XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 09:53

Qərbdən asılı Türkiyənin Avrasiya siyasəti: blef, yoxsa strateji hədəf? – TƏHLİL

Barış Dostər

Odatv.com (Türkiyə), 11.05.2017

 

Prezident Ərdoğanın Hindistan və Rusiya səfərindən sonra bu ayın ortalarında Çinə edəcəyi səfərin ardınca ABŞ səfəri gələcək. ABŞ-a səfərə qədər Avrasiyanın üç böyük dövlətinə səfər etmək Amerikaya işarədir? Belfdir? Yaxud, əslində, Türkiyə Avrasiyada müttəfiqlər arayır?

Bu sualların cavabını Ərdoğanın ABŞ səfərindn sonra alacağıq. İyulun 15-dəki imperialsit güclərin dəstəyi ilə dövlət çevrilişi cəhdindən sonrakı dövr də daxil olmaqla indiyədək aparılan siyasət təsdiq edib ki, hakim blokun Avrasiyaya münasibətdə hər hansı bir bütöv siyasəti yoxdur. Türkiyənin hədəfi strateji vəzifələr qoymaq deyil, iqtisadi münasibətləri inkişaf etdirməkdir. Rusiya və Çin bunu görür. Buna görə də deyirlər: “Türkiyə Qərb tərəfdən tənqid və təcridə məruz qaldıqca blef və taktiki kozır kimi Avrasiyanı gündəlikdə müvəqqəti qaldırır”.

Qeyd edək ki, Çin və Rusiya Almaniyadan sonra Türkiyənin ən böyük ticarət tərəfdaşıdır.

Ərdoğanın Hindistan səfəri həm siyasi, həm də ticarət baxışı nöqtəsindən böyük gözləntilərlə başladı. Buna baxmayaraq, gözlənildiyi dərəcədə hər hansı bir konkret nailiyyət yoxdur. Biz Rusiyaya pomidor satışına nail ola bilmədik, amma ruslardan taxıl almağa razılaşdıq. Və deməli, pomidor-taxıl savaşını Rusiya udub. “Türk axını” və S-400 raketlərində də rusların istədi olub.

Rusiya bazarı Türkiyə tekstili üçün yenidən açılıb. İnşaat sektorundakı məhdudiyyətlər götürüləcək. Lakin vizalardan qurtulmaq məsələsində istədiyimizi əldə etmədik. Türkiyə gündəliyin ən önəmli bəndi – Suriya məsələsində Rusiyanın tezislərinə bir qədər də yaxınlaşıb. Daha bir mühüm məsələyə – PKK terror təşkilatına, “Demokratik Birlik” partiyasına (PYD) dəstəyə gəlincə, Rusiya geri addım atmayıb. Terrorçu təşkilatın Moskva ofisi bağlanmayıb. Başqa sözlə, Türkiyədənsə Rusiya masa arxasından durub daha çox şey əldə edib.

Çinə səfərin gedişində sammitin mövzusu isə “Bir qurşaq – bir yol” layihəsidir.

Xatırladaq ki, prezident Ərdoğan Çində G20 sammmiti liderlərinin “ailə fotoşəkli”ndə Rusuiya və Çin liderlərinin arasında görünəndə bunu Avrasiya tərəfdən Türkiyəyə dəstək kimi şərh etmişdilər. Avrasiya dövlətləri 15 iyul dövlət çevrilişi cəhdindən sonra, həqiqətən də, Türkiyəni müdafiə etmişdi. Amma bunu liderlərin G 20 sammitindəki birgə fotoşəkil çəkdirməsilə izah etmək yanlışdır. Çünki ənənə üzrə, birgə şəkil çəkdirərkən bir qayda kimi qəbul edən ölkənin lideri əvvəlki sammitin keçdiyi və növbəti sammitin keçiriləcəyi ölkənin liderləri ilə yanaşı durur. Əvvəlki sammit Türkiyədə baş tutduğundan, növbəti sammit isə Rusiyada keçirilməli olacağından Türkiyə liderinin Çin və Rusiya liderlərinin arasında durmağı təbii və ənənəvi idi. Bundan artıq deyil.

 

Rusiya Türkiyəyə nə dərəcədə etibar edir?

 

Rusiya Türkiyə ilə gərgin münasibətlər dövründə BMT-yə Türkiyənin terrorçu İŞİD təşkilatı ilə münasibətlərdə ittiham edildiyi materiallar təqdim  edib. Məlumdur ki, Putin Ərdoğanla əvvəlki danışıqlarda Suriyaya nisbətdə “Fərat qalxanı” əməliyyatının miqyası və müddəti haqda xəbərdarlıq edərək deyib ki, əməliyyat “Suriya tərəfi ilə məsləhətləşməsiz keçirilir”.

İstifadə edilən təbii qazın 55%-ni, istehlak edilən kömürün 33%-ni və neftin 18%-ni Rusiyadan alan Türkiyəyə qarşı Rusiyanın mövqeyi güclüdür. Akkuyudakı (Mersin) ilk atom-elektrik stansiyasını da ruslar 22 milyard dollara inşa edirlər. Energetikaya ildə 50 milyard dollar ödəyən Türkiyə üçün ən böyük enerji resursları tədarükçüsünün durumu Rusiya üçün iqtisadiyyat, siyasət, diplomatiya sahəsində fəaliyyət üçün genişlik təmin edir. Psixoloji üstünlük də rusların tərəfindədir. Hər şeydən əvvəl Rusiya təyyarəsinin məhv edilməsi, dövlət çevrilişi vaxtı kəşfiyyat məlumatları mübadiləsi və Rusiya səfirinin qətlinə görə.

