XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

30 May 2017 - 21:00

“Al-Arabiya” Qətəri “terrorizmin sponsoru” elan etdi –Vəhhabi düşərgəsində parçalanma - TƏHLİL

Huda əl-Saleh

"Al-Arabiya"

 

Hələ ata-Əmir Hamad bin Xəlifə əl-Tanininin hakimiyyəti dönəmində Qətər "Müsəlman qardaşlar"a, eləcə də Liviya, Misir, Suriya, Yəmən və Tunis daxil olmaqla, Mərkəzi Asiyadan ta Şimali Afrika və Afrika Buynuzuna qədər uzanan ərazidəki hərbi və siyasi qrupların bütün filiallarına öz siyasi, media və maliyyə dəstəyini verməkdən çəkinmirdi.

Ötən əsrin 90-cı illərindən bəri bu, hətta Körfəz bölgəsinə yayıldı, xüsusən İraqın Küveytə müdaxiləsi dövründə Qətər Səudiyyə Ərəbistanında öz versiyasında "azadlıq hərəkatları"nı, o cümlədən Britaniyada məskən salmış, Saad əl-Fəqih və Məhəmməd əl-Masarinin başçılıq etdiyi qondarma "Oyanış" müxalifətçilərini dəstəkləməyə başladı.

Bu, Liviyanın sabiq lideri Müəmmər Qəddafinin Qətər əmiri Hamad əl-Tani, daha sonra xarici işlər naziri və baş nazir Hamad bin Yasim ilə söhbətində də əksini tapdı: sonuncular Səudiyyə rejiminin devrilməsinə çağırış edirdilər.

Rəsmi Doha və ekstremist-radikal silahlı qruplar arasında illərdir davam edən qitələrarası münasibətlər qlobal siyasi xəritədə hər hansı bir mövqeni təmin etmək üçün vizit kartı olub.

Bu, Liviyada, xüsusilə Binqazi, Tripoli və Misurata kimi bir sıra şəhərlərdə "Ənsar əl-şəriət", "Fəcr-Liviya" və s. müxtəlif silahlı qruplar, radikal "İslami hərəkatları" dəstəkləməklə, Qətərın mövcudluğunu gücləndiririrdi. Siyahıya "Əl-Qaidə" ilə yaxınlığı danılmaz olan Əbdul Hakim Belhəcc, Əli Şalabi və Salah Badinin başçılıq etdiyi terror təşkilatları da əlavə edilməlidir.

Tunisdə İslamçı "Ennahdha" Partiyasının lideri Rəşid Qannuşi 2012-ci ilin iyununda bir Qətər qəzetinə müsahibəsində bildirib: "Qətər "Əl-Cəzirə" telekanalının media töhfəsi ilə inqilabın təşviqçisi və tərəfdaşımızdır".

2015-ci ilin mayında isə Tunisin sabiq xarici işlər naziri Tuhami Əbduli Qətərdən Tunisdəki birliklər və QHT-lərə şübhəli maliyyə axını barədə xəbərdarlıq etdi.

İraqın ABŞ işğalından bu yana, Səddam Hüseyn rejimi devriləndən bəri, Qətər mediası "Əl-Qaidə" və Zərqavi kimi ekstremist təşkilatların və şəxslərin təbliğatını aparır, hətta onların liderlərini qəbul edir.

ABŞ Xəzinədarlıq Departamentinin "Wall Street Journal"da dərc edilmiş hesabatında hazırda İraq Suriyada ekstremistlərin dəstəklənməsi üçün xeyriyyə təşkilatları və Qətər sosial şəbəkələri ilə böyük həcmdə maliyyə köçürülməsi barədə qeyd var.

Digər tərəfdən, Qətər "Taliban"la sıx əlaqələr saxlamaqdadır. Kabildə və Qəndəhardakı ekstremist qrupların bəzi liderləri və ailələrinə siyasi sığınacaq da verilib.

2013-cü il mayın 30-da Qətər Obama administrasiyası ilə Quantanamoda saxlanılan beş əsas "Taliban" liderinin azad edilməsi barədə saziş imzalayıb. Təxminən beş il girov kimi "Taliban"ın nəzarətində olan ABŞ əsgəri Bou Berqdalın buraxılması müqabilində, onlar Dohaya təhvil verilib.

Azad olunanlar arasında "Taliban" rejiminin daxili işlər naziri Molla Xeyrullah Xeyrullah, "Taliban"ın müdafiə naziri Molla Məhəmməd Fazil Axund və onun ən mühüm hərbi liderlərindən, "Taliban" rejiminin kəşfiyyat xidmətinin direktor müavini – "Taliban"ın banilərindən biri olan Molla Abdul Haqq Vazeh də vardı.

Bu gün Qətər Suriyada radikal və ekstremist qrupları, o cümlədən "Əl-Qaidə"nin filialı kimi tanınan "Əl-Nusra Cəbhəsi"ni maliyyələşdirir.

Qətər Səudiyyə Ərəbistanının narahat şərq bölgəsində terror aktları törədən Yəməndəki husiləri, Bəhreyndə nümayişlərə çıxan şiə müxalifəti həm həvəsləndirir, həm də onlara media dəstəyi verir.

Vəhhabiliyin yeni qanadını – sururizmi yaradan Məhəmməd Surur Zeynəl Abidin "Al-Jazeera"ya müsahibə verir

 

"Müsəlman qardaşlar"la birləşmə isə bu hərəkatın Suriya qolunun sabiq üzvü Məhəmməd Surur Zeynəl Abidinin vasitəsilə, yeni sələfi nəzəriyyəsi ilə meydana gəldi. O, daha sonralar sururizm kimi tanınan yeni İslamçı trendi inkişaf etdirdi.

Məhəmməd Surur Zeynəl Abidin 2016-cı ilin noyabrında vəfat edənə kimi Qətərdə yaşadı, onun dəfn mərasimində Qətər əmiri və bütün Qətər rəsmiləri iştirak etdilər. Bu, Qətərin ekstremist hərəkatlara sponsorluğunu göstərir.

"Sururi" hərəkatı banisi Məhəmməd Surur bir müsahibəsində sələfiləri kəskin tənqid edərək deyir: "Vəhhabi birliyi – quru, siyasətdən uzaq birləşmədir, bu cür birlik İbn Baz və İbn Üseymin kimi böyük alimlər tərəfindən rədd edilib".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə