XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 08:00

İzidi kürdlər kimin tərəfindədir? –KDP-PKK rəqabəti Şenqaldakı kürdləri seçim qarşısında qoyub - Təhlil

Fehim Taştekin

"Al-Monitor"

 

İŞİD-in izidi kürdlərin yurdu Şenqalı 2014-cü ildə işğal etməsindən sonra Türkiyənin aprelin 25-də həyata keçirdiyi bombardman "kürd siyasi xəritəsi"ndəki yarıqları böyütdü.

Türkiyənin Şenqalin ikinci bir Qəndil olmasına icazə verməyəcəyinə dair xəbərdaredici və cəzalandırıcı siyasəti PKK-nın varlığından narahat olan Kürdüstan Regional Rəhbərliyinin əlinə koz verdi. 

Kürdüstan Demokrat Partiyası (KDP) və PKK arasındakı döyüş "PKK Şenqalı tərk etməzsə, Türkiyənin hücumları davam edəcək və əvəzini izidi camaatı ödəyəcək" dəlilinə söykəndi. Buna qarşılıq olaraq PKK, İŞİD təhdidinin aradan qalxmadığını əsas gətirib "çəkil" təzyiqinə hələ də müqavimət göstərir.

Bu gərginlik izidilərin həyatında əks olunur.

İzidi camaatı İraqda BƏƏS rejiminin süqutundan sonra uzun müddət İraq Kürdüstanın inzibati sərhədlərinə qoşulma ilə muxtar qurumunu yaratma seçimi arasında qaldı. Üzü Bağdada tərəf olanlar ərəbləşdirmə ilə günahlandırıldı. Kürd mənsubiyyətini önə çıxaranlar isə KDP ilə ittifaq qurarkən, "Bəli, biz kürdük, amma izidiyik" deyə muxtar modelə üstünlük verdilər.

2003-cü ildəki Amerikan işğalından sonra statusu mübahisəli bölgələrə peşmərgə yerləşdirən Kürdüstan hökumətinin öz xəritəsinə qatdığı yerlərdən biri də Şenqaldır. 

2005-dən etibarən də Apoçu fikirlər Şenqalda yayılmağa başladı. Şenqaldakı təxminən 7 min peşmərgənin 3 avqust 2014-cü ildə İŞİD qarşısında müqavimət göstərmədən çəkilib izidiləri vəhşiliklə baş-başa buraxması PKK-nın lehinə rəğbət doğurdu. 

Peşmərgənin düşdüyü utancverici vəziyyətlə müqayisədə, PKK-nın silahlı qanadı HPG Şenqal dağında izidilər üçün döyüşdü, Suriyadakı Xalq Müdafiə Birlikləri (YPG) də azad dəhliz açaraq minlərlə adamı ölümdən qurtardı. Bu vəziyyət izidilər arasında KDP-nin nüfuzunu itirməsinə, PKK-nın güclənməsinə yol açdı. 

PKK-nın Şenqal Müqavimət Birlikləri (YBS)Şenqal Qurucu Məclisinin meydana gəlməsinə köməkçi olması KDP-ni narahat etdiyi kimi, Türkiyənin də qayğılanmasına yol açdı: birincisi, Şenqal yeni bir Qəndilə çevrilir; ikincisi, Şenqal mühasirə altındakı Rojava üçün yeni bir qapıya çevrilir; üçüncüsü, İraq rəhbərliyi və İran, Türkiyənin maraqlarına zidd olaraq bir güc mərkəzi qurulmasına icazə verir (Prezident Tayyib Ərdoğanın "fars şovinizmi" deyə vurğuladığı da son qayğını çatdırır).

KDP-nin mart ayında Rojava peşmərgələrini Şenqala göndərməsi KDP-PKK rəqabətini daha da dərinləşdirib. Türkiyənin birbaşa hava hücumu da mübarizəyə yeni əsaslar əlavə etdi. KDP "Bu hücumların əsas səbəbi PKK-nın bölgədəki varlığıdır. Bu qüvvələrin burada qalması hücum və qeyri-sabitliyin davam etməsinə səbəb olur. Buna görə ən qısa zamanda PKK gücləri bölgəni boşaltmalıdır" deyərək PKK üzərindəki təzyiqi artırdı.

