Stanislav Tarasov
Regnum İA, 13.05.2017
Bakının “Yeni Müsavat” qəzeti bu günlərdə “xaricdə İran hökumətinə qarşı işləyən, adı çəkilməyən media orqanı”na istinadən sıradakı məlumatı dərc edib. Sitat: “İranın mühafizəkar dairələri və SEPAH qurumu (İran hərbi kəşfiyyat və silahlı təşkilat strukturu) guya “separatçı” tendensiyaların güclənməsinə görə ölkənin şimal-qərbində azərbaycanlı fəalları izləyir, həmçinin onların neytrallaşdırılması üçün hər cür üsullardan istifadə etməyə çalışır. Azərbaycanlıların yaşadığı ərazilərə, xüsusən də Azərbaycanla həmsərhəd bölgələrə yüksək diqqət göstərilir, ciddi təbliğat vasitəsilə fəalların nüfuzunun sarsıdılması üçün iş təşkil olunur. “Azərbaycan dili və mədəniyyəti fondu”nun yaradılması və onun radikal islamçıların nəzarətinə verilməsi, həmçinin azərbaycanlılarda türk dili və ədəbiyyatına marağın olmaması haqda təbliğat aparılması zəruri tədbirlər içindədir. Hətta “Traktor” futbol klubunun (Təbrizin futbol klubu-tərc.) fanatlarını azərbaycanlı fəallara qarşı kökləyirlər. Bundan başqa, azərbaycanlı fəalların nüfuzunu sarsıtmaq üçün özəl KİV-lərin yaradıldığı haqda məlumat verilir”.
Təəssüf ki, “Yeni Müsavat”ın xatırlatdığı xarici medianın axtarışındakı səylərimiz uğurla nəticələnmədi. Amma aydındır ki, bu dərc təsadüfi deyil. O, mayın 19-da İranda nəzərdə tutulmuş, indiki prezident Həsən Ruhani daxil olmaqla altı namizədin qatıldığı prezident seçkilərinə uyğunlaşdırılıb. Nəşr özündən əlavə edir: “Bir şeyi inamla demək olar – bu seçkilərdən sonra rəsmi Tehranın Cənubi Azərbaycana və güneyli həmvətənlərimizin problemlərinə münasibəti dəyişməyəcək”.
Əslində, bu, İran azərbaycanlılarını seçkiləri boykota çağırmaqdır. Bəs sonra? Xatırladaq ki, bu ilin fevralında Azərbaycan Milli Müqavimət Təşkilatı (AMMT) deyilən qurum İran azərbaycanlılarını iranlı saymamaq çağırışı ilə ABŞ prezidenti Donald Trampa müraciət edib. “Sizə məlumat vermək istərdik ki, İran rejimi qüvvə və zülm vasitəsilə bizim qədim torpaqlarımızı tutub, – məktubda deyilir. – Biz, Cənubi Azərbaycan sakinləri bildiririk ki, Cənubi Azərbaycan İran deyil. Biz uzun illər boyu azadlıq və İran rejiminin ağalıq və əsarətindən qəti şəkildə qurtulmaq uğrunda mübarizə aparırıq. Cənubi Azərbaycan fəallarının əksəriyyəti son onilliklərdə bu üzdən doğma yerləri tərk etməyə və Avropa ölkələri və ABŞ-da sığınacaq aramağa məcbur olub. Keçən bütün minillik boyu İranı idarə edən hökmdarların əksəriyyəti türk olub. 1925-ci ildə Azərbaycan Qacarlar sülaləsi devrilənədək bu cür idi. Bundan sonra fars millətçiliyi üstünlük təşkil edib, ərəb xofu, antitürkçülük və antiislamçılıq isə müasir İran dövlətinin formalaşması üçün əsas olub. Yeni hakimiyyət Azərbaycana aid bütün mirası silməklə bütün qeyri-fars mədəni-tarixi irsi ləğv etmək siyasəti aparmağa başlayıb. Biz qəti şəkildə əminik ki, Cənubi Azərbaycanda azərbaycanlıların öz müqəddəratlarını təyin etməyi üçün bütün şərtlər yerinə yetirilməlidir və öz müqəddəratını təyin etmək bizim xalqımız üçün qanuni hüquqdur”.
Deməli, durumu rəsmi baxış nöqtələrindən dəyərləndirsək, Tehran və Bakı ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığı fəal şəkildə artırır. Lakin bu, İranda özünü azərbaycanlılar kimi eyniyyətləşdirən, kəmiyyətcə (müxtəlif dəyərləndirmələrə görə, 16%-dən 25%-ədək-S.T.) ikinci böyük etnik qrupu təmsil edən çoxmilyonluq əhalinin varlığı kontekstində təhlil edilsə, onda iki qonşu ölkə arasındakı münasibətlər ciddi böhran ünsürlərini ehtiva edir. Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri və Azərbaycan rejiminin dünyəvi xarakterinin Tehranda doğurduğu qıcığı da bura əlavə etmək olar. Burada hər şey olmasa da, demək olar, çox şey tarix tərəfindən əvvəlcədən müəyyən olunub.
Müasir Azərbaycanın formalaşdığı ərazilər (xanlıqlar) XIX əsrin başlanğıcına qədər İran imperiyasının tərkibinə daxil idi (Rus analitik bu məqamda Azərbaycanın XVIII əsr tarixini ciddi şəkildə təhrif edir – tərc.) Araz çayından şimala yerləşmiş xanlıqlar sonradan Rusiyaya keçib. Sovet dönəmində 1945-1946-cı illərdə İranın şimalında perspektivdə sovet Azərbaycanı ilə birləşməli olan Azərbaycan Demokratik Respublikası yaradılıb. Lakin Stalin bu geopolitik layihədən imtina edib. Amma İran azərbaycanlıları arasında potensial separatçılıq (bu ifadə Azərbaycanın milli-tarixi taleyi ilə bağlı proseslər kontekstində yanlış yanaşmadır – tərc.) toxumları səpilib. Bu, hələ ki, İranın tərkibində muxtariyyətə cəhdlər kimi cücərir. Ekspertlərin əksəriyyəti bununla bağlı qeyd edirlər ki, bu cür cücərtilər müəyyən şəraitdə erkən cücərti verə bilər, çünki Tehran daxili siyasəti etnik ümumi vətəndaşlıq deyil, məzhəb eyniyyəti əsasında qurur.
SSRİ dağılandan sonra isə dərhal bir neçə yön özünü büruzə verib.
Birincisi, İranda keçmiş şimal xanlıqlarının dövlətin tərkibinə qaytarılması uğrunda çıxış edən qüvvələr meydana çıxdı.
İkincisi, Azərbaycanda Şimal (Rusiya) və Cənub (İran) hissələri birləşdirən “Böyük Azərbaycan” layihəsini xəlvətcə bərpa etdilər.
Üçüncüsü, İranın həyata keçirdiyi nüvə proqramına görə Qərblə qarşıdurması şəraitində ABŞ İranın Suriya və İraq timsalında parçalanması imkanını ciddi şəkildə araşdırmağa və nəzərdən keçirtməyə başladı. Bundan sonra qarşıda təkcə Azərbaycan əyalətlərinin gələcəyi haqda məsələ durmayacaq.
Yaxın Şərqdə kürd probleminin fəallaşması İranın qeyri-rəsmən İran və yaxud Şərqi Kürdüstan adlandırılan və Qərbi Azərbaycanın qərb və cənub hissələri – Kürdüstan, Kirmanşah və İlamın daxil olduğu bir sıra əyalətlərində yaşayan İran kürdlərini də hərəkətə gətirib.
Xatırladaq ki, İraqda 1918-1922-ci illərdə kürd tayfasının başçısı Simkonun idarəçiliyi alıtnda Kürd dövləti mövcud olub. Başqa bir kürd şeyxi Həma Rəşid də II dünya savaşı dönəmində Qərbi İranda öz dövlətini yaratmağa cəhd edib. Bu gün İran kürd elitasının iddiaları İraq Kürdüstanı nümunəsində qurum yaratmaq səylərinə müncər olunur.
İranın cənub-şərq hissəsində isə bəluclar – Pakistan və Əfqanıstanın həmhüdud bölgələrində də məskunlaşmış ən böyük irandilli xalqlardan biri öz maraqlarını ifadə edir. Həm də bəluclar İran əhalisinin əsas qismindən fərli olaraq sünni yönlü islama inam bəsləyirlər.
Dördüncüsü, “Türkmən-Əli” layihəsinin – türkmənlərin məskunlaşdığı Şimali İran, Şimali-qərbi Əfqanıstan və indiki Türkmənistanın vahid dövlətdə birləşdirilməsinin meydana çıxması hiss olunur.
Bir sözlə, separatçılıq İran üçün tamamilə gerçək təhlükədir. Amerika strateqləri və tərəfdaşları “ərəb baharı”nda ustalaşmaqla Yaxın Şərqdə antiiran kursunun qəbulu zamanı fəal şəkildə oynaya bilər və deyəsən, artıq oynamağa başlayıblar – İran dövləti ərazi bütövlüyünün milli azlıqların yaşayış bölgələrinin mümkün vətəndaş müharibəsi meydanına çevrilməsi və parçalanması kartını. Yeri gəlmişkən, Suriyada böhran məhz bu cür başlanıb.
Proqnozumuz nə qədər ağlasığmaz görünsə də, hesab edirik ki, “Yeni Müsavat”ın yazısı ondan xəbər verir ki, hər şeydən əvvəl İranın yeni bölgə ağrılarının üzə çıxmağa başladığı Azərbaycan əyalətlərində gözlənilməz hadisələrə hazır olmaq lazımdır. Və sonra. Mərhum politoloq Heydər Camal ABŞ konqresmeni Dan Rorabaherin 40 milyonluq əhalisi ilə birləşmiş Azərbaycanı əks etdirən coğrafi xəritəsini şərh edərkən xəbərdarlıq edib ki, “İranın hissələrə bölünməsi və iki Azərbaycanın birləşməsi ideyası” Azərbaycan Respublikasının sabitliyi üçün təhlükə daşıyır.
Tərcümə Strateq.az-ındır.