XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 15:46

Suriya müharibəsi: kəmərlərin savaşı, yoxsa… –2013-cü ildən məşhur olan tezisin doğruları və yalanları (ARAŞDIRMA)

Pol Koşrane

"Middle East Eye

 

Ən azı 400 min nəfərin həlak olduğu altı illik münaqişə ilə əlaqədar belə geniş yayılmış inam var ki, Suriyada axan qanın dayanmaması sadəcə Yaxın Şərqin enerji resursları naminə müharibədir.

Qətliamın səbəbi, proksi nəzəriyyəyə görə, Türkiyə və Avropaya uzanacaq iki boru kəməri təklifi uğrunda davadır.

Hərçənd kəmərlərdən biri layihə lövhəsində hələ də qalır, yaxud həqiqətən bir vaxtlar real görünürdü və bu, Suriyada münaqişəyə əsas səbəb kimi nəzəriyyənin populyarlığını zəiflətməyib.

Güman edilir ki, ilk boru kəmərinə iddialı ABŞ-dır və Qətərdən Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə Suriyaya qədər uzanacaq.

Rusiyanın dəstəklədiyi ikinci kəmər İrandan İraq vasitəsilə Suriyaya istiqamət götürür.

2013-cü ildə Raqqa şəhərində neft istehsalı (AFP)

 

İddia edilir ki, Suriya prezidenti Bəşər Əsəd Avropanın Rusiya qazından asılılığının sarsılmaması üçün Moskvanın xahişi ilə 2009-cu ildə Qətərin kəmər layihəsini rədd edib.

Nəticədə, bəzi şərhçilərin iddia etdiyi kimi, ABŞ və Qətər, o cümlədən Avropa və Körfəz müttəfiqləri, İran seçənəyi deyil, öz boru arzularının reallaşması üçün Əsədə qarşı üsyan təşkil ediblər. Rusiya da öz növbəsində, enerji maraqlarının üstünlüyünü təmin etmək üçün Suriyaya dəstək verib. İran, həmçinin Dəməşqdəki mövcud rejimin müttəfiqidir.

Bu iddialar bir neçə rüb ərzində təşviq edilib: Qətərin “Əl-Cəzirə” kanalı ilk dəfə 2012-ci ildə "Boru kəmərləri müharibəsi" ("Pipelineistan") anlayışını dövriyyəyə çıxardı.

Hətta ABŞ-ın “Foreign Affairs” jurnalı və “Guardian” qəzetində oğul-Robert Kennedinin məqaləsində qeyd olunan bu nəzəriyyə sonradan, digərləri, o cümlədən 2016-cı ildə ABŞ prezidentliyinə sabiq namizəd, Yaşıllar Partiyasından olan Cill Steyn tərəfindən dilə gətirilib.

Həmin fikir aprel ayında ABŞ-ın Suriyanı bombalamasından sonra yenidən gündəmə çıxarıldı. Bu, iddiaya görə, Vaşinqtonun Əsədi sıxışdırmaq və Avropaya şaxələndirmə ilə Rusiyadan qaz asılılığını azaltmaq istəyinə "sübut" idi.

ABŞ Əsəd rejiminə qarşı Körfəz müttəfiqləri ilə gizli əməkdaşlıq etdiyi dövrdə, Suriyada enerji resursları və boru kəməri şəbəkələrinə nəzarət əsas vəzifə deyildi. Amma əgər belə idisə, bu, rejim dəyişikliyi üçün çox aşağı prioritetdir.

Niyə?

Birincisi, xronologiya səhvdir. Suriyaya qarşı gizli fəaliyyət 2005-ci ildə oğul-Corc Buşun administrasiyası dövründə başladı. Yəni 2009-cu ildə Qətərin Dəməşqə iddia edilən təklifindən əvvəl.

"Biz ABŞ-ın Suriya rejiminə qarşı tədbirlərini “kəmər müharibəsi” anlayışından qabaq meydana gəldiyini görə bilərik", – Oksford Universitetinin enerji alimi Castin Dargin deyir.

İkincisi, boru kəməri fərziyyələri reallıqlarla uzlaşmır və Yaxın Şərq vasitəsilə nəqlin başqa maneələri var. Məsələn, hətta ikinci mərhələsi 2005-ci ildə başlayan Ərəb qaz xətti problemlər içində itib-batdı.

“Yanar Ölkə: suriyalılar inqilab və müharibədə” kitabının müəllifi Robin Yassin-Kassab deyir ki, "Pipelineistan" nəzəriyyəsi münaqişənin başlanması vaxtına və inqilabın erkən aylarına uyğun gəlmir.

"Bütün sui-qəsd nəzəriyyələri kimi, bu nəzəriyyə də ölkə barədə biliklər və məzmun yoxluğundan inkişaf edir", – analitik deyir.

 

1. Daxili tələb

 

2009-cu ildə Suriya öz hüdudlarından kənarda minimal diqqət cəlb edən siyasət elan edib. "Dörd dəniz strategiyası" “Mashreq” Avro-Ərəb Qaz Kəməri (AGP) olmaqla, ölkədə 6.300 km-lik qaz və neft kəmərlərinin genişləndirilməsi ilə, Körfəz, Qara dəniz, Qafqaz və Aralıq dənizi arasında qaz tranziti mərkəzinə çevrilməsi məqsədinə hədəflənmişdi.

AGP artıq “Pipelineistan” əhvalatında əsas məsələ deyil, lakin söhbət bu regionda boru kəmərlərinin çəkilişindən düşərkən, ortaya çıxan problemləri göstərir.

Avropa-Ərəb borusunun tikintisi təxminən 20 ildir davam edir. Türkiyəyə çatanadək Misirdən İordaniya və Suriyaya uzanacaq 1200 km-lik kəmərin 1,2 milyard $-a başa gələcəyi nəzərdə tutulurdu. 2003-cü ildə inşası başlayan xətt Avropaya qaz ixrac edəcək “Nabucco” kəməri ilə birləşməli idi.

2011-ci ilin fevralında Sina yarımadasının şimalında boru kəməri hücumdan sonra (AFP)

 

AGP planının əsas elementlərindən biri Misirin Suriya və İordaniyaya qaz nəql etməsi idi. Suriya Misir qazını istifadə etməli və sonra nəql olunana qədər öz şimal yataqları hesabına qaz kəmərindəki ehtiyatları artırmalıydı.

2011-ci ildə Suriyada müharibə başladıqda, AGP-in son mərhələsi – Hələbdən Kilisə (Türkiyə) uzanan xəttin inşası dayandı. Amma münaqişədən əvvəl onun hər kilometri 1,5 milyon $-a başa gəlmişdi.

Cim Dikons layihənin final mərhələsini dizayn etmiş, o cümlədən AGP-nin Suriya hissəsində çalışmış şotlandiyalı enerji məsləhətçidir.

"Mən 2010-cu ildə Dəməşqi tərk edəndə, İordaniya vasitəsilə ötürülməli kifayət qədər qaz yox idi, – o deyir. – Misirlilər qaz tələsinə düşmüşdü. Onların ixrac etmək üçün kifayət qədər qazı yox idi. Baxmayaraq ki, hamı ilə müqavilələr imzalayırdılar, amma öhdəliklərini yerinə yetirə bilmirdilər”.

Misirdə qaz hasilatı 2010-cu ildə sutkada 220 milyon kub futdan (MCF) 2011-ci ildə 80 MCF-yə düşmüşdü. AGP Sina yarımadasında kəmərə terror hücumları, bunun ardınca əməliyyatların bərpa edilməməsi və Misirin artan ehtiyaclarından sonra 2012-ci ildə bağlanıb.

 

 

Kifayət qədər qaz olmadan AGP “ağ fil” olardı. "Bütün layihə Misirdən Avropaya qaz ixracı üçün idi, – Dikons deyir. – Əslində, onda heç vaxt kifayət qədər qaz olmayacaqdı".

AGP kimi, Suriyadan çəkilməsi planlaşdırılan İran boru kəmərinin də eyni problemi olacaqdı.

"İran uzun müddət Fars körfəzində “Cənubi Pars” yatağını inkişaf etdirməyə cəhd edib, lakin hansı inkişaf planlarının prioritet olması ilə bağlı İran daxilində rəqib nəzəriyyələr, böyük maneələr az deyil. Onlar arasında öz ehtiyaclarını ödəmək fikri üstünlük təşkil edir".

Həqiqətən, hətta 2011-ci ildə Dəməşqlə müqavilə imzalanana qədər İran öz qaz ehtiyaclarını ödəyə bilmədi.

Dikons izah edir: "Məsələ ondadır ki, Suriya fəal şəkildə İran qazından bəhs edərkən, Tehran qış aylarında Azərbaycandan qaz idxal edib. İranın Suriyaya qaz nəql etməsi söhbəti tam cəfəngiyatdır və bunu o zaman Suriyanın enerji nazirinə demişdim".

 

2. Mənzərənin çatmayan parçası

 

AGP-nin Suriyadan kənarda davamlılığı da “Nabukko”dan – Avropanın qaz idxalını şaxələndirmək üçün nəzərdə tutulmuş boru kəməri təklifindən asılı idi.

2002-ci ildə Avropa və Türkiyənin enerji şirkətlərindən ibarət konsorsiumu tərəfindən təklif edilmiş bu ideya 10 milyard $-dan çox vəsait hesabına başa gələcəkdi. Bu layihə Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Baumqartenə qədər (Avstriya) 3 min km-lik boru xəttilə 31 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tuturdu. Amma 2009-cu ildə “Nabucco”nun icrası hələ başlamamış onun proqnozlaşdırılan tikinti xərcləri 25 milyard $ həddini aşdı.

Səkkiz il keçsə də, “Nabucco” hələ də yüksək dəyəri və siyasi oyunlar ucbatından inkişafdan qalıb. Dargin deyir: "Enerji konfranslarında “Nabucco”dan söz açılır. Amma sözgəlişi".

“Nabucco” boru kəməri Avropaya qaz satmaq istəyən hər iki digər boru kəməri təşəbbüsçülərinin diqqətində idi. Rusiya “Nabucco”ya və Qətər kəməri ideyasına qarşı çıxsa da, bu, münaqişə üçün kifayət deyildi. Dargin deyir. "Sizin motiviniz var, qurban da, lakin cinayət aləti yoxdur. Deməli, dəlil-sübut da".

Bundan başqa, Rusiya Bolqarıstan və Avropa vasitəsilə Qara dənizdən keçməklə tamamilə Türkiyəni kəsib-biçən “Cənub Axını” layihəsini elan edərək, 2007-ci ildə “Nabucco”nu kökündən baltaladı.

Layihə Avropa İttifaqı ilə siyasi problemlər ucbatından 2014-ci ildə ləğv edildi.

Sonra, 2014-ci ildə Moskva Qara dəniz vasitəsilə Türkiyənin Avropa hissəsindən keçməli olan "Turkstream" layihəsini təklif etdi. 2015-ci ildə Rusiya təyyarəsi Türkiyə tərəfindən vuruldu, layihənin icrası dayandı.

Ən nəhayətdə, Türkiyə İran və ya Qətər qazını nəqli edə bilmədi.

 

3. Dəməşqə heç bir Qətər təklifi olmayıb

 

2009-cu ildə rəsmi Dəməşqin Qətərin təklifini rədd etməsi iddiası 2013-cü ildən gündəmdədir. Söhbətin bu hissəsi Rusiya prezidenti Vladimir Putinlə səudiyyə rəsmisi Bəndər bin Sultanın görüşü haqqında 2013-cü ildə “Agence France-Presse”in məqaləsində adsız diplomatların bəyanatlarına bağlıdır.

 

Qətərin əmiri Şeyx Hamad bin Xəlifə əl-Tani və xanımı Şeyxə Moza bint Nasir əl-Misned Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma 2010-cu ilin yanvarında Doha hava limanında (AFP)

 

Məqalədə deyilir: "2009-cu ildə Əsəd Avropanın ən yaxşı təbii qaz təchizatçı olan müttəfiqi Rusiyanın maraqlarını qorumaq üçün Qətər ilə müqavilə imzalamaqdan imtina edib".

Amma Dargin deyir ki, Qətərin 2009-cu ildə Suriyaya yaxınlaşdığına və rədd cavabı aldığına dair bu iddianı dəstəkləyən heç bir dəlil yoxdur: "Mən demirəm ki, bu proses ümumiyyətlə olmayıb. Sadəcə bunu təsdiqləyən etibarlı mənbələr yoxdur".

Doha və Dəməşq arasında güclənən siyasi və iqtisadi əlaqələri vurğulayan suriyalı ekspertlər də Castin Darginin iddiasını dəstəkləyirlər.

Yassin-Kassab deyir: "Absurd ondadır ki, 2011-ci ilin yayınadək Əsəd rejimi və Qətər arasında münasibətlər əla idi. Əsədlə xanımı və Qətərin kral cütlüyü dost kimi təsvir edilirdilər".

Əsəd 2011-ci ilin sonundan etibarən Qətəri terrorçulara verdiyi dəstəyə görə tənqid edib. Amma Qətərin boru kəməri ucbatından üsyançıların tərəfini tutduğunu heç vaxt dilə gətirməyib.

Suriyadakı bir iqtisadi saytının redaktoru Cihad Yaziq deyir: "Suriya hökuməti Qətərin boru kəməri üçün mübarizə apardığını deməyib, Əsəd də belə bəyanat verməyib".

 

4. Moskva-Tehran əlaqəsi

 

“Pipelineistan”ın digər hissəsi – İslam boru kəməri kimi tanınan İran-Suriya boru kəməridir.

Yaziq izah edir: "İslam kəməri söhbəti neçə illərdir danışılır, lakin 2011-ci ilin iyuluna, Suriya və İran arasında yalnız qarşılıqlı anlaşma memorandumu təsdiqlənib. Amma bu, bütün ölkəni məhv etmək üçün ciddi səbəb deyil".

2015-ci ilin noyabrında Tehranda Qaz İxrac edən Ölkələrin Forumunda (GECF) İran prezidenti Həsən Ruhani və rusiyalı vəzifədaşı Vladimir Putin (AFP)

 

Layihə siyasi cəhətdən məqsədəuyğun olsa da, iqtisadi və enerji reallıqlarına cavab vermirdi. Birincisi, layihənin 10 milyard $-a başa gələcəyi təxmin olunudu, lakin Tehran və Suriya 2011-ci ildən ABŞ-ın və beynəlxalq birliyin sanksiyaları altında olduğundan layihəni kimin maliyyələşdirəcəyi aydın deyildi.

İkincisi, İran qazının böyük həcmdə ixrac imkanları yoxdur. Sanksiyalar onun qabaqcıl ABŞ texnologiyalarına yolunun bağlanması deməkdir. Bu, Qətər ilə sərhəddəki “Cənubi Pars” yatağından istifadə imkanını daraldır.

Rusiyanın İranın xeyrinə Dəməşqi Qətər boru kəmərinə veto qoymağa məcbur etməsi iddiası başqa bir reallığı üzə çıxarır – Moskva və Tehran potensial enerji rəqibləridir.

"Regionda qaz ixracı üçün yarış Qətər və İran yox, Rusiya və İran arasında gedir, – Yaziq deyir. – Avropa bazarında ən böyük paya sahib olan ruslardır və onlar bu üstünlüyü əldən vermək istəmir. Onlar İrandan qorxurlar".

Boru kəməri savaşlarının Avropaya şaxələndirmə imkanı verəcəyi müzakirə olunarkən, Rusiya qazının ixracı 2017-ci ilin yanvarında rekord vurdu.

2016-cı ilin dekabrında xammal treyderi “Glencore”“Qatar Investment Authority” – ölkənin suveren sərvət fondu Rusiyanın “Rosneft” dövlət neft şirkətinin 19,5 faiz səhmini 11 milyard $-a əldə etdi.

Nəticə: Qətər Suriyaya uzanacaq hər hansı bir boru kəməri ilə müqayisədə, Avropa bazarına asan çıxışı əldə etdi.

 

5. Siyasət planlar barədə düşünməyə məcbur edir

 

İran boru kəməri İraqdan keçməli idi. Münaqişə zonasında infrastrukturun qurulması problemindən başqa, hətta 2009-cu ildə İraqdan Suriyaya qısa məsafəyə qaz nəqli qeyri-mümkün oldu.

Dikson deyir ki, iraqlılar AGP layihəsinin müşahidəçiləri idi, onlar da İraqdan Aİ-yə qaz nəqlini müzakirə ediblər: "Lakin ideya siyasət bataqlığında qaldı. İraq infrastrukturu belə pis saxlanılmış və istismar olunmuşdu ki, onu yenidən bərpa etmək lazım gəldi".

Eyni zamanda, Qətərin planlarına da siyasət təsir etdi.

C.Dargin izah edir: "Belə bir boru kəməri Səudiyyə ərazisindən keçməli idi. Rəsmi Riyad Suriyadan daha böyük maneə kimi, regional boru kəmərləri üçün çoxsaylı təkliflərə qadağa qoydu".

Həqiqətən, Səudiyyə Ərəbistanının maneəsi 2000-ci illərdə Qətərdən BƏƏ-yə qaz nəql edən “Dolphin” kəməri marşrutlarını yenidən planlaşdırmaya məruz qoydu. Halbuki bu dövlətlərin üçü də Körfəz Əməkdaşlıq Şurasının üzvləridir.

"Onun dəniz sərhədlərini keçən kimi, Səudiyyə Ərəbistanı “Dolphin” boru kəmərinin sualtı keçidinə çoxsaylı maneələr yerləşdirdi, – Dargin deyir. – Səudiyyənin müxalifliyi Bəhreyn və ya Küveytə Qətər kəmərinin çəkilməmisinin əsas səbəbi oldu".

Qətər qaz kəmərlərinə Səudiyyə müxalifliyi ucbatından Doha mayeləşdirilmiş təbii qazı (LNG) kəmərlər strategiyasından üstün tutdu.

Nəticədə, Doha son 15 il ərzində dünyanın ən böyük LNG ixracatçısına çevrilib. 11 milyard $ sərmayə yatırmaqla o, Asiya, xüsusilə Yaponiya, Çin, Cənubi Koreya və Hindistanda ən sürətli böyüyən qaz bazarları əldə edib.

Qətərli müstəqil enerji mütəxəssisi Nasir Təmimi deyir: "Mövcud infrastrukturu ilə Qətərin boru kəməri vasitəsilə Avropaya satmaq üçün kifayət qədər qazı yoxdur. Çünki müqavilələrin əksəri hazırda Asiyanın payına düşür və uzunmüddətlidir. Boru kəməri isə iqtisadi cəhətdən əsaslandırılmış olmalıdır, bundan başqa, kəmərin xərclərini bərpa etmək üçün uzunmüddətli və sabit alıcıların varlığı tələb edilir".

Bu və digər amillər Qətərİranın təkliflərini yaxın dövrdə qeyri-mümkün edir.

Təmimi izah edir: “Suriya və İraqda vəziyyət sabitləşərsə, Səudiyyə Ərəbistanı və İraqın siyasi münasibətləri yaxşılaşarsa… onda boru kəməri barədə düşünmək olar. Lakin bu, xam xəyaldır".

 

Tərcümə: Strateq.az