XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 14:24

“New York Times” Əfqanıstandan yazdı:"Niyə "Taliban"çılar daha çox din xadimlərini öldürür?" - ARAŞDIRMA

Mucib Məşəl və Cavad Suxənyar

"New York Times"

 

Tut ağacının kölgəsi altında və çiçəklərlə bəzədilmiş tənha məzar Əfqanıstanın şimalında, Toqi-Bayrdi yaxınlığındakı mədrəsənin tələbə və müəllim heyəti üçün gündəlik ziyarət yerinə çevrilib.

Bu, iyirmi il əvvəl mədrəsənin təməlini qoymuş möhtərəm din xadimi Mövləvi Şah Ağa Hənəfinin məzarıdır.

O cümlədən 160 qızın da təhsil aldığı mədrəsə 1300 tələbə üçün nəzərdə tutulurdu. Bu ay “Taliban”çıların dini məktəbə qoyduğu bombanın partlayışı ilə ölən Mövləvinin məzarı mədrəsənin bir küncünü tutur.

Mərhum, Peyğəmbərin ənənələri haqqında danışarkən həlak olub və bu gün onun məzarı namazgah və qəm dəryasına boğulma yeridir.

"İşə gələndə, ilk şey onun məzarı başında Quran oxumaq olur, – bunu Pərvan əyalətindəki mədrəsənin direktoru Can Ağa deyir. – Sonra ixtiyarsız ağlayıb ofisimə keçirəm".

Mövləvi Hənəfi Əfqanıstandakı vətəndaş müharibəsində öldürülən İslam dini alimlərinin sürətlə artan siyahısına daxil olmuş şəxslərdən biridir.

Üləma artıq çoxdan Əfqanıstanda bu və ya digər şəkildə hədəf olub. Onların rəyi cəmiyyətin böyük hissəsində nüfuza malikdir. Din alimlərinə ehtiram göstərir və tez-tez tənqidə görə qətlə yetirirlər.

16 il ərzində yüzlərlə adamın, – həm də təkcə “Taliban” tərəfindən deyil, – həyatına son qoyulub. Lakin üləma kimi tanınan şəxslərin hədəfə çevrilməsi son iki ildə xeyli çoxalıb. Səbəb – “Taliban” hücumlarının intensivləşməsidir, – rəsmilər bildirir.

Bu, hökumətin nüfuzunu azaltmaq və ölkə ərazisini ələ keçirmək üçün üsyançıların yürütdüyü kampaniyada yalnız hərbi qələbə yox, həm də dini təsir dairəsinə sahiblənmək istəyinə xatırlatma kimi qəbul olunur.

Prezident Əşrəf Qəninin məsləhətçisi, din xadimi Məhəmməd Mohəq deyir: ""Taliban”ın bu əməli törətməsinin səbəbi üləmanın onların legitimliyini şübhəyə almasına son qoymaqdır ".

"Üləma qabiliyyəti və gücü ilə moizələrdə "talib"lərlə mübahisəyə girişir və onların legitimliyini sarsıdır, – deyə cənab Moheq sözünə davam edir. – Liberal alimlər və ya başqaları deyil, yalnız onlar “Taliban”ın ideologiyasına etiraz edə bilər və “Taliban” bunu başa düşür".

İslamı təbliğ edən, lakin “Taliban”çı olan alimlərin sayını demək çətindir. Amma əksər əyalətlərdəki vaizlərin sayına nəzər yetirdikdə, göstərici çox böyükdür və minbərdən söz deyən digər vaizlərin də canına üşütmə sala bilib.

Qəndəhar əyalətinin Üləma Şurasının rəhbəri Mövləvi Ubeydullah Faizaninin sözlərinə görə, 2004-cü ildən bəri təkcə “Taliban” hərəkatının öz bazasında təxminən 300 vaiz qətlə yetirilib.

Bədəxşanda yalnız ötən il 20 din xadimi həyatını itirib. 16 ildə isə 110 nəfər. Bunu əyalətin dini işlər şöbəsinin direktoru Əbdul Vəli Ərşad bildirib.

Keçən həftə Loqar əyaləti Üləma Şurası sədrinin müavini sübh namazından sonra evinə qayıdarkən yolda öldürülüb.

"Onlar həqiqəti dedikləri üçün hədəfə çevrilirlər və ən böyük həqiqət müharibənin davam etməsidir", – Helmand Üləma Şurasının rəhbəri Mövləvi Xudai Nəzər Məhəmmədi bildirib.

“Taliban” rəhbərliyi şurasının bir üzvü etiraf edib ki, din alimlərinin intensiv hədəfə çevrilməsinin səbəbkarı terror təşkilatının yeni lideri Mövləvi Heybətullah Axundzadədir. O, üləma və mədrəsə rəhbəri, 2015-ci ildə Amerika dronunun hücumu ilə öldürülən sələfinin yerini tutmuş dini ideoloqdur.

Anonimlik şərtilə danışan “Taliban” xadimi deyib ki, Mövləvi Heybətullahın birbaşa əmri ilə xütbələr və moizələr daha diqqətli nəzərdən keçirilir və şəriət qanunlarının “Taliban”çı təfsirlərindən yayınma ən sərt şəkildə cəzalandırılır.

Bu ay Qəndəharda 50-dən çox kitab yazmış 32 yaşlı tanınmış din alimi Abdul Qafur Payrozu öldürdükdən sonra “Taliban” bəyanat yaydı. Bəyanatda deyilirdi ki, onlar Payrozu "Əfqanıstanda cari müqəddəs müharibəni qeyri-qanuni hesab etdiyinə görə" öldürüblər.

“Taliban”ın "belə bir pis elementi aradan götürməsi" başqalarına – "dindən çıxmış azğınlıqlara" da xəbərdarlıq idi.

1990-cı illərdə, “Taliban”ın hakimiyyəti dövründə Payroz Kabildəki “Taliban” mədrəsəsinin gənc tələbəsi idi. Onların hökuməti çökdükdə, o, “mövlanə” adı qazanmaq üçün ali dini təhsilin yeddi ilini dolduran səfərə çıxdı, Kvettaya, Pakistana köçdü. Payroz “Taliban” rəhbərliyinin sürgündə fəaliyyət göstərən bölməsində də fəaliyyət göstərirdi.

Mütaliə cənab Payrozu müharibə barədə düşüncələrə sövq etdi və o, “Taliban”ın dini təməlini şübhəyə almağa başladı.

O, fəal dini təbliğatın mübarizənin yeganə yolu olduğuna qərar verdi. Payrozun "Zəng" adlı son kitabında dini plüralizm və tolerantlıq kimi mühüm mövzulardan söz açılıb.

Onun kiçik qardaşı Vasil Payroz terrordan sonra bəyanat verərək Qəndəhardan Kabilə köçüb.

"Payroz həmişə bu ölkəni sevdiyini söylərdi və onun üçün ölməyə hazır idi", – digər qardaş Məhəmməd Rəsul Payroz deyir. 

Mərhum Payroz da, Qəndəhardakı mədrəsənin təsisçisi Mövləvi Hənəfi kimi, moizələrində “Taliban”ın tutduğu yolu tənqidi edir və tez-tez ehtirasla onun siyasətinə "qara yaxırdı". Son çıxışlarının birində, o, adı ölkədəki qiyamla bağlı hallanan "Pakistan və Rusiya ilə əlbir olmaq əvəzinə, "Taliban"ı Əfqanıstan xalqı ilə əl-ələ verməyə” çağırıb.

Mövləvi Hənəfinin mədrəsəsinin hazırkı müəllimi Mövləvi Abdul Hafiz Movahid deyir: "Onlar yeni düşmənlər deyil. Kim xəlifə Öməri öldürdü? Kim xəlifə Osmanı öldürdü? Kim xəlifə Əlini öldürdü? Qatillərin hamısı müsəlman sanılan insanlar idi… "

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə