XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2017 - 20:39

İran seçkilərində teledebatların daha bir raundu bitdi:Ruhani əsas rəqiblərindən önə çıxır – TƏHLİL

Kirill Cavlax

Regnum İA, 10.05.2017

 

İran prezidenti postuna namizədlər artıq təbliğat kampaniyasının  yarısını keçiblər. Mayın 19-da olacaq seçkilərə cəmi səkkiz gün qalır. Keçən həftə ikinci teledebatlar baş tutub. İran hökuməti başçısına namizədlər mədəniyyət, daxili və xarici siyasət məsələlərini müzakirə ediblər.

 

Siyasi koalisiyalar

 

İİR siyasi sisteminin əsas aktorları qarşıdakı seçkilərlə bağlı öz namizədlərini tədricən müəyyən edirlər. Mayın 1-dən Tehranda “Mühafizəkar qüvvələr qərargahı” Həsən Ruhaniyə dəstək işinə başlayıb. Quruma İİR parlamentinin deputatı, spiker Əli Laricaninin çevrəsinə daxil olan Bəhruz Neməti başçılıq edir. Məclis sədrinin özü  Həsən Ruhaniyə fəal dəstəyə keçərək onun əsas rəqiblərini populizmdə, sosial-iqtisadi sahədəki vədlərini yerinə yetirməkdə gerçək imkansızlıqda ittiham edib. Söhbət müxtəlif sosial proqramlara subsidiyanın üç dəfə artırılmağından gedir. Laricaninin fikrincə, bu cür şüarlar yolverilməz və praktikada gerçəkləşdirilməzdir. İran parlamentinin dördüncü və beşinci çağırış eks-spikeri Əliəkbər Natiq Nuri də Ruhaniyə dəstək ifadə edib. Əliəkbər Haşimi Rəfsəncaninin vəfatından sonra onu islahatçıların qeyri-formal lideri roluna əsas iddiaçılardan biri sayırdılar. Natiq Nuri Qum din mərkəzinin müəllimləri ilə görüşdə Həsən Ruhaniyə dəstəyini bildirib.

Natiq Nurinin mühafizəkar düşərgə ilə qarşılıqlı münasibətlərinin mürəkkəb tarixi var. O, hələ İranda 1997-ci il prezident seçkilərində mühafizəkarların islahatçı Məhəmməd Xatəmiyə qarşı əsas namizədi idi. Natiq Nuri prezident qovğasının favoriti sayılırdı, lakin köməkçisinin Londona qalmaqallı səfəri və Böyük Britaniya XİN təmsilçiləri ilə görüşü ona ciddi nüfuz zərbəsi vurdu. Yekunda Xatəmi seçkiləri böyük üstünlüklə uddu.

Natiq Nuri 2005-ci ildə mühafizəkar koalisiyanın liderləri sırasına daxil idi. O, mühafizəkarları bir namizəd ətrafında birləşdirməyi planlaşdırırdı, amma Mahmud ƏhmədinejadMəhəmmədbaqir Qalibafı Əli Laricaninin xeyrinə namizədliyi geri götürməyə inandırmaq cəhdləri iflasa uğradı. Natiq Nuri bundan sonra siyasəti tərk etdi. O, vaxt keçdikcə mühafizəkarlardan aralandı, 2013-cü ildə isə Həsən Ruhaniyə ciddi dəstək verdi.

İİR keçmiş prezidenti Məhəmməd Xatəmi də Ruhaninin namizədliyini dəstəkləyib. "Aftabir" informasiya portalı eks-prezidentin sözlərini misal gətirir: “Ruhaninin məğlubiyyəti ehtimal edilən beynəlxalq təcrid və yeni antiiran sanksiyaları deməkdir. Ruhani hökumətini dəstəkləmək xalq və ölkənin marağındadır”.

Xatəmi, Məhəmmədrza Arifi Ruhaninin xeyrinə namizədliyini geri götürməyə inandırmaqla 2013-cü il seçkilərində mühüm rol oynayıb.

İİR-in ən nüfuzlu ictimai-siyasi birliklərindən biri – Qum ilahiyyatçı müəllimlər Cəmiyyəti isə İbrahim Rəisini dəstəkləyib. Bu, özünü mühafizəkarların əsas namizədi kimi göstərən Qalibafın nüfuzuna ciddi zərbə olub.

 

Teledebatlar №2

 

Həsən Ruhani, İshaq Cahangiri, Mustafa Haşimi Təba, İbrahim Rəisi, Məhəmmədbaqir Qalibaf və Mustafa Mirsəlimi mədəniyyət və siyasət məsələlərini müzakirə etmək gözləyirdi. Lakin diskussiya iştirakçıları efirin mövzularını gözləmədi və qarşılıqlı tənqidə keçdilər. Namizədlərin hamısı xarici siyasətin baş məsələsi – nüvə sazişi üzrə tutuşdu. Prezident postuna namizədlərdən heç biri seçkilərdə qələbə halında sazişdən imtina etməkdən danışmadı. Bununla bərabər, Ruhaninin opponentləri vəziyyətdən yararlanmağı və sazişin bağlanmasından İranın hiss olunacaq mənfəəti olmadığına görə hökuməti tənqid etməyi qaçırmadı. Prezident Həsən Ruhani və birinci vitse-prezident İshaq Cahangiri bu dəfə keçmişə yuvarlanma qarşısında vahiməyə isnad etmək strategiyasını saxladılar. Onlar dedilər ki, rəqiblərinin qələbəsi ölkəni Mahmud Əhmədinejadın dövrünə qaytaracaq. Bu, yeni beynəlxalq təcrid və vətəndaş azadlıqlarının sıxışdırılması deməkdir.

Əvvəlki debatlarla müqayisədə Ruhaninin çıxışı daha aydın oldu, birbaşa rəqibərinə müraciət etdi. Prezident bir həftə öncə müdafiə mövqeyi tutmuş, hökumətin siyasətini tənqid edən rəqiblərinin həmlələrinə cavab verirdi. O, bu dəfə Qalibaf və Rəisinin seçkiqabağı proqramları və efirdəki çıxışları üzrə kəskin suallar verməklə hücuma keçdi.

İshaq Cahangiri də davranışını dəyişmişdi. O, ilk debatlarda bütün namizədlərdən parlaq görünürdüsə, indi çıxışındakı basqını hiss olunacaq dərəcədə azaltmışdı. İlk debatlardan sonra narahatlıq meydana çıxmışdı ki, Cahangirinin teleefirlərdə bu qədər inandırıcı çıxışlarının davamı onu Ruhaniyə gerçək alternativə çevirə bilər. Buna görə də Cahangiri prezidentə təkcə öz parlaq çıxışları ilə deyil, (lazım gələndə) şefinə kölgə salmamaqla sükutla kömək etməyə başlayıb.

İbrahim Rəisi əvvəlki diskussiyadakından xeyli təcavüzkar idi. Bütünlükdə isə onda müsbət gündəlik çatışmırdı.

Tehran meri Məhəmmədbaqir Qalibaf Ruhani hökumətinin tənqidini davam etdirdi. O, yenə də 4% 96%-ə, yəni elita xalqa qarşı ideyasını translyasiya etdi. Ruhani buna görə onu "Occupy Wall Street"in ideyalarını kopyalamaqda ifşa etdi. Rəisi və Qalibaf seçkiqabağı kampaniyalarını hökumətin tənqidi və ən yaxşı gələcək barədə populist bəyanatlar üzərində qurublar.

Qalan iki namizədin çıxışı heç nə ilə yadda qalmayıb. Mustafa Mirsəlim ilk debatlardan sonra bəraət almağa cəhd edib. O daha fəal idi, hökuməti bacarıqla tənqid edib. Mustafa Haşimi Təba hökumətə dəstək üçün rəqəmlər gətirməklə opponentlərinin kölgəsində qalıb.

Ruhani debatların yekunlarına əsasən mövqeyini möhkəmlətməyə nail olub. Onun opponentlərinə deməyə nəyisə var idi: nüvə proqramı üzrə danışıqlarda uğurlar, enerji resursları və qeyri-xammal məhsulları ixracatının çoxalması, Tehranın Yaxın Şərqdə nüfuzunun artması. Lakin Ruhaninin seçkiqabağı kampaniyasında bir sıra ciddi diqqətsizliklər var – İranın gələcək obrazı və inkişaf proqramı çatışmır.

Rəqəmlərin bəyanı, keçən dörd ildəki statistika və beynəlxalq siyasətdə müvəffəqiyyətlər qələbə üçün yetərsiz ola bilər. Lakin fəaliyyətdəki prezident namizədlərin reytinqində birinci sətri qoruyub saxlayır. Bunu "Entekhab" informasiya-analitika portalının keçirdiyi internet səsverməsi təsdiq edir. Bu, 77% toplamış Ruhani-Cahangiri koalisiyasının qələbəsi ilə yekunlaşıb. İkinci yerdə Rəisi6,8%, üçüncü yerdə Qalibafdır – 5,4%. Sorğuya 31 965 istifadəçi qatılıb. Üçüncü və yekun debatlar mayın 12-də planlaşdırılıb – iqtisadi məsələlər müzakirə olunacaq.

