XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 22:37

Trampın “diktator sevgisi”- ABŞ prezidenti avtoritar liderlərlə münasibətləri niyə düzəldir?

 

Qərb mətbuatında ABŞ prezidenti Donald Trampın diktatorlara rəğbət duyduğuna dair iddialar bir-birini əvəzləyir. Son olaraq nüfuzlu "Washington Post" nəşri də bu mövzuya toxunub.

Filip Rakerin müəllifi olduğu məqalədə deyilir ki, Trampın tutduğu bu xətt Rusiya prezidenti Vladimir Putinlə məhdudlaşmır və dünyadakı, az qala, bütün avtoritar liderləri əhatə edir:

"Bu sıraya Misir prezidenti Abdul Fəttah Sisi də daxildir. Tramp öz opponentlərini güllələmək əmri verən Sisini bu fantastik addımına görə tərifləyib.

Yaxud götürək, Taylandın baş naziri Prayut Çan-Oçanı. Bu adam hərbi xuntanın rəhbəri kimi hakimiyyəti çevriliş etməklə ələ keçirib və dissidentləri həbsxanaya doldurub. Tramp da onu Ağ Evə görüşə dəvət edib.  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini əzir. Lakin bu yaxınlarda baş tutan siyasi qələbəsi münasibətilə Tramp təbrik üçün ona zəng etmişdi.

Rodriqo Duterte

Tramp Filippin lideri Rodriqo Duterte ilə də yaxınlaşma mövqeyini tutub. Duterte yüzlərlə narkotik istifadəçisinin mühakiməsiz qətl edilməsində ittiham olunur. Ötən il beynəlxalq tədbirlərin birində Barak Obamanı nalayiq sözlərlə təhqir etmişdi.

Bundan başqa, Duterteni heç bir halda ABŞ-ın dostu adlandırmaq olmaz. Son prezident seçkiləri kampaniyasında Duterte söz verdi ki, ABŞ Silahlı Qüvvələri ilə birgə təlimlərə son verəcək, üstəlik daxili siyasətdə orientasiyanı dəyişərək Pekinlə yaxınlaşma xəttini tutacaq.

Duterte Çin silahını əldə etmək üçün ciddi səy göstərir. Və ABŞ səfirini təhqir edərək Vaşinqtonu onu devirmək istəməkdə suçlayır.

Bütün bunlara baxmayaraq, Tramp ötən həftə Duterte ilə telefon söhbətində onu Vaşinqtona rəsmi səfərə dəvət etdi. Ağ Ev isə bu telefon söhbətinin dostyana şəraitdə keçdiyini açıqladı.

Xəbər yerli mediada və Konqresdə narazalıq dalğası yaratdı. Demokrat Partiyasından senator Benjamin Karlin bildirdi ki, Duterte öz ölkəsinin vətəndaşlarını öldürməklə öyünən bir adamdır. Və əgər ABŞ insan haqlarının pozulmasını görməzdən gəlsə, bu ölkənin maraqları ilə ziddiyyət təşkil edəcək".

Qəzet yazır ki, bütün bunlar ABŞ-ın xarici siyasətinin  kəskin dəyişdiyini ortaya qoyur:

"Qarşımızda ABŞ-ın kursunu kəskin dəyişmiş xarici siyasəti var. Tramp növbə ilə bütün diktatorlara qapı açır və əvvəlki prezidentlərin dövründə korlanmış münasibətləri düzəltməyə çalışır. Məsələn, aprel sammitindən sonra Tramp Floridadakı iqamətgahında demək olar ki, hər gün Çin lideri Si Tszinpinin ünvanına təriflər yağdırır. Onu kifayət qədər hörmətli, ağıllı, centlmen adlandırır.

Kim Çen İn

Belə ehtimal olunur ki, Tramp bununla Çin liderini Şimali Koreyaya təsir göstərməyə sövq edir ki, Kim Çen İn ya nüvə arsenalını genişləndirməyi dayandırsın, ya da bundan ümumiyyətlə, imtina etsin.

