XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2017 - 19:01

“WikiLeaks”in əsas “informator”u vaxtından 28 il əvvəl azadlıqda- ABŞ-ın hərbi sirlərini açan Menninq qəhrəmandır, yoxsa vətən xaini? (ARAŞDIRMA)

Qalmaqallı "WikiLeaks" saytının əsas "informator"larından olan Bredli Menninq mayın 17-də 7 illik həbs həyatından sonra, vaxtından 28 il əvvəl azadlığa çıxıb. ABŞ ordusunun hərbçisi olan Menninq "WikiLeaks"ə yüzminlərlə gizli məxfi sənəd ötürmüşdü. Bu sənədlər ABŞ ordusunun İraq və Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı idi. Həbsi dövründə Menninq cinsiyyətini dəyişərək qadın oldu, həmçinin hüquq müdafiəçiliyinə başladı. Cinsiyyəti ilə yanaşı, adını da dəyişərək Çelsi qoydu. Bu adamla bağlı mübahisələr bugünədək səngimir. Bəziləri onu qəhrəman, bəziləri də satqın adlandırır.

Strateq.az xarici mətbuata istinadən Bredli Menninqin həbsxanaya qədərki həyatını, onun "WikiLeaks"ə ifşaedici sənədləri niyə ötürdüyünü və bundan sonrakı planlarını aydınlaşdırmağa  çalışacaq.

Menninqin ötürdüyü ən qalmaqallı məlumat ABŞ ordusunun İraqda "Apache" vertolyotundan dinc əhaliyə, həmçinin "Reuters"in iki əməkdaşına atəş açması barədə videoyazı idi. Həm vertolyotdan açılan atəş, həm də ardınca amerikalı hərbçilərin açdığı atəş nəticəsində 12 nəfər həyatını itirmiş, 2 azyaşlı ağır yaralanmışdı. 

Videoyazı insidentdən 3 il sonra yayıldı. Bu, yüzminlərlə məxfi hərbi sənəd arasında ən çox səs gətirəni oldu.

«Eyni anda Ağ Evdə, Kremldə, Venesuelada, Hindistanda, Çində müzakirə olunan ikinci belə məlumat xatırlamıram", – deyə "The Guardian"ın redaktoru Alan Rasbridcer xatırlayır.

Bütün dünya ikili standartlı savaş metodlarını müzakirə edirdi.

 

Menninq kimdir? 

 

Bredlinin atası Brayan Menninq də hərbçi (kəşfiyyatçı-analitik) idi. Britaniyada xidmət zamanı Uelsdə Syuzan Foksla tanış olur və onunla ailə qurur. 1976-cı ildə onların ilk övladı – qızları Keysi dünyaya gəlir.

Üç il sonra ailə ABŞ-a yollanır və Oklahoma ştatında geniş torpaq sahəsi olan böyük ev alır. 1987-ci ildə də Bredli dünyaya gəlir.

Bacısı Keysinin dediyinə görə, valideynləri spirtli içkiyə meylli olublar və anası hətta hamiləlik dövründə belə, içkidən imtina etməyib. Bu pis vərdişə görə Bredli dünyaya gələndə onu saxlamaq vəzifəsi 11 yaşlı Keysinin üzərinə düşüb.

Brayan tez-tez ezamiyyətə gedir, Syuzan da vaxtını içməklə keçirirdi. Uşaqlar evdə həbs olunmuş vəziyyətdə qalır və özləri-özlərinə qulluq edirdilər.

Balaca Bredli bütün vaxtını oyuncaqlar və kompüter oyunları ilə keçirirdi. Məktəbdə dərsləri yaxşı getsə də, cinsi orientasiyası ilə bağlı şübhələri yaranmışdı. Sinif yoldaşlarından biri deyir ki, Bredli 13 yaşında ona homoseksual olduğunu etiraf edib.

Az sonra Menninq ailəsi dağılır. Bredli anası ilə birgə Uelsə köçməli olur.  Britaniyadakı məktəbdə sinif yoldaşları qadına bənzər xarici görünüşünə görə Bredlini ələ salırdı. Hətta bir dəfə meşəyə gəzməyə gedəndə onu orada tək qoyub qayıtmışdılar. 

17 yaşında Bredli ABŞ-a atasının yanına qayıdır. Artıq atası özünə yeni ailə qurmuşdu. Proqramçı kimi işə düzəlir, lakin 4 ay sonra onu işdən qovurlar. İşlədiyi müəssisənin rəhbəri deyir ki, o, uzun müddət bir nöqtəyə baxır və özünü qəribə aparırdı

Bredli "mavi" kimi yaşamağa başlayır və atasının evinə gənc oğlanlar gətirirdi. Bu səbəbdən ögey anası ilə arasında tez-tez mübahisə yaranırdı. Mübahisələrin birindi Bredli ögey anasını bıçaqla təhdid etmiş və bu hadisədən sonra ondan evi tərk etmək tələb olunmuşdu.

Bredli bir müddət xalasının yanında yaşadıqdan sonra atasının təkidi ilə orduya yollanır. Bunu vətənpərvərlik hislərinə görə etmir. Sadəcə kollecə daxil olmaq üçün ona pul lazım idi.

Ordu onun üçün cəhənnəm əzabı olur. Rəhbərliyin nəzarəti və ağır şərtlər onu qane etmirdi.

 

Rütbəli homoseksual…

 

 «Təxminən 150 santimetr boyu var idi. Onu hamı əzirdi. Psix idi, mavi idi. Heç kim onu sevmirdi", – deyə hərbçi yoldaşlarından biri Bredli haqqında deyir.

2009-da Menninq İraqa yollanır. Əvvəlcə onu yararsız sayıb qəbul etmək istəmirlər. Lakin mütəxəssisə ehtiyac olduğu üçün məcburən razılaşırlar.

O, Bağdadın yaxınlığında xidmətə başlayır və əlinin altında Pentaqonun məxfi şəbəkəsinə çıxış imkanı olan kompüter olur.

İraqda savaşın vəhşəti onu dəhşətə gətirir. Bredli başa düşə bilmirdi ki, ABŞ başqa bir ölkənin daxili işlərinə niyə müdaxilə edir. Ağır şərtlər altında işləyir. Gündə 14-15 saat, qaranlıq otaqlarda və proqramçılarla birgə…

Ölkəsinin haqsız olduğu qənaətinə gələn Bredli 2010-cu ilin əvvəllərində İraq savaşı ilə bağlı 400 min, Əfqanıstan savaşı ilə bağlı 91 min sənədi yükləyərək diskə köçürür. Diskin üzərində "Ledi Qaqa" yazıldığı üçün mühafizəçilər heç nədən şübhələnmir. 

Məzuniyyət zamanı ABŞ-a gələn Bredli əlindəki sənədlərlə bağlı "The Washington Post" və "The New York Times"a müraciət edir.

"The Washington Post" müraciətlə maraqlanmır, "The New York Times"dan isə ümumiyyətlə cavab gəlmir. Bunun ardınca Bredli "WikiLeaks"lə əlaqə yaradır və əlindəki sənədləri saytın qurucusu Culian Assanca ötürür…

2010-cu ilin aprelində Bredli komandirə özünü kişi yox, qadın kimi hiss etdiyini deyir. Bu ərəfədə "WikiLeaks" də məlum sənədləri yayır. Və Bredli həbs olunur. 

Ona 22 maddə üzrə ittiham elan olunur ki, onlardan biri də düşmənə kömək göstərmək olur. ABŞ qanunlarına görə, buna yol verən hərbçini ölüm cəzası gözləyir.

Bredli əvvəlcə Küveytdəki ABŞ bazasında saxlanılır. Daha sonra onu Virciniya ştatındakı xüsusi rejimli həbsxanaya göndərirlər. 6,5 kvadrtmetrlik kamerada bir çarpayı, bir "unitaz", bir də əl-üz yumaq üçün "rakovina" olur.

Bredli səhər saat 5-dən axşam 8-ə qədər ya ayaq üstə, ya oturaq vəziyyətdə olmalı, daim nəzarətçilərin gözü önündə qalmalı idi. 

Məhkəmədə Bredli özünü 10 maddə üzrə təqsirli bilir. Dediyinə görə, məlum sənədləri yaymaqda məqsədi Amerika cəmiyyətinə savaşın iç üzünü göstərmək olub. 2013-cü ilin 22 avqustunda hökm elan edilir və Bredli 35 il müddətinə azadlıqdan məhrum olunur.

Növbəti gün məhkəmədən xahiş edir ki, ona qadın kimi müraciət etsinlər. Xahiş qəbul olunur və həkimlər ona müvafiq diaqnoz qoyaraq bildirirlər ki, Bredli kişi statusunu qəbul etmək iqtidarında deyil.

Bredli müalicə üçün də müraciət edir. Lakin məlum olur ki, hərbi həbsxanalarda bu cür diaqnozlu xəstələri müalicə etmirlər.

Nəhayət Pentaqon rəhbəri Çak Heygelin razılığı ilə Bredli dövlət hesabına müalicəyə cəlb olunur. Müalicənin gedişi Bredlini qane etmədiyi üçün iki dəfə intihara cəhd edir. 

Menninqin müdafiəsinə bir çox hüquq müdafiə təşkilatları qalxır. O cümlədən də "Amnesty International". Qurumdan bildirirlər ki, Menninq cəmiyyətə insan haqlarının pozuntusunu çatdırmaq istəyib və vətəninə zərər vurmaq fikri olmayıb.

 

Obama cəzanı azaldır

 

Vəkili əfv üçün müraciət edir. Prezident Barak Obama işi nəzərdən keçirəndə cəzanın olduqca ağır olduğuna qərar verir. Əfv etməsə də, cəza müddətini qısaldır. 

Menninqin bir növ bəxti gətirir ki, işinə Tramp yox, Obama dövründə baxılır. Belə ki, Ağ Evin indiki sahibi Donald Tramp onu ömürlük həbs cəzasına layiq olan "nankor xain" adlandırıb.

Həbsxanadan Çelsi kimi çıxan Bredli deyir ki, artıq özü ola bilər və qazandığı təcrübələr başqa insanların həyatını yaxşıya doğru dəyişməyə yardımçı olacaq. 

Qarşıda Menninqi daha bir məhkəmə çəkişməsi gözləyr. Belə ki, o hələ də ABŞ ordusunun üzvü hesab olunur və hərbçilərə aid bütün güzəşt və imtiyazlardan istifadə etmək haqqına sahibdir. Bu çəkişmənin necə nəticələnəcəyi hələlik bəlli deyil. O vaxta qədər onun Pentaqonda xidmət edib-etməyəcəyi də hələ ki qeyri-müəyyən qalır…

Strateq.az