XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 12:45

ABŞ Fars körfəzinin monarxiyalarını necə “sağır”? –Vaşinqtonun gizli öhdəliyi, yoxsa... - ARAŞDIRMA

Əhməd Talib

Sasapost (Misir), 23.05.2017

 

Amerika iqtisadiyyatının nəhəng miqyaslarına baxmayaraq, Fars körfəzi ölkələrinin yatırımları onun ayrılmaz hissəsidir. Bu vəsaitlər ölkə iqtisadiyyatının həyatönəmli sahələrinə təsir edir. ABŞ Fars körfəzi ölkələrinin pullarına böyük maraq göstərir. Lakin bir neçə sual qalır və ən başlıcası bunlardır: ABŞ Körfəz ölkələrindən necə “xərac” yığa bilir? Körfəz ölkələrinin məqsədi nədir? Bu töycülər məcburidir, yoxsa könüllü?

ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı Səudiyyə Ərəbistanı haqda bəyanatları amerikalıların Fars körfəzinin maliyyəsi ilə əlaqələri haqda dəqiq təsəvvür verir. Tramp hesab edir ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi üzrə göstərilən xidmətə görə ödənc olan bu pullara ölkəsinin qanuni haqqı var. Lakin ABŞ kimi Fars körfəzi ölkələri də təhlükəsizliyə görə pul ödədiklərini, yaxud ancaq gəlir üçün yatırım qoyduğunu düşünürmü?

 

1. Neftlə dolların bağlılığı Amerikanı müflislikdən xilas edib

 

Türk iqtisadçısı Əhməd Zəkralla xatırladır ki, Amerika-Səudiyyə münasibətlərinin uzun tarixi var. Səudiyyə Ərəbistanı, dolları və Amerika iqtisadiyyatını müflisləşməkdən xilas edib. Brettton-Vud sazişi bağlandıqdan sonra dünyanın bütün ölkələri dollara bağlı göründü. Amerika dolları qızılla bərabər istifadə olunmağa başladı. Lakin Vyetnamda müharibə və ABŞ silahlı qüvvələrinin məruz qaldığı ağır itkilərdən sonra bəzi ölkələr Amerikadan dolları qızılla əvəzləmək tələbi irəli sürdü. ABŞ iqtisadiyyatı dolları qızıla çevirmək iqtidarsızlığından iflas həddinə düşdü.

Zəkralla "Sasa Post" üçün açıqlamasında deyir: “Səudiyyə Ərəbistanı 1973-cü ildə Səudiyyə Ərəbistanından alınan hər barrel neftin ABŞ dolları ilə qiymətləndiriləcəyi haqda saziş bağlamaqla ABŞ-a yardım etməyə başladı. 1974-cü ildə OPEK-in bütün ölkələri öz neft ehtiyatlarını dollarla qiymətləndirməyə razılaşdı ki, bu da ona dünya valyutası olmaq və neft dolları erasının başlanğıcını qoymaq imkanı verdi”.

O, hesab edir ki, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına yardımı iki ölkə arasında sabitliyini uzun müddət ərzində saxlayan gizli ittifaq yaradıb. Səudlar amerikalı dostlarına həmişə köməyə gəlir, amma son zamanlar Birləşmiş Ştatlara Səudiyyə yatırımlarının miqdarı hiss olunacaq dərəcədə azalıb.

Əhməd Zəkralla bildirir ki, silah sövdələşmələri Körfəz ölkələri ilə ABŞ arasında davam edən əməkdaşlığın əsas aspektlərindn biridir. Səudiyyə Ərəbistanı dünyada Amerika silahının ən böyük idxalatçısıdır.

Zəkralla əlavə edir ki, bundan savayı, Fars körfəzi ölkələrindən gələn yatırımlar Amerika iqtisadiyyatında mühüm rol oynayır.

 

2. Silah: amerikalıları sakitləşdirmək üçün “rüşvət”

 

ABŞ dünyada əsas silah ixracatçılarından biridir. Fars körfəzi ölkələri isə Vaşinqtonun, az qala, ən mühüm müştərilərindən biridir. Stokholm Sülh Problemi Araşdırmaları Beynəlxalq İnstitutunun (SIPRI) məlumatına əsasən, ABŞ silah ixrac edən ölkələr siyahısına baçılıq edir. Hərbi ixrcatın ümumi həcminin 33%-i onun payına düşür. Səudiyyə Ərəbistanı isə Amerika silahının ən böyük idxalçısıdır və Amerika silah ixracatının 13%-i onun payına düşür.

Bundan başqa, SIPRI qeyd edir ki, Səudiyyə Ərəbistanı 2007-2011-ci illərlə müqayisədə 2012-2016-cı illərdə idxal həcmini 212% artırıb, eyni zamanda Qətərin silah idxalatı 245% çoxalıb. Qətər Amerika silahının idxalatçı ölkələri reytinqində birinci yeri tutur. ABŞ Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik üzrə Agentliyinin (DSCA) məlumatına görə, onun ABŞ-la sövdələşmələri 21, 881 milyard dollara çatıb. İkinci yerdə Küveyt gəlir: 11, 837 milyard dollar məbləğində silah alıb. ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ 2016-cı il ərzində Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-ə ümumilikdə, haradasa, 40 milyard dollar dəyərində silah satıb.

"Reuters" agentliyi adı çəkilməyən yüksəkçinli Amerika məmurundan sitat gətirib. O bildirib ki, ABŞ Səudiyyə Ərəbistanı ilə dəyəri, təxminən, 100 milyard dollara çata biləcək bir sıra silah sövdələşmələrini başa çatdırmaq üzrədir. Son nəticədə on il müddətində sövdələşmənin ümumi dəyəri 300 milyard dolları keçə bilər ki, bu da Səudiyyə Ərəbistanına müdafiə imkanlarını artırmağa şərait yaradacaq. Bu sövdələşmə ABŞ prezidenti Donald Trampın istehsalat sahəsində iş yerlərini artırmaq hesabına ABŞ iqtisadiyyatının inkişafına təkan vermək vədi fonunda baş verir. Bu cür sazişlər isə qoyulmuş məqsədə çatmaqda ona yardım edə bilər.

Bundan savayı, "Arabi21" saytı xəbər verib ki, hazırda Vaşinqton-Ər-Riyad münasibətlərində baş verənlər əsrin özünəməxsus “xərac”ıdır və izah edib ki, ABŞ-ın silah sövdələşməsindən əldə etdiyi məbləğ və yaxud öz infrastrukturuna yatırımlar amerikalıları sakitləşdirmək üçün Səudiyyə Ərəbistanının sadəcə “rüşvət”i deyil.

 

3. Vaşinqtonun Fars körfəzində xidmət keyfiyyətinin yüksəldilməsi əvəzində yatırımlar

 

Terrorizm sponsorlarına qarşı ədalət məhkəməsi” haqda qanun (JASTA) bir zamanlar ABŞ iqtisadiyyatına Səudiyyə yatırımlarının daxil olmasını təhdid edib. 2017-ci il yanvar məlumatına görə, FKƏDƏŞ-in (Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası-tərc.) iştirakçı ölkələrinin ABŞ-a yatırımı 4,7% artıb. ABŞ Maliyyə nazirliyi məlumat verib ki, 2017-ci il yanvarın axırına Körfəz ölkələrinin yatırımları 2016-cı il dekabrın axırındakı 206,8 milyon dollarla müqayisədə 218,4 milyon dollaradək çoxalıb.

Səudiyyə Ərəbistanı 2017-ci ilin yanvarında ABŞ-a 112,3 milyard dollarlıq xəzinədarlıq istiqrazları qoymaqla Amerikaya ən böyük yatırımçılar içində liderlik edir. Bu, yatırımların 102,8 milyard dollar təşkil etdiyi 2016-cı ilin dekabrındakı yatırımlarla müqayisədə 9,2% artımı göstərir.

BƏƏ 2017-ci ilin yanvarında 61,6 milyard dollar qoymaqla ikinci yeri tutur.

Küveyt 29,4 milyard dollar yatırıb və üçüncü yerdədir.

Oman 13,56 milyard dollar, Qətər isə 1,19 milyarda yaxın qoyub.

Siyahını ABŞ iqtisadiyyatına yalnız 662 milyon dollar qoymuş Bəhreyn bitirir.

Bu rəqəmlər istər hökumət olsun, istərsə də özəl, başqa investisiyalar daxil olmamaqla Fars körfəzi ölkələrinin ABŞ-ın ancaq xəzinədarlıq istiqrazlarına yatırımlarını göstərir. Bir neçə dəyərləndirməyə görə, bu, yüzlərlə milyard dollar təşkil edir. "Bloomberg" agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanı ABŞ-da infrastruktur layihələrinin  inkişafına 40 milyard dollar qoymağı planlaşdırır. Analitiklər hesab edirlər ki, Körfəz ölkələrinin ABŞ-a bu cür yatırımları ABŞ-ın Fars körfəzində təqdim etdiyi xidmətin keyfiyyətini yüksəltməyə səbəb olacaq.

Qeyd etmək lazım gəlir ki, Fars körfəzi ölkələri 2008-ci il dünya maliyyə böhranı nəticələrinin yumşaldılmasında fəal rol oynayıb. Böyük Britaniya baş naziri Qordon Braun Fars körfəzinin neftlə zəngin ölkələrini Beynəlxalq Valyuta Fondunu dəstəkləmək, iqtisadi böhrandan əziyyət çəkən ölkələrə əlavə vəsait toplamaq, həmçinin dünya maliyyə sisteminin bərpasında iştirak etməyə çağırandan sonra onlar iqtisadi sabitliyin qayıdışına öz töhfəsini verib. Qordon Braun bildirib ki, “İqtisadi böhranla mübarizədə hər kəsin öz rolu olmalıdır və məncə, neftlə zəngin ölkələr də öz rollarını oynamaq istəyirlər” və əlavə edib: “Səudiyyə Ərəbistanı və Fars körfəzinin başqa ölkələri çox əhəmiyyətlidir. Bunlar neft satışından gəlir əldə edən, yardım etməli olan ölkələrdir”.

 

4. Müdafiənin əvəzinə pul

 

Sual qalır: Fars körfəzi ölkələri öz növbəsində nə əldə edir? Artıq xatırladıldığı kimi, onlar müdafiənin əvəzində ABŞ-a “xərac” ödəyirlər. Lakin həm də yadda saxlamalıyıq ki, müdafiə təqdimi və Körfəz ölkələri maraqlarının qorunması ABŞ-ın hər bir rəhbərliyinin adi siyasətidir. ABŞ-ın keçmiş prezidenti Barak Obama 2016-cı il aprelin 21-də Ər-Riyadda FKƏDƏŞ liderləri ilə görüşdən sonra bildirib ki, ABŞ Fars körfəzi ölkərinə yönəlik istənilən təcavüzün qarşısını alacaq. Bu isə Körfəz ölkələrinin müdafiəsinin ABŞ-ın onlar qarşısında xəlvət öhdəliyi olduğundan xəbər verir. Ehtimal ki, ABŞ prezidenti Donald Tramp da indiki səfərində bu mülahizəni təsdiq edəcək.

Ola bilsin, bəziləriniz qeyd edə bilərsiniz ki, Trampın mövqeyi kökündən dəyişilib. O, iki il qabaq Səudiyyə Ərəbistanını “ABŞ-ın tələbi ilə qızıl və dollar ödəyən sağmal inək” adlandırmışdı. Həmçinin bildirmişdi ki, Səudiyyə Ərəbistanı ABŞ tərəfdən yardım və müdafiə təqdimi əvəzində pul ödəməlidir. Körfəz ölkələri ilə silah sövdəsi və yatırım planları uğurlu olsa, Trampın ritorikası dəyişəcəkmi?

 

Tərcümə Strateq.az-ındır.