Buna qarşı Kürdüstan Parlamentindəki Kürdüstan Vətənpərvər Birliyi (KYB), Yenilik Hərəkatı ("Goran"), Kürdüstan İslami Birliyi ("Yekgirtü"), Kürdüstan İslami Camaatı ("Komel") və Kürdüstan İslami Hərəkətı ("Bızutnewe") Türkiyəni qınadı: "Türk ordusunu hər cür ölüm, təxribat və gərginliyin təqsirkarı hesab edirik".

Bu bölünmüşlük izidi camaatında (İzidiyə) da əksini tapdı. "Al-Monitor"un əldə etdiyi məlumatlara görə, İzidiyə əvvəla kürd partiyaları arasındakı döyüşlərdə tərəf olmaqda çətinlik çəkir. Kimsə Şenqal vasitəsilə kürdün kürdlə döyüşünə razı deyil. Bu döyüşün yaralarını hələ sarımamış izidi camaatına zərər verəcəyini düşünənlərdən bir qisimi PKK-nın çəkilməsinin tərəfdarıdır. Onlara Şenqalın bələdiyyə başçısı Mehma Halil rəhbərlik edir. 

Halil belə deyir: "Türkiyə və PKK tarix qarşısında məsuliyyət daşıyır. Bu, şenqallıları ikinci dəfə köçə məruz qoyacaq. Bombardmanların məqsədi Şenqalın boşaldılmasıdır".

Bu cinahdakıların digər narahatlığı: Türkiyənin hücuma keçməsi 2014-cü ildə İŞİD ücbatından qaçmış izidilərin evlərinə qayıdışı prosesinə mənfi təsir edir.

İŞİD təhdidinin keçmədiyini deyərək onlar özünümüdafiə güclərindən vaz keçməyəcəklərini vurğulayır. 2014-dəki fəlakətdən sonra sayı 3 mindən yuxarı izidi PKK-nın köməyi ilə YBŞ-yə qatılarkən, min nəfərinə qədəri də KDP-yə qəzəblənmələrinə baxmayaraq, peşmərgə ilə ortaq hərəkət edən Heydər Şeşonun birliyinə qatılıb.

Diaspordakı İzidiyə isə muxtar bir Şenqalın (İzdixan) inşası üçün bütün İzidiyəni birliyə çağırır.

İzidi yazar İbrahim Osman "Al-Monitor"a bildirib: "Hər dəfə xəyanətə uğrayan İzidiyənin artıq heç kimə etibarı qalmayıb. İŞİD-in Şenqala hücum etməsindən sonra İzidiyədə öz müqəddəratını təyinetmə düşüncəsi möhkəmləndi. Fərqli adlarla Şenqalda müdafiə birlikləri quruldu. Türk dövlətinin hava hücumu hər bir izidiyə dərindən təsir etdi. Bu cür hücumlar birlik duyğusunu gücləndirir".

Türkiyənin "PKK hədəflərini vururam" açıqlamasına isə münasibət belədir: "PKK-ya bağlı, ya da ona yaxın güclər yalnız Şenqalda yox, Kərkükdən Hanekinə qədər hər yerdə var. Şenqalda çox sayda PKK yoxdur. Nə siyasi, nə hərbi və nə də məntiqi baxımından Şenqalın ikinci bir Qəndil olma xüsusiyyəti var. PKK-nın də buna ehtiyacı yoxdur".

İzidi cəmiyyəti ilə bağlı vətəndaş təşəbbüsündə iştirak edən sosioloq Azad Barış isə vəziyyəti bu cür dəyərləndirir: "KDP-PKK gərginliyi gec-tez Şenqala xarici bir müdaxilə olacağına dəlil verirdi. Problemin yaxın vaxtlarda həll ediləcəyini düşünmürəm. Tərəflər öz mövqelərini qorumağa davam edəcək. İzidiyənin yurdlarına dönmə ehtimalı isə başqa bir bahara qalacaq".

 

Tərcümə: Strateq.az