XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 19:53

ABŞ üçün “ikinci Vyetnam”a çevrilən Əfqanıstan:"Taliban"ın geri dönüşü ölkədə ABŞ-ın nüfuzunu sarsıdıb - ARAŞDIRMA

Vicay Praşad

"Frontline"

 

Əfqanıstanda Amerikanın müharibəsi tezliklə 16-cı ilinə qədəm qoyacaq. Bu müddət ərzində ABŞ və onun müttəfiqləri 3 minə yaxın əsgər itirib. Ölən əfqanların sayı isə qeyri-müəyyəndir.

Rəsmi rəqəmə görə, ölənlər 150 min nəfərdən çoxdur, amma bu, inandırıcı deyil. BMT-nin Yardım Missiyası (UNAMA) hesab edir ki, hər il Əfqanıstanda ölən qadın və uşaqların faizi artır, bunların çoxu bombardmanın nəticəsidir.

 

Əfqanıstanın itkiləri

 

Əfqanıstan mənbələri müharibədə ölənlərin sayının 1 milyon nəfərə yaxın olduğunu bildirir. 2016-cı ildə yarım milyondan artıq insan münaqişə ucbatından evlərini tərk edib. Bu, 2008-ci ildən bəri, demək olar ki, ən yüksək yerdəyişmə sayıdır: təxmin 32 milyon əhalisi olan Əfqanıstanın iki milyon sakini münaqişə nəticəsində köç edib. 40 illik dövrdə üç milyon əhali qaçqın düşüb. Bu ilin beş ayında (UNAMA hesabatına görə) artıq 90 min nəfər məcburi köçkündür.

"Taliban"ın "yaz hücum" bomba partlayışı ilə başladı. Aprelin 21-də bir ovuc "Taliban" döyüşçüsü Əfqanıstanın şimalındakı Bəlx əyalətində Əfqanıstan Milli Ordusunun 209-cu korpusunun bazasına daxil olub 140 əsgəri öldürdü. Bu, Nanqarharda ABŞ-ın ən böyük (9,798 kq) bombasının (MOAB) atışından bir həftə sonra həyata keçirilmiş dağıdıcı hücum idi.

Bomba Asadxel kəndinə düşdü. ABŞ hərbçiləri bildirdi ki, 94 İŞİD-çi öldürülüb. Bu mahalda 1,5 milyon nəfər yaşayır və jurnalistlərə həmin əraziyə baxış keçirməyə icazə verilmədi.

"Taliban" ABŞ prezidenti Donald Trampın "Madər-e Bamb-ha" (fars-dəri dilində – "Bombaların anası"tərc.) atmaq qərarının heyfini çıxdı. Bəlxə hücum, demək olar ki, vəziyyəti köklü sarsıtdı.

Hazırda "Taliban"  Əfqanıstan ərazisinin 40%-nə nəzarət edir. Onun ərazisi şimal-şərqdəki Helmand vilayətindən şimal-qərbdə Qəndəhar, Zabul və Uruzgan vilayətindədək uzanıb gedir. "Taliban" qüvvələri tezliklə Pakistanla sərhəd boyu əraziləri ələ keçirəcək və Əfqanıstanın cənubuna yayılacaqlar. Yəni "Taliban" liderlərinə sui-qəsd əfqan ordusunun və NATO üzrə müttəfiqlərin az karına gəlib.

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Dan Kuats Senatda bildirib ki, ABŞ-ın hərəkətlərindən asılı olmayaraq, "Əfqanıstanda siyasi və təhlükəsizlik vəziyyəti 2018-ci ilədək, demək olar ki, pisləşəcək". Kuats demək istəyib ki, ABŞ maraqları Əşrəf Qəni hökuməti və Əfqanıstan Milli Ordusunun iştirakı ilə gözlənilə bilməz. "Taliban", yəqin ki, uğurunu davam etdirəcək.

"Yaz hücumu"nda şəhərləri ələ keçirmək və taktiki qələbələrlə "Taliban"ın öz mövqeyini gücləndirəcəyi gözlənilir. Əfqanıstanda ABŞ komandanı, ordu generalı Con Nikolson qoşunların bir neçə min nəfər artırılması çağırışı edib.

Ağ Ev təxminən 3-5 min əlavə əsgər göndərmək və digər NATO ölkələri qoşunlarını sürətlə artırmaq istəyir. Bu xəbər mayın sonunda NATO sammitində Trampın çıxışından sızıb.

Avstraliyanın baş naziri Malkolm Törnbull Trampa bildirib ki, o, Əfqanıstana əlavə qoşun göndərməyə hazırdır.

NATO rəsmi olaraq 2014-cü ildə Əfqanıstandakı döyüş missiyasını başa çatdırıb. Alyansın Əfqanıstanda iştirakını genişləndirmək tərəddüdü keçirən üzv dövlətləri var. 

Almaniyada Angela Merkel və İngiltərədə Tereza Mey perspektivə inanmırlar. Həm də bu il seçkilərlə üz-üzə gələcəklər, Əfqanıstanda Amerikanın müharibəsi isə onların ölkələrində populyar deyil.

 

ABŞ-da sükut

 

2016-cı ildə ABŞ prezidentinin seçkiləri zamanı nə Tramp, nə də Hillari Klinton Əfqanıstandakı müharibə məsələsini qaldırdı. Müharibə (yenidənqurulmaya əlavə 117 milyard $ sərf edilməklə) ABŞ-a ən azı 23 milyard $-a başa gəlib. Yenidənqurma vəsaitlərinin 61 faizi – 71 milyard $ Əfqanıstan Milli Ordusunun yaradılmasına xərclənib.

2010-cu ildə ölkəyə 100 min əsgər gətirən ABŞ "Taliban"ın kökünü kəsə bilmədi. 2014-cü ildə bu strategiya səssizcə gömüldü.

Bütün tərəflərdən resursların gərəksiz xərclənməsi, itkilər və mənasız məqsədlər… ABŞ seçkilərində müzakirələr edilmədi və ya çıxışlarda qaldırılmadı. Üstünə virtual sükutla örtük çəkildi.

Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi Baş İnspektor (SIGAR) sərf olunan pulların monitorinqini aparır. SIGAR-ın hesabatına görə, korrupsiya – yenidənqurma prosesində endemik xəstəlikdir. Əfqanıstanda milyardlarla dollar vəsait xərclənib, amma yollar keyfiyyətsizdir, məktəblər və tibb məntəqələri vəd olaraq qalır.

"Taliban"ın ordu bazasına hücum etdiyi Bəlx əyalətində, SIGAR əməkdaşları aşkarlayıb ki, məktəblərə şagirdlərin yalnız 30 faizi gəlir. Müəllim çatışmır. Beton binaların "yağış çətiri" yoxdur və ya divarlar dağılır.

ABŞ tiryək istehsalına son qoymaq üçün ən azı 8,5 milyard $ xərcləyib. Amma bu niyyət tamamilə boşa çıxıb. Narkotik ticarəti dövriyyəsi təxminən 1,56 milyard $-dır və Əfqanıstanın ümumi daxili məhsulunun demək olar ki, 7,4 faizini təşkil edir.

Aprel ayında nəşr olunan SIGAR hesabatında qeyd olunub ki, narkotik istehsalı 2016-cı ildə 43 faiz artıb. Amma narkotik ticarətinin aradan qaldırılmasına dair fakt qeydə alınmayıb. Tiryək becərilməsi "Taliban"ın nəzarət etdiyi (Helmand, Qəndəhar, Uruzgan və Zabul) regionlarda 10 faiz artıb. ABŞ bildirib ki, "Taliban"ın büdcəsinə vəsaitin 60 faizi tiryək ticarəti ilə daxil olur.

Hazırda dünyada heroinin 80 faizi Əfqanıstandan yayılır. Bu qanunsuz ticarət azaltmaq üçün heç bir effektiv strategiya yoxdur.

SIGAR qeyd edir ki, korrupsiya əfqan ordusunun canına işləyib. 2017-ci il martın 28-də Əfqanıstan Müdafiə Nazirliyində korrupsiya ittihamı ilə 1,394 rəsmi istefaya göndərilib.

2016-cı ildə əfqan təhlükəsizlik qüvvələrinin 35 faizi həlak olub: 6,800 əsgər və polis.

SIGAR "güc qüvvələrinin hər il təxminən 35%-inin yenidən təşkil olunduğunu" göstərir. Əfqanıstan ordusunun problemləri dərindir: "davamlı itkilər, mahal mərkəzlərində müvəqqəti zərərlər, logistika və digər funksiyalar baxımından zəiflik, savadsızlıq, tez-tez baş verən korrupsiya və ya səmərəsiz rəhbərlik qalmaqalları…"

Təəccüblü deyil ki, "Taliban" son bir neçə il ərzində sürətlə böyük uğurlar qazanıb. Onun düşməni bu irəliləyişi dayandıra bilmir.

 

Trampın tərəddüdü

 

İş o qədər ciddidir ki, Əfqanıstan hökuməti 1992-1996-cı illərdəki əməllərinə görə "Kabil qəssabı" kimi tanınan "Hezb-e İslami"nin lideri, köhnə müharibə köpəyi Gülbəddin Hikmətyara qucaq açıb. Hikmətyar indi Kabilin siyasi səhnəsinə oyunçu kimi daxil olub. Mayın 13-də Hikmətyar vətəndaşların artan ölüm halları haqqında danışmaq üçün sabiq prezident Həmid Kərzai ilə görüşüb.

Kərzai prezidentliyinin sonunda Əfqanıstanda ABŞ-ın üslubunu tənqid etməyə başlamışdı. O, iddia edirdi ki, gecə reydləri və hava hücumlarında döyüşçülərdən daha çox məsum mülki əhali həlak olur.

İndi Kərzai və Hikmətyar Kabildə yeni anti-Amerika siyasəti qrupu formalaşdırmaq istəyir.

Bu konteksdə Ağ Ev ölkədə ABŞ qoşunlarının artımını təklif edib. Trampın milli təhlükəsizlik müşaviri H.R. MakMaster tələsik deyib ki, hərbi artım barədə hələ heç bir qərar yoxdur. 2007-ci ildə İraqda fəaliyyəti təsirli olan MakMaster dərk edir ki, Ağ Evdə potensial hərbi artım seçənəyini artıq "MakMaster müharibəsi" adlandırırlar. Bu – uğur baş verməzsə, o, günah keçisi olacaq. Uğurlu olduqda Tramp ondan "kredit alacaq".

Hətta 5 minlik ABŞ qoşununun Kabilə doğru irəliləyən "Taliban"a təsir edəcəyi şübhə doğurur. ABŞ-ın müharibə üslubu, çox güman ki, mülki itkiləri artıracaq və Əfqanıstan Milli Ordusunun pisləşməsi əhalinin ona etimadını azaldacaq.

20 il əvvəl qəddar qaydalarına görə devrilən "Taliban" indi ölkədə sabitliyin yeganə təminatçısı sanılır. Bu reallıq ABŞ kəşfiyyatına da bəllidir. "Taliban"ın qayıdışı ABŞ-ın nüfuzuna xələl gətirəcək, Vyetnamdan bəri ABŞ-ın ən pis hərbi məğlubiyyəti olacaq. Həmin nəticənin qarşısını almanın yeganə yolu Əfqanıstanın hətta bütövlüklə məhv edilməsi tədbiri ola bilər.

 

Tərcümə: Strateq.az