"Al-Watan Saudi Arabia" (Səudiyyə Ərəbistanı), 06.05.2017
Rusiya Federasiyasındakı müsəlmanların faktiki sayı haqda dəyərləndirmələr fərqlənir. Rusiyanın Avropa hissəsinin Ruhani İdarəsinin statistik məlumatına görə, ölkədə islam ardıcıllarının sayı hazırda 20 milyon nəfərə çatır. Halbuki “Левада-Центр”-in 2013-cü ildə apardığı sorğunun nəticəsinə görə, müsəlmanlar Rusiyanın bütün əhalisinin cəmi 7%-ni təşkil edir.
Amma son qeyri-rəsmi məlumatlar təsdiq edir ki, Rusiyada müsəlmanların sayı 28 milyona çatıb və əhalinin ümumi sayının 14%-ni təşkil edir ki, bu da Türkiyə istisna olmaqla, Rusiyanı Avropada ən böyük müsəlman ölkəsi, Moskvanı isə İstanbuldan sonra ən çox müsəlman əhalisi olan şəhər edir. Moskvadakı müsəlmanların sayı iki milyona yaxındır və onlar üçün cəmi dörd məscid var.
Ola bilsin, rusların indiyədək müsəlmanlara münasibətdə bəslədiyi inamsızlıq və ədavətin əsas səbəbi keçmişdə müsəlmanlarla pravoslavların Avrasiya bölgəsində nüfuz uğrunda münaqişəsinin uzun tarixidir. Bu, 1918-ci ildə Türküstan muxtariyyəti və 1996-cı ildə İçkeriya (Çeçlenistan) respublikasının yaranmasını görmüş müsəlmanların sovet dövründə dövri olaraq təqibini izah edir.
Kreml siyasi islamın və cihadçı hərəkatların Yaxın Şərq, Afrika və Aqsiyada sürətlə artan nüfuzu fonunda başa düşüb ki, Rusiya Federasiyasının respublikalarında islam hərəkatlarının meydana çıxması, formalaşması və artımı təhlükəsizliyə ciddi təhlükə təşkil edir. Və bu təhlükənin ilk qaranquşu Rusiyanın bəzi bölgələrində separatçı tendensiyaların artımı olub.
Bir sıra Rusiya resurslarının məlumatına görə, antiterror qurumlarında cihadçı qruplaşmalarla əlaqədə şübhəli bilinən rusiyalı 15 min müsəlmanın adını ehtiva edən siyahı var. Bu vətəndaşlar sürəkli nəzarətdədir və dövri istintaqa məruz qalırlar.
Rusiya prokurorluğunun məlumatına əsasən, terrorizmdə şübhəli bilinən 650 işdən 150-i üçün ittiham hökmü çıxarılıb. Onlar üçün xarici silahlı qruplaşmalara mənsub olmaq və Rusiyanın milli təhlükəsizliyinə təhlükə təşkil edənlərin hamısı üçün 2013-cü il tarixli cinayət məsuliyyəti haqda qanuna uyğun olaraq terrorçu qruplaşmaya mənsubluq ittihamı üzrə azadlıqdan məhrum edilmə cəzası müəyyən edilib. Rusiyalı ekspertlər – Karnegi mərkəzindən Aleksey Malaşenko və RF Ədliyyə Nazirliyindən Roman Silantyevin dəyərləndirməyinə görə, hazırda Rusiyada minlərlə sələfi qrupu var və “islam Rusiyanın bütün bölgələrinə, o cümlədən Sibir və Uzaq Şərqə nüfuz edib”.
Alimlər hesab edirlər ki, ruslar arasında sələfilərin sayı 700 min nəfərdən çoxdur. Onların əksəriyyətinin döyüşçü olmadığına baxmayaraq, Rusiyada İŞİD-ə “rəğbət bəsləyən” radikalların sayı 200 mindən 500 minədək dəyərləndirilir.
2015-ci ilin iyununda İŞİD-in mətbuat katibi Əbu Muhəməd Qədrinin “Qafqaz vilayəti” adı altında yeni əmirliyin yaradıldığı haqda bəyanatından sonra Dağıstan, İnquşetiya, Çeçenistan, Kabardin-Balkar, Qaraçay-Çərkəzdə bir sıra islam hərəkatları İŞİD-ə və lideri Əbu Bəkr əl-Bağdadiyə biət ediblər. Suriyaya yayılmış və baxışlarına uyğun olaraq üç istiqamətə bölünmüş “qafqazlı cihadçılar” fenomeni yaranıb. Birincilər İŞİD təşkilatının himayəsi altında birləşiblər. İkincilər “Əl-Qaidə”nin Levanta şöbəsi “Cəbhət ən-Nusra”nı dəstəkləyən qruplaşma yaradıblar. Üçüncülər heç kimdən asılı olmayan “Qafqaz Əmirliyi”nə sədaqət andı içiblər.
Müxtəlif dəyərləndirmələrə görə, İŞİD sıralarında beş mindən yeddi minədək rusdilli cihadçı var ki, bu da təşkilat üzvləri arasında yayılmasına görə rus dilini ərəb dilindən sonra ikinci dil edib. İŞİD-in xidmətində, təqribən, 2400 rus yaraqlısı fəaliyyətdədir.
“Ведомости” qəzeti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşevin Milli antiterror komitəsinin toplantısındakı bəyanatını dərc edib ki, “Yaxın Şərqdəki döyüşlərə qatılmaq üçün 2014-cü ilin sonunda Rusiyanı 2900 nəfərə yaxın adam tərk edib”.
Xarici işlər naziri Sergey Lavrov öz növbəsində “ИТАР-ТАСС”-a bildirib ki, “onların sayı beş min döyüşçüyə çata bilər”.
Nəhayət, "The Soufan Group" mərkəzinin hesabatına əsasən, “keçmiş sovet respublikalarından İŞİD-ə gəlmiş döyüşçülərin sayı 2015-ci ildə 2400-ü Rusiyanın Şimali Qafqazından çıxmış 4700 nəfərə çatıb”.
"Reuters" agentliyi “Rusiya İŞİD sıralarında döyüşmək üçün ekstremistlərə Suriyaya getməyə necə imkan verib” başlığı ilə bu mövzuda reportaj dərc edib. Amma Rusiya tərəfi məqsədi rus islamçılara ölkəni istənilən vaxt tərk etməyə yardım olan proqramda iştirakını inkar edir. Rusiya Qərb tərəfdən bu ittihamlara cavabda terrorçulaırn Suriya və İraqa sızmağna görə məsuliyyəti Qərb ölkələrinin boynuna qoyub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Rusiya hökuməti terrorçularla əməkdaşlıq etmir və onlarla heç bir işi yoxdur”.
O, həmçinin xatırladıb ki, RF XİN-in bəyanatında deyilir ki, “Rusiya ərazisinin daxilində terrorçuların ləğvi baş verir”.
Eyni zamanda Çeçenistan respublikasının müftisi Salah Mejiyev deyib ki, Çeçenistana qayıdanlar İŞİD-ə və yaxud Suriyadakı terrorçu qruplaşmalara qoşulmaqdan tövbə etsə, əfv imkanına malik olacaq və normal həyat sürə bilərlər.
Tərcümə Strateq.az-ındır.