XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2017 - 12:53

“Qoca tülkü”nün ölkəsinə qəfil dönüşü:"Kabil qəssabı" 20 il sonra Əfqanıstana niyə qayıtdı? - ARAŞDIRMA

Əfqanıstanın ən nüfuzlu səhra komandiri, radikal İslam Partiyasının (“Hezb-e İslami”) lideri Gülbəddin Hikmətyar Kabilə geri qayıdıb. Bundan sonra o, şəhər kənarındakı Darul-Aman rezidensiyasında yaşayacaq.

Artıq tərəfdarları rezidensiyaya gedən yolu onun portretləri ilə bəzəyiblər. Yerli hökumət bir vaxtlar ölkənin baş naziri olmuş Hikmətyarı böyük təntənə ilə – milli barışığa töhfə verə biləcək müttəfiq kimi qarşılayıblar. 

Bu qayıdış son günlər həm Əfqanıstan daxilində, həm də onun hüdudlarında geniş müzakirələrə yol açıb. Ekspertlər, siyasilər və jurnalistlər "Qoca tülkü" ləqəbi ilə tanınan Hikmətyarın Kabilə və siyasi arenaya qayıdışının əsas məqsədini çözməyə çalışırlar.

…Bir ay sonra 70 yaşı tamam olacaq mücahid Kabilə bir neçə gün əvvəl – mayın 4-də silahlı mühafizəçilər və avtomobil karvanının müşayiəti ilə gəldi. Prezident Əşrəf Qəni dərhal onu sarayında qəbul etdi.

Təntənəli qarşılama mərasimindən sonra keçirilən görüşdə Əşrəf Qəni bu ilin fevralında hökumətlə Hikmətyarın rəhbərlik etdiyi qruplaşma arasında əldə olunan sülh sazişini xatırlatdı. Və ümid etdiyini bildirdi ki, İslam Partiyasının ardınca "Taliban" da münaqişənin dinc yolla nizamalanması xəttini tutacaq.
 

Gülbəddin Hikmətyar

 

20 il Əfqanıstandan kənarda yaşayan Hikmətyar talibləri "qardaş" adlandıraraq, onları hökumət qoşunları ilə silahlı qarşıdurmanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırdı.

Hikmətyarın çıxışı mücahidlərin qələbəsi kimi qeyd olunan Nəcibulla rejiminin devrilməsinin 25-ci ildönümü ilə üst-üstə düşdü. Əfqanıstan hökumətinin başçısı Abdulla Abdulla onun bu addımını təqdir edərək xalq tərəfindən alqışlandığını bildirdi.

Qərb ekspertləri deyir ki, 90-cı illərdə Əfqanıstanın baş naziri olan, Əfqanıstan İslam Partiyasına rəhbərlik edən, taliblərin gəlişi ilə Kabildən qaçan Hikmətyar öz antidemokratik və radikal dini baxışlarını heç də dəyişmək fikrində deyil.

Hikmətyarın qayıdışı Əfqanıstanda çoxlarında narahatlıq yaradıb. Özü də təkcə ona görə yox ki, o, ölkədəki dünyəvi baxışlı kəsimin inkişafına mane ola biləcək biridir. 

Hökumət təmsilçilərindən biri "Reuters"ə bildirib ki, Hikmətyarı necə – müttəfiq, yoxsa düşmən kimi qəbul etməli olduqlarını hələ dəqiq bilmirlər.

Həqiqətən də on ildən artıqdır ki, Hikmətyarın silahlı dəstələri NATO kontingentinə və hökumətin nəzarətindəki qoşunlara qarşı olub. Əsas tələbləri isə budur ki, Əfqanıstanda əcnəbi hərbçilər olmamalıdır.

Hikmətyar bu tələbini hələ sovet qoşunları ilə savaş dövründən səsləndirirdi. Həmin vaxt o, nəhəng mücahidlər dəstəsinə liderlik edirdi.

İndi bir çox müşahidəçilər ehtiyat edirlər ki, hökumət Hikmətyarı rəsmi tərəfdaş kimi qəbul etdiyi üçün prezident Əşrəf Qəni ilə tacik baş nazir Abdulla Abdulla arasında olan ziddiyyət daha da dərinləşə bilər.

Eyni zamanda Əfqanıstanda hamı yaxşı xatırlayır ki, Hikmətyar bir müddət əvvəl İŞİD-ə qoşulmağa hazır olduğunu bəyan etmişdi.

Əfqan jurnalist Nacibulla Asakzay bildirir ki, Əfqanıstadakı 40 illik savaş və qeyri-stabillik müddətində Hikmətyar həmişə milli barışıq məsələsində destabilizə edən faktor kimi qəbul olunub. Baxmayaraq ki, vahid dövlət və güclü mərkəzi hakimiyyətin tərəfdarı kimi çıxış edib: "Əfqanıstanda çoxları ehtiyat edir ki, qalmaqallı siyasətçi kimi tanınan Hikmətyarın zamanla Əfqanıstanda güclənən İŞİD-də qoşulmaq və onlardan öz məqsədləri üçün istifadə etmək ehtimalı var. İŞİD kimi, onunla da taliblər arasında  fikirayrılıqları var".

Nacibulla Asakzay

 

"Hikmətyar hakimiyyətə və siyasi prosesləri idarə etməyə can atır. Bu, əvvəl də belə olub və o vaxtdan bəri heç nə dəyişməyib". 

Bunu əfqan deputat, ölkə parlamentində etnik tacikləri təmsil edən Abdul Xodod Payman deyir.

Başqa bir deputat – Badaxşan Sayfulla isə hesab edir ki, Hikmətyar xarizmatik şəxsdir və Əfqanıstanda sülh prosesinin bərqərar olmasında həlledici rolu ola bilər. 

Kabil Universitetinin dosenti Faiz Məhəmməd Zalandın fikrincə, Hikmətyar hələ də əhalinin ayrı-ayrı təbəqələri arasında nüfuza sahibdir və ətrafına yeni elektorat toplaya bilər. 

Nacibulla Asakzay Hikmətyarın nüfuzunun kifayət qədər yüksək olması fikrilə razılaşır. Və hesab edir ki, o, təkcə peştunlar yox, özbəklər və xəzərələr arasında da böyük nüfuza sahibdir: "Son dönəmlərə qədər onlar özlərini özbək lider Abdulla Rəşid Dustumun rəhbərliyi altında hiss edirdilər. İndi Dustum formal olaraq vitse-prezident postunu tutsa da, demək olar ki, ev dustaqlığındadır. Ona görə də xəzərəli və özbək səhra komandirləri yeni himayədar axtarışındadır və Hikmətyara tərəf yönəliblər". 

Gülbəddin Hikmətyar müttəfiqlərini bir neçə dəfə dəyişib. Məsələn, bir vaxtlar ABŞ, Pakistan və Səudiyyənin dəstəyi ilə SSRİ-yə qarşı savaşıb, sonra isə İranın və Pakistanın dəstəyi ilə NATO-ya və yeni hökumətə qarşı çıxıb.  

Hikmətyar həm də "Kabil qəssabı" ləqəbi ilə tanınır. Bu ləqəbi sovet qoşunları Əfqanıstandan çıxandan sonra mücahidlər arasında gedən vətəndaş müşaribəsi zamanı alıb.

Həmin vaxt – 90-ların ortalarında Kabilin uzunmüddətli artilleriya atəşinə tutulması nəticəsində onminlərlə insan həyatını itirmişdi. Ardınca taliblər Kabili tutmuş və Hikmətyar ölkədən qaçmışdı. Onun sorağı əvvəlcə İrandan, daha sonra Pakistandan gəlmişdi. 

ABŞ 2003-cü ildə Hikmətyarı "Əl-Qaidə"yə və "Taliban"a dəstək verən beynəlxalq terrorçuların siyahısına daxil etdi. Onun adı BMT-nin də "qara siyahısına" düşdü. 

2016-cı ilin sentyabrında Əfqanıstan İslam Partiyasının rəhbərliyi ilə rəsmi Kabil arasında sülh danışıqları başladı. Danışıqlarda Hikmətyarın Əfqanıstana qayıdışı da müzakirə mövzusu oldu. 

Nacibulla Asakzay deyir ki, bununla bağlı Hikmətyarın övladları ABŞ diplomatları ilə razılıq əldə ediblər. 

Əfqanıstan hökuməti ilə Hikmətyar arasında sülh müqaviləsi imzalanandan sonra hökumət BMT Təhlükəsizlik Şurasına müraciət edərək "Hizb-i-İslami" Partiyası liderlərinin adının sanksiyalar tətbiq olunan şəxslər siyahısından çıxarılmasını istədi. 

2017-ci ildə Hikmətyarın üzərindən BMT sanksiyaları qaldırıldı. Baxmayaraq ki, əfqan hüquq müdafiəçiləri buna qəti şəkildə etiraz etmişdilər.

Sülh sazişinə "Human Rights Watch" da qarşı çıxdı. Qurum hesab edirdi ki, bu halda hərbi cinayətlərə yol verənlər, mülki sakinləri öldürənlər cinayət təqibindən azad olunurlar. Hələlik Əfqanıstanda hərbi cinayət törədən yüksək vəzifəli hərbçilərdən heç biri məsuliyyətə cəlb edilməyib.

Hikmətyarın Əfqanıstan hökuməti ilə anlaşması separat danışıqların nəticəsi kimi də qiymətləndirilir. O mənada ki, Hikmətyar da taliblər kimi rejimə qarşı mübarizə aparırdı. Lakin anlaşmaya "Taliban"sız getdi. Taliblər hələ də hər hansı danışığa getmir və əcnəbi hərbçilərin tamamən Əfqanıstanı tərk etməsini tələb edirlər. 

Onlardan fərqli olaraq, Hikmətyar danışıqlara razılıq verdi. Özü də təslim olmadan və silahı yerə qoymadan. Üstəlik hələ də Əfqanıstanın şimal-şərqindəki ərazilərə nəzarətini davam etdirir. 

Hikmətyar Əfqanıstanın formal hakimiyyətini tanıdı və bunun müqabilində qarşı tərəf də onun onlarla tərəfdarını həbsdən azad etdi, özünü amnistiyaya saldı və hakimiyyətdə təmsil olunmağı təklif etdi.

Hikmətyarın milli barışıq prosesində Əfqanıstan hakimiyyətinə hansı dəstəyi verə biləcəyi tam müəyyən deyil. Ehtmal var ki, hakimiyyət onun pakistanlı hərbçilərlə uzun illərdir davam edən yaxın əlaqələrindən istifadə edərək Kabillə İslamabad arasında "buzları əridə" biləcək. Amma bunun üçün Hikmətyar Pakistan tərəfini Əfqanıstanda stabitliyi pozan qüvvələri dəstəkləməməyə razı sala bilməlidir ki, bu da göründüyü qədər asan deyil…

Tərcümə Strateq.az-ındır