XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 16:13

ABŞ-ın Suriyaya dönüşü:Moskva-Ankara-Tehran üçbucağı bu qayıdışa tab gətirəcəkmi? – Təhlil

Aleksey Jelenin

rosbalt.ru, 31.05.2017

 

Yaxın Şərqdən gələn, demək olar, gündəlik məlumatlar həm bölgədə, həm də ondan çox uzaqda hərbi-siyasi durumun dəyişdiyini sərgiləyir. Çərşənbə günü məlum olub ki, ABŞ Rakkaya hücum edən kürd silahlı birləşmələrinə rəsmən silah tədarükünə başlayıb.

Rusiya Müdafiə Nazirliyi elə həmin gün “Krasnodar” sualtı qayığından İŞİD-in Suriyanın Palmira şəhəri rayonundakı mövqelərinə endirilmiş raket zərbəsi haqda məlumat verib.   

Çərşənbə günü “Rosbalt”ın Moskva mətbuat mərkəzində Siyasət klubunun növbəti toplantısı çərçivəsində baş tutmuş toplantıda bu zərbənin səbəbi, ABŞ-ın bu bölgədə fəal hərbi siyasətə dönüşünün Yaxın Şərqdəki qüvvələr tərtibinə nə dərəcədə güclü təsir etdiyi haqda müzakirələr gedib. Ekspertlər hər şeydən əvvəl Suriya ətrafındakı durumun dəyişilməsinin bu ölkədə hərbi kampaniyaya qatılmış Rusiyanın mövqelərinə necə təsir edəcəyini müzakirə ediblər. Həmçinin ABŞ prezidenti Donald Trampın İran və müttəfiqləri ilə qarşıdurmada nə qədər uzağa gedə biləcəyindən də danışılıb; Suriyada Rusiya-Türkiyə alyansı meydana çıxacaqmı, yaxud hər şey Türkiyə pomidorunun Rusiya bazarlarına qaydışı ilə məhdudlaşacaq, Suriya və Türkiyədə kürd problemi həll olunacaqmı?

Rusiya sualtı qayığından İŞİD döyüşçülərinə endirilmiş raket zərbəsinə gəlincə, bu haqda fikir səslənib ki, bu, Rusiyanın ABŞ silahlı qüvvələrinin Suriyaya endirdiyi iki raket zərbəsinə necəsə bir cavab olub. RF öz qanadlı raketlərini buraxmaqla müharibədəki rolunu yada salmaq istəyib. Fərq yalnız bundadır ki, Rusiya raketləri Suriya və İraqda formal olaraq bütün antiişid koalisiyasının ümumi hədəfi olan İŞİD mövqelərinə buraxılıbsa, amerikalılar son zamanlar Rusiyanın müttəfiqlərinə iki dəfə cavabsız zərbə vurublar. Birinci dəfə aprelin 6-da Suriya hökumət qoşunlarının Şayratdakı aviabazasına “tomaqavklar”la, ikinci dəfə mayın 18-də Suriyanın cənubunda Ət-Tənf şəhəri ryonunda əsədçilər və müttəfiqlərinin – İranyönlü döyüşçülərin tank dəstəsinə.

Rusiya EA ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələrinin təhlili Mərkəzinin direktoru Aleksandr Şumilin hesab edir ki, Amerika zərbələri “amerikalıların Suriyaya və bütövlükdə bölgəyə qayıdışını rəmzləşdirən olduqca güclü dərinlik aksiyasıdır”. Bu, əxlaqi və psixoloji planda “Rusiya hərbi planlarının əss hissəsini önəmli dərəcədə dəyərdən salıb”. Bundan sonra aydın olub ki, “Rusiya HKQ səmada, iranlılar isə yerdə hər şeyi edə bilmir ki, bu da bir qarşılıq olacaq”.

Şumilin hesab edir – ola bilsin, Suriyada Amerika hücumlarının ən başlıca nəticəsi “Fars körfəzi monarxiyalarının liderlərinin kəllələrində “kəskin şəkildə nizam yaratmaq” olub.

Səudiyyə Ərəbistanı müdafiə naziri Muhəmməd bin Salmanın bu günlərdə Rusiyaya başa çatmış səfərinə gəlincə, ekspertin fikrincə, bu daha çox Rusiya raket silahlarının alqısı, həmçinin “Obamada əli yanmış səudların indi yumurtaların hamısını bir zənbilə yığmaq əndişəsi” ilə bağlı idi.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid qeyd edir ki, bu gün “Amerika siyasətinin tiyəsi Yaxın Şərqdə öz imperiyasını quran İranda prezident seçkilərində qalib gəlmiş mötədil islahatçı Həsən Ruhani qalib gəldiyinə baxmayaraq İrana qarşı yönəlib”.

Maqidin sözlərinə görə, şiə qurşağı (İrandan savayı) şiə Faud Məsumun başçılğı ilə İraqın bir hissəsini, həmçinin İrana müttəfiq prezident Bəşər Əsədin Suriya rejimini, 100 % Tehranın maliyyələşdirdiyi “Hizbullah” şiə hərəkatını, həmçinin hazırda Fars körfəzi ərəb monarxiyalarının vuruşduğu Yəmən husilərini əhatə edir.

Maqidin fikrincə, Trampın hazırda ifadə etdiyi kəskin antiiran mövqeyi Rusiyaya da yaxşı heç nə vəd etmir, çünki bu siyasət fakt üzrə təkcə Tehrana qarşı deyil, həm də Dəməşq və Moskvaya qarşı yönəlib. “Rusiya əvvəlcə dünya cəmiyyətində öz mövqeyini qaytarmaq və yaxud ola bilsin, Suriyanı Ukraynaya “dəyişmək”, sanksiyayların götürülməsinə nail olmaq  üçün Suriyaya girmişdisə, hazırda belə çıxır ki, Rusiyanı yeni sanksiyalar təhdid edir – artıq Suriyaya görə. O cümlədən Rusiya Əsəd və İranın müttəfiqi kimi çıxış etdiyinə görə”, – deyə mütəxəssis qeyd edir.

Şumilin güman edir ki, İran Tramp üçün necəsə bir “sehrli çubuğa çevrilir”. Ekspertin fikrincə, Tramp indiki Amerikada son dərəcə qəliz daxili-siyasi durumda özünün antiiran siyasətini Amerika istiblişmentinə əla şəkildə “satır”. Maqid bu xüsusda yada salır ki, ABŞ prezidentinin antiiran siyasətinin bələdçilərindən biri kimi müşaviri və kürəkəni Cared Kuşner çıxış edir.

Görüşdə həmçinin qeyd olunub ki, ABŞ-ın Yaxın Şərqə qayıdışı ilə eyni zamanda Rusiya və Türkiyənin yeni yaxınlaşması baş verir. Məlum olduğu kimi, prezident Rəcəb Tayib Ərdoğan bu yaxınlarda Rusiyaya səfər edib, Moskvada qarşılıqlı münasibətlərdəki böhranın tam aradan qaldırıldığı bəyan olunub. Bununla belə, ekspertlər Rusiya-Türkiyə münasibətlərinin perspektivinə şübhə ifadə edirlər. Şumilinin sözlərinə görə, “pomidordan başqa Moskva və Ankaranın heç bir alyansı, heç bir strateji əməkdaşlığı olmayacaq”.

Amma burası da var ki, qeyd olunduğu kimi, Türkiyə tərəvəzlərinin də Rusiya bazarına dönüşü hələlik tam yoluna düşmür.

MDU Asiya və Afrika ölkələri İnstitutunun dosenti Pavel Şlıkov Ərdoğanın siyasətini səciyyələndirərək qeyd edir ki, bu həm Suriyada, həm də Türkiyədə kürd muxtariyyətlərinin yaradılmasını istisna etməyə “itilənib”. Ekspert “bir xalq, bir vətən, bir dövlət” şüarını elan etmiş türk liderindən sitat gətirib deyir ki, bu, Almaniyanın Üçüncü Reyx dövründəki şüarını yada salır: “bir xalq, bir ölkə, bir fürer”.

Şlıkovun sözlərinə görə, Ərdoğanın Suriya proqramı bundan ibarətdir ki, “türklər hazırda Suriyanın İŞİD döyüşçülərindən azad etdikləri rayonlarını fəal şəkildə mənimsəyirlər. Orada Türkiyənin mədəni ekspansiya həyata keçirən din vəqfi fəaliyyət göstərir”. Türkiyə bu gün “İŞİD-dən azad etdiyi rayonlara polis, həkim, müəllim göndərir, yəni faktiki olarq humanitar müdaxilə gerçəkləşıdirir”.

Bununla belə, ekspert yada salır ki, Avropa ilə münasibətlərin soyumasına baxmayaraq, “Ərdoğan Türkiyənin irimiqyaslı iqtisadi əməkdaşlıqla bağlı olduğu Avropa ilə elə-belə ayrıla bilməz”.

Şlıkovun sözlərinə görə, “Türkiyə özünü Ankara-Tehran-Moskva üçbucağında da çox da rahat hiss etmir və öz qütbünü ildırım sürətilə dəyişə bilər”.

Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Vladidmir Sajin öz növbəsində İran mövzusuna qayıdaraq qeyd edir ki, antiiran mövqeyinə baxmayaraq “Tramp artıq Birləşmiş Ştatların Barak Obamanın prezidentliyi dönəmində Tehranla bağladığı nüvə müqaviləsindən çıxmaqdan danışmır”.

Şumilin həmçinin hesab edir ki, çox ehtimal ki, amerikalıların İrana təzyiqi hərbi üsulları istisna edəcək.

Sajin Ankara-Tehran-Moskva üçbucağınn effektivliyini sual altına qoyaraq deyir ki, “bu, təbliğat baxımından effektlidir”, lakin Türkiyə, İran və Rusiyanın Suriyada təhlükəsizlik zonaları yaratmaq üzrə siyasəti ölkənin “dağılmasının institutlaşmasına aparır”. O bu “üçbucağın” ABŞ-ın iştirakı ilə dördbucaqlıya çevrilməsini də az ağlabatan sayır.

 

Tərcümə Strateq.az-ındır.