XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2017 - 16:40

Yaxın Şərqi yandıran “kibrit qutusu”:Qətər böyük bir bölgəni necə fəth edib? – TƏHLİL

Dmitri Frolovski

"Carnegie Moscow Center" (Rusiya), 13.05.2017

 

İndiki Yaxın Şərq Hobbsun təsvir etdiyi “hamının hamıya qarşı” savaşına bənzəyir. Bölgə sünnilərlə şiələr arasındakı qarşıdurmadan savayı ən müxtəlif münaqişələrin çoxluğundan əziyyət çəkir, bəzilərində, məsələn, Suriyada döyüşən tərəflərin sayı isə bir neçə minə çatır.

Kiçik Qətər əmirliyi bu təşvişli fonda təkcə rifahı ilə deyil, həm də beynəlxalq iddiaları və bölgəyə təsirinin onun cüzi ölçülərinə aşkar şəkildə qeyri-mütənasib miqyası ilə seçilir. Qətər bir neçə onillikdə bədəvi mirvari ovçularının balaca kəndindən Yaxın Şərqin əsas siyasi mərkəzlərindən birinə çevrilib. Əmirliyin uğurlar tarixçəsi dünya tarixində beynəlxalq münasibətlərdə öyrənilməkdə üstünlük təşkil edən realizm nəzəriyyəsinə birbaşa zidd çıxan nadir nümunədir.

Bölgədəki proseslərə kobud güc vasitəsilə əhəmiyyətli təsir etməkdən ötrü Qətərin nə hərbi gücü, nə də insan resursları var. Lakin dövlətin imici üzərində bacarıqlı iş, həmçinin yumşaq güc üsullarının inkişafı bu çatışmazlıqları artıqlamasilə ödəyir.

Yaxın Şərqdə tarixin gedişatını xeyli onilliyə öncədən dəyişən “ərəb baharı” sarsıntılarının əsas təşəbbüskarlarından biri məhz Qətər olub. Hazırda ərəb dünyasında Dohanın fikri ilə Misir kimi ənənəvi bölgə dövlətinin rəyindən heç də az hesablaşmırlar. Yaxın Şərqin bəzi ölkələrindəki sabitlik isə bir qarış əmirliyin rəhbərliyi ilə münasibətlərin durumundan birbaşa asılıdır.

Qətərin xarici siyasət strategiyasının uğuru, birinci növbədə, bölgədə baş verən proseslərin dərindən dərkinin nəticəsidir. Qətər hökuməti hərc-mərclik və icmalararası qarşıdurma, hər növ və hər bayraqdan olan islamçıların toqquşması, dünyəvi rejimlərin islamçılarla mübarizəsi və s. şəraitində öz nüfuzunun inkişafı üçün zamanı da, müstəvini də uğurla seçib. Əmirliyin son dərəcə fəal xarici siyasətə keçidi daha çox dünya ehtiyatlarının 15%-ni təşkil edən nəhəng qaz ehtiyatları qismində ölkənin başına yağan sərvətin nəticəsi olub. Bu, özünü vəhhabilik ideyalarının əsil ardıcılı rolunda görən və bu biliyi bütün bölgəyə çatdırmağı öz hədəfi sayan yerli rəhbərliyin iddialarını şişirdib.

Qətərin xarici siyasət strategiyası əvvəlki əmir, Qətər yumşaq gücünün özülünü qoymuş Həməd bin Xəlifə əl-Taninin zamanında biçimlənib. O hələ 1990-cı illərdə bölgənin kədərli durumunun varlı əmirlik qarşısında açdığı imkanlardan yararlanmağı qət edib. Əmir Həməd bin Xəlifə hakmiyyətə gəldikdən bir il sonra 1996-cı ildə o vaxtdan Yaxın Şərqdə obyektiv, əsas informasiya qaynağına dönmüş “əl-Cəzirə” teleşirkətinin yaradılması haqda sərəncam verib. Qətər telekanalının təsir miqyaslarının açıq qiyməti Misirin keşmiş prezidenti Hüsnü Mübarəkin sözləri olub. O, 2001-ci ildə Dohada “əl-Cəzirə”nin mənzil-qərargahını ziyarət edib və sonra rabitə naziri Səfvət əl-Şərifdən soruşub ki, bu cür “kibrit qutusu” bu qədər problemi yaratmağı necə bacarır?

Və doğrudan da, telekanal on ildən sonra Misir inqilabına dəstəkdə və Mübarək rejiminin devrilməsində mühüm rol oynayıb.

əl-Cəzirə”nin redaksiya siyasəti elan edilmiş müstəqillikdən başqa sıradakı prinsiplərə əsaslanır: Yaxın Şərqdə demokratiyanın yeridilməsinə dəstək, Hüsnü Mübarək və Bəşər Əsəd kimi avtoritar və dünyəvi liderlərin idarəçiliyinə müxaliflik, həmçinin bütün dünyada müsəlmanların hüquqlarının müdafiəsi.

Sərt senzura şəraitində Yaxın Şərq başçılarının əksəriyyətinin kəskin tənqidi Qətər telekanalını Yaxın Şərq müxalifətlərinə dəstəkdə başlıca rupor edib və ərəb gəncliyi arasında populyarlığı təmin edib. Nəticədə “ərəb baharı”nın başlandığı və etirazların inkişafı haqda taleyüklü məlumatlar məhz “əl-Cəzirə”nin studiyalarından translyasiya olunub. Telekanalın reportajları bir zamanlar Liviyada Qəddafi rejiminin korrupsiyalaşması, Suriyada Əsədin repressiyaları, Misirdə Təhrir (ərəbcə “Azadlıq”-tərc.) meydanında demokratiyanın qələbəsini fəal şəkildə müzakirə edib. Süjetlər ən yüksək səviyyədə hazırlanıb, bunun üzərində bütün bölgədən, həmçinin Qərb telekanallarından aparıcı mütəxəssislər işləyib.

Yayım sadəliyi, informasiyanın verilməsində sadəlik və keyfiyyət, həmçinin obyektivlik “əl-Cəzirə”ninn popuyarlığının təminatı olub. Əvvəllər Yaxın Şərqdə keyfiyyətcə Qərb analoqlarından geri qalmayan, ərəbcə yayımlanan və bölgə əhalisinin əhvalını duyan və uyuşan bölgəsəl KİV heç vaxt olmayıb və eyni zamanda Qətər hökumətinin qeyri-məhdud maliyyə imkanlarından istifadə edir.

Qətər rəhbərliyinin əsas uğuru bundan ibarətdir ki, uğurlu şəkildə öz telekanalından aralana bilib. Nəticədə “əl-Cəzirə” bölgədə yeganə obyektiv – Qətərin siyasəti ilə bağlı olmayan – bəzən panərəb, lakin bütövlükdə bütün müəslman dünyası dəyərlərini qoruyan məlumat qaynağı kimi qəbul edilir.

Qətərin maraqları telekanalda bacarıqla və pərdəli şəkildə yeridilir. Məsələn, Doha son illərdə Suriyanın keçmiş baş naziri Riyad Hicaba və Liviyanın keçmiş xarici işlər naziri Musa Qussəyə sığınacaq verib. Bu siyasətçilər sonradan “əl-Cəzirə” studiyalarından əmirliyin “ədalət uğrunda mübarizləri” müdafiə etmək və dəstəkdə rolunu vurğulayaraq onları qovan rejimlə mübarizəyə çağırıblar.

“Əl-Cəzirə” müstəqil ekspertlərin rəylərini, quraqlıqdan tutmuş qadınların sıxışdırılması və yoxsulluğa qədər Yaxın Şərqin ən müxtəlif hadisə və problemləri haqda reportajları öz efirinə daxil etməklə obyektiv KİV nüfuzunu uğurla dəstəkləyir. Eyni zamanda “əl-Cəzirə”nin gündəliyi əmirliyi qaynar islam dünyasında rahatlıq və firavanlıq adası kimi göstərməyə cəhd edən Qətərin xarici siyasətini pərdəli şəkildə ehtiva edir.

 

Mərkəz və nümunə

 

“Əl-Cəzirə” Qətərin Yaxın Şərqdə özünə xüsusi nüfuz yaradan mühüm, amma heç də yeganə yumşaq qüvvə aləti deyil. Permanent yoxsulluq, iqtisadi gerilik, korrupsiya şəraiti və sosial liftlərin olmadığı şəraitdə praktik olaraq bölgədə hər yerdə çiçəklənən və inanılmaz dərəcədə varlı Qətər yerdəki cənnət kimi göz qabağına gəlir.

Nəhəng qaz ehtiyatları Qətər sakinlərinə dünyada ən yüksək həyat tərzlərindən birinə zəmanət verir. Ərəb qastarbayterləri (ingiliscə: mühacir fəhlə – tərc.) burada il ərzində vətəndəkindən bir neçə dəfə çox qazana bilir. Bununla belə, “mədəniyyətsiz” BƏƏ-dən (Dubay və Əbu Dabidən) fərqli olaraq Doha gözümüzün qabağında əsil islam dəyərlərinin yerləşdiyi zəngin mərkəz kimi durur.

Qətər özünü ideal islam dövləti, çağdaşlıq, islam sosializmi – sosial ədalət, azadlıq və bərabərlik cəmiyyəti – yönlərini, həmçinin vəhhabiliyin qurucusu Muhəmməd ibn əl-Vəhhabın ideyalarını müvəffəqiyyətlə uyğunlaşdırmağa səy göstərilən ərəb və islam mədəniyyətinin dirçəliş mərkəzi kimi təqdim etməyə can atır.

Qətər hökuməti bölgəsəl önəmə malik obyektlərin inşasına pul əsirgəmir. Məsələn, Dohada dünyada bədəvi irsi ilə müasir cəmiyyəti birləşdirən ən böyük islam incəsənəti muzeylərindən biri açılıb.

Həməd bin Xəlifənin nişanə Uinversitetində bu yaxınlarda Yusif əl-Qərdəvi adına “İslam dirçəlişi və mötədilliyi” adı altında əzəmətli məscid işə başlayıb. Əl-Qərdəvi islamdakı ən radikal axınlardan birini təmsil edir, sərt fitvaları ilə ad çıxarıb və Rusiyanı dəfələrlə “islamın 1№-li düşməni” adlandırıb.

Qətərin mühüm yumşaq güclərindən biri də təhsildir və xalq diplomatiyası vasitələri ilə öz maraqlarını yeridir. Əmirlik hökuməti Qətər ali məktəblərindəki əcnəbi tələbələr üçün hər il zəruri təhsil qrantları ayırır.

Əvvəlki əmir və xanımı Muza bint Nəsir Qərb təhsili  və mütərəqqi dəyərlərin irəliləyişi üçün fəal şəkildə işləyirdilər. Bu, aralarında Qərbin Kornell, Corctaun universitetləri və başqaları olan lider ali məktəblərinin təmsilçiliklərini ölkəyə cəlb edib. İndidki əmir Təmim bin Həməd əl-Tani valideynlərinin ideyasından tam imtina etməsə də, əvvəlki layihələrin maliyyələşdirilməsini əsaslı şəkildə azaldıb.

Əcnəbi tələbələrin düşdüyü və təhsil aldığı Qətər ali məktəbləri sistemi sovetinkinə oxşayır. Yerli universitetlər xaricdə təhsil üçün pulu və vətəndə sosial yüksəliş imkanı olmayan istedadlı ərəb gənclərini seçir. Onlara islam maliyyəsi əsasında təhsil qrantı, təqaüd, faizsiz və müddətsiz borclar təqdim olunur.

Nəticədə ideal islam cəmiyyətinə baş vurmuş, yerli təhsil və dəsətk almış tələbələrin əksəriyyəti vətənə dönərək Qətərə son dərəcə müsbət münasibəti, həmçinin əmirliklə əlaqə saxlayırlar.

Bu strategiya, təxminən, 10 il əvvəl işə düşüb və nəticələrini izləmək hələlik çətindir. Qətər ali məktəbləri məzunları ərəb dünyasının bütün guşələrində nazirliklərdə və böyük şirkətlərdə işləsələr də, hələlik çox cavandırlar.

Qətər islam təhsilinə dəstəkdə də oxşar üsulla hərəkət edir. Qətər Yaxın Şərqdə mədrəsə və hər cür islam mərkəzləri inşasının əsas sponsorlarından biridir. Əmirliyin ideologiyasının əsasında vəhhabilik təlimi durur, buna görə də bu cür mərkəzlərdə təhsil də uyğun şəkildə qurulur. Belə mərkəzlərdə işləmək üçün ayrıca din xadimləri hazırlanır.

Qətər təhsilə dəstəkdə əlavə, özünü sosial utopiya cəmiyyəti kimi göstərir. Şəriətin sərt normalarına baxmayaraq, əmirlikdə qadınlar arasındakı təhsil ən yüksəklərindən biridir. Müxtəlif məlumatlara görə, Həməd bin Xəlifə Universitetinin ayrı-ayrı kampuslarında tələbələrin, təxminən, 70%-ni qadınlar təşkil edir. Ölkənin ən böyük ali məktəbi Qətər universitetində tələbələrin içindəki qadınlar 50%-dir. Qətərdə doğuş 1960-cı ildəki hər qadına yeddi uşaqdan 2015-ci ildəki 2 uşağadək azalıb.

Doha həmçinin özünü tolerantlığın bölgə mərkəzi kimi qələmə verir. Müxtəlif məlumatlara görə, ölkə əhalisinin, haradasa, 20%-i Qətər cəmiyyətinə əla şəkildə inteqrasiya olunmuş şiələr təşkil edir (bu il mayın 13-ə olan məlumata görə, ölkə əhalisinin sayı 2 453 208 nəfərdir-tərc.). Şiələrin əksəriyyəti qonşu İrandan çıxanlardır, lakin Qətər hökumətini fəal şəkildə dəstəkləyirlər. Qətərin köklü əhalisi 200 min nəfərə yaxındır, əmirlikdə əcnəbi fəhlələr bundan on dəfədən çoxdur.

Nəhayət, Doha islam mərkəzi və panərəb vəhdəti mərkəzi kimi qarşımızda durur. Əmirlik İsrailə qarşı birgə mübarizə üçün FƏTHHƏMAS-ı birləşdirmək səyləri ilə ad çıxarıb. Qətər Suriyadakı anitiəsəd güclərin, həmçinin “Müsəlman qardaşlar”ın bütün bölgədəki təmsilçilərinin təmas və səylərinin əlaqələndirilməsi üçün əsas meydança olub.

Qətər bütün bölgədəki müxtəlif qruplaşmaları fəal şəkildə maliyyələşdirsə də, əmirlik Yaxın Şərqdə neytral ölkə kimi qəbul edilir. "Zogby Research" ictimai rəyin araşdırılması Mərkəzinin məlumatına görə, Qətərin Suriyada silahlı müxalifətə birbaşa dəstəyi və Liviyadakı bombardmanlarda iştirakına baxmayaraq, ərəb dünyasında yalnız tək-tük adam hesab edir ki, bu ölkələrdə işlərin durumuna görə Qətər hansısa bir məsuliyyət daşıyır.

Nəticədə Qətər öz həyat tərzi və dövlət quruluşunu bütün Yaxın Şərq üçün nümunə qismində təqdim edərək özünə ideal islam dövləti obrazını uğurla yaradıb. Bölgə sakinlərinin çoxu Dohada islam dünyasının varlı və neytral guşəsini görür, lakin yalnız az-az adamlar Qətərin Yaxın Şərqin inkişafına təsirinin əsil miqyasını dərk edirlər.

 

Tərcümə Strateq.az-ındır.