XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 12:50

Trampa tövsiyələr:"Silah satma, İranla Səudiyyə Ərəbistanını barışdır!" - TƏHLİL

Medea Bencamin

"AlterNet"

 

Prezident Trampın Səudiyyə Ərəbistanına səfəri 100 milyard dollarlıq silah satışı müqaviləsi ilə onun tacir kimi sövdələşmə məharətini vurğulamağı nəzərdə tutur. Lakin prezidentliyindən silah sənayesi üçün satıcı kimi istifadə etmək əvəzinə, Tramp min cür əzaba qatlaşan yəmənlilərə dəstək verən dövlət başçısı olmalıdır. O, səfərindən Yəməndə atəşkəs və qarşıdurmaya son qoymaq naminə istifadə etməlidir.

Əslində, bu, Amerika siyasətçilərinin Səudiyyəni silah satın almağ sövq etdikləri ilk hal deyil. ABŞ-ın silah dilerləri onilliklər boyu bu səltənətə silah satıb. Prezident Obama dönəmində Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük alıcısı oldu və səkkiz ildə 115 milyard dollar dəyərində silah aldığına görə, Obama administrasiyası onu tərifləmişdi.

Tramp iqtidara gəldiyi düz dörd ayda Obamanın rekordunu ötüb yenilədi. Onun 100 milyard dollarlıq müqaviləsi növbəti on ildə 300 milyard dollaradək arta bilər.

"Amnesty International" Trampı yeni silah satışı müqavilələri imzalamamağa çağırıb və bu silahların Yəməndə daha çox mülki əhalinin öldürülməsi və ölkənin viran qoyulması üçün istifadə edilə biləcəyi və "ABŞ hökumətinin hərbi cinayətlərə cəlb olunacağı" barədə xəbərdarlıq edib.

Yəməndə müharibə üçüncü ilində artıq dağıntı və aclıqla epik faciə ilə nəticələnib. Ölkədə səhiyyə obyektlərinin ancaq 45 faizi fəaliyyət göstərir və hər gün təxminən iyirmi nəfər əlacsız xəstəliklərdən ölür. UNICEF-in hesabatında qeyd olunur ki, 400 mindən çox yəmənli uşaq aclıqdan əziyyət çəkir və qidalanma azlığı, ishal və tənəffüs yollarının infeksiyalarından hər 10 dəqiqədə bir uşaq ölür.

Norveç Qaçqınlar Şurasının rəhbəri Yan Egeland – bu bu yaxınlarda Yəməndə olmuş bir neçə xarici təmsilçidən biri bu ölkədəki müharibəni "beynəlxalq diplomatiyanın böyük uğursuzluğu" adlandırıb və bildirib ki, böhran artıq "Nuhun tufanı" miqyasındadır. 

Prezident Obama Səudiyyə Ərəbistanına silah satışını təsdiq və Yəməndə Səudiyyənin müdaxiləsini maddi-texniki dəstəklə təmin etsə də, hesabatlarda hədəflərə məktəblər, xəstəxanalar, bazarlar və digər mülki obyektlərin daxil olduğunu gördükdə, yeni fikrə gəldi. 175-dən çox yəmənlinin ölümü ilə nəticələnən matəm mərasiminin bombalanmasından sonra Obama administrasiyası gözləmə mövqeyi tutaraq silah satışını dayandırdı. O, həmçinin humanitar yardımın Yəmənə daxil olduğu Hudəyda limanına planlı hücuma dəstək verməkdən imtina etdi. Tramp administrasiyasının isə bu limana hücum üçün yaşıl işıq yandırmağa hazır olduğu bildirilir.

Yəməndə müharibənin daha da güclənməsi, xüsusilə husi üsyançıların nəzarətində olan Hudəyda limanına hücum Yəməndə insanlar üçün daha çox ölüm və aclıq deməkdir. Obama dönəmində təbii fəlakətlər üzrə ABŞ yardım xidmətinin direktoru olmuş Ceremi Konindik bildirib ki, Hudəyda limanında işin dayanması "bütün ölkənin ac qalması" deməkdir.

Yəmən ərzağın 90 faizini idxal edir, müharibə, o cümlədən Səudiyyənin dəniz blokadası və Hudəyda limanında taxıl anbarının əvvəlki bombalanması yetərli miqdarda qida və humanitar yardım gətirilməsini çətinləşdirir. Müharibədən əvvəlki dövrdə Hudəydaya onlarla gəmi yan alırdı, amma indi yalnız bir neçə gəmi hər həftə limanda lövbər ata bilir. Risklər ucbatından gəmilər bu yoldan gen üzür.

Səudiyyəlilər İranın dostu husilərin hakimiyyətə gəlişini dayandırmaq üçün 2015-ci ilin martından Yəmənə müdaxilə edib. Bu, regionda İranın nüfuzuna qarşı sünni-ərəb koalisiyasının möhkəmləndirilməsi Trampın məqsədi ilə uzlaşır.

Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı baş verəcək Ərəb-İslam Sammiti regionda jandarm roluna məsul olacaq "ərəb NATO-su" üçün təməl hazırlaya bilər, lakin bu, İranı daha çox təcrid edəcək və regional gərginliyi artıracaq.

Uzun sözün qısası, Tramp bu səfərdən Səudiyyə Ərəbistanının aqressiv davranışını dəstəkləmək, sünni-şiə gərginliyini artırmaq, habelə ABŞ-ın silah istehsalçılarını zənginləşdirmək üçün istifadə etməməlidir. Bunun əvəzinə, o, silah satışını dayandırmalı və Yəmən ilə başlayan dağıdıcı regional münaqişələrin siyasi həllini tapmaq üçün İran və digər regional oyunçular ilə birlikdə Səudiyyə Ərəbistanını danışıqlara məcbur etməlidir.

 

Tərcümə: Strateq.az