XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 14:42

İran-Pakistan sərhədində gərginlik mənbəyi:Bəluc separatçılarının arxasında Hindistan kəşfiyyatı durur? - TƏHLİL

Adam Vaynşteyn

"Atlantic Council" 

 

Vaşinqton Əfqanıstanın Nanqahar əyalətində İŞİD-lə mübarizəni iki dəfə gücləndirib. Ekspertlər İŞİD-lə müqayisədə “Taliban” təhlükəsinin daha çox olması xəbərdarlığı edir.

Tramp administrasiyası, görünür, eyni zamanda, həm Yaxın Şərqdəki İŞİD, həm də Əfqanıstandakı ABŞ qoşunlarının sayının artırılması ilə “Taliban”la mübarizə aparmaq niyyətindədir. Lakin ABŞ etiraf etməsə də, Əfqanıstandakı müharibə ölkənin sərhədləri ilə məhdudlaşmır. Əfqanıstan və İranla sərhəddəki Pakistanın Bəlucistan vilayəti ikinci cəbhədir.

Hindistan və Pakistan arasında proksi müharibə bitməyənədək, Əfqanıstan de-fakto münaqişə aparan qruplar üçün qarnizon kimi xidmət edəcək. Əfqanıstanda daxili sülhə nail olmaq üçün yeganə yol bütün müvafiq aktyorlarla, diplomatik vasitələrlə regionda sülhün təşviq edilməsidir. Lakin Tramp administrasiyası hər işi əksinə edir.

2017-ci il aprelin 26-da on İran sərhədçisi Bəlucistan (Pakistan) ərazisindən atəş açılmaqla güllələndi. İranın xarici işlər naziri Cavad Zərif təcili İslamabada yollandı və Pakistandan bir daha öz sərhədinə nəzarət etməyi tələb etdi. İran, rəsmi İslamabaddan uyğun əməl görmədiyi halda, məsələni özünün çözəcəyi ilə hədələdi.

Bəlucistanda davam edən münaqişənin məhsulu olan qanunsuzluq yalnız bəluc separatçıları deyil, “Taliban” liderləri üçün də təhlükəsizlik cənnəti yaradır və onların mövcudluğunu əsaslandıran narkotik ticarətini asanlaşdırır.

Alternativi olmayan əfqan fermerlər xaşxaş əkinini artmaqda davam edir və “Taliban” onun paylanmasına nəzarət edir. Bəluc separatçılar isə narkotiki İrana yollayırlar.

Əfqanıstanda (və ya Pakistanın şimalında) müharibə iki qarşılıqlı istiqamətə malikdir. 2017-ci ilədək Pakistanla sərhəd zolağında ən azı 2,183 ABŞ əsgəri öldürülüb. Eyni müddətdə – ABŞ-ın Əfqanıstana daxil olduğu zamandan bəri 3 min İran əsgəri və sərhədçisi narkotik daşıyıciları və terror özəklərinin üzvləri ilə atışmalarda həlak olub. Eyni zamanda, Pakistanın Bəlucistan əyalətində 2004-2016-cı illər arasında ən azı 3.580 mülki şəxs öldürülüb.

Qvetta Pakistanın Bəlucistan əyalətinin paytaxtı, eyni zamanda, “Taliban”ın yüksək səviyyəli rəhbərlərinin əsas bazası və separatçı hərəkatın evi kimi çıxış edir. Pakistan üçün Bəlicistanın dəyəri strateji Qvadar limanı, eləcə də təbii resurslardır. Lakin İran üçün Sistan-Bəlucistan əyaləti, ilk növbədə, ölkənin cənub-şərq guşəsində əlverişsiz sünni İslamın qalası və iğtişaşlar mənbəyidir.

Terror uzun müddətdir bu bölgədən hər iki ölkəni, xüsusilə Pakistanı təhdid edir və vəziyyəti mürəkkəbləşdirən Hindistanın bəluc separatçılarının arxasında durmasıdır. Hindistanın kəşfiyyat xidməti – RAW, Pakistanın Kəşmir separatçılarına verdiyi dəstəyə cavab olaraq, Əfqanıstanda bəluc separatçılarını maddi dəstək və hərbi sursatla təmin edir.

Rəsmi İslamabad tez-tez bəluc partizanlarında Hindistanın rolunu böyütsə də, dolayı sübutlardan başqa, əlbəttə, dəlilər azdır. Doğrudur, 2016-cı ilin martında Hindistan donanmasının zabiti Kulbhuşan Cadhav Pakistan orqanları tərəfindən Bəlucistanda həbs edilib və terror özəyi yaratmaqda ittiham edilib. 2017-ci il aprelin 10-da xüsusi hərbi tribunal Cadhavı asılmaqla ölümə məhkum edib.

Eyni zamanda, tanınmış bəluc üsyançıları, o cümlədən Pakistana qarşı qiyamın aparıcı siması, 2006-cı ildə öldürülən Navvab Əkbər Buqtinin nəvəsi Brahamdaqh Xan Buqti Hindistandan sığınacaq istəyib. 2016-cı ildə Müstəqillik Günü münasibəti ilə çıxışında Hindistanın baş naziri Nahendra Modi dedi: "Bəlucistan, Gilgit, Pakistan Kəşmirinin camaatı mənə təşəkkür etdi və mənə xoş arzularını dilə gətirdi".

Əfqanıstanda və regionda sabitliyin pozulmasında Hindistanın roluna çox vaxt barmaqarası baxılır və Pakistandan fərqli olaraq, onun siyasəti bilavasitə Qərbdə mülki əhalinin itkilərinə gətirib çıxarmayıb.

Digər regional aktyorlar tərəddüd etdikdə, İran “Taliban”la birtərəfli münasibətlərdən çəkindi. Əhməd Rəşidin “Taliban” adlı kitabında qeyd olunduğu kimi, "İran və Mərkəzi Asiya respublikaları Pakistan və Səudiyyə Ərəbistanından dəstək alan əfqan-puştu irticasına dərin şübhəni paylaşırlar".

İran, Əfqanıstandan və Pakistandan Bəlucistana döyüşçülərinin axınına həssas yanaşır. Bu, narkotik tacirləri, sünni ekstremistlər və bəluc separatçılar tərəfindən üç qoldan İran sərhədinə hücum deməkdir.

Rəsmi Tehran İranı hədəf seçən separatçıları ram etmədiyinə görə Pakistanı məsul tutur. Eyni zamanda, Pakistanda rəsmi İslamabad üçün təhdid olan bəluc fəallarına qarşı mühakiməsiz edam kampaniyası aparılır. Pakistanlı general Rahil Şərif bildiririb ki, RAW Bəlucistandan Pakistana qarşı əməliyyatları başlamaq üçün istifadə edir və Hindistan separatçıları yetişdirmək üçün baza kimi Əfqanıstandan istifadə edir.

Qəribə olsa da, Pakistan üçün bəluc partizanlarına qarşı ən yaxşı dərman Əfqanıstanın cənub-qərbində və Pakistanda “Taliban”ın güclü varlığıdır. Pakistan daxilində "Taliban"ın populyarlığı artır. Helmand vilayətindəki əfqan rəsmilərinin sözlərinə görə, Pakistan və İran “Taliban” ilə əlaqə saxlamaq üçün yarışır. Həmçinin, ABŞ missiyasını pozmaq üçün Rusiya və İran “Taliban”a dəstəkdə ittiham edilirlər. Eyni zamanda, 2008-ci və 2013-cü ildə Vaşinqtonda “Taliban”la əməkdaşlıq çağırışları səslənirdi.

 

Tərcümə: Strateq.az