XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

27 May 2017 - 10:38

Ermənistan demoqrafik fəlakət qarşısında –Sərkisyanın "əhalini artırma proqramı"nı ermənilərin özləri də lağa qoyublar – Təhlil

İosif Qubadyan

Regnum İA, 26.05.2017

 

2040-cı ilə doğru Ermənistan əhalisini 4 milyon nəfərədək artırmaq – Ermənistan prezidenti Serj Sərkisyan altıncı çağırış Milli Məclisə bu günlərdəki məktubunda bu cür vəzifə qoyub.

Ermənistan prezidenti demoqrafik problemlərdən savayı ölkə hökumətinin can atmalı olduğu başqa hədəfləri də səsləndirib. Bu başdan qeyd etmək lazım gəlir ki, artıq ölkənin praktik olaraq aparıcı iqtisadçılarının hamısı qoyulmuş iqtisadi vəzifələri "yerinə yetirilməz iş" adlandırıb.

Deməli, Serj Sərkisyan bildirib ki, 2016-2040-cı illər müddətində “ÜDM-in, təxminən, ortaillik beş faizlik artımını təmin etməli və 57-60 milyard dollardan çox göstəriciyə yetərək beş dəfə yarım inkişaf təmin etməliyik”.

Adambaşına düşən ÜDM gəliri “həm ÜDM-in artım tempi, həm də demoqrafik durumun yaxşılaşdırılması nəzərə alınmaqla” 3500 ABŞ dollarından 2040-ci ilə doğru, təxminən, 15 000 dollara çatdırmaq nəzərdə tutulur.  

Bundan başqa, ixracatı əhəmiyyətli şəkildə çoxaltmaq planlaşdırılır. Ermənistan prezidenti deyib: “İxracatın təşviqi və rəqabət qabiliyyətinin yüksəldilməsi nəticəsində ən yaxın beş ildə mal ixracatı və xidmətlər ÜDM-in 40-45%-ni təşkil etməli, sonra isə həmin tendensiyanı saxlamaqla bu göstərici 2040-cı ildə ÜDM-in 50-55%-nə çatmalıdır”. Minimal əməkhaqqı və yoxsulluq həddinin 2022-ci ilə qədər 190% və 2043-cü ilədək 300% artımını təmin etmək planlaşdırılır.

Erməni ekspertləri prezidentin səsləndirdiyi rəqəmlərin analizindən başqa başa düşmürlər ki, ən yaxın 20-25 ildəki vəzifələri necə proqnozlaşdırmaq və qoymaq olar.

İqtisadi icmalçı Ayk Gevorkyan hesab edir: “Proqramın gerçəkləşdirilməsinin məqsədli müddəti 2040-cı ildir. Serj Sərkisyanın sərəncamlarının yerinə yetirilib-yetirilmədiyini yalnız 23 ildən sonra ümumiləşdirmək mümkündür. Ciddi danışsaq, iqtisadiyyatda makroiqtisadi göstəriciləri 23 il əvvəldən nəzərdə tutmaq qəbul olunmur. İqtisadçıların özlərinə rəva bildikləri ən böyük dövr 5-10 ildir. Bayırda XXI əsrdir, texnologiyalar elə bir sürətlə çoxalır, dünya iqtisadiyyatı o qədər sürətli dəyişimlərə məruz qalır ki, hətta beş ilə də proqnoz vermək olduqca çətindir. Bizdə isə, gördüyümüz kimi, 23 illik perspektivə makroiqtisadi göstəricilər nəzərdə tutulur. Çox güman ki, dünya iqtisadi cəmiyyəti bu cür bəyanatdan sonra dəhlizə siqaret çəkməyə çıxacaq”.

Serj Sərkisyan öz nitqində niyə 2040-ci ilin xatırladıldığını izah etsə də, ekspertlər prezidentin izahatını tutarsız sayırlar.

Serj Sərkisyan deyib: “Ermənistanın müstəqillik qazandığı vaxtdan 25 ildən çox keçib. Bu, dərin təhlil aparmaq və nəticələr çıxartmaq üçün kafi vaxtdır. Zamanıdır ki, proqramlarımızda hədəfin qurulma üfüqü, ən azı, 20-25 il olsun ki, partiya mənsubiyyətindən asılı olmayaraq bizim can atdığımız və əldə edəcəyimiz arzu və məqsədləri əks etdirsin”.

Lakin makroiqtisadi göstəricilər qəbul edilməyibsə, daha doğrusu, 23 ili əvvəlcədən nişanlamaq mümkün deyilsə, onda demoqrafiyaya nisbətdə məhz uzunmüddətli proqramlar tətbiq olunur. Artıq qeyd edildiyi kimi, hakim Respublika Partiyası lideri Ermənistan əhalisini 2040-cı ilə doğru 4 milyona çatdırmağı planlaşdırır. Serj Sərkisyan ismarıcda qeyd edib: “Əvvəlki 25 ilin demoqrafik durumunun gedişatı bir sıra obyektiv və subyektiv amillərlə şərtlənmişdi, nəticələr isə olduqca təşvişli və qəbuledilməzdir. Qarşdakı onilliklərdə bizim fövqəlvəzifəmiz Ermənistanda demoqrafik durumun yaxşılaşdırılması olmalıdır”.

Onun fikrincə, bu yöndəki işi üç müstəviyə bölmək olar: 1) mühacirətin dayandırılması, 2) doğuşun yüksəldilməsi və yaşayış müddətinin artırılması və 3) mühacirət edənlərin dönüşü üçün şərait yaradılması.

Dövlət başçısı bildirib: “Həyata keçirilmiş təhlil əsasında qeyd edilən hər bir istiqamət üzrə əvvəlki 25 ildən fərqli olaraq qarşıdakı 25 ildə və ondan sonra əhali sayının maksimal şəkildə mümkün artımı  kimi tədbirlərin hazırlanması və gerçəkləşdirilməsi lazımdır. Demoqrafik durumun əsaslı və kəskin şəkildə yaxşılaşdırılması nəticəsində 2040-cı ildə əhalinin minimal sayını 4 milyona çatdırmaq gərəkdir”.

Lakin ekspertlər burada da əldə olan göstəriciləri təhlil edərək hesab edirlər ki, planka çox yuxarı qaldırılıb. BMT əhali Fondunun Ermənistan ofisinin icraçı direktoru Qarik Ayrapetyanın fikrincə, Ermənistanda əhali sayının 2040-cı ilə 4 milyona çatdırılması çətin yerinə yetiriləcək vəzifədir. Ekspert hesab edir ki, Ermənistan 20 ildə, heç olmasa, 3,5 milyon nəfərlik göstəriciyə çatsa, bu, Ermənistan üçün çox gözəl göstərici olacaq.

O deyir: “Nəzəriyyədə hər şey mümkündür. Ancaq imkanlarımızı gerçək şəkildə hesablamaq istəyiriksə, onda düşünürəm ki, səsləndirilmiş rəqəmlərə yetmək yetərincə çətin olacaq. Hətta səsləndirilmiş rəqəmin 50%-ni əldə edə bilsək, hesab edirəm ki, bizim üçün irəliyə doğru böyük addım olacaq. Əhali sayını 300, 400 və yaxud 500 min nəfər artıra bilsək, çox böyük tərəqqi və demoqrafik durumun yaxşılaşdırılması baxımından böyük addım olacaq”.

Bəs indiki anda əhalinin təbii artımı üzrə Ermənistanın hansı göstəriciləri var? Milli statistika xidmətinin birinci rüb üçün məlumatını cansıxıcı adlandırmaq olar.  

Birincisi, doğuş 2016-cı ilin analoji dövrü ilə müqayisədə kəskin şəkildə azalıb. 2016-cı il I rübdə Ermənistanda 9 125 uşaq doğulubsa, bu il cəmi 8 534-ü doğulub. 2011-ci ilin ilk üç ayında doğulanların sayı 10 min nəfər idi. 7 il ərzində doğuş 16% azalıb.

Ölüm də kəskin şəkildə artıb. 2017-ci ilin I rübündə 8037 ölüm qeydə alınıb. Bu rəqəm 2016-cı ilin I rübündə 7744 nəfər təşkil edib.

Lakin demoqrafiya baxımından ən önəmli göstərici əhalinin təbii artımı, yəni doğuşla ölüm arasındakı fərqdir. Məhz bu göstərici düşüncə doğurur ki, 2040-cı ilə doğru Ermənistan əhalisinin istənilən, hətta cüzi artımını da böyük nailiyyət saymaq olar.

Budur, 2017-ci ilin I rübündə Ermənistanda əhalinin təbii artımı 497 nəfər olub. Bu, keçən ilki göstəricidən (1381), haradasa, üç dəfə azdır. Ən dəhşətlisi isə budur ki, bu göstəricinin azalması artıq dalbadal beşinci ildir müşahidə olunur. 2013-cü ildə təbii artım 2061 nəfərdən ibarət olub.

Bu cür sabit tendensiya göstərir ki, hansısa amillərin, məsələn, növbəti ildə dəyişiləcək qısamüddətli hadisə ilə uğraşmırıq. “Aykakan Jamanak” qəzeti sübut kimi daha bir göstərici – nigahların sayını gətirir. 2017-ci ilin I rübündə 3544 nigah qeydə alınıb, halbuki, məsələn, bu rəqəm dörd il əvvəl 4744 olub.

Qəzet yazır: “Bu fəlakətli tendensiyanı mümkün qədər tez dəf etməyin yeganə üsulu ancaq sürətli və radikal iqtisadi islahatların doğura biləcəyi kütləvi mühacirətdir. Lakin siyasi proseslər göstərir ki, ən azı, indiki anda bu cür dəyişikliklər perspektivi yoxdur”.

Artıq sözügedən BMT Əhali Fondunun Ermənistan ofisinin təmsilçisi Qarik Ayrapetyan da hesab edir ki, demoqrafik durumun yaxşılaşdırılması üçün immiqrasiyanı təşkil etmək lazımdır. Ekspert “Azatutyun” radiostansiyasının efirində deyib: “Ola bilsin, bu cür tədbir daha sürətli nəticə doğurar. Amma adamların bura qayıtmaq istəməsi üçün ölkəni olduqca cəlbedici etmək gərəkdir”.

Onun fikrincə, ikinci istiqamət doğuşun yüksəlişidir ki, “bu da o qədər asan vəzifə deyil”.

Ayrapetyan qeyd edib: “Son 20-25 ildə doğuş göstəricisinin müəyyən artımını təmin etməyə nail olmuş ölkələr doğuşun bir başa artırılmasına hədəflənməmiş, ailənin rifahına özülüyündə kompleks proqram çərçivəsində yanaşan ölkələrdir. Və daha bir, üçüncü səbəb: bizim cəmiyyət qocalan cəmiyyətdir və kifayət qədər sürətli templə qocalırıq. 2050-ci ilədək əhalinuin, təxminən, dörddə biri 60 yaşdan yuxarı olacaq. Bu adamları – əhalimizin dörddə birini necə dolandırmalıyıq? Onların iqtisadi dəyər yaratmağı və cəlb edilməyi üçün bunu ağır yük, yoxsa fürsət kimi qəbul etməliyik? Nəzəriyyədə hər şey mümkündür. Amma bunun üçün çox ciddi qayğı göstərmək, bu sahəyə olduqca ciddi yanaşmaq və ciddi yatırımlar həyata keçirmək lazımdır”.

BMT Əhali Fondu iki il əvvəl kiçik bir aşadırma apararaq nəticəyə gəlib ki, ən əlverişli ssenari halında bu istiqamətdə addımlar atılsa, 2050-ci ilə doğru Ermənistan əhalisi 3,2 milyon nəfər təşkil edəcək. Mühacirətin azalması və doğuşa təkan verilməsi üçün heç bir işin görülməyəcəyi əlverişsiz ssenari halında isə Ermənistanda 2 milyon nəfərdən az adam qalacaq.

Prezident Serj Sərkisyan əvvəlki ismarıclarında demoqrafik problemə heç vaxt bu cür təfərrüatlı və rəqəmlərlə toxunmayıb, hətta hökumətin proqramında da konkret rəqəmlərlə ifadə olunmuş hədəflər tapmaq çətindir. Təkcə 2012-2017-ci illər proqramında göstərilib ki, hökumət doğuş əmsalını 1,8-ə çatdırmaq niyyətindədir. Lakin bu əmsal 2012-ci ildəki kimi 2016-cı ildə də eynilə qalıb – 1,6.

Ermənistan rəsmi statistikasının rəqəmləri hökumət proqramlarından fərqli olaraq daha parlaqdır. 2008-ci ildən başlayaraq Ermənistanda əhali həmişə 100 min nəfərdən çox azalıb – 3,1 milyondan 2 milyon 990 min nəfərə qədər. Miqrasiya xidmətinin məlumatına əsasən, 2008-ci ildən bu günə qədər 346 minə yaxın adam Ermənistandan həmişəlik gedib.

Bəzi ekspertlər də hesab edirlər ki, əhali artımı üçün əsas amil Dağlıq Qarabağ münaqişəsinin həlli ola bilər. Axı çoxları hərbi əməliyyatların mümkün başlanması üzündən getmək qərarına gəlir. Lakin artıq bu, söhbət üçün ayrıca bir mövzudur.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə