XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2017 - 20:26

Əfqanıstanda “Suriya ssenarisi”, yoxsa nüfuz savaşı?- Moskvayla Vaşinqton arasında yeni konfrontasiya - TƏHLİL

Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Aprelin 28-də "Taliban" hərbi əməliyyatlara başladığını açıq şəkildə elan etdi. Ondan üç gün əvvəl isə Cauzcanda taliblərlə İŞİD-çilər arasında ölkənin şimal əyalətləri uğrunda döyüşlər getdi. Əfqan KİV-lərinin məlumatına görə, bütün həftə boyu Cauzcanla yanaşı, Qunduz, Tahar və Balhda iki qruplaşmanın döyüşçüləri üz-üzə gəliblər. Vaşinqton Moskvanın "Taliban"a dəstək verməsindən şübhələnir, Rusiya da ABŞ-ın İŞİD-i dəstəkləməsindən. Belə olan halda Orta Asiya Əfqanıstanda "Suriya ssenarisi"lə üzləşə bilərmi?

Strateq.az Almaniyanın nüfuzlu media orqanlarından olan "Deutsche Welle"yə istinadən bu suala aydınlıq gətirməyə çalışacaq.

 

Əfqan hərbi bazasına hücum: taliblər, yoxsa İŞİD?

 

Aprelin 21-də Məzari-Şərifdə Əfqanıstan ordusunun hərbi bazasına  irimiqyaslı hücum təşkil olundu. Nəticədə 150 hərbçi həyatını itirdi.

Yerli KİV-lər iddia edir ki, əslində ölən hərbçilərin sayı 250 olub. Hücuma görə məsuliyyəti "Taliban" üstləndi. Sonradan isə İŞİD iddia etdi ki, hücumu onlar təşkil edib.

Bütün bunların fonunda ABŞ-la Rusiyanın Əfqanıstan məsələsində ziddiyyətləri bir qədər də dərinləşdi.

Məzari-Şərifə hücumun ardından ABŞ müdafiə naziri Ceyms Mettis dərhal Kabilə yollandı. Mettisin Kabilə səfəri əfqanıstanlı həmkarı Abdullah Xan Həbibinin istefaya göndərilməsi ilə üst-üstə düşdü. Onunla eyni vaxtda məlum hücuma görə quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim də postundan uzaqlaşdırılmışdı.

"Washington Post" yazır ki, son yarım ildə Moskva taliblərə göndərdiyi silah və hərbi texnikanın sayını artırıb. Bəhanə kimi də o göstərilir ki, "Taliban" bundan  İŞİD-ə qarşı istifadə edəcək.

Reallıqda isə bu silah və texnikanın istifadə olunduğu Gilmənd və Qəndahar kimi əyalətlər ümumiyyətlə İŞİD-in nəzarətində deyil.
 

Mettis və Nikolson

Mettis ABŞ-la NATO-nun Əfqanıstandakı qüvvələrinin komandiri, general Con Nikolsonla keçirdiyi brifinqdə bəyan etdi ki, Kabilə istənilən xarici ölkədən silah göndərilməsi beynəlxalq hüququn pozulmasıdır. Silah və hərbi texnika Əfqanıstan hökumətinə göndərilərsə, bu istisnadır.

Səfər zamanı Pentaqon "şefi" sədası Əfqanıstan hüdudlarına yayılan bəyanat səsləndirdi. Mettis bildirdi ki, Rusiyanın "Taliban"a silah dəstəyi göstərdiyi ilə bağlı iddiaların fonunda ABŞ əfqanların yanında olmağa və bu istiqamətdə Moskvayla qarşıdurmaya getməyə hazırdır.

Bu xəbər bir qrup əfqan siyasətçi tərəfindən ictimailəşdirildi və general Con Nikolson tərəfindən də dolayı şəkildə təsdiqləndi. General bildirdi ki, belə bir dəstəyin olması barədə onlara xəbərlər daxil olmaqdadır.

Rusiya KİV-ləri xəbəri tirajlayarkən Mettisin bəyanatında "Moskva ilə qarşıdurma" ifadəsini "Moskva ilə konfrontasiya" şəklində təqim etdilər. 

Moskva Əfqanıstanda fəallığını bir az da artırdı. Rusiya bir tərəfdən taliblərin sülh prosesinə cəlb edilməsinin vacibliyini bəyan edir, digər tərəfdən də münaqişənin həllinə dair beynəlxalq səviyyəli müzakirələr üçün öz siyasi meydançasını yaradırdı.

Aprelin 26-27-də Moskvada keçirilən təhlükəsizlik konfransında da Əfqanıstan mövzusu dominant idi. Ondan əvvəl də – aprelin 14-də Moskvada məsləhətləşmələrin növbəti raundu keçirilmişdi. 

Müzakirələrə Çinlə yanaşı, İran, Hindistan, Pakistan, Mərkəzi Asiyanın bütün ölkələri, həmçinin ABŞ dəvət olunmuşdu. Lakin ABŞ tərəfi iştirakdan imtina etdi. 

Orta Asiya ölkələri qonşu Əfqanıstanda baş verən bu gərginliyi böyük təlaşla izləməkdə davam edir. Bu, onlar üçün də ABŞ-la Rusiya arasında konfrontasiyanın yeni işartısıdır.

Qırğızstandan olan ekspert, BMT-nin Əfqanıstandakı xüsusi missiyasının rəhbəri olmuş (2002-2014) Tələtbəy Masadıqov deyir ki, 19-cu əsrdən bu yana nə Britaniya, nə SSRİ, nə də ABŞ və NATO Əfqanıstada öz hədəflərinə sonadək çata bilib.

Ona görə də geosiyasi maraqların mübarizəsi və Orta Asiya ölkələrində nüfuz dairəsini genişləndirmək cəhdləri davam edir: "Britaniyalı ekspertlər açıq şəkildə deyirlər ki, bu, regiondakı "böyük oyun"un davamıdır. Lakin "böyük oyun" və "böyük konfrontasiya" fərqli şeylərdir".

 

Talibləri silahlandırma və İŞİD-ə havadan dəstək

 

Lakin ekspert hesab edir ki, Rusiyanın Əfqanıstandakı real iştirakı kifayət qədər məhduddur:

"Bunu məlumatlı mütəxssis olaraq bütün məsuliyyətimlə deyə bilərəm. Mettisin konfrontasiya ilə bağlı fikirlərinə gəlincə, bunu ABŞ-ın yeni administrasiyası üçün xarakterik olan emosional özünüifadə hesab edirəm. Həm ABŞ-ın, həm də Rusiyanın sağlam düşünmək bacarığı var. Nüfuz dairəsini gücləndirmək üçün növbəti konfrontasiyaya getməyə tərəflərin heç biri hazır deyil".

Məlumatlı mənbə DW-yə bildirib ki, ABŞ-ı Rusiya və İranın "Taliban"la əlaqələri narahat etdiyi kimi, rus silahlılarını da Əfqanıstadakı İŞİD-çilərə xaricdən, eləcə də ABŞ-dan dəstək verildiyi fikri rahat buraxmır.

Üstəlik əfqan silahlıları Rusiyaya məlumat ötürüblər ki, ölkənin şimalında taliblərlə İŞİD arasında gedən döyüşlərdə sonuncuya havadan dəstək verilib. Əfqanıstanın hava məkanına isə  ABŞ və NATO qüvvələri nəzarət edir. 

Moskvada məhz İŞİD-i əfqan münaqişəsini Orta Asiya sərhədinə daşıya biləcək böyük təhdid hesab edirlər. 

Həm də "Taliban"dan fərqli olaraq İŞİD "xəlifətin" Əfqanıstan hüdudlarında da yayılmasını hədəfləyib.

 

Əfqanların İŞİD-i 

 

Əfqanıstanda xaricdən hərbi-texniki dəstək alan bir neçə qruplaşma var. Məsələn, "Taliban", "Candulla", "Ləşkər-ə-Tayba", İŞİD və s. Əfqan ordusunun yüksək rütbəli zabitləri tez-tez şikayətlənirlər ki, onların düşmənləri daha müasir silah və hərbi texnikaya sahibdilər. 

Tələtbəy Masadıqov deyir ki, hər qruplaşmanın arxasında bir xarici qüvvə  dayanır. Bu qüvvələr onları təşkilatlandırır, silah və pul verirlər.

Əfqan jurnalist Nacibulla Asakzay DW-yə bildirib ki, İŞİD-in əfqan qanadının Yaxın Şərqdəki İŞİD-lə əlaqələri çox zəifdir.

Sadəcə olaraq İŞİD brendindən uğurla istifadə edir. Əslində isə bu qruplaşma Özbəkistan İslam Hərəkatının varisidir.
 
 

Orta Asiya sərhədində narkoticarət 

 

Jurnalist qeyd edir ki, əfqan silahlılarında olan məlumata görə, onlar İŞİD adı altında ərəb ölkələrindən olan sponsorları razı salmaq üçün gizləniblər.

"Qruplaşmanın şimal əyalətlərdə,  Orta Asiya sərhədləri boyunca möhkəmlənməsi həmin əcnəbi kuratorların istəyi ilə gerçəkləşir. Taliblər buna mane olmaq istəyirlər. İŞİD-in əsas vəzifələrindən biri öz narkoticarət kanallarını bütün Orta Asiya boyunca qurmaqdır. Bu, qruplaşmanın özünü maliyyələşdirməsi üçündür. Əgər bu davam etsə, münaqişədə Suriya ssenarisi təkrarlana, sonradan münaqişə Orta Asiya ölkələrinə də keçə bilər".

"Regionun ekspertləri hesab edirlər ki, Moskva riskləri bilərəkdən şişirdir. Məqsəd də regionu qorxu və öz təsiri altında saxlamaqdır. Amma illərdir bu sahədə işləyən biri kimi deyə bilərəm ki, təhlükə rus həmkarlarımın dilə gətirdiyindən də böyükdür", – deyə qırğız ekspert bildirir.

Bütün bunlara baxmayaraq, ekspertlər bu məsələdə işıqucu da görürlər. Belə ki, Əfqanıstanda yerlilərin əksəriyyəti İŞİD ideyasını dəstəkləmir. Bu ideya əsasən Əfqanıstanın sələfi əfqanlar yaşayan ərazilərində – Kunar, Nuristan və Nanqahar kimi bir neçə əyalətində rəğbət görüb.  

Bu da o deməkdir ki, yerlilərin dəstəyi olmadan ehtimal olunan təhlükənin reallaşması da xeyli çətinləşəcək…
 
Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə