XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 May 2017 - 16:42

Yaxın Şərqdə daha bir neft-qaz savaşı:Livan və İsrail arasında bir qığılcım istənilən an alova çevrilə bilər - TƏHLİL

Xlo Doma

"Middle East Eye"

 

Livan İsraillə sərhəd mübahisəsi əsnasında karbohidrogen ehtiyatlarını araşdırır.

Ötən ay nəşr edilən final siyahısına əsasən, ümumən 53 şirkət Enerji və Su Nazirliyi tərkibindəki Livan Neft-Qaz İdarəsində (ALP) lisenziyasını təsdiq etdirib.

Səkkiz yeni qəbul olunanla birgə 45 şirkətdən ibarət siyahıya “Total”, “Exxon Mobil”, “Shell”“Statoil” kimi beynəlxalq nəhənglər, eləcə də bir Livan firması olmaqla, dünyanın bir çox kiçik şirkətləri daxildir.

2013-cü ildə baş nazir Nəcib Mikati hökumətinin istefasından sonra Livanda neft və qaz sahəsində çalışan şirkətlər fəaliyyətlərini müvəqqəti dayandırdılar. Amma dəniz sərhədləri mübahisəsi, İsrail və “Hizbullah” arasında yüksələn gərginlik fonunda son aylar neft-qaz sektoru yenidən diqqət mərkəzinə düşüb.

Bu çətinliklərə baxmayaraq, enerji və su naziri Sezar Əbi Xəlil aprelin 29-da Parisdə keçirilən 18-ci Beynəlxalq Neft Sammitində çıxış edərkən deyib: "Livan sularında kommersiya mənfəəti üçün uğur şansı və imkanlar vədedicidir və bu, şirkətlərin cəlbinə kömək edib".

53 seçilmiş şirkət sentyabrın 15-dək öz tender təkliflərini irəli sürməlidir. İlk kəşfiyyat müqavilələrinin 2017-ci ilin sonuna qədər imzalanacağı gözlənilir.

“Middle East Eye” (MEE) məsələ ilə bağlı şərhlər üçün seçilmiş firmaların cəmi səkkizindən cavab al bilib, lakin onların hamısı öz layihələrini müzakirə etməkdən imtina edib.

 

Qeyri-müəyyən ehtiyatlar

 

Livanın ehtiyatları Aralıq dənizinin şərq tərəfində, Levant hövzəsində yerləşir. 2002-ci ildən aparılan işlərə əsasən, Livan hökuməti qaz ehtiyatlarının təxminən 96 trilyon kub fut (TKF) və neft ehtiyatlarının 865 milyon barel olduğunu iddia edir.

Hər min kub fut başına qazın qiyməti 3,5 $ və xam neftin bir bareli 47 $ olarsa, bu resursların ümumi dəyəri təxminən 380 milyard $-a qiymətləndirilir və bu rəqəm ölkənin ÜDM-ini səkkiz dəfə üstələyir.

Bu resurslar Livan üçün böyük potensial təmsil etsə də, hazırda ölkənin borcu ÜDM-dən 140% çoxdur. Odur ki, həmin resurslar Livanı aparıcı regional neft və qaz istehsalçıları arasına yerləşdirməyəcək. Qaz bazarında əsasən İran və Qətər liderlik edir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair onları izləyir.

“LebaneseNGO Bahr Lubnan”ın üzvləri 2006-cı ildə cənubi Beyrutun Ciyə çimərliyini neftdən təmizləyirlər (AFP)

 

"Livan dəniz şelfində icra edilən 3D və 2D seysmik tədqiqatları müsbət nəticələr verib və perspektivlər yaxşı təsir bağışlayır, lakin bu mərhələdə rəqəmlər haqqında danışarkən, çox mühafizəkar olmalıyıq, – neft və qaz idarəetməsi üzrə müstəqil ekspert Lori Aytayan MEE-yə bildirib. – Nə qədər neft və qaz olduğunu qazma işləri başlayanda biləcəyik".

 

Müharibə qığılcımı

 

Bundan başqa, Levant hövzəsində neft və qaz ehtiyatlarının hansı hissəsinin Livana məxsus olduğu aydın deyil. Çünki təbii neft-qaz ehtiyatları Misir, İsrail, Kipr və potensial olaraq Suriya və Türkiyənin milli suları arasında yayılıb.

İsrail və Livan suları arasında sərhədi müəyyən etmək neft və qazla zəngin olan mübahisəli 850 kvadrat kilometrlik ərazidə xüsusilə çətin olub.

2013-cü ildə uğursuz nəticələnən danışıqlardan sonra İsrail öz sərhəd ərazisi hesab etdiyi tərəfdə qaz istismarını davam etdirdi.

2017-ci ilin martından gərginlik yenidən artıb. İsrail bildirib ki, İsrail-Livan sərhədidəki dəniz sahəsi onun ərazisidir, buna görə də İsrailin suveren nəzarəti altında olmalıdır. Üstəlik o, beynəlxalq şirkətlərə özünün lisenziya verəcəyini açıqlayıb.

"Livan və İsrail müharibəyə hazırlaşır", – 2013-cü ilin danışıqlarında iştirak etmiş Livan ordusunun rəhbəri, general Əbdul Rəhman Cehaytli ötən həftə “France 24”ə bildirib.

Livan parlamentinin spikeri Nəbih Bərri İsrail və Livan hərbçilərinin müntəzəm toqquşduğu digər mübahisəli torpaq sahəsinə –"Cebaa dəniz təsərrüfatları"na istinadən mübahisənin digər məqamına işarə edir.

"Əgər İsrail hökumət və Knesset vasitəsilə işğalçı münasibəti davam etdirərsə, üfüqdə müharibə qığılcımı görünəcək, – deyə o, Livan KİV-lərinə bildirib. – Biz Livanda sakit qalmayacaq və xalqımızın bu resurslara dair hüquqlarını pozaraq hər hansı bir güzəştə getməyəcəyik".

Livan rəsmiləri deyir ki, bütün bu ərazi – üçbucaq müstəsna olaraq Livanın iqtisadi bölgəsidir və İsrailin iddiası Livan suverenliyinin pozulmasına bərabərdir.

 

Yeni yol xəritəsi

 

Livanda neft və qaz kəşfiyyatı sahəsində son canlanma uzun və mürəkkəb prosesin nəticəsidir. 2013-cü ildə ölkədə ilk lisenziyalaşdırma başlayıb, lakin 46 şirkətin fəaliyyəti üçün Livanın tam hüquqi bazası yox idi.

Ölkədə ciddi hakimiyyət böhranı vardı, prezident postu boş olmaqla 29 ay keçdi və parlament qanunları qəbul edə bilmədi.

2016-cı ilin sonunda, dövlət yeni rəhbərini seçdikdən sonra yanvar ayında Nazirlər Kabineti neft və qaz kəşfiyyatına başlamaq üçün lazım olan hüquqi bazanın təmin edilməsinə dair iki fərman imzaladı.

2013-cü il dekabrın 16-da bir İsrail əsgəri öldürüləndən sonra Aralıq sərhədinə yaxın ərazidəki İsrail-Livan sərhədində İsrail əsgərləri keçik çəkir (AFP)

 

Baş nazir Səəd Həririnin bununla bağlı coşğusu yersizdir. Prezident Mişel Aun parlamentin fəaliyyət müddətinin üçüncü dəfə uzadılması təklifini rədd edib. Buna görə də hökumətin planları aprel ayından siyasi çətinliklər kölgəsindədir.

Vəziyyətin mürəkkəb olmasına baxmayaraq, enerji naziri Əbi Xəlil neft və qaz lisenziyalaşdırılmasında müsbət duruma ümid edir.

 

Hüquqi çərçivə

 

Yeni qanunlarına görə, neft şirkətləri beş il ərzində dəniz ehtiyatlarını araşdırmalıdır. Müqavilələr imzalandıqdan sonra kəşfiyyat işləri 2018-ci ildən başlaya bilər. Şirkətlər kommersiya miqdarında neft və qaz taparsa, onlar Nazirlər Kabinetinə təkliflərini təqdim etməli və 25 il istifadə üçün icazə almalıdır. Əlavə investisiyalar olduqda, bu müqavilələr daha beş il uzadılacaq.

Şirkətlər dövlətə qonorar kimi hasil olunan qazın gəlirinin 4 faizini ödəməlidir. Qalan gəlirlər tender mərhələsində müəyyən ediləcək nisbətdə dövlət və şirkətlər arasında bölünəcək.

"Təkcə kəşfiyyat işləri beş ilə qədər davam edə bilər. Sonra şirkətlər inkişaf planı tərtib edəcək və bu müddət ümumən on il uzana bilər”, – “Lampion oil and gaz services” şirkətinin baş meneceri Rəşid Qanem bildirib.

 

İqtisadiyyatın dirçəldicisi

 

Bu, zaman aparsa da, neft-qaz sektoru Livan iqtisadiyyatı üçün dəyişdirici amil ola bilər.

Livan yanacaq idxalından asılıdır. Daxili istehsal Livanı idxaldan azad edə və elektrik təchizatının yaxşılaşdırılması üçün imkan ola bilər. Hazırda ölkə kifayət qədər elektrik enerjisi təminatına malik deyil və əhali gündəlik enerji kəsilməsindən əziyyət çəkir.

Bundan əlavə, neft və qaz kəşfiyyatı işsizlər üçün ümidlər doğurur. Enerji sektorunda Livan xalqına faydanı təmin etmək üçün yeni qanun neft şirkətlərini personaslın 80 faizini Livanın yerli işçi qüvvəsi, habelə yerli mal və xidmət təminatçıları hesabına təmi etməyə məcbur edir.

"Livan hökumətinin bu prosesə nəzarət etməsi üçün mexanizmi olmalıdır", – Aytayan bildirib.

Amma Livanda bəzi adamlar enerji sektorunda yaranan əlavə gəlirlərin iqtisadiyyata mənfi təsir göstərəcəyindən narahatdır. "Biz dövlətin toplanan pul ilə necə rəftar edəcəyini bilmirik. Bu vəsait yaxşı sərf olunmayacaqsa, inflyasiya riski yüksək olacaq", – Beyrutdakı Amerika Universitetinin (AUB) iqtisadiyyat professoru Cad Caaban bildirib.

Yaxın Şərqin strateji perspektivlərində enerji məsələləri üzrə ixtisaslaşmış Mona Sukkariye isə bildirib: "Qazma mərhələsində təhlükəsizlik və ekoloji risklər də var. Hər hansı bir sızma dənizdə və sahil zolağında çirklənməyə səbəb ola bilər".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə