridir və Oman bölgənin ağırçəkililəri arasındakı kövrək tarazlığı  saxlamasa, bu boğaz tam şəkildə bölgədə növbəti böyük müharibənin səbəbi ola bilər.

Oskar mükafatının təqdiminə oxşayan zərflərlə bağlı ideya əsasən sultanlıqda hakimiyyətin sakit əvəzlənməsini təmin etmək üçün nəzərdə tutulub. Bu planın baş tutub-tutmayacağı böyük sualdır. Hamı razılaşır ki, növbəti sultan Kabusun omanlıların yanında malik olduğu necəsə eynilə və yaxud qismən müqayisəli etibarını qazanmaq üçün xeyli qüvvə sərf etməli olacaq. İqtisadiyatı neftdən asılı olan ölkəni sosial sarsıntılardan qorumaq daha mürəkkəb vəzifə kimi görünür.

 

Sabitliklə vahid deyil

 

Əlbəttə, sabitlik yaxşıdır, amma digər tərəfdən taxt varisliyini bürüyən sirr çoxsaylı iqtisadi çağırış və problemləri həllə hazırlıqda yeni sultana mane olar. Omandakı növbəti potensial böhran tam şəkildə iqtisadi böhran ola bilər.

Hesablama və proqnozlara əsasən, neft hasilatının indiki səviyyəsində neft ehtiyatları Omana 15 il bəs edər. Maskatın kəsirsiz büdcə əldə etməyi üçün barreli 55 dollardan uzuc olmayan neft lazımdır. “Qara qızıl”ın hər “çəlləyinə” 55 dollardan aşağı qiymət halında Oman iqtisadiyyatının ciddi problemləri olur. 2011-ci ildə bütün Omanda yüksək işsizlik və korrupsiyanın törətdiyi xeyli yürüş guruldayıb. Kabus o zaman dövlət sektorunda yeni iş yerləri yaratmaq, dövlət qulluqçularının maaş və bonuslarını artırmaqla təbəələrini sakitləşdirdi.

İqtisadçı və omanlıların əksəriyyəti narahat olur ki, ölkə idarəçiliyinə hazırlanmamış və təbəələrin rəğbətini tezliklə qazanmağa can atacaq yeni sultan mütləq səhv buraxacaq.

Hazırda getdikcə daha çox omanlı iş axtarır. İqtisadi artım işsizlər ordusu artımını haqlamasa, onda istənilən anda partlaya biləcək sosial bomba meydana çıxacaq. Əlbəttə, yeni sultanın nüfuzu köhnə hökmdarın nüfuzu ilə heç bir müqayisəyə gəlməyəcək. Xüsusən ilk illərdə. Belə durum tarazlığı sındırıb sabitliyi poza bilər.

Təşviş üçün əsas var. Milli statistika və informasiya mərkəzinin məlumatına görə, keçən il Omanın ÜDM-i 5,1% azalıb. Bu qədər güclü düşməyin əsas səbəbi neftin aşağı qiymətləridir. Keçən il Oman neftinin bir barrelinin orta qiyməti 40,1 dollar təşkil edib. Nəticədə il ərzində neft sənayesinin gəlirləri 23,7% düşüb.

İstehsal sektorundan gəlirlərin 17,2% azalması da diqqət çəkir. Lakin iqtisadçılar ümid edirlər ki, bu il nəticələr yaxşı olacaq. Yenə də neftin, lakin indi yalnız qiymətinin artması sayəsində. Yanvar-fevralda “qara qızıl”ın orta qiyməti bir barrelə görə 48,6 dollara qədər qalxıb.

Əlbəttə, Oman hökuməti dövlət büdcəsi kəsirini azaltmaq üçün müəyyən tədbirlər görür. Birinci növbədə xərcləri ixtisar edir, yəni qənaət iqtisadiyyatından istifadə edir, həmçinin əlavə gəlirlər axtarır. Bundan başqa, hökumət müəssisə və şirkətlərin gəlirlərinə vergini 12%-dən 15-ə qaldırıb…

Qərb diplomatları Oman təhlükəsizlik qüvvələrinin son illərdə hiss olunacaq hərbiləşdirilməsinə diqqət yetirirlər. Bu tendensiya təşviş doğurur, çünki növbəti sultanı onun idarəçiliyinə istənilən çağırışa qarşı qüvvə ilə cavab verməyə təhrik edir.

Növbəti sultan zəif çıxsa, – CSM Maskatda işləyən Qərb diplomatlarından birinin analizini msial gətirir, – onda, ehtimal ki, orduya söykənməli olacaq. Bu cür şəraitdə küçələrdə iğtişaşların qızışması üçün o qədər də çox şey tələb olunmur. Bunun üçün atılmış bircə daş kifayətdir”.

 

Tərcümə Strateq.az-ındır.