XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 08:00

Ruhaninin praqmatik davranışı təhlükəli həddə çatır –Prezidenti həbsdən yalnız seçkilərdə qələbə qurtara bilər - Təhlil

 

Əziz Rzazadə

Strateq.az

 

"Seçkilər bir tərəfdən, bizi şərəfləndirsə də, digər tərəfdən də problem yarada bilər”. Bunu prezident seçkilərinə 9 gün qalmış İranın ali dini lideri Ayətullah Xamnei deyib və əlavə edib: "Zamanında rəsmilərə söylədiyim kimi, davranışın dəyişməsi ilə nizamın dəyişməsi arasında heç bir fərq yoxdur. Davranış dəyişikliyi İslam, İnqilab və İmam Xomeyni yolundan sapmaq deməkdir".

Xəbərdarlığın növbəti dəfə hazırkı prezident və ikinci dönəm dövlət başçılığına namizəd Həsən Ruhaniyə ünvanlanması şəksizdir. Ayətullah Xamneinin mayın 10-da İmam Hüseyn Hərbi Universitetinin məzunları qarşısındakı çıxışında səsləndirdiyi sözlərdə həm də açıq çağırış var: polemikanı sırf daxili problemlərə, daha dəqiqi, iqtisadi ətalətə və işsizliyə yönəltmək, dövlətin xarici siyasəti ilə bağlı müzakirələrdən yayınmaq.

Necə olursa-olsun, artıq tənqid qatarı stansiyadan çıxıb və Tehranın sabiq bələdiyyə başçısı Qulamhüseyn Kərbaşçinin aprelin 29-da İsfahandakı çıxışından sonra İranın “dərin dövlət”i hətta bu qatarı dayandırmaq üçün onun hərəkət edəcəyi marşrutda relsləri "partlatmaq" fikrindədir.

“Müqəddəs türbələrin şəhid müdafiəçilərinin ruhunu” təhqir etdiyinə görə mayın 2-də Kərbaşçiyə qarşı cinayət işi açılıb. Ruhani administrasiyasına ən dözümsüz mövqedə olan “Keyhan” qəzeti isə yazıb: “Kərbaşçinin çıxışı İslam Respublikasının xarici siyasətinə qəsddir”.

Həsən Ruhani əleyhinə ciddi dəlil qazanan mühafizəkar düşərgə söz yumruqları ilə prezidentin istehkamlarını dağıtmağa davam edir.

Gözlənilən bu idi ki, çənbərə alınan H.Ruhani hansısa sözlü sığalla ittihamları yumşaldacaq. Amma əksinə oldu: mayın 5-də keçirilən müzakirələrdə o, İran ballistik raketləri üzərindəki “Mərg bər İsrail!” (“İsrailə ölüm!”) yazısının 2015-ci ilin nüvə sazişi və sanksiyaların ləğvindən sonra ölkə iqtisadiyyatının dirçəldilməsinə kömək etməyəcəyini bildirdi.

İqtidara gəlişindən sonra sələfi Mahmud Əhmədinejaddan fərqli olaraq, Holokostu, yəni yəhudi soyqırımını tanımış Ruhaninin İsrailə münasibətdə bu qədər uzağa gedə biləcəyi əsla gözlənilmirdi. Lakin “dərin dövlət”in xarici siyasətinə müxalifliyini bildirməklə bərabər, o, iradını əsaslandırmağı da bacara bildi: “Hər dəfə siz bu şüarı səsləndirdikdə, İsrail 3 milyard dollar yardım alırdı”.

Tərəfkeşinin – islahatçı Kərbaşçinin Suriya, Yəmən və Livanda İranın xarici siyasətini tənqid etməsindən sonra bunu İsrailə qucaq açma kimi təfsir etmək gülüncdür, lakin praqmatizmin cəsarət nümunəsi saymaq olar.

Seçki-2017-də Ruhani administrasiyası əsasən iqtisadi möcüzə yarada bilmədiyinə görə ittihamlansa da, onun diplomatik uğurları belə “mənimsənilir”. Məsələn, deyəndə ki, “5+1” sazişi ölkənin təkcə təcriddən yox, həm də müharibədən qurtardı, Ayətullah Xamnei dərhal sərt təpki verdi: “Bəziləri deyir ki, onlar iqtidara gəldikdən sonra ölkənin üzərindəki müharibə kabusu çəkilib. Bu, ayrı-ayrı fərdlərin yox, xalqın müqavimətinin nəticəsidir”.

Ruhani-Xamnei polemikasının başqa bir toqquşma nöqtəsi UNESCO-nun “Təhsil-2030” proqramı oldu. Sənədə verdiyi dəstəyə görə prezident Rəhbərin tənqidinə tuş gəldi: “İslam Respublikasının belə bir sənədi qəbul etməsinə ehtiyac yoxdur”. Beynəlxalq qurumların fövqəlgüclərin aləti olduğunu vurğulayan dini lider İranı “əxlaqsız, korrupsiyalaşmış və dağıdıcı Qərb həyat tərzinin yayıldığı” ərazi olmadığını deməklə “Təhsil-2030“u dəfn etdi.

Həsən Ruhaninin hazırkı durumu 2015-ci ildə “5+1” danışıqları dövrünü xatırladır. Belə təəssürat var ki, o, yenə “beşlik”lə üzləşib: Seyid İbrahim Rəisi, Məhəmməd Baqir Qalibaf, Seyid Mustafa Mirsəlim, Seyid Mustafa Haşimitəba və… Ayətullah Seyid Əli Xamnei.

Mötədil/islahatçı düşərgənin namizədi kimi seçici rəğbətinin böyük faizinə malik Həsən Ruhani daxili siyasətlə də bağlı eyni cəsarət sərgiləyərək mühafizəkar çevrədə daha çox qıcıq yaradır. “Zorakılıq və ekstremizm dövrü”nün başa çatdığını deyən prezident əsas rəqiblərinin, xüsusilə ən güclüsü olan Qalibafın ünvanına sərt ifadələr işlətməkdən çəkinmir: “Sizin məntiqiniz qadağalardır və başqa heç nə deyil”.

Həsən Ruhanin təhlükəli həddə çatmış tənqidi açıq siyasi müzakirələrdə əleyhinə köklənmiş sözlü mühakimə ilə tamamlanmır, bir çox KİV-lərdə, hətta nəhəng büdcəsi və 46 min əməkdaşı olan dövlət teleradio qurumunda – İRİB-də “Ağayi Ruhani” xitablı tərs suallarla onu dalana sıxışdırırlar. İş o yerə çatıb ki, ali dini liderin nəzarətində olan İRİB-də prezidentin təbliğat videoçarxı qayçılanıb: qısa reklam filmindən Mir Hüseyn MusəviMəhəmməd Xatəmi barədə xatırlamalar çıxarılıb.

Hələ 2013-cü ildə sələfi M.Xatəmi və “Yaşıl Hərəkat” lideri Musəvini ev dustaqlığından azad edəcəyi sözünü vermiş Ruhani bir çıxışında yenidən köhnə vədini təkrarlayıb: “Biz mayın 19-da seçki qutularına doğru alicənab şəxsləri cəmiyyətə qaytarmaq üçün gedəcəyik”. Bundan əvvəl isə o, “bu layiqli şəxsləri ev dustaqlığında niyə saxlayırsınız, axı onlar İranın gerçək simasını göstərirdilər…” demişdi.

“Beşliy”ə qarşı duruşunda Həsən Ruhaninin davranışını təqdir edənlər belə, onun 2013-də edə bilmədiyini 2017-də bacaracağına şübhəylə yanaşırlar. Lakin aydın həqiqət budur ki, “dərin dövlət”in tənqidində çox uzaqlara getmiş hazırkı prezident öz qatarını mütləq islahatlar stansiyasına çatdırmalı, yəni bu seçkilərdə mütləq qalib gəlməlidir. Əks halda, qatar dayandırıla, o, vaqondan düşürülə və bəlkə də ev dustaqlığından çıxarmağa cəhd etdiyi şəxslər kimi, həbs oluna bilər…

Ruhaninin taleyinin necə olacağını müəyyənləşdirəcək əsas tarixə isə, cəmisi, doqquzca gün qalır…