XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 19:30

İraq Kürdüstanının müstəqillik oyunu:Bərzani referendumla nə qazanacaq? - TƏHLİL

Leonid İsayev, Andrey Zaxarov

"Al-Jazeera" 

 

Martın sonunda İraq Kürdüstanının prezidenti Məsud Bərzani BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşüb və bir daha diqqəti regiona "öz müqəddəratını təyinetmə" hüququ verən qarşıdakı referenduma çəkib.

Kürdlərin öz gələcəklərini müəyyən etmə arzusu anlaşılandır. Bu gün Yaxın Şərq və Cənubi Qafqaz ölkələrində – Türkiyə, Suriya, İraq, İran və Ermənistanda ümumilikdə, təxminən, 20 milyon kürd yaşayır. İki dünya müharibəsindən sonra öz milli dövlətini əldə edə bilməmiş belə böyük bir etnik qrupun varlığı geosiyasi paradoks hesab edilə bilər. Nəticədə dünya müharibələri və müstəmləkəçiliyin ləğvindən sonra ortaya İŞİD-lə birlikdə kürdlər inzibati-ərazi vahidlərinə açıq qəsd edən ən nüfuzlu qüvvəyə çevriliblər.

Beləliklə, niyə İraq kürdlərinə bu gün müstəqillik seçimi cəlbedici görünür?

 

Federallaşma: uğur və ya iflas


BƏƏS rejiminin süqutundan sonra İraq asimmetrik federasiyaya çevrildi. İraq federalizmi bir etnik azlığa başqalarının hesabına üstünlük verildiyinə görə tez-tez tənqid olunur.

2005-ci ilin Konstitusiyasına əsasən, İraqın 18 əyalətindən yalnız üçündə kürd əhalisi var və onlar muxtar kürd regionun bir hissəsidir. Lakin İraq Kürdüstanının muxtariyyəti həqiqətən hədsizdir: onun hökuməti silahlı qüvvələrə, habelə müstəqil xarici siyasət aparmaq, xarici investisiyaları cəlb etmək hüququna malikdir.

Ərəblərin yaşadığı 15 əyalətdə onlara narazılıq üçün qanuni əsas verən buna oxşar heç bir hüquq yoxdur. Bu baxımdan Yaxın Şərqin monolit və bölünməz hakimiyyət ənənələri güclü olan siyasi dairələrində İraq federal təcrübəsi tez-tez iflas kimi səciyyələndirilir. Amma daxili qarışıqlıqlarla bölünən, etnik və dini müxtəlifliyə malik cəmiyyətdə federallaşmanı uğur hesab etmək olarmı?

Əgər beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində dövlətin bütövlüyünün qorunmasını nəzərə alsaq, İraqın federallaşmasını uğurlu adlandırmaq olar. Hakimiyyətin əks-mərkəzləşdirilməsi ölkə əhalisinin 20 faizini təşkil edən İraq kürdlərinə 2000-ci illərin ortalarında yenidən gündəmə gələn tam müstəqillik məsələsinin ləğvinə imkan verdi. Yerli özünüidarəetmə və ortaq qaydaları birləşdirən federasiya suverenliyə "doza verilməsini" nəzərdə tutur.

İraq Kürdüstanın tam siyasi muxtariyyəti regional siyasi oyunçuların hər hansı birini qane etməsə də, Ərbilin təklif eytdiyi ümuimi dövlət çərçivəsində yarımüstəqil konfiqurasiya onları daha az narahat edir və bununla da regional təhlükəsizliyin təminatına töhfə verir.

Bundan başqa, 2005-ci ilin Konstitusiyasında neft gəlirlərinin bölgüsü təsbitlənib. Vergi gəlirlərinin bölüşdürülməsi ilə bağlı prinsipial məsələlər hələ tam həll olunmadığından hazırda bu, İraq rəhbərliyi üçün rahatçılıq yaradır. Eyni zamanda, indiki status Ərbilə federal hökumətlə müqayisədə, nisbətən aşağı vergi dərəcələri ilə neft investorlarını cəlb etmək imkan verir.

2010-cu illərin ortalarında İraq Kürdüstanının hökuməti əsasən neft hasilatı ilə bağlı 40-dan çox iri beynəlxalq müqavilə imzalayıb. Bağdad, əlbəttə, bununla bağlı deyinir, lakin əvvəl-axır İraq Kürdüstanının dənizə heç bir muxtar çıxışı yoxdur və bütün boru kəmərlərinə İraq dövləti nəzarət edir.

Ümumiyyətlə, İraqın federal hökuməti ölkənin ərazi bütövlüyünü qorumaq üçün daim narazı azlığı təmin etmək üçün əmtəə icarəsinin gəlirini bölür. İraqın tarixində heç vat İraq kürdlərinin bugünkü qədər siyasi, iqtisadi və mədəni azadlığı olmayıb.

Buna baxmayaraq, Ərbil yenidən müstəqillik referendumuna hazırlığı elan edib. Niyə?

 

Siyasi oyun

 

Bu, bir sıra amillərlə izah edilə bilər.

Birincisi, bir lider kimi legitimliyi şübhə doğuran Məsud Bərzaninin şəxsi ambisiyaları var. Regional parlament onun mandat müddətinin uzadılmasından imtina edəndən, formal olaraq, Bərzaninin İraq Kürdüstanı prezidenti səlahiyyətləri 2015-ci il avqustun 19-da başa çatıb.

İŞİD təhlükəsi prezident və qanunverici orqan arasında münaqişəni kölgədə qoyub, lakin terror təhlükəsinin tədricən azalması bir daha kürd liderin qanuniliyi haqqında sualları qaldırıb.

Bu, Bərzanini istər-istəməz "müstəqillik oyunu"nu həyata keçirmək üçün yeni böyük layihə haqqında düşünməyə məcbur edir.

Bundan əlavə, İraqda İŞİD-in işğal olunmuş ərazilər üzərində nəzarəti itirməsi, Bağdadın həmin bölgələrdə nəzarətinin bərpası federal dövlətlə danışıqlarda kürdlərin mövqeyini zəiflədir. Federal müqaviləyə yenidən baxılması üçün şanslar azalır, Ərbil oyundan qabaq hərəkət etməyə çalışır və Bağdada hərbi uğurlardan siyasi məqsədlə istifadə etmək imkanı vermir.

Nəhayət, müstəqillik təhlükəsi Ərbil tərəfindən İraq Kürdüstanının ərazisini genişləndirmək üçün istifadə edilə bilər. Əslində, ərəblər və kürdlər arasında konstitusiya sövldələşməsi hər iki icmanın iddiaçısı olduğu mübahisəli ərazilər məsələsini həll etməli idi. 

Məhz kürdlərin israrı ilə 2005-ci il İraq Konstitusiyasına (maddə 140) əsasən, 2007-ci ilin sonuna qədər Kərkükdə referendum keçirilməli, ya bu neft ərazilərinə Bağdad nəzarət etməli və ya o, Ərbilə verilməli idi. İraq hökuməti hələ bu şərti yerinə yetirməyib və Kürdüstanın yaratdığı ayrılma təhlükəsi Bağdadı hərəkətə keçirməkdən ötrü səmərəli vasitə ola bilər.

Bu – real ayrılma baş verərsə, yalnız İraq kürdləri və elitanın vəziyyətini pisləşdirməyəcək, çünki müstəqilliyin yenilənmiş müzakirəsi, çox güman ki, siyasi oyunda rəqibi qorxutmaq və onu güzəştlərə məcbur etmək üçün nəzərdə tutulan məkrli və məqsədyönlü blefdir.

Bütün bunlar 1990-cı illərdə Rusiyada baş verən qondarma "suverenlik paradı"nı xatırladır. O vaxtlar Tatarıstan və digər resurs respublikaları dəfələrlə müstəqilliklə federal mərkəzi təhdid edirdi, lakin onu həqiqətən həyata keçirmək istəmirdilər. Əksinə, onlar bu təhlükədən federal birlikdə maksimum fayda əldə etməyə çalışırdı.

Rusiya təcrübəsində bu taktika səmərəli oldu: ölkədə unitar sistemin inşa olunduğu indiki çağda Kreml hələ də resurs respublikaları üzərində üstünlüyə nail olmayıb..

İraq Kürdüstanının müstəqillik oyununda uğurla çıxış edib-edə bilməyəcəyini isə zaman göstərəcək.

 

Tərcümə: Strateq.az