XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 14:32

Həsən Ruhani:“İran xalqı müharibəni deyil, sülhü seçdi” – Təhlil

Kirill Cavlax

Regnum İA, 21.05.2017

 

İranda prezident qovğası Həsən Ruhaninin qələbəsi ilə başa çatıb. Əhalinin 57,1%-i (23 549 616 nəfər) hökumətin fəaliyyətdəki başçısına səs verib. İslam respublikasının keçmiş baş prokuroru İbrahim Rəisi 38,2% səslə (15 786 449 nəfər) ikinci olub. Mustafa Mirsəlim 1,1% (478 215), Mustafa Haşimi-Təba isə 0,5% (215 450) səs toplayıb. Seçkilərə İİR-in cəmi 41 220 131 vətəndaşı qatılıb.  

Seçki məntəqəsinə ilk gələnlərdən biri İran ali rəhbəri Əli Xamenei olub. “1№-li seçici”nin səs verməyini İran və Qərb KİV-ləri diqqətlə izləyib. Rəhbərin qaşlı üzüyü jurnalistlər və internet istifadəçilərinin diqqətini çəkib. Britaniyanın “The Guardian” nəşri “Üzükdə nə var? Xamenei seçicilərə qarışıq siqnallar göndərir” başlıqlı məqalə buraxıb.

Məsələ burasındadır ki, ruhani liderin barmağında qiymətli, bənövşəyi qaşlı üzük var idi. Hətta bununla bağlı versiyalar quraşdırılıb ki, rəhbər tamaşaçılara Ruhaniyə dəstəyi haqda işarə verib. İran prezidentinin tərəfdarları seçkiqabağı təbliğat zamanı və kütləvi tədbirlərdə islahatçıların rəmzi olmuş bənövşəyi rəngdən istifadə etmişdilər.

Əksəriyyəti bu anadək seçim edə bilmədiyini boynuna alan İran sosial şəbəkə istifadəçiləri rəhbərin qaşlı üzüyünü qızğın müzakirə edib. Lakin Xameneinin jesti şübhə içində olanları Ruhaniyə tərəf meylləndirib.

 

İranda Ruhaninin qələbəsinə reaksiya

 

Ali rəhbər Əli Xamenei seçkilərin yekunu üzrə məktubunda İran xalqını seçkilərin qalibi adlandırıb.

Rəhbərin Khamenei.ir rəsmi saytında yerləşdirilımiş məktubda deyilir:  “Prezident seçkilərinin əsas qalibləri İran xalqı və düşmənlərin hiyləsinə baxmayaraq millətin böyük inamını qazanmağa nail olmuş islam cümhuriyyətidir. İran xalqının səsvermədə kütləvi iştirakı və insanların seçki məntəqlərində növbəyə durduğu ruh yüksəkliyi islam demokratiyası təməllərinin etibarlılığının sübutudur”.  

İran lideri əsil mübarizə sərgiləmiş prezidentliyə namizədləri, seçkilərin keçirilməsini təmin edən qurumları, həmçinin Dövlət Teleradio şirkəti və təhlükəsizlik qüvvələrini yüksək qiymətləndirib. Xamenei öz məktubunda prezidentə və yeni administrasiyaya diqqəti gerçək problemlərin həllinə cəmləşdirməyi məsləhət görüb.

Rəhbər qeyd edib: “Hörmətli prezidentə və yeni administrasiyaya daxil olacaq hər kəsə təkidlə tövsiyə edirəm ki, ruh yüksəkliyi, ciddiyyət və gənclik ehtirası ilə ölkə qarşısında duran problemlərin həllinə girişsin. İkinci müddət ərzində bu imkana laqeydlik göstərməyin. Hökumətin iş gündəliyində əsas yeri ortamüddətli vəzifələrin həlli, əhalinin müdafiəsiz zümrəsinə qayğı, yoxsul bölgələrin inkişafı və sosial təbəqələşmənin aradan qaldırlıması tutmalıdır”.  

Yenidən seçilmiş prezident Həsən Ruhani nəticələrin elan edilməsindən bir neçə saat sonra dövlət televiziyası ilə xalqa müraciətlə çıxış edib. İRNA agentliyi prezident seçkiləri qalibinin sözlərini misal gətirir: “İran xalqı dünya ilə qarşılıqlı fəaliyyət yolunu, ekstremizm və zorakılıqdan uzaq olan yolu  seçdi. Seçkilər yekunlaşıb və ölkə prezidenti kimi hər bir iranlının, hətta mənə və siyasətimə qarşı müxalif olanların da dəstəyinə ehtiyacım var”.

Ruhani öz çıxışında dəstəyə görə İranın keçmiş prezidenti Məhəmməd Xatəmiyə təşəkkür edib. Bu, cəsarətli addımdır, çünki İranda Xatəminin adını çəkmək, onunla video, fotoşəkil dərc etmək rəsmi KİV-lərə qadağan olunub. Xatəmi öz Twitter-ində yazıb: “Ümid təcridçiliyi dəf etdi”.

Öz rəhbərini ilk tərbik edənlərdən biri İran birinci vitse-prezidenti İshaq Cahangiri olub. Siyaətçi Twitter-də yazıb: “Böyük qələbə, müdriklik və ümid yolunun davamına görə İran xalqını təbrik edirəm”.

Məhz Cahangiri hökumət siyasəti, dördillik müddətin uğurlarının  müdafiəsinə və Ruhaninin seçkiqabağı mövqeyinin möhkəmlənməyinə önəmli töhfə verib. Birinci vitse-prezident mayın 17-də seçkidən iki gün qabaq Ruhaninin xeyrinə öz namizədliyini geri götürüb. Ruhani-Cahangiri tandemi teledebatlarda ikilikdə hərəkət edərək əsas rəqibləri Rəisi və Qalibafı udmağa nail olub.

Mühafizəkar düşərgənin təmsilçisi, Ruhaninin əsas rəqibi İbrahim Rəisinin məğlubiyyətə reaksiyası yetərincə təmkinli olub. O özünün Telegram kanalında müraciət yerləşdirib və keçən seçkilərdəki “aşkar pozuntular”dan danışıb.

İSNA agentliyi Rəisidən sitat gətirib: “16 milyon iranlının səsi onların dəyişikliklər və böyük dəstək cəhdindən xəbər verir. İndi siyasi arenada və qərar qəbulunda onların rəyini nəzərə almamaq mümkün deyil”.

Keçmiş baş prokuror Ruhaninin adını çəkmədən yeni hökumətə və seçilmiş prezidentə uğurlar arzulayıb.

İran məhkəmə hakimiyyəti nəticələrin elanından bir saat sonra “seçkilər vaxtı maliyyə fırıldaqlarına görə” xülasəsi ilə öz namizədliyini Rəisinin xeyrinə geri götürmüş Tehran meri Məhəmmədbaqir Qalibafın seçkiqabağı saytını bağlatdırıb.

İİR SQ Baş Qərargahı da ikinci müddətə seçildiyinə görə Ruhanini təbrik edib. Təbrik məktubu İİKK-in saytında – Sepahnews.ir-də yerləşdirilib. Məktubda da prezidentin adı çəkilmir. Baş Qərargah birinci növbədə seçkilərə fəal qatılışa görə İran xalqına təşəkkür, sonra rəhbər Əli Xamenei və islam quruluşunu təbrik edib. Yalnız məktubun sonunda qalibdən söz açılıb. Baş Qərargahın məktubunda deyilir: “Ümid edirik ki, seçilmiş prezident seçkiqabağı təbliğatdan təcrid olunacaq və icra hakimiyyətinin başçısı kimi ölkənin rahatlıq və təhlükəsizliyini təmin edəcək, həmçinin xalqa verilən vədləri yerinə yetirəcək”.

 

Beynəlxalq reaksiya

 

Avropa Birliyi xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Federika Moqerini İran prezidentini birinci tərbrik edib. Moqerini öz  Twitter-ində yazıb ki, “İranlılar ölkənin siyasi həyatında fəal iştirak ediblər. Prezident Həsən Ruhanini ciddi mandat aldığına görə təbrik edirəm” və əlavə edib ki, AB nüvə sazişinin gerçəkləşdirilməsi üzrə işi və bölgədə sülh əldə etmək, iranlı seçicilərin gözləntilərini doğrultmaq üçün ikitərəfli əməkdaşlığı davam etdirməyə hazırdır.

Rusiya prezidenti Vladimir Putin Həsən Ruhaniyə təbrik teleqramı göndərib. Rusiya dövlət başçısı “bundan sonra müqavilələrin, o cümlədən Həsən Ruhaninin bu yaxınlarda Rusiyaya səfərində əldə edilmiş sazişlərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib”.

Kremlin saytında yerləşdirilmiş məktubda deyilir: “İki ölkənin dost xalqlarınn marağında, Yaxın və Orta Şərqdə və bütünlükdə dünyada sabitlik və təhlükəsizliyə dəstək üzrə səylər zəminində”.

İranın əsas iqtisadi tərəfdaşı  – ÇXR sədri Si Szinpin də İİR prezidentini qələbə münasibətilə təbrik edib. Çin lideri məktubda “Ruhaninin keçən dörd il ərzində əldə etdiyi sosial-iqtisadi uğurları”qeyd edib.

Sinhua Çin başçısından sitat gətirir: “Biz Çinlə İran arasında münasibətlərin inkişafına böyük önəm veririk. Biz Həsən Ruhani ilə birlikdə Çin-İran strateji tərəfdaşlığının inkişafına doğru irəliləməyə hazırıq”.

Si Szinpinin sözlərinin təsdiqi China National Machinery Import and Export Corporation-in (CMC) Tehran-Məşhəd dəmiryolunun elektrikləşdirilməsi layihəsinə €2,2 milyad qoymağa hazır olduğu haqda xəbər oldu.

ABŞ prezidenti Donald Tramp İran seçki nəticələrinin elan olunduğu gün mayın 20-də Ər-Riyada gəlib. Rəmzidir ki, Ağ Ev başçısı ilk xarici səfərini İranın Yaxın Şərqdəki əsas düşməni Səudiyyə Ərəbistanına edib. Vaşinqton və Ər-Riyad $110 milyardlıq Amerika silahının satışı haqda saziş bağlayıb. ABŞ lideri hələlik seçkilərə heç cür reaksiya verməyib. ABŞ dövlət katibi Reks Tillersonun bəyanatı Vaşinqtonun Tehrandan daxili-siyasi xəbərlərə ilk rəsmi rekasiya olub. Reuters xəbər verir: Dövlət Departamenti başçısı ümidini ifadə edib ki, prezident Ruhani ikinci müddətdən İran raket proqramının dayandırılması üçün istifadə edəcək. Amerika xarici siyasət idarəsinin başçısı Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyrlə birgə mətbuat konfransında qeyd edib ki, $110 milyardlıq silah sazişi “İranın məhvedici təsiri ilə mübarizə”də Ər-Riyada yardım göndərilir. Tillerson İİR-i “seçkilərdən sonra terrorçu qruplaşmalara dəstək və maliyyəni dayandırmağa” çağırıb.

Times of Israel – İsrailin İranda seçkilərin nəticələrinə ilk reaksiya verən informasiya resursudur.  Materialda deyilir: “Seçkilər nüvə sazişi və Ruhaninin mərkəzçi siyasəti üzrə referenduma çevrildi”.

İsrail baş naziri Benyamin Netanyahunun nüvə sazişininn imzalanmasında hiss olunacaq rolu oynadığı nəzərə alınsa, Ruhaninin birinci müddətinin əsas xarici siyasət uğuru onun da xidmətidir.