Bugünlərdə Tramp Kim Çen İnlə bağlı təəssüflə qeyd etdi ki, zavallı oğlan atasının ölümündən sonra 26-27 yaşında hakimiyyətin başına gəlməli olub. 

Tənqidçilər dərhal bu açıqlamaya etiraz edərək "zavallı Kim"in törətdiyi cinayətləri xatırlatdılar.

Onu da yada saldılar ki, Kim Çen İn maraqları naminə ən yaxın qohumlarını belə, aradan götürüb. Son olaraq da Malayziya aeoroportunda sui-qəsdə məruz qalan qardaşının qətlində şübhəli bilinir.

Bugünlərdə isə Tramp "Bloomberg"ə bildirib ki, şərait uyğun olanda Kim Çen İnlə görüşdən şərəf duyar".

"Washington Post" xatırladır ki, 70-lərdən bu yana, demək olar ki, bütün ABŞ prezidentləri mütəmadi olaran insan haqlarının və demokratik dəyərlərin müdafiəsində olublar və bunu açıq bəyan ediblər. Tramp isə məqsədli şəkildə əcnəbi tiranların hərəkətlərinə göz yumur:

"Ümid edir ki, bu yolla Şimali Koreyanın təcrid vəziyyətinə salınmasında və terrorla mübarizədə onları öz müttəfiqinə çevirəcək. İanuqurasiyasından sonra Tramp demokratiyanın müdafiəsinə dair proqramlı bir bəyanat belə, səsləndirməyib. Lakin bəziləri hesab edir ki, Əsəd rejiminin kimyəvi silahdan istifadəsinə qarşı ABŞ-ın Suriya hərbi bazasını vurması Trampın insan haqlarının pozulmasına göz yummamasının göstəricisidir".

Müşavirləri tənqidçilərə cavab olaraq deyirlər ki, Tramp insan haqlarının pozulması mövzusundan şüurlu şəkildə kənarda qalır. Məqsədi də köhnə ittifaqları canlandırmaq, yenilərini daha da gücləndirməklə regionda Şimali Koreyanı təcrid vəziyyətinə salmaq və Yaxın Şərqdə, Şimali Afrikada İŞİD-i çökdürməkdir.

Ağ Evdə hesab edirlər ki, ABŞ Filippini öz tərəfinə çəkmək üçün bu ölkənin rəhbərinin əməllərini görməməzlikdən gəlməlidir.

"ABŞ-ın proseslərin gedişinə təsir imkanları məhduddur. Biz bu ölkələri müəyyən xətt üzrə hərəkət etməyə məcbur edə bilmərik. Onlarla ümumiyyətlə əlaqə qurmasaq, nə dərəcədə səmərəli olar? Əgər əlaqələri kəssək, ümumiyyətlə, heç nəyə nail ola bilməyəcəyik", – deyə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Maykl Anton deyir.

Onun sözlərinə görə, Duterteni Ağ Evə dəvət etmək təklifini Trampın əksər müşavirləri dəstəkləyib.

Mühafizəkar media bu məsələdə iki yerə bölündü və bir qismi Trampı tənqid atəşinə tutdu. 

Məsələn, "Townhall"un yazarı Qay Benson "Tramp hansı ağılla Filippinin qəddar liderini Ağ Evə dəvət edib?!", deyə yazıb. Və Dutertenin əli olan qanlı cinayətləri misal kimi göstərib. 

"American Thinker"in yazarı Monika Snoueyter isə hesab edir ki, Duterteni dəvət etmək Trampın usta gedişidir. Və Tramp bu yolla Filippin liderini Çinin "qucağından" çıxara bilər.

"National Interest"in redaktoru Ceykob Xaylbrunn isə hesab edir ki, Tramp yanlış diktatoru dəvət edib. O, Vaşinqtona Duterteni yox, Kim Çen İni çağırmalı idi.

Müəllif hesab edir ki, Tramp Koreya yarımadasındakı münaqişəyə yalnız Ağ Evdə – danışıqlar yolu ilə son qoya bilər. Və danışıqlar zamanı Kim Çen İnə mesaj verilməlidir ki, ABŞ Şimali Koreya rejimini dəyişmək istəmir…
 

Strateq.az