XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 18:07

Almaniya ABŞ-dan uzaqlaşır, qonşularına meydan oxuyur:Avropada tarix hər an təkrarlana bilər - TƏHLİL

Həsən Bəsri Yalçın

Anadolu News Agency

 

Bu günlərdə Almaniya adını yaman çox eşidirik. Harada aş, orada Almaniya baş. Türkiyə ilə böhran yaşayan, Rusiya ilə çəkişən Almaniya indi də ABŞ-la atışmağa başlayıb.

Əvvəllər həmişə Avropa Birliyi (AB) siyasətinin içində özünü əritməyə çalışan Almaniya görüntüsü artıq yoxdur, onun yerinə beynəlxalq məsələlərdə səsi olduqca yüksək çıxan Almaniya var.

Rusiya ilə yaşanan gərginlik yeni deyil. Ukrayna böhranından bu yana, Almaniya-Rusiya əlaqələrinin hansı istiqamətdə gedəcəyi ciddi maraq oyadır. Avropalılar həmişə olduğu kimi, NATO-nun arxasında gizlənərək, Rusiyanı Ukraynadan çıxarmaq istədilər. Nəticə tam əksi oldu.

Rusiya birbaşa Krımı işğal edərək Almaniyanın liderlik etdiyi AB-yə rus arxa bağçasında manevrə imkan verməyəcəyini göstərdi. Almaniya Ukraynada ova çıxarkən, ovlandı. O, NATO-nun, yəni Amerikanın dəstək verəcəyinə inanırdı. Ancaq elə olmadı. ABŞ Rusiyanı görməməzliyə vurmağı üstün tutdu. Bu, Almaniyanın tənhalığı acı şəkildə dadmasının ilk nümunəsi oldu.

 

Almaniya terrorçuların etibarlı bölgəsidir

 

Rəsmi Berlinin Türkiyə ilə yaşadığı gərginlik, demək olar ki, hər kəsə məlumdur. Almaniya Türkiyəyə qarşı elə sərt oynayır ki, qarşılıqlı razılaşmaya çatmaq üçün az qala bircə boş sahə buraxmır. Alman qəzetlərindən tutmuş alman rəsmilərinə qədər, demək olar ki, hər sahə və hər qrup Türkiyəyə qarşı açıq düşmənçilik xarakterli bəyanatların parçası olur.

Türkiyədə fəaliyyət göstərən bütün terror təşkilatlarının nümayəndələri üçün Almaniya etibarlı bölgə halına gətirilib. Hətta FETÖ-çuların sığınacaq mərkəzi olub. Referendum dövründə də Almaniya Ərdoğan əleyhdarı mövqeyi tutdu.

Ən son qarşılaşdığımız nümunə isə İncirlik qalmaqalıdır. Türkiyə alman deputatların İncirliyə girməsinə icazə verməyincə, Almaniya "AWACS"ların Konyadan çıxarılmasını gündəmə gətirə biləcəkləri ilə təhdid etdi. Hətta ABŞ-ı köməyə çağırdı. Lakin yenə əliboş qaldı.

 

"Tramp Almaniya ilə yaxınlaşar" ümidləri boşa çıxdı

 

Almaniyanı ən çox sarsıdan da bu oldu. Bəziləri Tramp dövründə Almaniyanın Amerika ilə yaxınlaşa biləcəyi iddiasını dilə gətirirdi. Yəni “Amerikan ifrat "sağ"ını təmsil edən Tramp və administrasiya Almaniya ilə yaxınlaşmağı ideoloji olaraq üstün tutur” deyilirdi. Almanlar da bənzər bir təmənnaya qapılmış ola bilərdi. Lakin Tramp ilk gündən bu yana Almaniyaya olduqca məsafəli və bəlkə də açıqca müxalif bir rəftar sərgiləyir.

Trampın az qala normal bir hərəkəti yoxdur, lakin ən anormalını, yəqin ki, Merkelə göstərdi. Görüşdən sonra jurnalistlərə poz verərkən, Merkelin bütün səylərinə baxmayaraq, bütün diplomatik nəzakəti kənara qoyub, ona əl uzatmadı. Bununla da kifayətlənmədi, ard-arda Almaniyanı hədəfə alan bəyanatlar verdi.

Xüsusilə NATO mövzusunda şərhlər Merkelin bütün gözləntilərini boşa çıxardı və qəfildən Merkel də buna sərt cavab verdi.

 

Almaniya və ABŞ

 

Merkel artıq Almaniyanın İngiltərə və Amerikaya güvənə bilməyəcəyini və başının çarəsinə baxmaq məcburiyyətində olduğunu dilə gətirdi. Buna qədər olanlar, hər hansı bir dövlətin başqa dövlətlə yaşaya biləcəyi sıradan bir gərginliklər nümunəsidir. Lakin Almaniya ilə ABŞ arasından su keçməsi fərqli vəziyyətə işarə edər.

Almaniyanın "patron"la münasibətləri pozulur.

Kim nə deyirsə-desin, Almaniya 1945-ci ildən bu yana Amerika işğalı altındadır. İkinci Dünya müharibəsindən sonra Almaniyaya girən Amerika "Soyuq müharibə" dövründə Qərbi Almaniyanı qurdu, inkişaf etdirdi və onu qorudu; silahlanmasına və ordusunun yenidən qurulmasına yardım etdi. Bütün təhlükəsizliyə amerikalılar cavabdeh idi.

"Patron və vassal" əlaqəsi şəraitində Almaniya iqtisadi inkişaf keçirdi, lakin təhlükəsizlik baxımından Amerikadan asılı oldu.

"Soyuq müharibə" bitdikdə Şərqi və Qərbi Almaniyanın birləşməsinə icazə edildi, lakin qeyri-bərabər əlaqə forması dəyişmədi.

AB-nin iqtisadi gücü olan Almaniya, Fransa ilə birlikdə AB-nin siyasi mühərriki halına gəldi. Amma AB mövqeyi böyük nisbətdə NATO ilə paralel idi. Birliyin genişlənməsi – NATO genişlənməsi oldu.

Böyüməsinə baxmayaraq, Almaniya Amerikanın idarəçiliyi altında olmağa davam etdi.

 

Təhlükəsizlik ehtiyacı

 

Son illərdə ABŞ-ın dünya siyasətində çəkinmə halı, bütün müttəfiqləri kimi, Almaniyanı da narahat etdi. Dünyanın dörd bir tərəfində böhranlar baş verərkən, bu böhranların təsiri Almaniyanın sərhədlərinə dirənərkən, almanlar özlərini etibarsız hiss edir.

O, ABŞ-ın bu zamana qədər təmin etdiyi təhlükəsizlik çətirini itirir və Almaniyanın artıq təhlükəsizlik ehtiyacı var.

Bunu təmin etmək üçün iki yol qalır: ya AB-nin gerçək bir ordu qurması, ya da Almaniyanın öz ordusunu qurması. İlki mümkün deyil, ikincisi isə risklidir.

AB-nin ordu qurma səyləri yeni deyil. Amerikan təhlükəsizlik çətiri altında və hər şey öz axarında gedərkən belə, bu gerçəkləşmədi. AB-nin genişlənməsi və dərinləşdiyi dövrlərdə belə üzv ölkələrin ordu yaratmaq istəyi çox çətin məsələdir.

 

Ordu qurma ehtimalı

 

Avropanın ən böyük iqtisadiyyatı və sənaye nəhəngi qısa müddətdə güclü bir ordu qura bilər. Lakin belə bir addım Almaniyanı təkrar dünya siyasətinin mərkəzi problemi halına gətirərək, həm Avropanın ətrafındakı aktyorları narahat edər, həm də AB siyasətinin sonu olar.

Ordu yaratma, ilk növbədə, Fransanın təhdid hiss etməsi, yəni İkinci Dünya müharibəsindən əvvəlki vəziyyətə dönmək deməkdir. Qarşılığında Fransanın da silahlanması və AB-nin iki mühərrik gücünün yenidən bir-birinin rəqibi halına gəlməsi kimsəni təəccübləndirməz.

Bu vəziyyət – AB-nin sonu deməkdir. Fransa və Almaniyanın bu rəftarı digər kiçik AB ölkələrini də hərəkətə gətirəcək. Nəticədə, onların bir qismi Almaniyaya təslim ola bilər, digər qisimi də Fransa ilə ittifaq quracaq.

Bu baxımdan Almaniyanın öz ordusunu qurması Avropa siyasətini fərqli bir mərhələyə çıxaracaq.

 

Almaniyanın dilə gətirmədiyi 

 

Amma bəlkə də Almaniyanın dilə gətirmək istədiyi məhz budur. Bəlkə Almaniya əslində, silahlanmaq və yayılmaq istəyir, ABŞ-ın geri çəkilməsini bəhanə kimi təqdim edir. Bəlkə də Avropada artıq özünə iqtisadi mənada meydan oxuyacaq aktyorun qalmamasını siyasi və hərbi gücə çevirmək istəyir. 

Almaniya iqtisadi mənada onsuz da Avropanı özünə təslim edib. AB iqtisadiyyatında əlavə 290 milyard $-lıq ticarət Almaniyaya aiddir. Yəni, "AB iqtisadiyyatı böyük nisbətdə Almaniya üçün çalışır, – desək yanılmarıq.

Almanlar dünya siyasətindəki boşluqdan faydalanaraq nüfuzunu atırırlar. Qlobal siyasi güc olmanın yolu da budur.

 

Böyük xərc tələb edən istək

 

Almaniya bu cür addımları atdığı müddətdə, yeni gərginliklərin tərəfi olacaq. Yeni  əleyhdarlar tapacaq. Bu, olduqca çox xərc tələb edən durumdur. Digər regional və qlobal aktyorlarla birbaşa qarşı-qarşıya gəlmək deməkdir.

Ölkənin geosiyasi xüsusiyyətlərinə, yəni, Avropanın tam ortasında olmasına görə bir çox rəqiblə qarşılaşacağını hamımız deyə bilərik.

Ancaq Almaniya bu çoxcəbhəli müharibəni çox yürüdə bilməz. O, rəqib sayını azaltmaq məcburiyyətindədir. Bütün rəqiblərlə eyni anda mübarizə yerinə, birinə fokuslanması lazımdır.

Artıq ABŞ-la ittifaq qeyri-mümkün görünür. Amma onu qarşısında da görmək istəməyəcək. Yəni Almaniya ABŞ-la rəqabətə girməkdən xüsusilə qaçacaqdır. O zaman qarşı-qarşıya gələ biləcəyi iki aktyor qalır: Rusiya və ya Türkiyə.

Tarixdən çox yaxşı tanıdığımız bir tənlikdir. Eynilə Avstriya-Macarıstan, Rusiya və Osmanlı arasında 18 və 19-cu əsrdəki əlaqələrə bənzər bir vəziyyət ortaya çıxır. Almaniya əvvəlcə bunların ancaq biriylə mübarizə etmək istəyəcək.

Hansının olacağını isə Suriya böhranı və ya Ukrayna böhranı müəyyən edəcək. Ukrayna məsələsi Almaniya üçün daha prioritetdir. Suriya məsələsi Almaniyanın daha az marağını çəkir, amma daha “isti mövzudur” – terror və köç.

Bu mənada Türkiyədən istifadə edəcəyini hiss edir. AB siyasəti çərçivəsində Türkiyəni tampon bölgə halına gətirmək istəyir. Lakin Türkiyəyə nəzarət edə bilməyəcəyi ortaya çıxınca əlaqələrdəki gərginlik dərəcəsi artır.

İşin ən maraqlı tərəfi – Almaniya Rusiya və Türkiyə ilə rəqabətə girə bilər, amma Fransa və digər Avropa ölkələri üçün daha prioritetli təhdid halına çevrildikdə yeni gündəm yarana bilər.

Necə olursa-olsun, bundan sonra Almaniyanın adını daha çox eşidəcəyik və bu ad əksər gərginliklərin bir hissəsi olacaq. Çünki Almaniya gücünü artırmaq istəyir və beləcə ətrafını də etibarsız edir.

 

Tərcümə: Strateq.az