1979-cu ildə devrilmiş İran şahının oğlu, şahzadə Rza Pəhləvi Trampın Ağ Evə gəlişilə hiss olunacaq şəkildə fəallaşıb. Şahın oğlu mayın 19-da seçkilərdə səsvermə günündə Fox News-a müsahibə verib. O, xarici dövlətləri fəaliyyətdəki islam quruluşunun devrilməsinə dəstəyə çağırıb. Pəhləvi teokratik dövlətin əvəzinə İranda parlament demokratiyası qurmağı təklif edir.

Şahzadə bildirib: “Dəyişikliyin əsas üsulu kimi vətəndaş itaətsizliyinə çağırıram. Bu necə işləyir? Sistemi daxildən sıxmaq lazımdır. Hindistanda hindlərin Böyük Britaniya ilə mübarizəsindəki kimi yetərincə adam əməkdaşlıqdan imtina etsə, sistem kütləvi, ləng tətillər tərəfindən iflic olunacaq”.

Onun fikrincə, güman etməyə bütün əsaslar var ki, xalq narazılığı dalğası Tehranda rejimi devirə bilər. Şahın (mətndə bu cürdür-tərc.) planlarının gerçəkləşmə şansları hələlik böyük deyil, amma Vaşinqton İran cəmiyyətini sabitsizləşdirmək cəhdləri üçün ondan yararlanmağı davam etdirəcək.

 

İkinci müddətin siyasi alyansları

 

Prezident seçkiləri nəticələrinin İran siyasi sistemi üçün bir neçə nəticəsi var. Birincisi, qələbə Həsən Ruhaniyə mötədil-islahatçı elitada qeydsiz-şərtsiz liderliyi qeydə aldırmaq imkanı verdi. 2013-cü il seçkilərində Ruhaninin uğuru Əliəkbər Haşimi Rəfsəncaninin dəstəyi sayəsində mümkün olub. Onun ölümündən sonra 2017-ci ildə iki əsas sual meydana çıxıb: onu kim əvəzləyəcək və fəaliyyətdəki prezident yüksək patronsuz öz rəqiblərinin öhdəsindən gələ biləcəkmi? Mayın 19-da hər iki suala müsbət cavab verilib.

İkincisi, seçkiqabağı qovğa Ruhani, islam respublikasının qurucusunun nəvəsi Həsən Xomeyni və İran Məclisinin spikeri Əli Laricaninin siyasi alyansını fəaliyyətdə göstərdi. Bu birliyin kölgəsi İİKK “Əl-Qüds” özəl bölməsinin komandiri, parlament spikerinin hamilik etdiyi Qasım Süleymanidir. Süleymani Məclisə fevral seçkilərindən sonra İİKK generalları ilə birlikdə Əli Laricani ilə görüşüb. Hərbi başçı onun mövqeyini ən yaxşı bəyanatlardan da güclü sərgiləyən daha bir jest edib. General İran Yeni ilinin ilk günündə (2017-ci il mayın 23-də – mətndə bu cürdür-tərc.) İshaq Cahangirinin anasına baş çəkib. Birinci vitse-prezident görüşün birgə fotoşəklini Instagram-a yerləşdirib.

İİKK sıralarında Ruhani tərəfdarları olduğunun daha bir təsdiqi seçkilər ərəfəsində meydana çıxıb. Hökumətə yaxın “İran” qəzeti mayın 18-də iranlı komandirin məktubunu  Telegram-da dərc edib. Süleymani məktubda təsdiq edib ki, prezident seçkilərində namizədlərdən heç birini müdafiə etmir. İİK ictimaiyyətlə əlaqələr üzrə Departamentinin rəhbəri Ramazan Şərif İİKK “Əl-Qüds” xüsusi təyinatlı dəstəsininn komandiri Qasım Süleymaninin məktubuna reaksiya verib. Şərif deyib: “İİKK komandirlərinin dərcləri ictimai əlaqələr Departamentindən keçməlidir. Başqa hallarda bu açıqlamaların heç bir dəyəri yoxdur”.

İranda milli qəhrəman sayılan Süleymaninin ünvanına bu cür kəskin həmlə çətin ki İİKK rəhbərliyinin sanksiyası olmadan mümkün olardı.

 

Tərcümə Strateq.az-ındır.