Tomas Erdbrink
"New York Times"
İrana düşmənçiliyini heç vaxt gizlətməyən prezident Tramp bu ölkəni təcriddə saxlamaq üçün bu yaxınlarda sünni dövlətləri böyük regional strategiyanı həyata keçirməyə səslədi. Lakin Tehran bu çağırışa təəccüblü soyuqqanlılıq ilə yanaşdı, çünki əslində, Tramp administrasiyası İranla əməkdaşlıq istəyini nümayiş etdirdi.
Son günlərdə İslam Respublikası üçün pis xəbər yetərincə çox idi. Tramp İranın amansız düşməni olan Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səudun qonağı oldu və bu ölkə ilə rekord məbləğdə – 110 milyard $-lıq silah müqaviləsi imzaladı, Ərəb-Amerika zirvə iclasında iştirak etdi.
Buna cavab olaraq İranın ali lideri Ayətullah Əli Xamnei silah satışının heç nəyi dəyişməyəcəyini bildirdi.
"Bu səfehlər güman edirlər ki, İslam düşmənlərinin dostluğunu pul xərcləyərək qazana bilərlər, – deyə Xamneinin öz veb-səhifəsində qeyd olunmuşdu. – Onlar süd verən inəklər kimidir. Süd bitənə qədər sağılacaq, sonra öldürüləcəklər".
Hər iki tərəfdən sərt danışığa baxmayaraq, İranda 22 milyard $ dəyərində iki əqdlə Amerika istehsalı olan "Boeing" təyyarələrinin çatdırılmasını gözləyirlər. Birləşmiş Ştatların şirkəti və "İran Aseman" arasında ən son müqavilə prezident Trampın and içməsindən iki ay sonra imzalanıb.
Seçki kampaniyasında Tramp sənayedə məşğulluğu canlandırma vədi vermişdi, odur ki, 18 min iş yeri yaradan müqaviləni bir sərəncamla öldürmək istəyində deyil.
Kampaniya zamanı cənab Tramp İranla nüvə sazişini "ən pis sövdə" adlandırmışdı. Amma aprel-may aylarında o, sakitcə müəyyən mühüm sanksiyaların ləğvi barədə sərəncamlar imzaladı. Bu sərəncamlar, "Boeing"lə müqavilənin qüvvədə qalması İrana yenidən beynəlxalq biznes yürütmə və uzun müddətdir ABŞ-da dondurulmuş vəsaitləri əldə etmə imkanı verir.
Tramp administrasiyasının İslam Respublikası ilə əməkdaşlıq etmək istəyinə daha bir sübut Riyadda prezidentin sərt çıxışını izləyən dövlət katibi Reks Tillersonun sözləridir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ona zəng edərsə, təpki necə olacaq? Cənab Tillerson dedi ki, o, zəngə cavab verəcək.
"Mən heç vaxt danışmaq və ya səmərəli söhbət etmək istəyən adamlar üçün telefonu bağlamıram", – Tillerson bildirib.
Tramp administrasiyasının İranla bağlı əhəmiyyətli bir nöqtəyə gəlib çıxması görünür: bir yandan, administrasiya regionda İranın təsirini genişlənməsindən şikayətlənir, digər yandan, iki ölkənin ən azı işgüzar əlaqələr saxlamasını vacib hesab edir.
Birləşmiş Ştatlar Tehranla əməkdaşlıq olmadan Yaxın Şərqdəki problemlərin həllində çətin anlar yaşayacaq: Livanda o, şiə militant qrupu "Hizbullah"ı dəstəkləyir; Suriyada prezident Bəşər Əsəd hökumətini qoruyur; İraqda baş nazir Heydər İbadi hökumətini dəstəkləyir və güclü şiə milisləri hazırlayır; Yəməndə müəyyən dərəcədə hökumətə qarşı husi üsyançıların tərəfindədir…
Məhz buna görə bəzi analitiklər deyir ki, əgər kompromis üçün yer olacaqsa, iki ölkə danışıqlara başlayacaq, Birləşmiş Ştatlar İrandan regional məsələlərdə güzəştlər qopararaq onun iqtisadiyyatı üzərində nəzarətlə, ticarət aparacaq…
Mayın 25-də Senatın Xarici Əlaqələr Komitəsi insan hüquqlarının pozulması və terrorizmə dəstək verdiyi üçün İrana qarşı yeni sanksiyaları təsdiqlədi.
Bu yaxınlarda yenidən seçilən prezident Həsən Ruhani ikitərəfli danışıqları mümkün saydı…
Cənab Ruhani hələ də İran iqtisadiyyatını boğan ABŞ sanksiyaları ilə bağlı vədlər verib. İndi ona əlavə danışıqlar lazımdır. İran siyasətinin islahatçı analitiki Maşallah Şəmsülvaezin təklif edir: "Vaşinqtondakı yeni rəhbərliyin özəl sektor təcrübəsi danışıqları daha cəlbedici edə bilər. Tramp, Tillerson və başqaları – onlar iş adamlarıdır, bu, tacirlər administrasiyasıdır. Onlar mübarizə aparmır, problemləri həll edir".
Xarici işlər naziri Zərifin bir məsləhətçisi də birbaşa danışıqları istisna etməyib, lakin o bildirib ki, iranlılar hələ də cənab Trampın fikirlərini oxumaqda çətinlik çəkirlər. "O biznesmendir, – məsləhətçi Hüseyn Şeyxülislam deyib.- Amma biznesdə də impulsiv və gözlənilməz hərəkətlər edir".
Tərcümə: Strateq.az