XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 17:02

Seçkilərin taleyini liderlər yox, “Facebook” həll edirmiş- BBC Tramp və "Brexit"in necə uğur qazandığını üzə çıxardı

Donald Trampın prezident seçilməsi və Britaniyanın Avropa Birliyindən çıxması ("Brexit") ilə bağlı referendumun nəticələrində ortaq bir nöqtə var. Təhlilçilərin fikrincə, hər iki nümunədə populizm qalib gəlib. Hansısa sehrli qüvvə insanları məcbur edib ki, seçim edərkən ekspertlərin nə dediyinə yox, qəlblərinin səsinə qulaq assınlar.   

Bəs bu uğurlu nəticəyə necə nail olunub və potensial seçicilərin ürəyinə yol necə tapılıb? 

Strateq.az BBC-nin bu suala cavab tapan araşdırmasını oxuculara təqdim edir.

Araşdırma üzə çıxarıb ki, uğur qazanan hər iki seçim kampaniyasında eyni metodlara, eyni ünvanın xidmətlərinə üz tutulub.

Belə ki, həm Trampın seçki qərargahı, həm də "Brexit" kampaniyasının liderləri "Facebook"la yaxından əməkdaşlıq ediblər və şirkətin müştəriləri olublar.

Araşdırma müəllifləri hesab edirlər ki, insanlar haqqında onların istədiyindən daha çox məlumata sahib olan "Facebook" yeni siyasi landşaftda mərkəzi mövqedə dayanır. 

Söhbət, yüzmilyonlarla seçicinin virtual surətinin yaşadığı nəhəng sosial şəbəkədən gedir. Və məlum olur ki, onların ürəyinə yol tapmaq o qədər də çətin iş deyilmiş…

"Brexit"in əsas təbliğatçıları etiraf edirlər ki, referendumun taleyini məhz "Facebook"dakı reklamlar həll eldib.

 

Rəqəmsal iz…

 

"İformasiyaya sahib olan, dünyaya sahibdir". 19 əsrdə yaşamış məşhur britaniyalı tekstilçi və bankir Rotşildin bu ifadəsi yaşadığımız rəqəmsal əsrdə heç vaxt olmadığı qədər aktualdır.

İnkişaf etmiş ölkələrin sakinləri gündəlik həyatlarının müəyyən qismini internetdə və sosial şəbəkələrdə keçirirlər.

Axtarış sistemlərində nəsə axtarırlar, tanışlıq saytlarını ziyarət edirlər, onlayn-mağazalardan alış-veriş edirlər, xəbərləri oxuyurlar, dostlarla müzakirələr aparırlar, özləri və həyatları haqda danışırlar… Bir çox hallarda da fərqində olmadan öz şəxsi məlumatlarını bölüşürlər. 

İnsanların buraxdığı bu rəqəmsal izlər də nəhəng koorparasiyalara həmin informasiyaları toplamaq, analiz etmək, onun sahibinin maraqları, siyasi baxışları, seçimləri, zəif və güclü tərəfləri haqda dəqiq nəticə çıxarmaq imkanı yaradır.

Beləliklə, informasiya insanlara iqtisadi və siyasi təsir imkanları olan nəhəng silaha çevrilir. Bunun köməyilə istifadəçilərə görmək istədikləri təklif olunur. Məsələn, sevdiyi qəhvə markası və ya rəğbət duyduğu namizəd… Yaxud tam əksinə – sevmədiyi məhsullar və namizədlər onlardan gizlədilir.

"Facebook"un alqoritmləri məhz bununla məşğul olur.

 

Sehrli layk…

 

"Facebook" – hər ay təxminən 2 milyard insanın istifadə etdiyi nəhəng sosial şəbəkədir. Onların 1 milyardı bu şəbəkəyə hər gün daxil olur. 

İnsanlar bura özləri haqda pulsuz məlumatlar daxil edirlər ki, sonradan bu da çox sərfəli şəkildə satıla bilir.

"Facebook"da reklam marketoloqlar üçün əsl cənnətdir. Hətta hansı cinsə mənsub olduğunuzu bilmək belə, sizə təqdim olunacaq reklamda hansı məhsulun yer almasını müəyyənləşdirməyə imkan yaradır. 

Əgər kişi cinsidirsə, ona təbii olaraq qadın ayaqqabısının reklamı təqdim olunmur və bu yolla reklamverən büdcəyə qənaət edir.

Məsələn, velosipedə marağınız varsa, bu səpkili reklamlarla rastlaşmaq ehtimalınız böyüyür.

Siz heç təsəvvür belə, etmirsiniz ki, səhifənizi ziyarət etməklə haqqınızda nə qədər bilgi toplamaq olar. Hətta hesabınız təkcə dostlarınız üçün açıq olduğu halda belə.

Daxil etdiyiniz məlumatlar, paylaşımlarınız, şərh verdiyiniz statuslar haqqınızda çox şey deyir – hansı mahınını dinlədiyinizdən tutmuş, hansı qəzetləri oxuduğunuza,  hansı namizədə səs verdiyinizə, hətta səhər qəhvənizi haradan aldığınıza qədər.

"Facebook" sizin haqqınızda istənilən hökumətdən və şirkətdən daha çox şey bilir. Markın "inşa etdiyi" virtual ev məhz bu cür qurulub. Və o, sizin üzərinizdən milyardlar qazanır. 

Son vaxtlara qədər "Facebook" insanlara ancaq məhsul və xidmət satırdı. Sonradan şirkət anladı ki, istifadəçiləri təkcə müştəri deyillər, həm də potensial seçicidilər.

ABŞ-da "Facebook"un 200 milyondan artıq (əhalinin üçdə ikisi) istifadəçisi var. Britaniyada bu rəqəm 35 milyondur ki, bu da ölkə əhalisinin yarıdan çoxu deməkdir.

Seçki kampaniyaları zamanı internet reklamlarına getdikcə daha çox pul xərclənir. Sosial şəbəkələrdə siyasi reklam qanunla demək olar ki tənzimlənmir.

"Facebook" reklam haqqında bütün qanunlara əməl etdiyini bildirir. Tənqidçilər isə bunun əksini iddia edir.

Götürək "Brexit"i. Təsəvvür edin ki, çox böyük pullar xərcləmədən siz elə edə bilərsiniz ki, məsələn, Britaniyanın hanısa kəndindəki bir balıqçı "Facebook"da ölkənin Avropa Birliyindən çıxmasının insanların həyat şəraitini yaxşılaşdıracağına, balıqçılığı inkişaf etdirəcəyinə dair bir reklam görsün. Bu onun seçiminə necə təsir edər?

 

"Layk"la səs ver

 

"Facebook" həm Britaniyadakı referendumda, həm də Trampın seçkiöncəsi kampaniyasında məhz bu cür işləyib və əməkdaşlıq son dərəcə sıx olub. 

Hər iki seçki kampaniyasının menecerləri etiraf edirlər ki, "Facebook"dakı reklamlar yarışın gedişini müəyyənləşdirirdi.

"Facebook" əməkdaşlığın belə sıx olmasını inkar edir və bildirir ki, şirkətin heç bir əməkdaşı sözügedən seçki qərargahları üçün işləməyib.
 
"Facebook" əməkdaşlarının konkret namizədlə yox, seçki qərargahı ilə birgə hər hansı faəliyyəti olubmu" sualına isə şirkət "Sosial şəbəkə müştərilərə, eləcə də siyasilərə öz imkanlarından daha səmərəli istifadə üçün yardım etməkdən hər zaman məmnundur" kimi, dolayı cavab verib.

Şirkət müştərilərinin reklama nə qədər xərclədiyini də açıqlamayıb. Əsas kimi də bunun gizli məlumat olmasını göstərib.

 

Yalan xəbərlər 

 

Bu arada, seçki qərargahının seçiciyə çatdırmaq istədiyi mesajın həqiqəti əks etdirməsi mütləq deyil. 

ABŞ-dakı seçki kampaniyasının gedişində "Facebook"u bir neçə dəfə yalan xəbər yaymaqda ittiham etmişdilər. Onların bir qismi Tramp, əsas hissəsi isə Hillari Klintonla bağlı idi.

Məsələn, belə xəbərlərin bir neçəsində seçki gününün tarixi yanlış göstərilirdi. Bir qismi konkret olaraq hansısa irqi və etnik qruplara hesablanmışdı.

Yalnız bu yaxınlarda "Facebook" öz istifadəçilərinə yalan xəbərləri ayrıd etməyin yolunu göstərdi.

Bunu da unutmaq olmaz ki, istifadəçilər "Facebook"da nə qədər çox vaxt keçirirlərsə, şirkətin gəlirləri bir o qədər çox olur.

Seçki kampaniyası dövründə namizədlərin hekayələri seçicilərin diqqətini cəlb edirdi. Bu xəbərlər uydurma və şişirdilmə olsa belə. 

"Facebook" yalan məlumatların payının cəmi 1 faiz olduğunu iddia edir. Şirkətin reklam strategiyasının qurucularından olmuş Qarsiya Martines isə bildirir ki, yalan, sensasion xəbərlər daha çox "layk" və şərh gətirir.

Hətta "bu cəfəngiyyatdır" tipli hər şərh belə, şirkətə əlavə pul qazandırır.

"Facebook" yalan xəbərlərdən heç nə qazanmadığını iddia edir. Araşdırma müəlliflərindən Darra Makintayr deyir ki, bu sualı 4 dəfə ünvanlasa da, şirkət təmsilçisi cavabdan yayınıb.

"Dünya əhalisinin dörddə biri bu sosial şəbəkənin istifadəçisidir. Şəbəkə inanılmaz sürətlə inkişaf edir. Qanunverici orqanların bu sürətlə ayaqlaşmaq vaxtı gəlib çatmayıbmı?", – deyə müəllif araşdırmaya yekun vurub.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə