XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 11:07

Varlı türklər Türkiyədən niyə qaçır? –Siyasi çalxalanmalar yeni köç dalğası doğurub - ARAŞDIRMA

Zülfikar Doğan

"Al-Monitor"

 

15 İyul hərbi çevriliş təşəbbüsündən sonra özünün və ailəsinin təhlükəsizliyi, uşaqlarının gələcəyi üçün narahat olan çox sayda türk ABŞ və müxtəlif Avropa ölkələrində daşınmaz əmlak satın alaraq və iqamət icazəsi istəyinə düşərkən, referendumdan sonra bu axtarışlar daha da sürətləndi.

16 Aprel 2017-ci il tarixli Konstitusiya dəyişikliyi ilə bu istəkdə olanların gələcək qayğıları daha da artmış görünür. Tək adam rejimi ilə demokratiyadan uzaqlaşma narahatlığı yurd xaricinə yerləşmə məsələsində ikinci dalğa yaradıb.

Yeni vətən axtarışında Almaniya, Belçika, Hollandiya, Norveç kimi Avropa ölkələrinə mühacirət müraciətlərində da artım müşahidə edilir. Yüzlərlə diplomatik pasportlu zabit və diplomatın Almaniyaya sığınma istəyinin qəbul edilməsi, Türkiyə və Almaniya arasında yeni bir siyasi böhranın başlanğıcı olmağa namizəddir.

Fövqəladə hal vəziyyəti (OHAL) Qanun Hökmündə Qərarnamələrlə (KHK) on minlərlə vəzifəli şəxs, hakim, prokuror, polis hərbçi, alim, müəllim, iş adamı terror təşkilatı üzvü iddiası ilə həbs olunub, ya da işdən çıxarılıb.

İxrac, nəzarət və həbslərin Fəthullahçı Terror Təşkilatı (FETÖ) üzvü olduqları iddia edilənlərlə məhdudlaşmayıb, getdikcə müxalif görülən hər seqmentdən insana yayılması qorxu və qayğıları böyüyür.

Müxalifətin "şübhəli və saxta" olduğunu iddia edərək mühakiməyə çıxardığı 16 Aprel referandumunda qəbul edilən Konstitusiya dəyişikliklərindən sonra təzyiqlərin daha da artacağını düşünənlər məsələnin həllini Türkiyədən ayrılmaqda görürlər.

Bu yeni dalğanın yönəldiyi ölkələr arasında, başda ABŞ olmaqla, İspaniya, Yunanıstan və digər Avropa ölkələri önə çıxır.

Dünyanın qabaqcıl daşınmaz əmlak, maliyyə və investisiya quruluşlarından olan "New World Wealth"in son hesabatına görə, zəngin türklərin ABŞ-dakı mənzil sərmayələri ən yüksək həddə çatıb.

1 milyon dollar və daha çox sərvəti olanların – təkcə 2015-ci ildə ABŞ-da mənzil alan zəngin türklərin sayı min nəfər ikən, 2016-da 6 min nəfərə yüksəlib. ABŞ-a mənzil investisiyası və köç dalgasındaki bu artım Türkiyəni dünya siyahısında da ilk beşliyə çıxarıb.

Digər tərəfdən, mənzil alanlara beş il iqamət icazəsi verən İspaniya, Yunanıstan kimi ölkələrə "Türk axını"nda da yüksəliş baş verir.

Barselonada ev alan türklərin sayındakı artım beynəlxalq daşınmaz əmlak investisiyaları təşkilatı "Lucas Fox International"ın statistikalarında da əksini tapıb.

İngilislərdən sonra ikinci sıraya yüksələn türklərin marağındakı bu artımla əlaqədar olaraq "Lucas Fox"un may ayının əvvəlində yayımlanan hesabatında bu qiymətləndirmə mövcuddur: "Türklər mövcud siyasi qarışıqlığı nəzərə alaraq İspaniyanı investisiya üçün etibarlı cənnət hesab edirlər".

Yunanıstan isə həm coğrafi yaxınlıq, həm də mədəni oxşarlıqlar baxımından türklər üçün son dövrdə önə çıxan digər investisiya ölkəsidir. Yunanıstanın 250 min avro və daha baha qiymətə daşınmaz əmlak alışlarına tanıdığı beş illik iqamət icazəsi bütün ailə fərdlərini əhatə edir.

"Times" qəzeti 2 may tarixli bir xəbərində türklərin Yunanıstana yerləşmə planlarında yüksələn dalğa barədə məlumat verib. "Narahat türklər Yunanıstanda yeni bir həyat axtarır" başlıqlı həmin xəbərdə 15 İyul çevriliş təşəbbüsündən sonra başlayan dalğanın 16 Aprel referandumundan sonra daha da sürətləndiyi qeyd olunur.

Afina – seçilmiş şəhərlərin başında gələrkən, türk mənzil sərmayəçiləri Mikonos, Santorini, Rodos, Kirit kimi adalarda da ev satınalmanı sürətləndirib. "InterCasa" daşınmaz əmlak şirkətinin baş direktoru Mina Buqonikolu türklərin Yunanıstanda daşınmaz əmlak alışlarına artan marağını "Türkiyədəki siyasi vəziyyət və bir çox türkün hiss etdiyi etibarsızlıq duyğusunun Yunanıstana sərmayə marağını artırıb", – deyə izah edir.

"COLDWELL Banker" kimi beynəlxalq əmlak məsləhətçiliyi təşkilatlarının Türkiyədəki nümayəndəliklərinin rəhbərləri də əvvəllər həftədə bir, ya da iki adamın xaricdə mənzil alışı ilə əlaqədar məlumat almaq üçün müraciət etdiyini, amma son dövrdə gündə onlarla adamın bu məqsədlə təşrif gətirdiyini, ya da veb-saytlara girdiyini söyləyir. İspaniya, Yunanıstan, İngiltərə, İrlandiya ən çox soruşulan ölkələrdir.

Türkiyədəki siyasi və iqtisadi mühitin yaratdığı pessimizm, çox sayda şirkətin və bank hesablarının müsadirə olunması, iş adamlarının həbs edilməsi, məhkəmə şikayətlərinin rədd edilməsi və bənzər səbəblər yerli iş adamları və sənayeçiləri də etibarlı ölkələrdə investisiya axtarışına istiqamətləndirir.

AKP iqtidarı dövründə – 15 ildə türk iş adamlarının xaricdə sənaye sərmayələrinin məbləği 37 milyard dollara çatıb.

İqtisadiyyatın xaricə açılması və qlobal rəqabət baxımından bu tərz yönəliş müsbət görünsə də, 13%-ə çatan işsizlik başda olmaqla, iqtisadi göstəricilərdəki pisləşmə Türkiyənin yeni investisiya və məşğulluq ehtiyacının çox böyük olduğunun işarəsidir.

Türkiyə Korporativ İdarəetmə Dərnəyi (TKYD) sədri Əli Pandır referendum öncəsi bir çox şirkətin risk analizi etdiyini, yeni investisiya strategiyaları təyin etdiyini vurğulayır. Pandır, Türkiyə-AB əlaqələrindəki gərginliklər və referendum sonrası yaranan siyasi vəziyyəti nəzərə alan bir çox şirkətin həm AB-dən qopmamaq, həm etibarlı investisiya mühiti, həm də xərcləri nəzərə alıb, Şərqi Avropa ölkələrinə investisiya yönəltdiyini bildirir. Dərnək sədri "Praqa təyyarələri indi türk sənayeçiləri ilə dolur", – deyir.

Türklərin Türkiyədən çıxış axtarışları artarkən xaricilərin Türkiyəylə əlaqəsi sürətlə azalır. Hökumətin 1 milyon dollar və daha çox vəsaitlə daşınmaz yatırımı edən xaricilərə vətəndaşlıq vədinə qarşılıq olaraq xaricilərin Türkiyədəki mənzil alışları düşür.

15 İyul çevriliş təşəbbüsündən sonra xaricilərin Türkiyədə mənzil alışları 2016-ci ildə 20.3% enib. Türkiyə Statistika Təşkilatının (TÜİK) mənzil satışları ilə əlaqədar son statistikası enişin bu il də davam etdiyini göstərir.

Türkiyədə mənzil alan xaricilər əsasən İraq, Səudiyyə Ərəbistanı, Küveyt və Əfqanıstan vətəndaşlarıdır.

Yaxın Şərq ölkələrinin vətəndaşları Türkiyədə özlərinə yeni həyat axtararkən, türklər yeni həyat axtarışlarında Qərbi Avropa və ABŞ-a üstünlük verirlər.

 

Tərcümə: Strateq.az