XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 17:59

Nazarbayev rəqiblərinin yolunu bağladı- Hakimiyyəti itirmək istəməyən Qazaxıstan liderindən sürpriz qərar

Mayın 25-də Qazaxıstanda "Seçkilər haqqında" qanuna dəyişiklik edildi. Günlərdir yerli əhali arasında bu dəyişikliklərlə bağlı müzakirə və mübahisələr gedir. Qazaxıstan Məclisinin (parlament) aşağı palatası dəyişiklikləri müzakirəsiz qəbul etdi. Dəyişikliklərə əsasən, bundan sonra heç kim Qazaxıstanın ərazi bütövlüyü, dövlət quruluşu,  birinci prezident Nursultan Nazarbayevin statusu (Millətin atası) kimi məsələlərlə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edə bilməz. 

 

Kimlər prezidentliyə namizəd ola bilər?


Bir çoxlarını narazı salan, məlum dəyişikliyin onların seçilmək hüququnu məhdudlaşdırmasıdır. Belə ki, yeni tələblərə görə, prezidentliyə namizəd dövlət qulluğunda və ya seçkili dövlət vəzifələrində 5 ildən az olmayaraq iş təcrübəsinə sahib olmalıdır. Bundan başqa hər bir namizəd tibbi müayinədən keçməli, prezident səlahiyyətlərini icra etməyə mane olan hər hansı xəstəliyinin olmadığını təsdiq edən tibbi arayışı müvafiq quruma təqdim etməlidir.

Qazaxıstandan olan müxalifyönlü siyasətçi Amircan Kosanov hökumətin bu addımını "Facebook" səhifəsində belə şərh edib: "Qəribə vəziyyət yaranıb. Belə çıxır ki, əgər sən məmur olmamısansa, prezidentliyə namizədliyini irəli sürə bilməzsən. Və ya hökumətin nəzarətində olan səhiyyə orqanları sənə Prezident Administrasiyasının sifarişiylə istədiyi arayışı verə bilər".  

Kosanov prezidentliyə namizədlərlə bağlı dəyişiklikləri antikonstitusion adlandırıb: "Bu, hökumətin istənilən alternativdən necə qorxduğunu, özünə inamının olmadığını, zəifliyini göstərir". 


Belarusun iziylə…


Tarixçi-publisist Asılbek Bisenbayev də hesab edir ki, dəyişikliklər hakim elitanın maraqlarına xidmət edir: "Qazaxıstanda fəaliyyətdə olan siyasi partiyalar alternativ namizəd irəli sürə bilmirlər. Çünki hamısı sistemin bir hissəsidilər. Ölkənin seçki tarixində prezidentliyə namizəd olmaq nümunələri olub. Lakin bu seçki sisteminin guya demokratik olduğu görüntüsünü yaratmağa xidmət edib. Son dəyişikliklərin məqsədi real namizədlərin meydana çıxmasının qarşısını almaqdır". 

Bisenbayevin dediyinə görə, ölkədə iqtisadi böhran, korrupsiya, qeyri-peşəkarlıq, uğursuz siyasi-iqtisadi addımlar real namizədlərin ortaya çıxmasını labüd edirdi. Bu səbəbdən də ölkə parlamenti qarşıdakı seçkilərin sistemin tam nəzarətinə keçməsi üçün qanuna dəyişikliklər etdi: "Belarusda məşhur bir zarafat var ki, ancaq prezident təcrübəsi olan şəxs prezident ola bilər. İndi Qaxaxıstan da Belarusun yolu ilə gedir". 


Nazarbayevin varisləri varmı? 

 

Qazaxıstanlı politoloq Talqat Kaliyev deyir ki, son dəyişikliklər əsla mütərəqqi sayıla bilməz və siyasi manevr imkanlarını kəskin şəkildə məhdudlaşdırır: "Elektorata prezidenti çox məhdud namizəd dairəsindən seçmək təklif olunur. Nəzərdə olmayan bir siyasi fiqurun qəfil meydana çıxmaq şansı aradan qaldırılır. Belə çıxır ki, "yuxarıda" varislərin rəqabət qabiliyyətli olmasına böyük şübhələr var. Ona görə də ortaya çıxa biləcək istənilən sürprizdən sıtortalanmağa çalışırlar".

Politoloqun fikrincə, dövlət qulluğunda ən azı 5 illik təcrübəsi olmayanların prezidentliyə namizəd ola bilməməsi ayrıseçkilikdir və vətəndaşların seçilmək hüququnu məhdudlaşdırmaqdır: "Bu, Konstitusiyanın 33-cü maddəsinin ikinci bəndinin pozulmasıdır. Bu məhdudiyyətin xaricdə yaşayan müxaliflərin də yolunu bağladığı barədə deyilənlərlə razı deyiləm. Çünki onlarla bağlı onsuz da başqa bir məhdudiyyət vardı. Son 15 ildə ölkəsində fasiləsiz yaşamayanlar onsuz da namizəd ola bilməzdi".

Qazaxıstanın ədliyyə naziri Marat Beketayev isə iradları qəbul etmir və qanuna edilən dəyişikliklərin beynəlxalq təcrübə baxımından normal olduğunu deyir. Onun fikrincə, bu yenilik prezidentliyə namizədlikdən öz məqsədləri üçün istifadə hallarının da qarşısını alacaq: "Bəziləri özünü reklam etmək üçün prezidentliyə namizəd olurdu. İndi bunu etmək mümkün olmayacaq".

Nursultan Nazarbayev Qazaxıstana 1989-cu ildən rəhbərlik edir. 2015-ci ildə keçirilən son seçkilərdə o, səslərin 98 faizini yığmışdı. Qazaxıstanda müxalifət olsa da, hakimiyyətin ciddi təzyiqi altındadır… 

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə