XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 13:23

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi alyansa doğru gedir:Rusiya-İran tandemi buna necə reaksiya verəcək? – TƏHLİL

İrina Corbenadze

rosbalt,ru, 29.05.2017

 

Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirləri keçən həftə əməkdaşlığın dərinləşməsi, sülh və sabitliyin bölgə və beynəlxalq səviyyədə təminatında birgə səylər haqda sənəd imzalayıblar. Gürcüstan müdafiə idarəsinin məlumatına görə, tərəflər müdafiə nazirliklərinin başçıları səviyyəsində artıq mövcud olan üçtərəfli əməkdaşlıq formatına paralel olaraq yeni formatın – üç ölkənin silahlı qüvvələri Baş qərargahlarının qarşılıqlı fəaliyyətinin qurulması haqda razılığa gəlib.  Baş qərargah rəisləri ilk toplantını cari ilin payızında Tiflisdə keçirəcəklər. Türkiyədə artıq iyunun əvvəlində birgə hərbi manevrlər, sentyabrda isə qərargah kompüter təlimləri baş tutacaq.

Bu xəbər İrəvanda ekspertlərin kəskin reaksiyasını doğurub – rəsmilər Ermənistanın mühasirə durumunu əsaslı şəkildə yüngülləşdirən Gürcüstanla münasibətləri korlamamaq üçün şərh verməyə risk etmirlər. Ermənistan mətbuatı xüsusən də respublika Elmlər Aakdemiyası Şərqşünaslıq institutunun direktoru, Gürcüstan, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının Ermənistan təhlükəsizliyi üçün təhlükə təşkil etdiyini bildirmiş Ruben Safrastyanın fikrini tirajlayıb. O, hesab edir ki, bu format Ermənistanın təcridini məqsəd qoyur və Ankaranın ekspansionçu səyləri və Cənub Qafqazda maraqlarının yeridilməsi üçün əlverişli meydançadır. “Bu cür hərbi təlimlərin keçirilməsi faktının özü bizi ehtiyatlandırmalıdır, – ekspert mülahizə edir. – Xəritəyə nəzər salın və aydın olur ki, təlimlər Ermənistana qarşı yönəlib”.

Onun sözlərinə görə, Türkiyənin bölgədə öz mövqelərini bərkitmək cəhdi onun siyasi vektorunun dəyişilməsi ilə bağlıdır: “Avropaya inteqrasiya daha bu ölkənin xarici siyasətinin prioritet istiqaməti deyil, buna görə də hazırda xarici siyasət resursları Şərqə yönəlib”.

Bundan başqa, “Prezident Ərdoğan Osmanlı imperiyasının mirasına bəzi iddialarla Türkiyəni özünəməxsus dövlət kimi görən rəhbərliyin təmsilçisidir”.

Üç dövlətin ittifaqının məhz hansı vaxtda baş verdiyi və bunun təhdidli hərbi “fasad”ının arxasında nəyin dura bildiyinə diqqət yetirək. Türkiyə Yaxın Şərq problemələrinin lap ortasında yerləşir. Rəsmi Ankarann daxili və xarici siyasəti tükdən asılıdır: ölkənin özündə baş tutmamış hərbi qiyamdan və yaxud imitasiyasından sonra kütləvi həbslər və özgə cür düşünən “türk xalqının düşmənləri”nin, xüsusən də ABŞ-da yaşayan islam vaizi Fətülla Gülənin ardıcılları və Türkiyənin prezident idarəçiik formasına keçidini bərqərar etmiş referendum əleyhdarlarının işdən çıxarılması gedir.

ABŞ prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayib Ərdoğanla bu yaxınlardakı görüşünə baxmayaraq bu ölkə ilə münasibətlər, güman etmirəm ki, səmimiləşib: yeni Amerika administrasiyası, hesab olunduğu kimi, “terrorçu” PKK ilə eyni qoşquda olan Suriya kürdlərini silahlandırmaq ideyasından imtina etməyib. Ərdoğan həmçinin Vaşinqtonu Gülənin həbsi və Türkiyəyə ekstradisiyasına inandırmağa nail olmayıb. Ankaranın Avropa Birliyi ilə münasibətləri də Türkiyəni AB-yə daxil olmaqla bağlı uzun müddət gözləməyə məcbur etmiş və indi bu ölkədə insan haqlarına görə ağır durum nəzərə alınmaqla uyğun mövzunu ümumiyyətlə bağlamağa tam əsas əldə etmiş sonuncunun fərəhindən tam bərbad olub.

Rusiya ilə münasibətlərdə bu yaxınlardakı dalaşdan, sonra isə, az qala, sevgivari sürətli istiləşmədən sonra hələlik hər şey sonadək aydınlaşmayıb. Heç güman etmirəm ki, tam etibar nişanəsinə qədər aydınlaşsın: burada Suriya məsələsi və Türkiyənin hər yerdə, hətta əlinin çatmadığı yerlərdə də  ağalıq etməkdə hədsiz dərəcədə yüksək iddiaları mane olur. İran və Misirlə münasibətlərdə sərasər sual işarələri sayrışır.

Amma, bax, qonşu Azərbaycan və Gürcüstanla Türkiyənin heç bir problemi yoxdur – hər halda üç ölkənin hökumətləri bu cür iddia edir. Haqqında aşağıda danışılacaq iki keçmiş sovet respublikasının əhalisi başqa məsələdir. Amma siyasi “görünüş” elədir ki, Türkiyədənsə indi Gürcüstan və Azərbaycan ona daha çox lazımdır.

Birincisi, Ankara üçün Rusiya və İranın öz təsir zonaları saydığı və burada dünyanın çoxlu siyasi mərkəzləri ilə rəqabət apardığı Cənub Qafqazda öz maraqlarını yeritməkdən ötrü daha geniş hərbi-siyasi, mədəni, iqtisadi və ideoloji meydan açılır.

İkincisi, Türkiyə qaz qovşağı statusunda maraqlıdır, Gürcüstan ərazisindən tranzitlə Azərbaycan və ya Xəzərin başqa qazı olmadan qovşağın yaradılması şübhəli görünür – bu cür status almaq üçün təkcə Rusiyanın yanacağı azdır.

Yuxarıda deyilənlərin hamısı Türkiyənin Cənub Qafqazda sabitliyin saxlanmasına maraqlı olduğunu göstərir – onun qonşuluğundakı bu bölgə də alovlansa, artıq qovşaq, sərhədlərinin bir hissəsinin qorunması, yatırımlar, nüfuzun yayılması, Gürcüstan və Azərbaycanla iqtisadi və ticari münasibətlərin möhkəmləndirilməyindən söhbət getməyəcək. Eynilə hazırda inşa edilən, 826 km uzunluğunda Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun işləməsinin məqsədəuyğunluğu haqda da söhbət getməyəcək. Yolun maksimal buraxılış qabiliyyəti ildə 17 milyon ton  müəyyən olunub, lakin birinci mərhələdə ildə bir milyon sərnişin və 6,5 milyon ton yük nəzərdə tutmaq mümkündür. BTQ bölgə üçün stratejicə mühüm sayılır və İpək yolunun dirçəldilməsində təkanverici qismində də nəzərdən keçirilir.

Ümumiyyətlə, hərbi sahədə üçtərəfli əməkdaşlıq Tiflis, Bakı və Ankaranın onlar üçün kürəsəl energetika və nəqliyyat layihələrinin, həmçinin bunlara qoyulmuş pulların təhlükəsizliyini təmin etmək cəhdinə daha çox oxşayır. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə gəlincə, bu daha çox Rusiya-Ermənistan hərbi əməkdaşlığı və RF-nin Ermənistanın Gümri şəhərindəki hərbi bazanı genişləndirməyinə müqabilliyə yönəlib. Yeri gəlmişkən, Azərbaycanda türk hərbi bazasının açılacağı haqda şayiələr inadla şişirdilir. Bakı tərəfdən bunun rəsmi təsdiqi yoxdur – güman etmirəm ki, prezident İlham Əliyev Rusiya ilə münasibətləri bu qədər radikal şəkildə korlayar: axı Türkiyə hər halda NATO üzvüdür və onun bazası Rusiya sərhədlərinin yanında peyda olsa, bu bundan çıxan bütün nəticələrlə Bakının Moskvaya münasibətdə “düşmən addımı” sayılacaq. Həmçinin Tehrana və bütünlükdə Xəzər bölgəsinə nisbətdə.

RİA Novosti Diplomatik akademiyanın dosenti, Şərqşünaslıq araşdırmaları mərkəzinin direktoru, Türkiyənin Brüssel fiaskosundan sonra “onun əsas fəallığının şərq və cənub-şərq istiqamətində” olacağını hesab edən Vladimir Avatkovdan sitat gətirir. Bununla yanaşı, Rusiyanın dönüşündən fərqli olaraq artıq Türkiyə üçün gübrələnmiş zəmin var. Türkiyə 90-cı və sıfırıncı illər boyunca həm hərbi-siyasi, həm də iqtisadi-humanitar mənada Cənub Qafqazda mövqeyini gücləndirib. Ekspert qeyd edir ki, lakin bu bildirmir ki, “Cənub Qafqazı Türkiyənin nüfuz zonası saymaq olar. “Əmmalar” həddindən artıq çoxdur”.

Azərbaycanı – Türkiyənin bölgədəki əsas müttəfiqini götürək. Avatkov fikirlərini inkişaf etdirir – türklər və azərbaycanlılar özlərini, az qala, bir xalq kimi göstərirlər, lakin “ən yaxın iki ildə Türkiyədə rəmz və ideyaların mübarizəsi qopanda Azərbaycanla münasibətlər də bu mübarizənin girovu ola bilər”.

İkincisi, Moskva Beynəlxalq Münasibətlər İnstitutu Qafqaz və bölgə təhlükəsizliyi problemləri Mərkəzinin əməkdaşı Nikolay Silayev qeyd edir ki, Qarabağ münaqişəsinin donu açılacağı halda Türkiyə Azərbaycana birbaşa hərbi dəstəyə cürət etməz – Rusiyanın zəmanətli cavab və NATO dəstəyinə şans olmasa.

Türkiyənin ən böyük ticarət tərəfdaşı və yatırımçısı olduğu Gürcüstana gəlincə isə, bu ölkənin sağçı qüvvələri “Türkiyəyə şübhə ilə yanaşır”. Xüsusən də türk biznesinin Acarıstana iqtisadi ekspansiyasına. Ekspert izah edir – yəni Türkiyənin Acarıstan fəallığı yerli əhalini o qədər rahatsız edir ki, gürcü politoloqları hey deyirlər: Türkiyə (Azərbaycanla birlikdə) ölkənin təkcə siyasi deyil, hənm də iqtisadi suverenliyinə təhlükə təşkil etməyə başlayıb.

Avatkov öz növbəsində əlavə edir ki, Rusiya, İran və Türkiyənin Qafqaz arxasında tarixi rəqabəti qüvvədə qalır, Moskva və Tehran isə bu bölgəni türklərə verməyəcək. Sual doğur: Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Cənub Qafqaz zəminində dalaşarmı? Rusiya ekspertlərinin bu suala şərti-toparlama cavabı – dalaşmaz. Uyğun olaraq Tiflis-Bakı-Ankara oxunun yaradılması üçün gerçək imkanlar yoxdur, lakin buna baxmayaraq, Moskva, İrəvan və Tehran ayıq olmalıdır.

Lakin Rusiya ekspertləri nə deyir-desin, bunun hazırda Gürcüstan və Azərbaycan cəmiyyətlərinin müəyyən qisminə xoş gəlib-gəlmədiyindən asılı olmayaraq Türkiyənin Gütrcüstan və Azərbaycana təsiri çox böyükdür. Sözügedən sənədin üç ölkənin hərbçiləri tərəfindən imzalandığı ərəfədə baş nazir Binəli Yıldırımın başçılığı ilə Türkiyə nümayəndə heyəti Tiflisdə olub. Tərəflər azad ticarət haqda sazişin liberallaşdırılmasını müzakirə edib və Xəzər karbohidrogenlərinin Qərbə nəqlində əməkdaşlığın genişləndirilməsi haqda razılığa gəlib – bu son məsələ dünyanın ən böyük oyunçularını son dərəcə maraqlandırır. Onların bir qismi anlayır ki, Xəzərin sərvətləri Cənub Qafqazda ancaq sülh şəraitində Qərbə daxil olacaq. Bu sülh başqaları üçün isə öz karbohidrogenlərinin satış bazarını itirməyi bildirir. Əsasən, Rusiya və İran amillərində düyünlənmiş  maraqların münaqişəsi alınır. Lakin bu heç də bildirmir ki, sonuncular Cənub Qafqazda hərbi kəskinləşmədə maraqlıdırlar – karbohidrogen bazarlarının fərziyyəvi itkisindənsə bu daha ağır nəticələrə gətirib çıxardar. Yıldırım Gürcüstanda Türkiyə “atından”, yəni Gülən ardıcıllarından qaynaqlanan təhlükədən də danışıb. Onun iddiasına görə, onlar Gürcüstanda da var. Türkiyə baş naziri ölkə hökumətinə gülənçilərə “qarşı fəaliyyət üzrə addımlar atmaq” tövsiyəsi verib: “Biz hadisələrin inkişafını diqqətlə izləyəcəyik”.

Və nə oldu – Tiflis Ankaranın eyhamına dərhal reaksiya verib: terrorçu təşkilatla əməkdaşlıq şübhəsi ilə Dəmirəl adına kollecin müdirlərindən birini həbs edib. İndin Türkiyə onun ekstradisiyasını tələb edir. Xatırladaq ki, əvvəllər Azərbaycanda gülənçilərin kütləvi “təmizlənməsi” baş verib.

Gürcü nəşri “Rezonansi”nin yazdığı kimi, türk kolleci müdirinin vəkili bildirib: “Təbii, biz Türkiyə-Gürcüstan dostluğunu, həmçinin terrorizmlə mübarizəni alqışlayırıq, amma günahsız insanın həbsi və onun işgəncə və qeyri-insani münsibətin gözlədiyi yerə ekstradisiyasını tamamilə yolverilməz hesab edirik. Düşünürəm ki, hökumətimiz bunu nəzərə almasa, beynəlxalq arenada nüfuzu ciddi ziyan çəkəcək”.

Bir sözlə, Tiflis də, Bakı da Türkiyəyə yarınmağa cəhd edir, Gürcüstan isə hələ Azərbaycanın istəklərinə qarşı da olduqca ifratcasına həssasdır. Yəni özünün seçdiyi “tarazlaşdırıcı ünsür” olmadan iki qonşu ölkədən asılı vəziyyətə düşüb. Lakin bu özünü gözləməyə məcbur etməyəcək – Rusiya və İran özləri “şəkillənəcək” və ənənəvi rəqibləri Vaşinqton çətin ki onlara mane olsun.

The American Interest”-in qeyd etdiyi kimi, “Qafqazın əhəmiyyəti həmişə kəmiyyət göstəriciləri və ölçüsü ilə deyil, coğrafi, mədəni və geopolitik kəsişmə rolu ilə müəyyən olunub”.

Və ABŞ on il əvvəl üç ölkənin üçündə də önəmli nüfuza malik olsa da, bu gün “Obama erasından Tramp dövrünə keçməklə Qafqaza münasibətdə, heç olmasa, uzaqdan-uzağa siyasəti xatırladan heç nə ilə qürrələnə bilməz. Nəticə etibarilə ABŞ maraq və tələbatları bölgə liderlərinin qərar aldığı prosesdə görkəmli yer tutmur. … Sadə şəkildə deyilsə, Birləşmiş Ştatlar praktik olaraq Qafqazı tərk edib”.

Mübahisəli iddiadır – bunun düzgünlüyü bölgədə hadisələrin sonrakı inkişafı və ABŞ xarici siyasətindəki “dönüşlər”dən asılı olacaq ki, bunu da proqnozlaşdırmaq ümumiyyətlə son dərəcə çətindir. Bu arada bu cür qeyri-müəyyənlik Gürcüstan-Azərbaycan-Türkiyə hərbi üçlüyünün yaradılması görüntüsü kontekstində Rusiya, İran və Qərbin siyasi refleksləşməsi üçün ciddi imkanlar açır. İndi məsələ bu refleksləşmənin bəyan edilmiş formalarının necə olacağındadır.

 

Tərcümə strateq.az-ındır.