Devid Hirst
"Middle East Eye"
HƏMAS Fələstin Azadlıq Təşkilatını (FAT) Fələstin xalqı üçün "milli çərçivə" kimi rəsmən tanıyıb, lakin həm də FAT-a xitabən ona "fələstinlilərin hüquqlarını qorumaq üçün demokratik təməllər üzərində yenidənqurma" çağırışı edib.
Tarixi tanınma mayın 1-də Dohada açıqlanmış yeni "arayış" sənədində yer alıb və o, FAT-a alternativ olaraq yazılmış orijinal nizamnamədən tam fərqlənir.
HƏMAS FAT-ı bərpa etməyə çağırır. Sənəddə deyilir: "… Təşkilat qorunub saxlanılmalı, inkişaf etdirilməli və fələstinlilərin hüquqlarını qorumaqdan ötrü Fələstin xalqının bütün tərkibi və qüvvələrinin iştirakını təmin etməklə, demokratik təməllər üzərində yenidən qurulmalıdır".
Bundan əlavə, HƏMAS "Fələstin xalqına xidmət və onun təhlükəsizliyinin təmin edilməsi, hüquq və milli layihələrini qorumaq üçün" FAT-in rolunu təsdiq edir.
İlk dəfə HƏMAS rəsmən Fələstin dövlətinin 4 iyun 1967-ci il tarixli sərhədlərini qəbul edir. Doğrudur, HƏMAS İsraili, "dənizdən çaya qədər (Aralıq dənizi və İordan çayı – tərc.) Fələstinin tam azad edilməsinədək istənilən alternativ"i və ya ikidövlətli həlli tanımaqdan imtina edir.
O, həmçinin Oslo sazişi və onlardan irəli bütün razılaşmaları rədd edir.
Qurumun yeni sənədində deyilir ki, o, yalnız 1967-ci il sərhədlərini, paytaxt Qüdsə və digər yerlərə qaçqınların qayıtmasını "milli konsensus üçün formul" kimi qəbul edib.
Sənədin elanından sonra Dohada mətbuat konfransı keçirən HƏMAS-ın siyasi lideri Xalid Məşəl bildirib ki, məqsəd qurumu həqiqətən "büllur kimi aydın" etməkdir: "HƏMAS hərəkatı həyat qabiliyyətli, öz ideoloji maarifləndirmə, mübarizə və döyüş aspektlərini inkişaf etdirən səmərəli siyasi təşkilatdır. Bu, HƏMAS-ın inkişafının təbii nəticəsidir".
X.Məşəl əlavə edib: "Qurum əsas prinsipləri itirmədən və ya xalqın müəyyən edilmiş hüquq və tələblərini imtina etmədən inkişaf edir".
HƏMAS-dakı mənbə MEE-yə deyib: "Yeni sənəd münaqişənin ikidövlətli həllini nəzərdə tutmur, çünki hər bir dövlət bir-birini tanımır. Bəlkə də bəzi ərəb dövlətləri 1967-ci il sərhədləri haqqında sözləri eşitməyə xoşbəxt olacaq, lakin bunun Ərəb Sülh Təşəbbüsü tərəfindən qəbul edilməsi üçün şərait yoxdur.
Biz Fələstinin hər hansı bir hissəsindən imtina və İsrailin mövcudluğunu qəbul etmədən qayıdış haqqında danışarkən, İsrail bundan xoşbəxt olmayacaq. Bu, xarici aktyorlara xoş gəlməkdən ötrü edilməyib. Bu, hərəkət liderlərinin özünü ifadə etməsidir".
İsrail isə dərhal həmin sənədi yuyub-sərib. Baş nazir ofisinin sözçüsü David Keyes bildirib: "HƏMAS dünyanı axmaq vəziyyətdə qoymağa çalışır, ancaq bu, baş tutmayacaq. Onlar terror tunelləri qazır və İsrailin mülki əhalisini minlərlə raketlə atəşə tuturlar".
HƏMAS isə bildirib ki, o, yəhudilərlə yox, sionizmlə mübarizə aparır. Bu, əvvəlki nizamnamədən xeyli uzaqlaşmadır. Köhnə sənəd hərəkətın daxilindəki liberallar, həm də xaricdəki tənqidçilər tərəfindən antisemit kağız parçası kimi qınanırdı.
Yeni sənəddə deyilir: "HƏMAS iddia edir ki, onun münaqişəsi dini inancına görə yəhudilərlə yox, sionist layihəsilədir. Hərəkat yəhudi olduqlarına görə yəhudilərlə mübarizə aparmır. O, Fələstini işğal edən sionistlərə müqavimət göstərir".
Hərçənd bu sözlərin ardınca sionizmin İsrailə və yəhudilərə aidliyi qeyd olunur.
Yeni sənədin statusu daxili müzakirə mövzusu olub. HƏMAS rəsmiləri deyir ki, yeni sənəd "istinad nöqtəsi" kimi nəzərdə tutulur və 1988-ci ildə yazılmış orijinal nizamnaməni əvəz etmir.
Sənəd istehsalı ilə bağlı daxili prosesi bilən mənbə bildirib: "HƏMAS təzyiq altında deyil. Bir adam tərəfindən yazılmış nizamnamə ilə müqayisədə, yeni sənəd dörd nəfərin məhsuludur və hərəkətda geniş konsensus doğurub".
HƏMAS-ın siyasi baxış və məqsədləri modernləşdirlmə cəhd ilə sənəddə bir sıra digər yeniliklər də var.
1988-ci il nizamnaməsində aydın ifadə edildiyi halda, burada "Müsəlman Qardaşlar"la əlaqəyə dair heç bir qeyd yoxdur. Yalnız HƏMAS-ın "İslama istinadən" Fələstin milli hərəkatı olduğu söylənilir.
Həmçinin xristian fələstinlilər və onların müqəddəs yerləri, eləcə də qadınların və gənclərin əhəmiyyəti haqqında aydın söz açılır.
HƏMAS-ın nizamnaməsində İsrailin yaradılmasına müqavimət əsasında silahlı mübarizəni davam etdirmək yazılsa da, yeni sənəddə qeyri-zorakı müqavimət vurğusu var.
Orada, həmçinin işğala son qoyulmasına nail olmaqdan ötrü Fələstin vətəndaş cəmiyyətinin rolundan danışılır: "Fələstin cəmiyyəti görkəmli şəxsiyyətləri, vətəndaş cəmiyyəti institutları, gənclər, tələbələr, həmkarlar təşkilatları və qadın qrupları ilə zəngindir. Onlar milli məqsəd və sosial quruculuq naminə müqaviməti davam etdirir və azadlığa nail olmağa çalışır".
HƏMAS Fələstin xaricində olan fələstinlilər üçün alternativ vətən layihələrini, o cümlədən qaçqınların hüquqlarını silmək cəhdlərini rədd edir. "Onlar qayıtdıqdan sonra kompensasiya almalıdır və bu, qaçqınların qayıdış hüququnu kiçiltmir və ləğv etmir".
Yeni sənəd HƏMAS Siyasi Bürosunun lideri kimi Xalid Məşəlin istefa ərəfəsində son aktı kimi qəbul edilir.
Tərcümə: Strateq.az