XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2017 - 19:54

Lavrovun ABŞ səfəri “Al-Arabiya”nın aynasında:Ağ Evin narahatlığı Moskvanın Suriyada İranın rolunu gücləndirməsidir - TƏHLİL

Pyer Qanem

"Al-Arabiya"

 

Vaşinqton və Moskva arasında münasibətlər Suriya münaqişəsinin ilə bağlı yeni kəsişməyə çatıb. Birləşmiş Ştatlar və Rusiya terrorla mübarizədə razılığa gəlsə də, onların Suriyaya dair baxışları hələ də fərqlidir.

Donald Trampın iqtidara gəlməsindən bəri Vaşinqtona ilk səfərə çıxan xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti və amerikalı həmkarı Reks Tillersonla müzakirə olunacaq bir sıra problemlərlə yanaşı, həm də Suriyada İranın rolunu nəzərdən keçirəcək.

 

Moskva Vaşinqtonda da söz sahibidir

 

Trampın başçılıq etdiyi Ağ Evdəki yeni administrasiya Birləşmiş Ştatlar üçün üç mərhələli strategiya müəyyən edib: İŞİD-in məhvi, hərbisizləşdirilmiş zonaların yaradılması və sülhün bərqərar edilməsi.

ABŞ bu strategiya ilə bağlı Rusiya ilə əməkdaşlıq etməyə çalışdı, lakin keçən aprel ayında Suriya rejimi Xan-Şeyxunda kimyəvi silahdan istifadə etdikdə, Dəməşq və Moskva arasında dilbirliyi ilə qarşılaşdı. Halbuki Xan Şeyxunu bombalayan zəhərli daşıyıcı təyyarələr havaya qalxarkən Rusiya hərbi ekspertləri aeroportda idi.

Vaşinqtonun Əl-Şayrat hava limanını bombalaması Suriya rejimini kütləvi qırğın silahlarından yeni istifadə hallarını dayandırmaq üçün atılan addım idi.

Moskva Suriya rejiminin yenidən kimyəvi silah istifadə etməyəcəyinə zəmanət versə də, ABŞ-da hesab edirlər ki, onlar İŞİD-in məhv etmək planı üzərində birgə işləmək barədə razılığa gəliblər.

Birləşmiş Ştatların fikrincə, Rusiya mayın 4-də keçirilən Astana danışıqları vasitəsilə diplomatik manevr edib. O, Amerikanın strategiyasını "oğurlayıb" və ya onu Rusiyanın gündəmə gətirdiyi təklif kimi sırımağa nail olub.

 

Rusiya İranın Suriyadakı rolunu artırır

 

Əslində, Vaşinqton Astana danışıqlar ilə hərbisizləşdirilmiş zonaların yaradılması üçün aparıcı rolun Tehrana verilməsinə etiraz edir. Çünki İranın ilkin orijinal rolu Suriya rejimini dəstəkləmək olub.

Birləşmiş Ştatların İranın rolunun dəyişdirilməsinə öz səbəbləri var; o, Tehranı təcavüzkar dövlətdən tutmuş sabitsizliyə və terrorizmə zəmanət verən güc kimi nəzərdən keçirir.

Vaşinqton Suriyada İranın fəaliyyətini "zorakılığı təşviq edən və onu dayandırmağa cəhd etməyən" kimi səciyyələndirərək Astana danışıqlarına öz şərhini verib. Həmçinin "Əsəd rejiminə İranın dəstək verməsilə Suriya xalqının səfalət və əziyyət çəkdiyini" vurğulayıb.

Amma hər şeydən pis odur ki, Astana danışıqlarının nəticələrini qəbul etdirmək üçün Təhlükəsizlik Şurasına ruslar tərəfindən irəli sürülən layihə beynəlxalq birliyi inandırmağa, İranın birbaşa və ya dolayısı ilə "Hizbullah" vasitəsilə Suriyada elədiklərinə örtük verməyə çalışır.

Lavrov və Tillersonun Vaşinqtonda üz-üzə görüşəcəyi an Amerikanın mövqeyi belə olacaq: Tillerson Yaxın Şərqdə İranın müdaxiləsini dayandırmağa cəhd edəcək, Lavrov isə Suriyada İranın rolunu müdafiə etmək istəyəcək.

Həm iki diplomat üçün ən pis ssenari budur ki, İranın və onun güvəndiyi şiə milislərin dəstəyi və yardımı olmadan Rusiya Bəşər Əsəd rejimini müdafiə edə bilməz. Rusiyanın Suriyadakı bu strategiyasının İranın iştirakı olmadan həyata keçirilməsinin qeyri-mümkünlüyünü Tramp administrasiyası görür.

 

Tehranın Deyr əz-Zordan keçidi

 

Yerlərdəki vəziyyət həm Amerikaya, həm də Rusiyaya böyük təzyiqlər göstərir. Amerikalılar Suriyanın kürd və ərəb qüvvələrinin köməyi ilə Raqqa şəhərini, de-fakto İŞİD-in paytaxtını almaq üçün döyüşün son mərhələsinə hazırlaşır və bu mübarizə uzun zaman alacaq.

Amerikalılar şimal sahələrində sürətli hərəkət və İraqı Suriyaya birləşdirən beynəlxalq yola nəzarət etmək üçün elə həmin qüvvələr və digər ərəb qüvvələri ilə birgə Deyr əz-Zordan cənubundakı Bukamalı əldə etmək istəyirlər. Dəməşq və Bağdad arasında o, İŞİD-in son şəhəridir.

İranın sərhədlərini üç ərəb paytaxtları ilə birləşdirən bu marşruta nəzarət İran və onun dəstəklədiyi milislərin irəliləyişini dayandıracaq. Buna görə də ABŞ-ın bu şəhərə əldə etmək məqsədi mühümdür.

Digər tərəfdən, Suriya rejimi Moskva və Tehranın əməkdaşlığı ilə Palmira sahəsində yerdə qalan əraziyə nəzarəti bərpa etmək və Deyr əz-Zordan başlayan Suriya və İraq arasındakı birləşdirici beynəlxalq yolla irəli getmək istəyir.

Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim bu niyyəti təsdiqləyib və bildirib ki, Suriya rejiminin "hədəfi Deyr əz-Zorun ətraf bölgələrinə sahib olmaq"dır. Bunun Rusiyanın dəstəyi ilə həyata keçirilməsi ABŞ üçün fəlakətli olacaq.

 

Türkiyədə ilə fikir ayrılığı


Moskvanın hərəkətləri ilə bağlı Vaşinqtonu narahat edən məsələlərdən biri də son aylarda ruslarla anlaşma əldə etmək üçün etdikləri cəhdlərin dalana dirənməsidir.

Rusiya prezidenti Vladimir Putinin Trampın administrasiyası ilə əməkdaşlıq etmək niyyətində olub-olmadığı amerikalılara aydın deyil.

Son aylarda Moskva Suriya münaqişəsi ilə bağlı Amerika və Türkiyə arasında mübahisələri dərinləşdirmək istəyib və Türkiyəyə Astana danışıqlarının nəticələrinin təminatçısı rolu verib. Vaşinqton isə Suriyada kürd milisləri ilə bağlı Ankara ilə hər hansı bir razılığa çata bilmədi.

Türkiyə kürd hərbi qrupları terrorçu hesab etsə də, Birləşmiş Ştatlar onları Suriya ərazisində bir neçə müttəfiqindən biri hesab edir və onların köməkliyi ilə Raqqa və Deyr əz-Zorun ətraf bölgələrini almaq fikrindədir.

Vaşinqton və Moskva arasında mübahisələrin siyahısı çox uzun və fundamentaldır. Onun ən ağır hissəsi hər iki ölkənin təkcə terrorun məhv edilməsi ilə tükənmir. Suriya vasitəsilə hər ikisi Yaxın Şərqdə öz təsirini gücləndirmək istəyir.

Tərcümə: Strateq.az