XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2017 - 17:05

Türkiyədə 49%-in prezidentliyinə namizəd axtarışları:Adulla Gül Ərdoğana rəqib kimi ortaya çıxacaqmı? -TƏHLİL

Əli Bayramoğlu

"Al-Monitor"

 

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindən narahat olan, fərqli siyasi meyllərlə bölünmüş müxalif seçici kütləsi Türkiyədə, Makron kimi bir siyasətçi, bir lider yarada bilərmi? 2019-cu ilin prezident seçkilərinə Ərdoğan əleyhdarı olan müxalifət ümumi səfərbərliklə seçkiyə damğasını vura bilərmi?

Bu, kağız üzərində mümkündür. Türkiyə 16 aprel Konstitusiya dəyişikliyi ilə oyunun qaydalarını dəyişdirdi. Parlamentar sistemin nisbi təmsilçiliyi ilə Ərdoğan və partiyasını iqtidardan uzaqlaşdırmaq mövcud siyasi tarazlıqla sanki qeyri-mümkün idi. Ancaq yeni qaydalara görə, ikinci turda iki namizədin yarışacağı seçkilər seçici ittifaqlarına imkan təmin edərək kəskin iqtidar dəyişməsini çox yaxşı təmin edə bilər. 

Başqa sözlə, Ərdoğanın israrla arxasında durduğu və əldə etdiyi yeni Konstitusiya nizamı onun üçün siyasi tələ ola bilər.

Son günlərdə Türkiyə ictimai fikri, xüsusilə müxalif kəsim bu suallar və ehtimallara maraq göstərir. Çünki 16 aprel referendumunda ilk dəfə Ərdoğanın məğlub olacağına dair ciddi işarələr ortaya çıxdı. Ədalətli olmayan bir kampaniya və seçki şərtlərinə baxmayaraq, "bəli" səslərinin 51%-də qalması bundan da pisini gözləyən ümidsiz və depressiv müxalif seqmentləri müəyyən mənada canlandırdı. 

AKP-MHP ikilisinin 2015-ci ildə (noyabr) aldığı ümumi səslə müqayisədə 10% geriləməsi, 17 böyük şəhərin "xeyr" səsləri ilə irəli çıxması cəsarətləndirici təsir oyatdı. AKP çevrəsində isə qismən sarsıntı yaratdı.

Ərdoğanın zəfərinin yaratdığı pərişanlıq yalnız ictimaiyyətdə deyil, siyasi arenada da ciddi bir əks-təsir doğurub. 

Türk siyasətinin məşhur siması, CHP-nin sabiq baş katibi, Antalya millət vəkili Dəniz Baykal bir müddət əvvəl televiziya proqramında müxalifətin vahid namizəd ətrafında birləşməsinin vacib olduğunu söylədi, 49%-ə öz namizədini tapması üçün bu sözlərlə hərəkətlənmə çağırışı etdi: "CHP lideri Kamal Kılıçdaroğlu "mən prezidentliyə namizdəm" desə, biz də "oldu" deyərik, arxasında olarıq, namizədimiz o olar. Kılıçdaroğlu namizəd olmayacaqsa, içində baş katiblik yarışının da olduğu yeni dövr başlayır. Abdullah Gül 49%-in namizədi ola bilər. Gül namizəd olsa, bunu dəyərləndirmək lazımdır… "

Baykalın bu çıxışı müəyyən mənada cini şüşədən çıxardı. Müxalifətin Ərdoğan AKP-sindən ayrı düşmüş qurucularından biri, sabiq prezident Gülün ətrafında birləşə biləcəyini söyləməsi ağıllardan keçən bir gözləntinin üzə çıxması idi. Bu ehtimalın səsləndirilməsi AKP səflərini da hərəkətə gətirdi.

Baykalın ortaq bir namizəd təsbiti üçün ana müxalifət partiyasında iqtidar dəyişməsi eyhamı CHP-də nüfuz mübarizəsinə start verdi. CHP müxaliflərinin fövqəladə qurultay çağırışları və buna qarşı baş katibin verdiyi təpki diqqəti həm də 2019-cu ilin prezidentliyə namizədi məsələsinə yönəltdi.

CHP liderinin bu siyasi təzyiq altında 2019 üçün namizəd və ittifaq axtarışına indidən başlamasını bu sözlər təsdiqləyirdi: "49% yalnız bizə aid imiş kimi bir atmosfer yaradıb namizəd təyinetməyə girişmə səhvdir. Əslində, bu işə bu gündən başlamışıq. 50-dən çox qeyri-hökumət təşkilatının başçısıyla danışdım. Referendumu dəyərləndirdik. Gələn həftə bəzi siyasi partiyaların liderləri ilə görüşəcəyəm".

Sol müxalif kəsimin siyasi hərarətinin bu çərçivədə artacağı məlum idi. Ancaq Ərdoğan qarşısında ittifaqı, ortaq namizədi güclü və mənalı edəcək olan, şübhəsiz, mühafizəkar cəbhədə yoxdur. Doğrudur, referendumda AKP seçicisinin 10%-i Ərdoğana qarşı çıxdı və "xeyr" dedi. 

"2019-a doğru bu faiz artacaqmı?" Daha mühüm olan "Bu qrup siyasiləşəcəkmi?" kimi sualların önümüzdəki dövr üçün həyati əhəmiyyət daşıdığına şübhə yoxdur. Mühafizəkar seqmentdə bu suallar və onun ehtiva etdiyi narahatlıqlar Baykalın Gülü müxalifətin ortaq namizədi olaraq işarə etməsiylə təkrar gündəmə gəldi.

AKP-lilər Gülün Ərdoğan qarşısında namizədliyi ilə əlaqədar dəqiq olmağa və fərziyyələri bitirməyə dəvət edərkən, Ərdoğanın özü Gülün ortaq namizəd olma fikrini "Bu, tamamilə virus hərəkəti, fitnə hərəkətidir" olaraq səciyyələndirdi. Gül isə təmkinli davranır, qapını nə açır, nə qapadırdı. Etdiyi şərhdə həm "isti siyasətdən uzaq dayandığını" söyləyir, həm "məlumat və təcrübəsini ölkə üçün paylaşma məsuliyyəti olduğunu" xatırladırdı.

AKP-nin ilk baş naziri və prezident olmuş Abdullah Gül istər AKP çevrələrində, istərsə də türk siyasətində önəmli fiqurdur. O, Ərdoğanın 2013-cü il sonrası siyasətinə qarşı çıxan, islahatçı və liberal meylli, AKP-nin doğuş fəlsəfəsini təmsil edən bir şəxsdir. Bu baxımdan o, müxalifət dairələrində də müəyyən bir simpatiyaya sahibdir və Ərdoğanın qarşısına çıxarsa, hər cinahdan dəstək ala biləcək namizəddir. 

Gül bu günə qədər fikir ayrılığını siyasi dillə ifadə etmədən AKP içində mübahisə və ayrılıq yaratmaqdan imtina etdi. Bunun ən böyük səbəbi ehtimala görə, Ərdoğan qarşısında məhdud qazanc şansının olması və mübarizəçi ruhunun əskikliyidir.

Ancaq mühafizəkar çevrələrdə, köhnə AKP siyasətçiləri arasında artan narazılığı nəzərə alaraq və Ərdoğanın kəskin tək adam siyasətini davam etdirməsi halında, bu tarazlıq dəyişə bilər.

Bu mənada Gülün son çıxışında sərf etdiyi sözlər bir mövqeyi və qrupu təmsil etməsi baxımından diqqət çəkdi: "Başda mən olmaqla, AK Partiyanın gerçək qabaqcılları, qurucularına qarşı ağıza yaraşmayacaq sözləri, söyüşləri, partiyada əxlaq xarici davranışları qınayıram. Bunun necə təşkil olduğunu dünya-aləm bilir artıq. (Ərdoğanı nəzərdə tutaraq) Bunun qarşısında sükutu kədərlə qarşılayıram".

Yeni yaranan şəraitdə, ətrafında özbaşına bir birləşmə və ittifaq olması halında Ərdoğanın avtoritar performansının dərinləşməsi, iqtisadiyyatdan xarici siyasətə yaşana biləcək kimi mümkün böhranlar çərçivəsində Gülün siyasi hərəkətə keçməsi bir ehtimaldır. Gül bu çərçivədə 2019 yolunda bir ağırlıq meydana gətirməyə davam edəcək kimi görünür.

Ümumi mənzərə və sual isə budur: narazı, amma təşkilatsız və dağınıq bir müxalifət siyasi mənada yarana bilərmi? Bunun çox asan olmadığını etiraf etmək lazımdır. 49% içindəki antaqonistlərin siyasi meyllərini nəzərə alınsa, bu meyllərin hər hansı bir konstitusiya dəyişikliyinə "xeyr" deməsi ilə ortaq bir prezidentliyə namizədi üzərində razılaşaraq, eyni istiqamətdə səs verməsi arasında əhəmiyyətli bir fərq var.

Həm də Türkiyədə seçici ittifaqları və uzlaşma ənənəsinin zəif olduğuna işarə etmək lazımdır. MHP-li müxaliflər ilə kürdlər, müxalif mühafizəkarlar ilə sol kəsim arasında uzlaşma həm gerçəkdə, həm siyasi mədəniyyət baxımından olduqca çətin görünür. Nəhayət, AKP-nin səs itkisinə baxmayaraq, 44%-li dəstəklə Türkiyənin hələ ən güclü və mütəşəkkil siyasi quruluşudur. Amma bütün bu proseslərin Türkiyə siyasətində yeni bir risk meydana gətirdiyi açıq-aydındır.

 

Tərcümə: Strateq.az