XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 14:13

1990-cı ildə 20 yanvar günü Kremldə gizli iclas:Qorbaçov “Qarabağ probleminin həlli yolunu bilmirəm” sözlərini kimə deyib?  -TARİX

     

1990- ci il yanvarın 20-də, səhər SSRİ rəhbərliyi Bakıda baş vermiş qanlı qırğınla bağlı məxfi iclas keçirib. Sov.İKP-nin baş katibi Mixail Qorbaçovun rəhbərliyi ilə aparılmış Siyasi Büronun gizli iclasında Azərbaycandakı proseslər ciddi müzakirəyə çıxarılıb.

Strateq.az bildirir ki, bu barədə SSRİ prezidenti Mixail Qorbaçovun beynəlxalq məsələlər üzrə köməkçisi olmuş Anatoli Çernyayevin yazdığı “SSRİ prezidentinin köməkçisinin Gündəliyi” adlı memuarında qeyd olunub.

Çernyayev iclasın detalları barədə yazmayıb. “Dünən səhər Siyasi Büroda məxfi olaraq Azərbaycandakı situasiyanı müzakirə etdik”- deyə o, bunu qeyd etməklə kifayətlənib.

 Lakin A. Çernyayev memuarında maraqlı bir detala toxunub. Prezidentin sabiq köməkçisi yazır ki, 1990-cı ilin yanvarında Azərbaycana göndərilmək üçün ehtiyatdan çağırılmış şəxslər –“rezervist”lər əsasən Krasnodardan, Stavropoldan, Rostov-Don və Tuapsedən olub. A. Çernyayev qeyd edir ki, “rezervist”lərin Azərbaycana göndərilməsi bu adları çəkilən yerlərdə yaşayanların sərt etiraz nümayişləri ilə müşayət edilib. Krasnodar, Stvaropol, Rostov, Tuapse və kazak stanitsalarında yaşayan ruslar “Qafqazı sülhə məcbur etmə” üçün onlardan “rezervist” yığılmasına ciddi etiraz ediblər: “Qadınlar çığırırdılar: “Yeni Əfqanıstana yox deyirik! Niyə rus kişiləri erməni və azərbaycanlılara görə ölməlidir? Qoy məsələni öz aralarında həll etsinlər”- deyə Çernyayev gündəliyində yazıb.

Sovet rəhbərliyinin 20 yanvar 1990-cı ildə məxfi iclası barədə rəsmi heç nə məlum deyil. Orada hansı məsələnin müzakirə edildiyi qaranlıq qalır. Qeyd etməliyik ki, bu gizli iclas Bakıda sovet ordusunun dinc əhaliyə qanlı divanından sonra keçirilib.

Çernyayevin gündəliyində Qarabağla bağlı da maraqlı qeyd var. 9 oktyabr 1988-ci ilə aid olunan həmin qeyddə köməkçi yazır ki, cümə günü Mixail Qorbaçov onu və digər köməkçisi Şaxnazarovu kabinetinə çağırıb: “Qorbaçov Şaxnazarovu 64 yaşı münasibəti ilə təbrik etdi. Beynəlxalq məsələlərlə bağlı müzakirələr zamanı Qorbaçov birdən Qarabağdan danışmağa başladı”.

Çernyayev yazır ki, Mixail Qorbaçov qəfildən ayağa duraraq problemlə bağlı danışıb: “Mən insan kimi istəyirəm məsələ qan-qadaya gedib çıxmasın. İstəyirəm onlar (ermənilər və azərbaycanlılar- red)  bir-biriləri ilə danışıb dil tapsınlar. Korrupsiyaya bulaşmış bir publika çıxış edir. Dəmirçiyan özününkülərini yığır, Bakı öz adamlarını… Erməni intellektualları isə iflasa uğrayıb: Qərar qəbul etmək üçün heç nə təkilf edə bilmirlər. Heç nə… Heç özüm də hansı qərarı qəbul edəcəyimi bilmirəm. Əgər çıxış yolunu bilsəydim heç bir şərtlə hesablaşmazdım. Amma bilmirəm!” –deyə Mixail Qorbaçov köməkçilərinə deyib.  

 Çernyayev 1961-86-cı illərdə Sov.İKP Mərkəzi Komitəsinin Beynəlxalq şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 1970-86-cı illərdə həmin şöbənin müdir müavini olub. Bununla yanaşı o, 1976-81-ci illlərdə Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının, 1986-1990-cı illərdə Mərkəzi Komitənin üzvü olub. 1989-91-ci illərdə SSRİ-nin xalq deputatı seçilib.

A.Çernyayev 1986-1991-ci illərdə SSRİ prezidenti Mixail Qorbaçovun beynəlxalq məsələlər üzrə köməkçisi postunu tutub. O, Qorbaçovun əhatəsindəki liberal kəsimin tanınmış nümayəndəsi sayılır. Qeyd edək ki, Anatoli Çernyayevin memuarları 1988- 1991-ci illəri əhatə edir. O, "Yenidənqurma era"sında SSRİ-də, Kremldə baş verən prosesləri, sovet siyasi elitasının hadisələrə münasibətini və Mixail Qorbaçovun görüşlərini, baxışlarını və rəsmi açıqlanmayan fikirlərini yazıb. 

Çernyayevin gündəlikləri dünyada çox məşhurdur. Dünya praktikasında belə ardıcıl yazılmış çox nadir sayda gündəlik vardır. “SSRİ prezidentinin köməkçisinin Gündəliyi” adlı memuar diplomatiya təhsili alan tələbələr üçün vacib tədris kitabı hesab olunur.  

Anatoli Çernyayev 12 mart 2017-ci ildə 96 yaşında vəfat edib. 

Xaqani SƏFƏROĞLU

Strateq.az