XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 21:08

Üzdə müttəfiqlər:Kreml Çinin nəhəng sərmayə təkliflərinə niyə "yox" deyir?

Krımın ilhaqı ilə bağlı Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra Rusiya-Çin münasibətlərində fəallaşma müşahidə olunmağa başladı. Həmin ərəfədə Rusiya Çinlə bir neçə nəhəng layihəyə başlayacağını elan etdi. Lakin Kreml nədənsə hələ də çinli sərmayəçilərə bu layihələrlə bağlı "yaşıl işıq" yandırmağa tələsmir. 

Strateq.az xarici mətbuata istinadən bunun səbəbinə aydınlıq gətirməyə çalışacaq.

 

Çinlə Rusiya arasında ticarət dövriyyəsi…

 

CNPC-in Pekindəki ofisi

Son illər Çinin Rusiya iqtisadiyyatına sərmayələri artmaqdadır. Məsələn, 2013-cü ildə bu sərmayənin həcmi 3,5 milyard dollar idisə, Çin hökumətinin rəsmi məlumatına görə, indi bu rəqəm 8,9 milyarda yüksəlib.

Neft qiymətlərində müşahidə olunan artım ölkələr arasındakı ticarət dövriyyəsində də özünü göstərdi. İlin əvvəlindən bu yana 2016-nın analoji dövrü ilə müqayisədə bu istiqamətdə 26 faizlik artım olub. 

Hazırda Çin həm də Asiya regionunda Rusiya üçün ən böyük neft və qaz alıcısıdır. Çin bununla kifayətlənməyərək nəhəng Rusiya şirkətlərinin kapitalına, həmçinin mədən sənayesi layihələrinə də nüfuz etmək istəyir. Ekspertlərə görə, hələlik Çinin bu niyyəti gerçəkləşmir və Pekin kiçik tərəfdaş statusundan kənara çıxa bilmir.

"BK Sbejeceniya" şirkətinin analitik departamentinin rəhbəri, iqtisadçı Sergey Suverov da təsdiqləyir ki, çinlilər səhmdarların sırasına buraxılmır, əllərində olan payın isə heç bir təsir imkanı yoxdur.

Hazırda Çin şirkətləri arasında ən böyük uğuru CNPC və "Sinopec" əldə edə bilib. CNPC "Yamal SPQ" şirkətində 20 faizlik, "Sinopec" isə neftkimya şirkəti olan "Sibur"da 10 faizlik paya sahibdir. Bu şirkət həm də "Rosneft"lə müştərək olaraq "Udmurneft"ə nəzarət edir.

Bundan başqa, Çinin "Highland Fund" fondu 2015-ci ildə əsas investisiya layihəsi olan "Nornikel"-Bıstrinskom QOK-da 10,7 faizlik pay əldə edib.
 

Çinin rus qızılına marağı

 

Görünən odur ki, çinli investorların böyük paylara sahiblənməsinə imkan verilməyəcək. Almaniya mediasının əldə etdiyi məlumata görə, Çinin investiya fondu olan "Fosun International" artıq neçə aydır Rusiya hökumətindən "Polyus Zoloto" şirkətində 25 faizlik paya sahib olmaq üçün müsbət cavab gözləyir.

Ötən ilin noyabrında bu sazişə 2 milyard dollar qiymət qoyulmuşdu. Şirkət maliyyə problemləri yaşadığına görə öz payını satmaqda maraqlıdır. Hazırda onun "Sberbank"a 5 milyard dollar borcu var. Üstəlik yeni işə başlamaq üçün şirkətə 2 milyard dollara yaxın vəsait lazımdır.

Ötən il "Polyus"un gəliri 2,5 milyard dollar olmuşdu. Gəlirin yarısını kredit borclarına ödəmək, üstəlik yeni iş üçün pul yatırmaq şirkət üçün olduqca çətindir. Bu baxımdan "Fosun"un qoyacağı sərmayə şirkətə maliyyə problemlərini yoluna qoymağa yardımçı olardı. Hələ ki sazişin təsdiqlənib-təsdiqlənməyəcəyi qeyri-müəyyən qalır.

Rus ekspertlərin fikrincə, müsbət cavab üçün hələ çox gözləmək lazım gələcək:

"Söhbət, milli resurslardan gedir. Onlar özəl mülkiyyət hesab olunsa da, blokpaketin çinlilərə satılması Rusiyadakı qızıl emalı zavodlarının vəziyyətinin düzəlməsinə gətirib çıxarar. Qərbin sanksiyaları göstərdi ki, qərbli investorlardan, xarici texnologiyadan və kreditlərdən asılılıq təhlükəlidir. Ona görə də qərar verməzdən əvvəl bu cür sazişlərlə bağlı uzun müddət araşırdırma aparılır".

Rusiyanın təbii resursları və Kərimov faktoru

 

Süleyman Kərimov

Sergey Suverovin fikrincə, gecikmənin bir səbəbkarı da "Polyus"un sahibi Süleyman Kərimov ola bilər: "Bu adam strateqdən daha çox, maliyyə spekulyatoru kimi tanınır. Onun bu mövqeyi rusiyalı məmurları qəzəbləndirə bilər. Çünki onlar Çinlə münasibətləri korlamaq istəmirlər. Saziş çinli investorların gözləntilərini doğrultmasa, proses xoşagəlməz məcraya yönələ bilər".

Qərb mətbuatı da təsdiqləyir ki, sazişin aqibəti ilə bağlı qeyri-müəyyənliyin uzanması Kərimovun iri sahibkarların təkliflərinə qarşı bundan əvvəlki yanaşması ilə bağlı ola bilər. 

Rusiya hökumətinin mənfi cavabına görə daha bir iri razılaşmaya gedilmədi. 2013-cü ildə "Rosneft"in keçmiş prezidenti Eduard Xudaynatovun təsis etdiyi "Nezavisimaya nefteqazovaya kompaniya" ciddi maliyyə problemləri yaşayır.

Ana şirkət olan "NNK Allianz Oil"in borcu ötən ilin sonlarında 2 milyarda çatmışdı. Şirkətin öz dəyəri isə ümumilikdə 4 milyard dollardır. Ağır borc yükündən qurtulmaq üçün HHK strateji investor axtarışına çıxmışdı. 

Nəhayət, şirkət Çindən səhmlərinin 30 faizini almağa hazır olan potensial tərəfdaş tapdı. Lakin razılaşma yenə də baş tutmadı. "Rosneft"in keçmiş prezidenti Kremldən "hə" cavabı ala bilmədi. Şirkət hələ də investor axtarışındadır.

İndi bütün gözlər mayın 14-15-də Pekində təşkil olunacaq "İpək yolu" beynəlxalq forumuna dikilib. Tədbirə Rusiya prezidenti Vladimir Putin də qatılacaq və çinli həmkarı Si Tszinpinlə görüşəcək.

Çindən olan sərmayəçilər prezidentlərin görüşündə ikitərəfli sazişlərin açıq qalan aqibətinin həllini gözləyir və ya ən azından bu istiqamətdə irəliləyişə ümid edirlər…

Strateq.az