Mətin Gürcan
"Al-Monitor"
Ukrayna müasir müdafiə texnologiyaları sahəsində Türkiyənin yeni tərəfdaşına çevrilir. Müdafiə və hərbi əməkdaşlıq sahəsində Türkiyə və Ukrayna arasında strateji əlaqələr çiçəklənir. Ukrayna hərbi dəniz qüvvələrinin komandanı, vitse-admiral İqor Voronçenkonun başçılıq etdiyi nümayəndə heyətinin aprel 19-22-də Türkiyəyə səfəri buna sübutdur.
Türkiyədə İ.Voronçenko Gölcük limanının tərsanəsini ziyarət etdi. 2011-2013-cü illərdə burada "Turkiye Cümhuriyeti" gəmisi, "Heybeliada", "Büyükada" və "Burgazada" korvetləri qayırılıb və Türkiyə Hərbi Dəniz Donanmasına (HDD) təhvil verilib. İndi də tərsanədə "Kınalıada" tikilir.
"Avrasiya Əməkdaşlığı" çərçivəsində Türkiyə və Ukrayna hərbi dəniz qüvvələri aprelin 3-7-də Ukrayna limanı Odessada keçirilən birgə təlimlərdə iştirak edib. Türk HDD Batum (Gürcüstan), Novorossiysk (Rusiya), Konstanta (Rumıniya), Varna (Bolqarıstan) və Odessaya (Ukrayna) səfərlər edib və Ukrayna hava hücumundan müdafiə qüvvələri ilə birgə təlimlərə qatılıb.
Eyni zamanda, Türkiyə və Ukrayna arasında müdafiə sənayesi təmsilçilərinin yüksək səviyyəli səfərləri baş tutub.
2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin (3,7 milyard $) azad ticarət sazişinin imzalanmasından sonrakı beş il ərzində 20 milyard $-a çatacağı gözlənilir. Qarşılıqlı müdafiə sənayesi layihələrinə peyk texnologiyası, hərbi gəmilər və naviqasiya sistemləri, radarlar, mühərrik texnologiyası, mərhələli kosmik raket və ballistik raket sistemləri, raket mühərrikləri, uzunmənzilli ballistik raketlər və hətta qanadlı raketlər daxildir.
Bu yaxınlarda, Avstriya Türkiyədə yerli dizayn və əsasən yerli texnologiyaların istifadəsi ilə istehsal olunan "Altay" döyüş tankının mühərrik üçün texnoloji dəstəyi məhdudlaşdırdıqda, Ankara üzünü Ukraynaya çevirdi.
Ukraynanın baş naziri Vladimir Qroysman martın 14-də Türkiyəyə səfər edib və iki ölkə təmsilçiləri mətnində Ukraynanın türk tankı üçün 6TD-3 mühərrik təklifi olan ilkin memorandum imzalayıb.
Türkiyə və Ukrayna arasında müdafiə sənayesi və hərbi texnologiya sahəsində əməkdaşlığın sürətli inkişafını təşviq edən nədir?
Birinci səbəb coğrafiyadır: digər NATO və Avropa ölkələrindən fərqli olaraq, Türkiyə, Rusiya və Ukrayna ilə qonşudur, buna görə də onlarla münasibətlərini həmişə balanslı, ehtiyatlı edir.
Digər səbəb Qara dəniz geosiyasətidir.
Dəniz müdafiə sənayesi üzrə ekspert Devrim Yaylalı "Al-Monitor"a bildirib ki, Qara dəniz daxili hövzə olsa da, hələ də Avropa və Rusiya çaylarından və həmçinin Türkiyənin boğazlarından gələn ağır hərəkətliliyi var. 2008-ci ildə Gürcüstana müdaxilə və 2014-ci ildə Rusiyanın Krımı ilhaq etməsi Qara dənizin təhlükəsizlik siyasətinə mürəkkəblik əlavə edib. Ukraynanın isə uzun Qara dəniz zolağı var və Qara dənizin təhlükəsizliyinə bu ölkənin töhfəsi Türkiyə üçün vacibdir.
Ukrayna üçün aktiv Türkiyənin Qara dənizdə Rusiyanın qarşısını kəsməsi və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməsidir.
Yaylalı əlavə etdi: "Türkiyə sahil ölkələrindən başqa Qara dənizdə hər hansı digər donanma görmək istəmir. Məhz buna görə Türkiyənin bütün sahilyanı dövlətlərin dəniz və sahil təhlükəsizlik qüvvələri ilə yaxşı əlaqələr saxlaması vacibdir. Bu, "2017 Sea Star" təlimləri zamanı bütün Qara dəniz ölkələrinə Türk donanmasının səfərləri ilə nümayiş olunub".