 

Ordu və siyasət

 

Ruhani hökuməti və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) gizli qarşıdurması teledebatların gedişində yeni mərhələyə girib. İran prezidenti mühafizəkar müxalifəti dünya dövlətləri ilə Birgə Fəaliyyət Planını (BFP: nüvə sazişindən irəli gələn sənəd-tərc.) pozmaq cəhdinə görə tənqid edib və daha çox vətəndaş hüquqları vəd edib. Ruhani İİKK-i aşkar şəkildə tənqid etməyi özünə yetərincə tez-tez caiz bilir. İran prezidenti nüvə proqramı üzrə danışıqların yekun mərhələsində üzərində antiisrail şüarları yazılmış döyüş başlıqlı raketlərin şaxtalardan buraxıldığını İİKK-in bütün kanalları və elektron mediaları ilə translyasiya edildiyi hadisəni yada salıb. Ruhani bildirib: “Diplomatlarımız danışıqlar apararkən burada siz nə edirdiniz? Şaxtalarda üzərində şüarlar yazılmış raketləri göstərirdiniz ki, bu da sazişi poza bilərdi. Bəzi adamlar özlərini İran xalqının düşməni kimi aparırdılar. Nüvə sazişini məhz buna görə indiyədək 100% gerçəkləşdirə bilmirik”.

Prezident xatırladıb ki, onun mühafizəkar rəqibləri BFP-i pozmağa çalışan qüvvələrə birbaşa bağlıdırlar. Tehranın antiisrail siyasətini nəzərə almaqla İsraili dolayısı ilə müdafiə edən sözləri prezidentin ağzından eşitmək kifayət qədər təəccüblüdür. Belə çıxır ki, İsrailin mövqeyi olmadan heç bir nüvə sazişi ola bilməzdi.  

Ruhaninin bəyanatı Yaxın Şərqdəki incə diplomatik oyunun daha bir təsdiqi olub. Xatırladaq ki, "Channel 2" telekanalı 2016-cı il mayın 5-də İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin keçmiş başçısı, general-mayor Meir Daqanın BFP-nın yeni çalarlarını açıqladığı müsahibəsini dərc edib. Daqan aparıcı İlana Dayanla söhbətində deyib: “İranla nüvə sazişi Netanyahunun böyük səyləri nəticəsində baş tutub”.

Daqan Dayanın baş nazirin hətta ABŞ-la pozuluşmaq bahasına sazişə qarşı mübarizə apardığı haqda replikasına etiraz edib: “Bu, səhvdir. Bu, sadəcə, yanlışdır”.

Kəşfiyyatçının sözlərinə görə, “Netanyahu müəyyən bir anda hədə gəldi ki, İrana hücum edəcək. O və o vaxtkı müdafiə naziri (Ehud Barak-tərc.) bildirdilər ki, İranın bomba əldə etməyinin qarşısını almağın yeganə üsulu hücumdur. Onlar SAXAL-ın imkan və hazırlığı haqda danışaraq bütün dünyaya car çəkdilər ki, İsrail bu addıma getməyə hazırlaşır”.

Daqan nüvə proqramının inkişafını dayandırmaqdan ötrü yəhudi dövlətinin İrana zərbə endirməyə hazır olduğundan danışan kəşfiyyatın 2010-cu il hesabatına istinadən bəyan edib.  

Ruhaninin İİKK-in ünvanına tənqidi iradlarına İran ordusu Baş qərargah rəisi  müavini, briqada generalı Məsud Cəzairi reaksiya verib. "Tasnim News" generalın sözlərini sitat gətirir: “Biz prezidentliyə namizədlərə artıq xəbərdarlıq etmişik ki, hərbi sahə və təhlükəsizliyə dair mühüm məsələlərə qarışmaq, qeyri-dəqiq məlumatlarla çıxış etmək və İran xalqını yanlışlığa uğratmaq lazım deyil”.

Bu, artıq Cəzairi tərəfindən hökumət və prezident Ruhaninin ictimai şəkildə birinci dəfə tənqid edilməsi deyil. Cəzairi əvvəllər jurnalistlərin iştirakı ilə prezidentliyə altı namizədə müraciət edib. "Defa Press" ondan misal gətirir: “Seçkiqabağı təbliğat zamanı namizədlər və KİV-lərin prezident səlahiyyətləri çərçivəsindən kənara çıxan müdafiə və hərbi məsələlərə qarışması lazım deyil”.

Cəzairinin sözlərinə görə, İran raket proqramının inkişafı strateji planlara uyğun olaraq islam respublikasının rəhbərliyi tərəfindən aparılır və “İİR düşmənləri üçün önləyici amildir”.

General müdafiə və təhlükəsizlik məsələlərinin müzakirəsindən çəkinmək tələbi ilə seçkilərin keçirilməsi üzrə Qərargaha məktub göndərib.

