XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 14:23

Qətərdə hərbi baza yaradan Türkiyə İranı hədəfə alırmı? –Sazişin parlamentdə müzakirəsi fırtına qoparacaq - TƏHLİL

Fehim Taştekin 

"Al-Monitor"

 

Türkiyə parlamenti tezliklə digər ölkələrlə hərbi müqavilələri nəzərdən keçirəcək. Çünki Ankara nüfuz dairəsindən kənarda "yumşaq güc" təsirini genişləndirməyə çalışır.

Türkiyənin artıq humanitar, təhsil, tikinti və sülhməramlı missiyalarla Əfqanıstan, Kosovo, Bosniya və İraqda mövcudluğu var. Bu baxımdan Qətərin paytaxtı Doha şəhərindəki baza ilə öz iştirakını artırmaq və əlavə olaraq, bu il Somalinin paytaxtı Moqadişuda hərbi təlim mərkəzi açmaq nəzərdə tutur.

Bu addımlar, həqiqətən, Osmanlı arzusunda olan Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinin qəlbini isidir. Milliyyətçi dairələr heyranlıq hiss edir, lakin Türkiyədəki siyasi müxalifət soruşur: Niyə Türkiyə Qətər üçün təhlükəsizlik örtüyü qurur? Nəyin müqabilində? Hədəfdə İrandırmı?

Mayın 4-də parlamentin xarici işlər komissiyası Monqolustanla hərbi təhsil üzrə, Albaniya ilə təhlükəsizlik sahəsində, Qətər ilə jandarmeriya hazırlığı əməkdaşlıqları və Qətər ərazisində türk qoşunlarının yerləşdirilməsi sazişlərini təsdiq edib. Bütün bu müqavilələrin layihələri tezliklə parlamentdə səsverməyə çıxarılacaq.

Qətərdə türk qoşunlarının yerləşdirilməsini təmin edən pakt ən diqqətçəkicidir.

Müdafiə nazirinin müavini, briqada generalı İhsan Bülbül komissiyanın iclasında baxılan sənədin bəzi detallarını açıqlayıb. Pakta əsasən, Qətər və Türkiyə, bazasında 500-600 türk əsgərinin olacağı taktiki bölmə qərargahı yaratmaq barədə razılığa gəlib. Bölmənin komandiri bir qətərli general-mayor, onun müavini türk general olacaq.

Razılaşma "Qətərin müdafiə qabiliyyətinin inkişafı" məqsədi ilə birgə və "iki ölkənin razılığı ilə başqa missiyaların həyata keçirilməsi" üçün xüsusi təlimlərin keçirilməsini nəzərdə tutur. Müqavilədə deyilir ki, bazanın yaradılması və onun əməliyyatlarının bütün xərcləri Qətər tərəfindən ödəniləcək. Tərəflərdən biri onu ləğv etmədiyi halda, 10 ilin sonunda müqavilə avtomatik olaraq daha beş il müddətinə uzadılacaq.

"Al-Monitor"un əldə etdiyi komissiya müzakirələri protokollarında Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Jandarma Ümumi Komandanlığı əməkdaşlarının müxalifət nümayəndələrinin suallarına dolaşıq cavabları var. Məsələn, CHP-li deputat Oğuz Kaan Salıcı bilmək istəyib ki, Türkiyə ilə ticarət dövriyyəsinin həcmi cəmi 1,3 milyard $ olan Qətərə verilən əhəmiyyətin səbəbi nədir? 

Xarici işlər nazirinin müavini Ümid Yardim bildirib ki, İŞİD, "Əl-Qaidə" və Fəthullah Gülən ardıcılları tərəfindən birgə təhlükə mövcuddur və Qətər 15 İyul çevriliş cəhdi zamanı Türkiyəyə dəstək verən ölkələrdən biri olub. Bundan başqa, Qətər ABŞ-ın müttəfiqidir və strateji əhəmiyyət kəsb edir. Lakin o, "strateji əhəmiyyət" dedikdə nəyi nəzərdə tutduğunu izah edə bilməyib.

Salıcı Türkiyədəki bazalardan istifadə edən xarici qüvvələrin öz xərclərini ciblərindən ödədiyini qeyd edərək, suallara dolğun cavab almadığını deyib. O, yenidən soruşub: "Qətər təcrübəli hərbi güc dəvət edir. Bu, "bizi müdafiə edin" deməkdir. Türkiyə Qətəri müdafiə etmək müqabilində nə əldə edəcak? Əgər Türkiyə İrana qarşı Qətər və Səudiyyə Ərəbistanı üçün təhlükəsizlik çətiri yaradırsa, onda biz Yəməndə baş verən münaqişədə İranla qarşıdurmaya sürüklənəcəyik?"

Məlum olduğu kimi, Yəməndəki vətəndaş müharibəsində İran husi üsyançıları və sabiq prezident Əli Abdullah Saleh tərəfdarlarını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Qətər, digər tərəfdən, Yəmən prezidenti Mənsur Hadi hökumətinin tərəfindədir.

Qətər neft və təbii qaz ilə zəngindir. Lakin bəzi CHP-li deputatlar bir sıra səbəblərə görə Türkiyə üçün Qətərin əhəmiyyətini şübhəyə alırlar. 4,400 kvadrat millik sahəsi olan kiçik Qətərin 2,6 milyon əhalisi var və onların yalnız 313 min nəfəri yerli vətəndaşlarıdır. Bu ölkənin 11.800 nəfərlik ordusu var. Bundan başqa, Əl-Udeyda bazasında 10 min ABŞ əsgəri Qətərin təhlükəsizliyinə məsuldur.

Qətər, LiviyaSuriyaya qarşı proksi müharibələrdə liderlik edir və Səudiyyə Ərəbistanı ilə birgə BəhreynYəməndəki əməliyyatlarda iştirakçıdır. Birləşmiş Ştatlardan əlavə, başqa bir güclə müdafiə sahəsini inkişaf etdirmək ehtiyacı hiss edən bu ölkə niyə Türkiyə, Suriyadakı vətəndaş müharibəsinə cəlb verilmiş Ankara ilə hərbi əlaqələr yaradır?

CHP-li millət vəkilləri hesab edir ki, Türkiyə Fars körfəzi ölkələri ilə birgə İrana qarşı məzhəb qütbləşməsinin bir hissəsi olur və bütün bu müqavilələrin hədəfi yalnız İrandır.

Xarici işlər komissiyasının digər CHP-li üzvü Mövlüd Duru "Al-Monitor"a bildirib: "Bu, müddətsiz müqavilədə qaranlıq ifadələr var. Məsələn, "hər cür yardım" dedikdə, söhbətin nədən getdiyinə izah verilmir. Bizdən soruşsanız, Türkiyənin Qətərdə baza qurmasına heç bir ehtiyac yoxdur. Bu, yalnız İrana qarşı bir addım ola bilər. Mən bu müqaviləyə hər hansı digər izahat tapa bilmirəm. Bu, Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünni blokunu yaratmaq üçün səydir".

2016-cı ilin aprelində Doha bazası üçün sazişi imzalanmış baş nazir Əhməd Davudoğlu Ankaradakı diplomatik və siyasi mənbələrə demişdi:

– Osmanlının Birinci Dünya müharibəsində Qətəri itirməsindən 100 il sonra o, Türkiyəyə "qaytarılacaq";
– Qətərdə hərbi bazanın yaradılması regionda İranın artan nüfuzunu ləngitmək məqsədi daşıyır;
– baza Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı sünni ittifaqı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əks etdirəcək;
– bazadakı türk əsgərlər ciddi böhranlarda beynəlxalq birliyə dəstək olacaqlar.

Türkiyənin hökumət dairələrində Qətər bazasını ABŞ-Türkiyə müsabiqəsi çərçivəsində nəzərdən keçirmə tendensiyası var. Amma qərar qəbulu zamanı Qətər, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı olmadan müstəqil fəaliyyət göstərə bilməz.

2011-ci ildə "Ərəb Baharı" zamanı Suriya, Bəhreyn və Yəməndə baş verən böhranlara qədər əslində, Qətər, Səudiyyə Ərəbistanının təzyiqlərinə baxmayaraq, İrana qarşı tarazlı siyasət yeridirdi. Qətər hətta Birləşmiş Ştatlara öz ərazisindəki bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməyə imkan verməyəcəyini deyirdi. Təbii ki, Qətərin İranla "Cənubi Pars" qaz hövzəsindən birgə yararlanması da bu yanaşmada mühüm rol oynayırdı.

Amma ərəb üsyanlarının hərbiləşdirilməsindən sonra Qətər özünü antiiran düşərgəsində tapdı. İran ilə gərginliyin qarşısını almaq üçün onun hansı qərar qəbul edəcəyi hələ aydın deyil. Şübhəsiz ki, Körfəz Əməkdaşlıq Şurasının üzvü kimi, Qətər, İran və Səudiyyə Ərəbistanı arasında inkişaf edən böhranda əbədi olaraq məsafədə qala bilməzdi.

İndi, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, Birləşmiş Ştatlar antiiran siyasətinə qayıdır və İran-Səudiyyə gərginliyi Fars körfəzində potensial fırtına siqnalı verir.

Mayın 2-də Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salmanın müharibə Səudiyyə torpaqlarına çatmazdan əvvəl səudiyyəlilərin İran ərazisində mübarizə aparmağa çalışacağını deməsi ilə gərginlik artıb.

İranın müdafiə naziri Hüseyn Dehqan ona cavab verib: "Səudiyyəlilər düşüncəsiz hərəkətə başlayarsa, İran ordusu Məkkə və Mədinə istisna olmaqla, bütün krallığı məhv edəcək".

Bir çox müşahidəçiləri Körfəzdə gərginliyin artması, Türkiyənin Doha və Riyadla hərbi tərəfdaşlığı narahat edir. “Daily Hurriyet” yazarı Mehmet Yılmaz bu yaxınlarda müvafiq suallar verib: "Biz ümumi düşmənə qarşı müharibəyə hazırlaşırıqmı? Səudiyyə Ərəbistanı ilə hərtərəfli hərbi pakt bizə heç bir aidiyyəti olmayan müharibəyə qarışacağımız deməkdirmi?"

Artan gərginlikdə Səudiyyə Ərəbistanının özünü "sünni dünyasının haqq səsi" kimi təbliğ etməyə çalışan Türkiyənin hərbi gücünə ümid etdiyi aydındır.

Bu prosesləri İrana qarşı qütbləşmə kimi yozmaq olarmı?

Şübhəsiz, Qətər və Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq Suriya və Yəməndə İran-Körfəz ziddiyyətlərinin kölgəsi altında irəliləyir.

Ankara bu addımları atarkən, "Terrora qarşı İslam Alyansı” adı ilə İranı hədəf alan sünni bloku yaratmaq və ya Türkiyənin – NATO-nun ikinci ən böyük hərbi gücünün və arsenalında nüvə silahı olan Pakistanın iştirakı ilə "İslam NATO-su" qurmaq istəkləri xatırlanır…

 

Tərcümə: Strateq.az