XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 18:20

Məxfi saxlanan İŞİD-lə mübarizə strategiyası:İki od arasında qalmış şəhərlər və silahsız sakinlər - ARAŞDIRMA

Qasım İleri

"Anadolu News Agency" 

 

ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə strategiyasına etdiyi dəyişikliklərin mülki əhali arasında itkilərin və şəhərlərdəki infrastrukturun dağıdılmasını artıracağı, bununla bərabər, mübarizə çevrəsini genişləndirəcəyi və missiyadan kənara çıxacağı danışılır.

ABŞ-ın müdafiə naziri Cim Mattis yanvar ayında Trampın təlimatı ilə İŞİD-lə mübarizə strategiyasını hazırladıqlarını və strategiyaya iki dəyişiklik etdiyini söyləmişdi. Mattis həmin dəyişikliklərin güc tətbiqinin komandirlərə buraxılması və İŞİD-in güclü olduğu şəhərləri mühasirəyə alaraq yox etmək olduğunu demişdi.

Müdafiə naziri birinci dəyişikliyin İŞİD-ə qarşı məqamında addım atmaq üçün lazımlı olduğunu, ikinci dəyişikliyin isə xarici döyüşçülərin qaçmasına maneə törətmək üçün olduğunu vurğulamışdı.

 

Obamanın strategiyaya nəzarəti 

 

ABŞ-ın sabiq prezidenti Barak Obama güc istifadəsi səlahiyyətlərini Vaşinqtonda saxlayırdı. Suriya İraqda təkrarlanan hava hücumları istisna olmaqla, qeyri-yaşayış sahələrinə edilən hücumlar və ya terror təşkilatına aid düşərgələrə qurudan edilən həmlələr barədə məlumatlar əvvəlcə koalisiya mərkəzində (CAOC) analiz edilir, münasib seçənəklər Mərkəz Qüvvələr Komandanlığına (CENTCOM), oradan da Müdafiə Nazirliyinə (Pentaqon) ötürülürdü. Pentaqonun Ağ Evdən aldığı təsdiqdən sonra həmlə icra olunurdu.

Obama administrasiyasının bu strategiyasının arxasında hərbi əməliyyatların nəzarətdən çıxma riskini minimuma endirib ABŞ-ın daha geniş diametrli qarşıdurmalara girməsinin qarşısını almaq və hər əməliyyatda mülki əhali itkisi və infrastruktur dağıntılarını qiymətləndirmə fürsəti dururdu.

Pentaqon səlahiyyətlərinin məhdud olmasından narahat idi. CENTCOM komandanı Cozef Votel də, Qərargah Rəisləri rəhbəri Cozef Danford da Konqresdə bu barədə sulallardan yayınırdı.

 

Tramp Obamanın strategiyasını qismən qorudu

 

Obamanın İŞİD-lə mübarizə strategiyasıterror təşkilatına qarşı hava hücumu təşkil etmək, təşkilatın maliyyə qaynaqlarını qurutmaq, bölgədəki yerli müttəfiq qüvvələrə təlim və silah dəstəyi verərək İŞİD-in dirilməsinə maneə törətmək, onun ideologiyasına qarşı mübarizə aparmaq və təşkilatdan geri alınan bölgələri təkrar inşa etmək üçün beynəlxalq dəstəkdən ibarət, beş ana başlıqdan ibarət idi.

Tramp bu strategiyanı böyük dərəcədə qoruyub saxladı. Bununla birlikdə, Trampın hələ iqtidara gəlişinə qədər səlahiyyətlərin regiondakı komandirlərə verilməsinə dair Pentaqonun hazırlıq içində olduğu bilinirdi.

Vəzifəsinin icrasına başladıqdan bir həftə sonra, yanvarın 28-də Tramp, Pentaqona İŞİD-lə mübarizəni sürətləndirəcək plan hazırlamaq təlimatını verdi.

Pentaqon da əhəmiyyətli dərəcədə gizli qalan bir planı Ağ Evə mart ayında təqdim etdi. Rəsmi olaraq açıqlanmasa da, onun artıq həyata keçirildiyi düşünülür. Pentaqon, ilk dəfə Mattis tərəfindən rəsmi olaraq açıqlanan dəyişiklikləri brifinqlə dilə gətirsə də, onları dəyişikliklər kimi vurğulamırdı.

 

Dəyişikliklər mülki əhali arasında itkiləri artırdı


Mart ayında İraq və Suriyada böyük itkilər diqqəti çəkmişdi. Ancaq Pentaqon mülki əhali məsələsində Tramp administrasiyasının hər hansı bir güzəştə getmədiyini deyirdi.

Pentaqon, koalisiya hücumlarında ümumən 396 mülki şəxsin öldüyünü iddia etsə də, qeyri-hökumət təşkilatları Trampın üç aylıq dövründə mülki əhali arasında itki sayının mindən çox olduğunu bildirir.

Martın 17-də CENTCOM Hələbin Cina kəndi yaxınlığında hava hücumu həyata keçirdiyini açıqladı. Hücumda ən az 58 mülki şəxs həyatını itirdi.

Pentaqon məscidi hədəf almadıqlarını, məscidin qarşısındakı böyük bir binanın vurulduğunu açıqlasa da, binanın məscidlə əlaqəsinin nə olduğunu izah edə bilmədi. Bununla bağlı onun başladığı araşdırmanın nəticəsi də hələ elan olunmayıb.

ABŞ-ın Mosulun qərbində eyni zaman kəsimində təşkil etdiyi hava hücumunda təxminən 230 vətəndaşın həyatını itirdiyi iddia edildi. Pentaqon mövzu ilə əlaqədar rəsmi istintaqa başlayarkən, hücumların qurudan edilən dəstək çağırışına cavab olaraq reallaşdırıldığını bildirib.

Yenə eyni dövrdə ABŞ Raqqanı mühasirəyə alma çərçivəsində Fərat çayının cənubundakı Mansura yaşayış məntəqəsində bir məktəb binasını hədəfə aldı. Yerli qaynaqlara görə, yüzlərlə qaçqının sığınacaq yeri olan bu məktəbdə 40-a yaxın qaçqın həyatını itirdi. ABŞ binanın İŞİD tərəfindən istifadə edildiyini bildirərək mülki əhali itkisi iddialarını rədd etdi.

 

Şəhərlərdə dağıntı labüddür

 

İŞİD-lə mübarizə strategiyasında onun əlindəki şəhərlərin tamamilə mühasirəyə alınıb İŞİD-çilərin o şəhərlərdə yox edilməsi şəklində dəyişikliyin dağıntıları labüd edəcəyi bildirilir.

Amma İŞİD-in əlindəki şəhərlərdə infrastrukturun daha az təxribata məruz qalması üçün terorçulara qaça biləcəkləri bir yol saxlanılırdı.

Mattisin bu strategiyanı dəyişdirməklə əsas hədəfin şəhərdəki xarici terrorçuların qaçmasını maneə törətmək olduğu açıqlanmışdı. Ancaq bu halda, şəhər daxilində şiddətli küçə qarşıdurmalarının yaşanacağı və bunun təbii nəticəsi olaraq dağıntıların artacağı düşünülür.

Pentaqonun rəyincə, İŞİD-in kustar partlayıcılardan, gizli tünellərdən istifadə etməsi şəhərlərin alt strukturlarını istifadəedilməz hala gətirir. İraqda Ramadi, Bəycə və Mosulun şərq hissəsi, Suriyada isə Mənbic mahalındakı dağıntıları nümunə göstərən müdafiə rəsmiləri Raqqanın müdafiə məqsədli daha çox tələlərlə təchiz edilmiş ola biləcəyini düşünür.

 

Tərcümə: Strateq.az