Bu qiyabi qarşıdurmanın ön tarixi var. Ruhani mayın 1-də Yəzddə çıxışı zamanı bəyan edib ki, nüvə sazişinin imzalanması “İranın üzərindən asılmış müharibə kölgəsini aparıb. İran xalqı mayın 19-da qət etməlidir ki, seçkilər günü ölkə üçün ləyaqət günü olacaq, yoxsa müharibənin müdhiş kölgəsini yaxınlaşdıracaq?” (IRNA)

İran ali rəhbəri Əli Xamenei Ruhaninin iddiası ilə razılaşmayıb, ISNA-nın məlumatına görə, o deyib: “Zaman-zaman görür və eşidirik ki, bəzi siyasətçilər deyirlər ki, postlarını tutduqdan sonra müharibənin kölgəsini İrandan uzaqlaşdırmağa nail olublar. Bu, yanlış iddiadır. Yalnız İran xalqının islam respublikasının siyasətində fəal iştirakı ölkəmizi müharibədən saxlayır”.

Ruhaninin ali rəhbər tərəfindən tənqid edilməsini mühafizəkar qrupların təmsilçiləri göydə tutublar. İran İİKK hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə qeyd edib ki, “nüvə sazişinin İranı müharibədən xilas etdiyi haqda iddiaların hamısı yalandır”.

Generalın fikrincə, yalnız hərbi qüdrətin gücləndirilməsi İİR-i birbaşa təcavüzdən qoruyur. İİR Məhkəmə sisteminin başçısı Sadiq Laricani də Ruhaniyə zərbə vurmaq imkanını əldən buraxmayıb. O bildirib: “BFP danışıqlarının müharibə kölgəsini İranın üzərindən aparmağa kömək etdiyini zənn edənlər öz gümanlarında yanılırlar”.

Bütün dönüşlər, xüsusən də bütün əsas qərarları ali rəhbərin qəbul etdiyi bir ölkədə prezidentin xarici siyasət kursunun tənqidi, ən azı, qəribə görünür. Nüvə sazişinin bağlanması daxil bütün xarici siyasət aksiyaları Xameneinin təqdiri olmadan mümkün deyil.

 

İnternet nəzarət altındadır?

 

Ruhaninin prezidentliyi ərzində İranda internet istifadəçilərinin sayı 23 milyondan 39 milyon nəfərə qalxıb. Bu gün ölkənin praktik olaraq yarısının kürəsəl şəbəkəyə çıxışı var. 2013-cü ildə Telegram buraxılandan bəri İrandakı istifadəçilər 20 milyon vətəndaşa yetib. Məhz Pavel Durovun messenceri müxalif siyasi həyatın mərkəzinə çevrilib.

Hələlik namizədlər seçicilərin səsləri uğrunda mübarizə aparınca İran xüsusi xidmətləri və məhkəmə hakimiyyəti müasir kommunikasiyalar üzərində nəzarəti gücləndirməkdədir. İran kəşfiyyat naziri Seyid Mahmud Ələvi Tehranda cümə namazında imam qabağında çıxış edərkən diqqəti İrana qarşı açılmış kibertəhlükəsizlik və informasiya savaşı mövzusuna yönəldib. "IRIB News" Ələvinin sözlərini sitat gətirir:  “Virtual məkana nəzarət ictimai təhlükəsizliyin sarsıdılmasına yönəlmiş düşmən təsiri və əməlindən İran xalqını qorumağımıza imkan verir. Kəşfiyyat nazirliyi bu gün internet, sosial şəbəkələr və messencerlərə tam nəzarət edir. Biz istənilən antidin və antiəxlaq kanal və qrupların fəaliyyətini kəsəcəyik”.

İran hökuməti bu il aprelin 17-də "Telegram"da səs xidməti dəstini bağlayıb. İİKK əməkdaşları və məhkəmə hakimiyyəti təmsilçiləri 2017-cin ilin martında "Telegram" kanalının islahat yönlü 12 inzibatçısını həbs edib. Kəşfiyyat nazirliyi və prezident Ruhani internet fəallarının həbsinə dəxli olmadığını bildiriblər.

Prezidentliyə namizədlərin özləri də yeni kommunikasiyalardan fəalcasına yararlanırlar. Həsən Ruhaninin "Telegram" kanalında 13 min, Rəisinin 92 min abunəçisi var, Qalibafın kanalına isə 118 min istifadəçi yazılıb. İranın hər bir KİV-in "Telegram"da kanalı var. BBC-nin fars redaksiyası da İran auditoriyasına xeyli təsir edir. Britaniya şirkətinin kanalında 782 min abunəçi var. Müqayisə üçün: İİR-in rəsmi Dövlət Teleradio şirkətinə cəmi 25 min nəfər abunə olub.

İran hökuməti qorxur ki, yeni texnologiyalar müxalifət tərəfdən etirazların təşkili üçün istifadə olunacaq. Və fitnəkarlıq həm mühafizəkarlardan, həm də Ruhani tərəfdarlarından qaynaqlana bilər. Hər şey səsvermənin nəticələrindən asılı olacaq.

 

Tərcümə Strateq.az-ındır.