Energetik və iqtisadi əlaqələrdə asılılığa baxmayaraq, Türkiyə siyasi, diplomatik və hərbi baxımdan Qərb institutlarından asılıdır. Türkiyə Qərbyönlü kürəsəl institutların, reytinq agentliklərinin hər bir sözünü göydə tutur. BVF, Dünya Bankı, ABŞ FES, "Standards and Poors", "Moody's", "Fitch" kmi…

Türkiyənin şərq təşkilatları ilə qərbinki qədər əlaqəsi yoxdur. Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş, onun Energetika klubunun müvəqqəti sədridir. Vəssalam.

Türkiyənin hakim blokunun Qərbdən asılılığı, Qərbin tumanından yapışmış Fars körfəzi ölkələrinə yaxınlığı, hakimiyyəti yemləyən və Türkiyə hökumətindən qidalanan maliyyə dairələrinin qərbpərəstliyi haqda həm ABŞ, həm də Rusiya və Çin bilir. Hətta Türkiyə cəmiyyətində hakim siniflər arsındakı münasibətlər, istehsalat, mülkiyyət, bölgü, siyasət, sosial, mədəni yön sahəsindəki ilişgilər Türkiyəyə Atlantika düşərgəsi və NATO-dan nəinki hər hansı kəskin, sürətli, radikal qopma imkanı verir, hətta bu asılılığı şübhə altına alır. İqtisadi, siyasi dairələr, ictimaiyyət, universitetlər, biznes və məmurların bu cür diskussiyaya başlayacığını gözləmək gerçək iş deyil. Bu, qısamüddətli perspektivdə mümkün deyil. Sənayeləşmə, inkişaf, ixracat, yatırımdan xəbər verməyən, ancaq fəaliyyətsiz gəlir, REPO əməliyyatları (qiymətli kağızın sazişdə əvvəlcədən müəyyən edilmiş qiymətə geri satılmaq öhdəliyi ilə alqı-satqısı – tərc.), faiz tarifləri, fond bazarı, xarici valyutadan danışan iqtisadiyyat Qərb asılılığından qurtula bilməz.

 

ABŞ-a səfərə böyük mənalar yükləmək yanlışdır

 

Prezident Ərdoğanın ABŞ prezidenti Trampla qarşıdakı danışıqlarından hər hansı böyük nəticə gözləmək qeyri-realdır. ABŞ-ın FETÖ başçısını Türkiyəyə verəcəyi və PKK-PYD terrorçu qurumlara dəstəyi kəsəcəyinə ümid etməyinə dəyməz. PYD-ni Suriya və İraqda yerüstü güc kimi istifadə edən və onu terrorçu təşkilat saymayan ABŞ Türkiyəyə sıradakını deyir: “PKK-PYD-yə zərbə endirmə. Qoy sənin quru qoşunların İŞİD-ə qarşı əməliyyata qoşulsun. Bunun cavabında Suriyada təhlükəsiz zonanın yaradılmasına razılaşaram. Suriyanın şimalındakı kürd muxtar bölgəsini qəbul et. Kipri ver”.

Türkiyə isə ictimai rəy qarşısında bəzən görkəm alır ki, ABŞ-ı tənqid edir. Amerikalılarla danışıqlarda isə olduqca aşkar siqnallar verir.

Sıradakı fakt şübhəsizdir: ABŞ bilir ki, yaratmaq istədiyi Kürdüstan öz varlığı üçün Aralıq dənizinə çıxışa malik olmalı və neftdən gəlir əldə etməlidir. Onların fikrincə, ona isə Türkiyə qəyyumluq etməlidir. ABŞ bu məqsədlə Yaxın Şərqdə yönəldilən sabitsizlik, nəzarət edilən hərc-mərclik yaradır. Dövlət potensialının aşınması, iqtisadi üstünlüyün və ağalıq potensialının zəifləməsi üzündən açıq işğal üçün ABŞ-ın qüvvəsi yetmir. Başqa sözlə, ABŞ üçün hibrid müharibə üsullarından, müttfəqilərdən yararlanma, özgə əliylə müharibə seçim deyil, zərurətdir. İraqda təşəbbüs ABŞ-ın, Suriyada isə Rusiyanınn əlindədir. ABŞ bu üzdən dəhliz açaraq nəzarət edib ki, Mosulu tərk edən İŞİD terrorçuları asanlıqla Suriyaya, Raqqaya çatsınlar. O, İŞİD-ə hücum etməyə hazırlaşan Suriya ordusuna “səhvən” zərbə endirib. Suriyada atəşkəs rejimini pozub.

Türkiyə öz geopolitik çəkisini başa düşmür. Özünün obyektiv gerçəkliyinin gözünə, öz ehtiyaclarına, tələbatına baxmaqdan qorxur. Atlantikadan asılılığı, Qərbə alışqanlığını şübhə altına qoya bilmir. Qaçıb canını qurtarır. “Ali zəka”, “okeanın o tayı” deyir. İmperializmin Türkiyəni bölmək istədiyini etiraf və bununla bağlı bütün gərəkənləri etmək cəsarətsizliyi Türkiyə üçün itkilərə dönüşür.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə