XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 12:52

Astana və Aşqabadın Bakı ümidləri:Çin, ABŞ və Britaniyanın Rusiyasız Transxəzər marşrutu – TƏHLİL

Sərkis Saturyan

Regnum İA, 08.05.2017


 

Taxtın yanında basabas?

 

Amerika-Çin münasibətləri yüksəlir. Diqqətçəkəndir ki, təkcə xarici və beynəlxalq siyasətdə deyil, həm də maliyyə sahəsində də dinamika müşahidə olunur. Məsələn, ABŞ prezidentinin baş siyasi müşaviri Cerad Kuşnerin bacısı Nikol Kuşner Meyer mayın 6-da Pekində ÇXR-in mötəbər pullularını Nyu-Cersi ştatında daşınmaz əmlaka yatırım qoymağa çağıraraq “ABŞ-a $500 min yatrım qoy və mühacirət et” devizi ilə xeyriyyəçilik tədbiri keçirib. Burada məsələ təkcə bunda deyil ki, Donald Tramp və ailəsi inşaat biznesi ilə məşğul olur. Vaşinqton Çin burjuasının loyallığını “EB-5” yatırım vizası ilə satın alaraq kapital cəlb etmək və ABŞ-ı “İpək Yolu” layihəsinə daxil etməklə Pekinlə strateji dialoq qurmağa çalışır.

Lakin ABŞ administrasiyasının yüksəkçinli əməkdaşlarının hamısı Kuşnerin Asiya məsələlərində şövqünü bölüşmür. Ağ Ev başçısının kürəkəninin milyarder Corc Sorosla və London-Siti ilə çoxdankı əlaqələri ilə ad çıxartmış "Goldman Sachs" yatırım bankı ilə əməkdaşlıqda ittiham edən “Breitbart News” sağ mühafizəkar nəşrin redaktoru Piter Şveytserin ifşasına diqqət yetirmək kifayətdir.

Maraqlıdır, elə deyilmi? Xüsusən də ona görə ki, ABŞ Xəzinədarlığına başçılıq edən Stiven Mnuçinin özü də nə vaxtsa "Goldman Sachs"ın direktorlar şurasında əmək qoyub. Amma burada məsələ hələ, bax, bundadır – “Breitbart News”-un qurucusu Trampın seçki kampaniyasının baş strateqi və ən yaxın müşaviri Stiven Bennondur. Belə ki, siyasi suayrıcı işarələnib. Lakin birinci şəxsə təsir uğrunda mübarizə adi məsələdir. Tramp da ona görə prezidentdir ki, ona təsir etsinlər.

 

Rusiyasız Transxəzər marşrutu

 

Trampın elektoral ritorikası çoxdan külə dönüb. Bu isə bildirir ki, ABŞ-la Çin arasında geniş konsensus ən yaxın gələcəyin işidir. Bu, artıq postsovet məkanında aydın şəkildə gözə dəyir. Buna görə də Vaşinqton siyasi mətbəxini hələlik bir kənara qoyaq və Rusiya sərhədlərinə yaxınlaşaq.

Söhbət Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə aprelin 18-də iki ölkənin sərhədlərinin demarkasiyası haqda saziş imzalamış Qazaxıstan Türkmənistandan gedir.

Prezident Nursultan Nazarbayevin sözlərinə görə, “iki ölkə arasında sanballı müqavilə bazası – 50-dən çox sənəd var. Bunlardan iki sənədi özəl ayırmaq istəyirəm: Strateji Əməkdaşlıq haqda Müqavilə və ölkələrimiz arasındakı dövlət sərhədlərinin demarkasiyası haqda saziş. Beləliklə, Qazaxıstan və Türkmənistan bölgədə iki yeganə dövlətdir ki, sərhədlərə aid bütün məsələləri həll edib. Demarkasiya barədə saziş imzalayaraq ölkələrimiz arasındakı dostluq və inamı bir daha xüsusi vurğulamışıq”.

Astana və Aşqabadın münasibətlərindəki irəliləyişdən öncə bir neçə hadisə baş verib. Bunları sıra ilə nəzərdən keçirək: Qazaxıstan, Ukrayna, Azərbaycan və Gürcüstan dəmiryol idarələrinin başçıları Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) ölkələri arasında yük dövriyyəsini artırmaq məsələsini müzakirə etmək üçün aprelin 11-də (ABŞ HDQ-nin Suriya aviabazasına münasibətdə təcavüzündən dörd gün sonra) Kiyevdə toplaşıblar. “Деловой Казахстан” agentliyi xəbər verir: “Tərəflər marşrutun uzadılması və AB ölkələrinə çıxış üçün TBNM layihəsi çərçivəsində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işi davam etdirməyi qərara alıb” və qeyd edir ki, “danışıq iştirakçıları daşıqçılara “vahid pəncərə” rejimində xidmətlər kompleksi təqdim etmək, onlar üçün təkliflər spektrini genişləndirmək,  yüklərin nəqlində vacib prosedurları səmərəli etmək və vahid şəklə salmaq” niyyətindədirlər.

Ticarət axınlarının coğrafiyasından danışarkən, yəqin ki, bu ilin iyununda Bakı-Tiflis-Qars dəmiryolunun işə salınacağı Türkiyədən və Ukrayna Odessasından keçən marşrutlar əsas götürülür.

İndi isə, necə deyərlər, addımlara göz qoyun.

Dəmiryolçuların Kiyevdəki toplantısından sonrakı gün aprelin 12-də “Егемен Казахстан” qəzeti Nursultan Nazarbayevin “Gələcəyə kurs: mənəvi dirçəliş” adlı məqaləsini dərc edib. Qazaxıstan lideri  ölkənin 2025-ci ilə doğru niyə kirill əlifbasından latın əlifbasına keçməli olduğunu izah edib. Nazarbayev açlıqlayır: “Bu, XXI əsrdəki çağdaş texnologiyalar, mühit və kommunikasiyalarla, həmçinin təhsil prosesi və elmdəki  özəlliklərlə bağlıdır. Uşaqlarımız məktəb partasından ingilis dili və latın hərflərini öyrənirlər. Buna görə də gənc nəsil üçün heç bir çətinlik və əngəl meydana çıxmamalıdır. 2017-ci ilin sonunadək alimlərin köməyi və cəmiyyətdə müzakirələr vasitəsilə əlifba qrafikinin yeni standartını qəbul etmək lazımdır”.

Çin amili özünü büruzə verir. O, bundan sonra kürəsəl siyasi meydanda  – BMT-də də təzahür edir. Diqqətçəkəndir ki, aprelin 13-də, yəni prezident Qurbanqulu Berdımuhəmədovun Astana səfərindən beş gün əvvəl Qazaxıstan və Çin Böyük Britaniya, Fransa və ABŞ Suriyanın Xan-Şeyxun şəhərindəki “kimyəvi silahla bağlı insidentin araşdırılması üçün” qətnamə təklif etdiyi BMT Təhlükəsizlik Şurasında səsvermədə bitərəf qalıb. Ağ Ev taktiki qələbəni bayram edib. Prezidentin mətbuat katibi Şon Spayser qeyd edib: “Çox önəmlidir ki, Çin səsini saxlayıb, həmçinin Qazaxıstanın Rusiyaya yaxın yerləşməyi və ümumi tarixi baxımından onun da səs saxlamağı olduqca mühümdür. Burada isə Rusiyadan aralanıb və təkcə ABŞ-ın deyil, həm də qalan dünyanın bölüşdüyü mövqeyi dəstəkləyib”.

Pekin və Astananın Vaşinqtona nisbətdə loyallığı bununla şərtlənir ki, Pentaqon Səmalar ölkəsindən Köhnə Dünyaya yük axını həcmini məhdudlaşdıran heç bir qəti tədbir görməyib. 2016-cı ilin yekunlarına görə, Çindən Avropa Birliyinə konteyner daşımaları 104, 5 min DFE (iyirmi futluq ekvivalent-tərc.) təşkil edib ki, bu da 2015-ci ildəkindən iki dəfə çoxdur. 2020-ci ilə doğru isə bunu 800 min DFE-ə qədər çoxaltmaq planlaşdırılır. Qazaxıstanla ÇXR arasındakı daşımalara gəlincə, 2016-cı ildə onun həcmi 8 milyon tonu keçib ki, bu, 2015-ci ilin analoji göstəricisindən 16,6% çoxdur. Artıq 2017-ci ildə məqsədli 10 milyon tonluq yük göstəricisinə çatmaq planlaşdırılır. Belə ki, Moskva indi aşkarca Astananın gözündə deyil. Təsadüfi deyil ki, Qazaxıstan Aktauda yeni terminallar tikir. Ondan başqa, Transxəzər qaz kəmərinin inşasına özəl ümidlər bəsləyən Aşqabad da. "Reuters" agentliyi mayın 6-da Xəzərin Türkmənistan sahili yaxasında Uzunada rayonunda 7 km dərinlikdə yerləşən təbii qaz yatağının aşkarlandığı haqda xəbər verib. İlkin dəyərləndirmələrə görə, obyektdə gündəlik hasilat 500 min kubmetr qaz və 150 ton kondensata çata bilər. Hətta infrastruktur da buna əlverişli şərait yaradır: Türkmənistan hökuməti hələ 2009-cu ildən Xəzər dənizində STQ-nin (sıxılmış təbii qaz-tərc.) yüklənməsi üçün terminallar tikir. Respublika hökuməti 2017-ci ilin əvvəlində isə Türkmənbaşı şəhərində bərə, sərnişin və konteyner terminallarının varlığını nəzərdə tutan beynəlxalq limanın inşasına $1,5 milyard ayırıb. Bu, Aşqabada perspektivdə nefti Novorossiyskə vuran  “Transneft”in (Rusiya şirkəti-tərc.) magistral boru kəmərlərinin xidmətini azaltmağa və yaxud ümumiyyətlə imtina imkanı verəcək.

 

Azərbaycan + BP – Rusiya

 

Astana və Aşqabad 1990-cı illərin başlanğıcından Qərbi Avropaya Transxəzər karbohidrogen tədarükü marşrutlarını özünə bağlamağa çalışan Bakıya ümid bəsləyir. 2018-ci ilin ortalarına doğru Transanadolu və Transadriatik qaz kəmərlərinin Gürcüstan hissəsinin inşasını başa çatdırmağı planlaşdıran BP korporasiyası bu layihənin baş əməliyyatçısı kimi çıxış edir. "ExxonMobil" və "Chevron"un timsalında amerikalılar da layihəyə maraq göstərirlər. Gözlənilir ki, Transxəzər qaz kəməri karbohidrogenləri məhz Azərbaycandan keçməklə Türkmənistandan AB ölkələrinə çıxartmaq imkanı verəcək.

Bununla belə, Londonda bundan sonra da Moskvanın sayıqlığını uyutmaqdan ötrü Aşqabadı xatırlamamağa üstünlük verirlər. Lakin türkmən qazı amili sətirlərin arasından oxunur – BP gözləyir ki, layihələşdirilən “Cənub qaz dəhlizi” ilk dövrlərdə Köhnə Dünyaya ildə 16 milyard kubmetr qaz tədarük etməyə şərait yaradacaq.

2015-2016-ci illərdə Azərbaycanda qaz istehsalının 29,2 milyard kubmetrdən 23,1 milyard kubmetrə düşdüyü nəzərə alınsa, güman etmirəm ki, britaniyalılar təkcə Bakıya bel bağlasınlar. Təsadüfi deyil ki, prezident Berdımuhəmədov aprelin 19-da ümidini bildirib ki, Xəzər dənizinin statusu haqda konvensiya Xəzəryanı dövlətlərin 2017-ci ildə Astanada keçiriləcək sammitində imzalanacaq. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bu il martın 6-da Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında çıxış edərkən oxşaq baxış nöqtəsini ifadə edib. Həm də burada yeni heç nə yoxdur, çünki Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov hələ 2016-cı ilin iyulunda danışıqlar prosesi iştirakçılarının Xəzər üzrə konvensiya bağlamağa  hazır olduğundan danışıb…

İndiki tərtibdə ancaq ABŞ və Çinin Türkiyənin nəqliyyat dəhlizi nəfinə Suriyadan sıxışdırdığı Rusiya uduzur. Bu prosesləri nəzarətsiz qoymaq Moskva üçün yolverilməz israfçılıqdır. Bu, çox təhlükəlidir.

 

Tərcümə Strateq.az-ındır.