Prezident səlahiyyətlərinin icrasına başlayandan sonra Trampın ən qalmaqallı qərarlarından biri milli təhlükəsizlik üzrə müşavirini – general Maykl Flini istefaya göndərmək oldu. Yeni postunda cəmi 23 gün qalan amerikalı generalı Rusiya ilə təmasları barədə ölkə rəhbərliyinə bütün məlumatları təqdim etməməsi bada verdi. Bu səs-küylü istefa qərarı yenicə unudulmağa başlayırdı ki, Flinin adı yenidən medianın gündəminə gəldi. Bu dəfə diqqət mərkəzində özü yox, şam yeməyində bir araya gəldiyi rus əsilli Svetlana Loxova oldu.
Rusiyada anadan olan, hazırda Kembric Universitetinin əməkdaşı olan Svetlananın ismi qəfildən internetdə "rus casus" adı altında dolaşmağa başladı.
Maykl Flinin məhz Rusiya amilinə görə postundan uzaqlaşdırılması ağıllara Svetlana Loxovanın generalla şübhəli əlaqələrinin olması ehtimalını gətirdi.
İstefa qərarının səbəblərini çözməyə çalışan ABŞ və Britaniya mediası Loxova ilə bağlı suallar verməyə başladılar və ikili arasındakı münasibətlərin Amerika əks-kəşfiyyatının şübhələrinə səbəb olduğu barədə xəbərlər tirajladılar. Bu xəbərlərdə Loxovanın rus casus və ya Flin üçün hazırlanmış tələ ola biləcəyi versiyaları səsləndirilirdi.
BBC rus əsilli bu xanımı taparaq söhbətləşib və ondan casusluqla bağlı ittihamlara cavab almağa çalışıb.
Svetlana Loxova
Loxova deyir ki, Rusiyanın casusu ola biləcəyi barədə xəbərləri oxuyanda əvvəlcə zarafat kimi qəbul edib. Lakin sonradan yazılanların ciddiyyətini dərk edib.
"Siz Rusiyanın casusunuz?" sualına Loxova belə cavab verir:
"Qətiyyən! Rusiya kəşfiyyatı ilə nə rəsmi, nə qeyri-rəsmi əlaqələrim olub. İndi bəziləri deyəcək ki, məndən başqa cavab gözləmirdilər də".
Dediyinə görə, 30-cu illərdə xüsusi xidmət orqanları Kembricdə böyük casus şəbəkəsi yaradıblar. Və onunla bağlı məlum şübhələr həm də bu kontekstdə yarana bilər: "Kembric xainləri haqqında yazan birini indi casus adlandırmaları həm gülməli, həm kədərlidir".
Hər şey onun 2014-cü ildə general Flinlə Kembricdə birgə şam etməsindən başlayıb. Şam yeməyiini Britaniya kəşfiyyatının (Mİ-6) keçmiş rəhbəri Riçard Dirlav təşkil edib. Dirlav həmin vaxt Kembricdəki Pemburq kollecinin direktoru idi və Təhlükəsizlik üzrə Kembric Təşəbbüsünü (CSİ) hazırlayırdı.
Şam yeməyində Britaniya kəşfiyyatının (Mİ-6) rəsmi əməkdaşı, tarixçi-professor, Korpus-Kristi kollecinin işçisi Kristofer Endryu da iştirak edib.
On nəfərdən bir az artıq qonağın olduğu məclisin fəxri dəvətlisi general Flin idi. Flin həmin vaxt ABŞ Müdafiə Nazirliyində kəşfiyyat bölməsinin (DİA) rəhbəri vəzifəsini tuturdu.
Loxovanın sözlərinə görə, görüşün məqsədi CSI ilə DIA arasında münasibətləri yoluna qoymaq və qarşıdakı konfransa hazırlaşmaq idi:
"DIA ümid edirdi ki, Avropanın ən nüfuzlu universitetlərini ziyarət etməklə onlara hansısa formada kömək edəcək insanlar tapa bilər".
Flinlə Putin ziyafətdə
Şam yeməyində Svetlana Flindən xeyli aralı oturub. Nüfuzlu qonaqların çıxışlarından sonra gənc tədqiqatçılara öz işləri barədə məlumat vermək təklif olunub.
Svetlana Loxova 30-cü illərdəki Sovet kəşfiyyatı üzrə mütəxəssisdir. Ona da təklif olunub ki, tədqiqatları barədə qonaqlara bir qədər məlumat versin.
Loxova Flinə Stalinin 1912-ci ildə ən yaxın dostunun nişanlısına göndərdiyi açıqcanı göstərib. Məhz həmin xanım çarın mühafizəçilərinin təqibindən gizlənmək üçün Stalinə saxta pasport tapmağa kömək etmişdi.
Açıqca əvvəlcə generalın diqqətini çəkməyib. Lakin sonradan Svetlana Flinə deyib ki, tarixdə heç bir lider Stalin qədər təqib olunmayıb. Və ən maraqlısı da sonradan Stalin qədər insanları təqib edən ikinci şəxs olmayıb.
Flin Svetlanadan bu sənədi ona göndərməyi xahiş edib və bildirib ki, tezliklə Vaşinqtona yüksək vəzifəli rus rəsmilər gələcək.
Bu həmin ərəfə idi ki, terrorizmə qarşı mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı gücləndirmək cəhdləri var idi. Həmçinin o da üzə çıxmışdı ki, Rusiya xüsusi xidmət orqanları Boston marafonunda baş verən partlayışla bağlı informasiyaya malikdilər.
Loxova deyir ki, Flin və köməkisi ona öz elektron ünvanlarını veriblər. Onlar Svetlananın göndərəcəyi açıqcanı rus qonaqlara göstərmək istəyirdilər. Məqsəd də ruslarla danışıqlarda səmimi ab-hava yaratmaq olub.
Svetlana Flinin onu Rusiyaya səfəri zamanı özü ilə tərcüməçi kimi aparmaq istədiyi barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirir.
Dediyinə görə, Flin və köməkçisi ilə bir neçə dəfə yazışması olub və az sonra general DİA-dakı vəzifəsindən gedib: "Cəmi bir neçə dəfə elektron məktublaşma olub. Bu zaman da əsasən Kembricdəki məlum şam yeməyi müzakirə olunub".
Maykl Flin
Svetlananın sözlərinə görə, Flin casusluq mövzusu ilə də maraqlanıb, o da generala müəllifi olduğu və BBC-də yayılan məqaləsini göndərib. "Altıncı üzv" adlı məqalə Kembricdəki casus dəstəsindən bəhs edir.
"General cavab yazdı ki, casusları ifşa etmək, onlar haqda təkcə əks-kəşfiyyatı yox, bütün ictimaiyyəti məlumatlandırmaq çox vacibdir", – deyə Loxova bildirib.
ABŞ KİV-ləri yazır ki, Flin Loxova ilə təmasları barədə də susub. Və onun rus əsilli olmasının şübhə çəkəcəyi ehtimalını gözardı edib.
Britaniya mətbuatı isə Kembric casuslarını xatırladaraq bu epizodun həm Mərkəzi Kəşfiyyat İdarəsi, həm də Federal Təhqiqatlar Bürosunda müzakirə olunduğuna toxunub.
İnternetdə və sosial şəbəkələrdə isə bir qədər də irəli gedərək Loxovanı general Flini ələ almaq istəyən Rusiya casusu adlandırıblar.
Məsələ o həddə çatıb ki, Loxova evini dəyişmək məcburiyyətində qalıb. Belə ki, jurnalistlər onun yaşadığı yerə gələrək qonşularından Loxovanın casus olub-olmadığını soruşmağa başlayıblar.
Loxova deyir ki, Flini Mİ-6-nın keçmiş rəhbəri və Mİ-5-in rəsmi əməkdaşının gözü qarşısında ələ keçirmək istədiyi ilə bağlı iddialar gülüş doğurur: "Belə çıxır ki, mən general Flini 15 dəqiqə ərzində tora saldım. Özü də 1912-ci ildə Stalinin göndərdiyi bir açıqcanın köməyi ilə. Belə olsaydı, bu, Rusiya tarixində görünməmiş bir nailiyyət hesab olunardı. Bütün bunlar qeyri-real söhbətlərdir. Amma nədənsə dünyamız insanların buna inanacağı vəziyyətə düşüb".
Svetlana Loxova Britaniyaya 1998-ci ildə köçüb və bu ölkənin vətəndaşlığını alıb. Lakin o, paralel olaraq Rusiya vətəndaşlığında da qalır: "Mən britaniyalıyam. Britaniya pasportuna sahibəm. Həqiqətən də Rusiyanın casusuyamsa, bu, həm də mənim xain olmağım deməkdir. Əks-kəşfiyyatın keçmiş və indiki rəsmiləri ilə görüşmək mənim üçün adi bir haldır. Apardığım tədqiqatları nəzərə alsaq, bu, mənim işimdir. Rusiya kəşfiyyatının arxivinə çıxış imkanımın olduğu barədə deyilənlər yalandır. Britaniyada mənə rus casusu deyirlər. Rusiyada da bəziləri mənim Britaniyanın casusu olduğumu iddia edir. Mən nə oyam, nə də bu biri. Mən sadəcə kifayət qədər siyasiləşmiş bir dövrü araşdıran tarixçiyəm".
Svetlana deyir ki, bütün bunlara görə həyatı az qala alt-üst olub. Üstəlik bütün bu xoşagəlməzliklər onun ilk övladının dünyaya gəldiyi dövrə təsadüf edib: "Təqib olunma ehtimalı məni qorxudur, əsəbiləşdirir. Görüşdüyüm, telefonla danışdığım insanların mənim casus olduğumu düşünmələrindən narahat oluram. Hamı üzərimə gəlir. Bir tək ona görə ki, Qərb kəşfiyyat orqanlarının əməkdaşlarında Rusiya haqqında daha dolğun təsəvvür yaratmaq üçün o şam yeməyinə getmişəm….".
Strateq.az