Türkiyə və Ukrayna əməkdaşlığı üçün daha bir motiv: hər iki ölkə öz milli müdafiə sənayesini genişləndirmək və gücləndirmək üçün hərbi texnologiyaları bölüşmək istəyir. Bu ölkələrin yetərli qədər müdafiə sənayesi yoxdur.
Yaylalı deyir ki, Ukraynanın HDD-si zəifdir: "Sovet İttifaqının süqutundan sonra Ukrayna hərbi dəniz qüvvələrinə yeni gəmi əlavə etməyib. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi və Ukraynanın bəzi hərbi gəmilərini ələ keçirilməsindən sonra Ukrayna donanması, demək olar ki, yoxdur. 2014-cü ildən əvvəl Ukrayna hərbi gəmiləri NATO əməliyyatlarının dəstəklənməsi üçün Aralıq dənizinə və iki dəfə Ədən körfəzinə səfər edib. Amma bu gün Ukrayna gəmilərnin Qara dəniz çıxması sadəcə yuxudur".
Öz dəniz maraqlarını müdafiə etmək üçün Ukrayna böyük investisiya etməlidir. O, NATO ölkəsindən "ikinci əl" hərbi gəmilər ala və ya onları Ukraynada düzəldə bilər. Türkiyənin öz döyüş gəmilərinin inşasında qazandığı təcrübəyə Ukraynanın marağı bununla izah edilir. Ankara Ukraynanı döyüş gəmisinin dizaynı və istehsalına texniki dəstəklə təmin edə bilər. Həmçinin Ukraynanın standart NATO silah sistemləri, sensorlar və radarlarla təmin edilməsi mümkündür.
Ukrayna müdafiə sənayesi sahəsinə Türkiyənin marağı peyk texnologiyaları, dizel mühərrikləri, ballistik raketlər üçün yanacaq, mühərriklər və qanadlı raketlərlə bağlıdır. Türkiyə qanadlı raketlərlə xüsusilə maraqlanır, onları birgə layihələr əsasında öyrənmək istəyir.
Müdafiə sənayesi eksperti Arda Mövludoğlunun fikrincə, Ukrayna radioelektron müharibə, radar texnologiyası və mühərriklər sahəsində böyük imkanlara sahibdir. Mövludoğlu bildirib ki, Türkiyənin Ukraynadan ən təcili istəyi və ehtiyacı dizel mühərrikləridir.
"Türkiyənin Azərbaycana özüyeriyən artilleriya qurğusu satışı həyata keçmədikdə (çünki Almaniya siyasi səbəblərə görə qaubitsa üçün mühərriklərin satışını yasaqlayıb), Türkiyə mühərriklərin alternativ mənbəyi kimi Ukraynaya üz tutdu", – deyə Mövludoğlu əlavə edib.
Ukrayna, həmçinin riyaziyyat, fizika və kimya, habelə tətbiqi elmlərdə əhəmiyyətli bilik və təcrübəyə malikdir. Türkiyənin bu sahələrdə ciddi geriliyi var. İki ölkə ötən il birgə sonar sistemi inkişaf etdirmək üçün layihələrə başlayıb. Onların, həmçinin xüsusilə müdafiə sənayesi üçün lazımi mühəndislik sahələrində tələbə mübadiləsi proqramları var.
Əlbəttə, Ukraynanın geosiyasi əhəmiyyətinə məhəl qoymamaq olmaz. Ankaranın Rusiyadan aldığı təbii qaz Ukraynadan keçən boru kəmərləri vasitəsilə Türkiyəyə çatır.
Aydın olur ki, ABŞ və Avropa ilə tez-tez baş verən siyasi fikir ayrılıqları ucbatından Ukrayna Türkiyə üçün hərbi texnologiya transferində fasilələri aradan qaldırmaqda ən yaxın və ən istəkli potensial tərəfdaşdır. Lakin "Ukrayna 2014-ci ildən bu yana davam edən qarşıdurmalarla böyük iqtisadi və insani resurs itkilərinə və Krımı Rusiyanın ilhaq etməsinə məruz qalıb, – Mövludoğlu deyib. – Onun müdafiə sənayesinin böyük hissəsi rus kəşfiyyat xidmətləri tərəfindən talan olunub və ya sadəcə onların əlinə keçib. Çünki bu sənaye əsasən Krımda cəmlənmişdi. Buna görə də Ankara diqqətini Ukraynanın strateji əməkdaşlıq sahəsində verdiyi vədlərə yox, edə biləcəyinə yönəltməlidir".
Tərcümə: Strateq.az