XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 May 2017 - 11:05

Trampın “mədəniyyətlər qarşıdurması”na yol açan ilk səfəri:4 önəmli paytaxt niyə seçilib? - TƏHLİL

 

ABŞ prezidenti Donald Tramp ilk xarici səfərinə çıxıb.

Bu səfər çərçivəsində onun Səudiyyə Ərəbistanı, İsrail, Vatikan və Belçikada olacağı gözlənilir.

Trampın ilk səfərində xüsusilə bu dörd ölkəni seçməsi xeyli manidardır. Belə ki, istənilən ölkənin prezidenti, adətən, ilk səfərini strateji müttəfiq kimi tanıdığı dövlətlərə edir. ABŞ-ın Trampa qədərki 5 prezidenti də məhz bu ənənəyə sadiq qalıb, bir qayda olaraq Kanada və Meksikanı ilk ziyarət yeri kimi seçiblər.

Yeni prezidentin də iki önəmli Yaxın Şərq ölkəsini, xristian dini mərkəzi sayılan Vatikanı və AB-nin mərkəzi kimi tanınan Belçikanı ilk sıraya alması onun gələcək xarici siyasətinin prioritetlərindən xəbər verir. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı və İsrail də əslində iki müxtəlif dinin, Belçika isə AB-nin qibləgahıdır, Trampın ilk hakimiyyəti dövründə, Samuel Hantinqtonun məşhur  təbirlə desək, “mədəniyyətlər qarşıdurması”na  üstünlük verəcəyi ortaya çıxır.

Xatırladaq ki, ABŞ-ın ünlü strateqlərindən biri və vaxtilə Pentaqonun əsas məsləhətçisi kimi tanınan Samuel Hantinqton 1988-ci ildə qələmə aldığə “Mədəniyyətlər qarşıdurması” əsərində dünyadakı müharibələrin getdikcə dini xarakter alacağını vurğulamış və bu fikirlər ABŞ-da olduqca ciddi qarşılanmışdı. Bu gün Yaxın Şərqdə məzhəb müharibələrinin qızışdırılması da məhz Hantinqtonun bu nəzəriyyəsinin baş tutmasına xidmət edirdi.

Trampın ilk səfərinə Səudiyyə Ərəbistanından başlaması da anlaşılmaz deyil. Xüsusilə İslam dünyasında başlanan “mədəniyyət qarşıdurmasının” iki mühərrikindən biri Səudiyyə Ərəbistanı, digəri isə İrandır. İranın Rusiya tərəfindən müdafiə olunması, ABŞ-ın keçmiş hakimiyyətinin isə Səudiyyə Ərəbistanıyla münasibətlərinin pisləşməsi  rəsmi Riyadın son zamanlar “qınına” çəkilməsinə yol açmışdı. Görünür, Riyadı “pessimist əhval-ruhiyyə”dən uzaqlaşdırmaq üçün yeni prezidentin ilk xarici səfərə Səudiyyə krallığından başlamasına böyük ehtiyac var idi. Səfər ərəfəsində Riyad küçələrinin Trampla kralın birgə şəkili ilə bəzədilməsi və şəkillərin altında “Birlikdə zəfərə çatacağıq!” şüarlarının yazılması bu ziyarətin həqiqətən də krallıqda ciddi dəstək kimi qarşılanmasından xəbər verir.

ABŞ-ın yeni prezidentinin krallıqdan sonra İsrailə səfər etmək istəməsi də başadüşüləndir. Səudiyyə Ərəbistanına verilən hər hansı hərbi dəstək ilk növbədə ABŞ-ın regiondakı müttəfiqi İsraili maraqlandırır. Öz yaxın ətrafındakı müsəlman güc mərkəzin əldə etdiyi yardımlardan ona qarşı istifadə edilməməsinə rəsmi Tel-əviv əmin olmalıdır. Üstəlik, ABŞ-ın Yaxın Şərqdə yürüdəcəyi siyasətə İsrail dəstək verməli, onun dostunu dost, düşmənini düşmən kimi qəbul etməlidir.

Trampın səfər qəfiləsinə qatılan kürəkəni Jared Kuşner və qızı İvankanın səfərdən əvvəl ABŞ-ın ən nüfuzlu yəhudi din adamından (haham) icazə alması barədə yayılan xəbərlər də bu mənada təsadüfi deyil. Maraqlıdır ki, Ağ ev də həmin xəbərləri təkzib etməmiş, əksinə təsdiqləmişdir.

İlk xarici səfərində Trampın Vatikanı da yaddan çıxarmaması SSRİ-nin dağılma prosesində ABŞ-ın katolik kilsəsinin imkanlarından faydalanması hadisəsini xatırladır. Xatırladaq ki, 1978-ci ildə polşalı II Con Paulun Vatikan papalıq taxtına çıxması xeyli dedi-qodularla yadda qalmışdı. İlk dedi-qodu isə onun 30 ilə yaxın sürən papalığının elə birinci günündən başlamışdı.

Əvvəla, II Con Paul 455 illik bir ənənəyə son qoyaraq, Vatikan xaricindən gələn Papa idi. Digər tərəfdən onun taxta əyləşməsi də xeyli müəmmalı hadisələrlə müşahidə olunmuşdu; 1978-ci ilin avqustunda 15 illik papa VI Paulus ölmüş onun yerinə I Iohann Paulus keçmişdi. Yeni papanın isə papalığı uzun sürməmişdir. Bu vəzifədə cəmi 33 gün qalan yeni papa da ömrünü tamamlamış, beləcə, dini lider olmaq qisməti II Con Paula nəsib olmuşdu.

VI Paulusun ölümünün səbəbi isə indiyədək öz gizliliyini qoruyur. 33 günlük qısa hakimiyyətin bir zəhərlənməylə tamamlandırıldığını iddia edənlər az deyil.

Bu cür mübahisə doğuran hadisələrlə papalıq mərtəbəsinə yüksələn II Con Paulun ABŞ tərəfindən Vatikanın başına gətirildiyi güman edilir. Papalıq tarixində ən çox xarici səfərləri (129 ölkə) və bir çox dillərdə axıcı üslubla danışmaq qabiliyyəti ilə yadda qalan II Con Paulun Berlin divarlarının yıxılması, iki Almaniyanın birləşməsi, Şərq Bloku və Varşava Paktının çökməsi, SSRİ-nin dağılması prosesində böyük rol oynadığı bilinir.

ABŞ və Rusiya arasında ziddiyyətlərin artdığı bir məqamda Trampın Vatikana səfəri köhnə silahın yenidən qınından çıxarılması ehtimalını ağla gətirir. Bununla belə, Vatikanın indiki papası Franciscus isə sosialist düşüncələriylə tanınır. Kapitalist Trampla “kommunist” Papanın sözlərinin nə qədər tutacağı bu mənada xeyli müəmmalıdır.

Fəqət, qlobal hərbi qarşıdurmanın növbəti mərhələsində din amilinin  ön plana çıxarılması Franciscusu da bəzi dini açıqlamalara məcbur edə bilər. Xüsusilə xristianları İŞİD və digər radikal islamçı qruplara qarşı müqəddəs müharibəyə səsləmək görəvi papaların boynunun borcudur. Bu müqəddəs borcunu yerinə yetirməyənləri həm bu, həm də o biri dünyada acınacaqlı tale gözləyə bilər. Kim bilir, bəlkə Tramp da elə Papaya bu həqiqəti izah etmək üçün Vatikana yollanır.

Vatikanın və Səudiyyə Ərəbistanının başqa dini qruplara qarşı “müqəddəs davaları” körükləyən ritorikaları həm Rusiyanı, həm də Avropa ölkələrini daxildən parçalaya bilər. Xatırladaq ki, Samuel Hantinqton da “mədəniyyətlər qarşıdurması” deyəndə təkcə ölkələrarası müharibələri deyil, həm də ölkədaxili münaqişələri nəzərdə tuturdu.

Trampın son səfərinin Belçikaya etməsi də bu konteksdən baxılanda anlaşılmaz deyil. Belçika həm NATO-nun Baş qərargahının, həm də AB rəsmi dairələrinin yerləşdiyi məkandır. Samuel Hantinqtonun haqqında bəhs etdiyimiz kitabında mədəniyyət sahələrindən biri kimi Avropanın da adı keçir. Nə qədər dini kimliyi olmasa da, Avropanın bir xristian klubu olduğu da sirr deyil. Üstəlik, Avropa son zamanlar digər bir mədəniyyət sahəsi kimi bilinən müsəlman dünyasından qaçıb gələnlərin pənahgahına çevrilib. Bir müddətdən sonra Avropanın müsəlmanlaşması təhlükəsi belə, qərbliləri xeyli düşündürür.

Sözsüz ki, qlobal dünyada başlayacaq və dini mərkəzlər tərəfindən qızışdırılacaq mədəniyyət qarşıdurmasının ən böyük zərərini görənlərdən biri də Avropa qitəsi olacaq. Bu qitəyə pənah gətirmiş “müsəlmanların” artıq indidən “cihad”a başladıqları, vaxtaşırı terror hadisələri törətdiyi də nəzərdən yayınmır. Qarşıdurma açıq müstəviyə keçəndə isə vəziyyət daha acınacaqlı ola bilər. Yəqin Trampı da elə Brüsselə aparan həmin təhlükəni AB başbilənləriylə müzakirə etmək niyyətidir.

Bir sözlə, Trampın ilk səfərində sıraya düzülən ölkələrin xarakterinə baxanda belə bir nəticə ortaya çıxır: deyəsən, ABŞ-ın son dördillik planında “mədəniyyətlər qarşıdurması” var.

Heydər Oğuz