XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 15:12

Elçibəyin prezident seçildiyi gün TRT-yə verdiyi müsahibə:“Ölkədə sərvət boldur, onu dəyişdirib yağ, şəkər, un gətirəcəyik” - VİDEO

Bu gün mərhum Əbülfəz Elçibəyin Azərbaycan prezidenti seçildiyi gündən 25 il ötür. Azərbaycan Xalq Cəbhəsi 1992-ci il iyunun 7-də Azərbaycanda keçirilmiş prezident seçkisinə özünün namizədi Əbülfəz Elçibəylə qatılmışdı. Böyük rezonans doğuran həmin seçkidə Əbülfəz Elçibəy 56 faiz səs toplayaraq Azərbaycan prezidenti seçilmişdi.

Strateq.az 1992-ci il prezident seçkisi ilə bağlı maraqlı videoxronikanı oxuculara təqdim edir. Həmin videoçəkilş Türkiyənin TRT kanalının arxivindən götürülüb. Xatırladaq ki, bir müddət əvvəl TRT öz arxivini internet üzərindən açıb.

1992-ci ilin 7 iyununda Bakıda çəkilmiş sujetdə seçki məntəqələri və səsverməyə gəlmiş seçicilər görünür. Başqa bir kadrda AXC sədri Əbülfəz Elçibəyin səs verdiyi əks olunub. Daha sonra Elçibəy yaşadığı qardaşı evindən TRT-yə qısa müsahibə verir.

Müsahibədə Ə. Elçibəy deyir ki, prezident kimi ilk olaraq Qarabağda erməni hucumlarını dayandıracaq. Bununla yanaşı o, qeyd edir ki, problemi dünya dövlətləri ilə birgə müzakirə etməyə qərar verib: “Qarabağ problemini dünya dövlətləri ilə bir yerdə çözəcəyik. Təbii ki, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna başqa dövlətlərlə birgə çalışacağıq. Dünya erməni hucumlarının haqsız olduğunu artıq bilir, qınayır, amma bir iş görmür”.

Daha sonra Elçibəy ordu ilə bağlı danışır: “Azərbaycanın özünümüdafiə qüvvələrini gücləndirəcəyik və silahlandıracağıq. Ordumuzu yaradacağıq”.

Azərbaycanın ağır iqtisadi vəziyyəti ilə bağlı hansı işlərin görüləcəyinə dair sualında Ə.Elçibəy ilk olaraq xalqın ehtiyacı olan ərzaq probleminin həllinə çalışacaqlarını bildirir: “Bu gün xalqın ehtiyacı nəyədirsə, onu ödəyəcəyik. Ölkədə sərvət boldur, onu dəyişdirib yağ, şəkər, un və s. gətirəcəyik. Millətin ehtiyacını ödəyəcəyik”.

Ölkənin dağılmış iqtisadi sistemini tənqid edən Elçibəy TRT-yə deyir ki, hazrıda Azərbaycanda iqtisadiyyat yoxdur: “Mal barteri hələ iqtisadiyyat deyil. İqtisadiyyat bir mexanizmdir. Ölkəmizin dəqiq statistikası yoxdur. Hamısını yalandan işləyiblər. Məsələn, pambığı götürün. 60 ton yığılıbsa, 80 ton yazıbar. Rəqəmlərdə hər şey yalandan göstərilib. İlk olaraq ölkənin doğru statistikasını yaratmaq lazımdır. Gerçək məlumatlar əsasında gələcək iqtisadiyyat mexanizmlərini qurmaq lazım gələcək. Bu, bir müddət çəkəcək”.

Elçibəy müsahibədə Türkiyə ilə münasibətlərə xüsusi önəm veriləcəyini açıqlayır: “Biz Türkiyə ilə iqtisadi-siyasi əlaqələr yaradacağıq. Geniş şəkildə proqram tutub əlaqələrimizi quracağıq. Türkiyəyə neft, pambıq və s. məhsulları verərək, gələn il ondan başqa məhsulları alacağıq”.

Bu qısa sujetdə 90-cı ilərin əvvələrindəkı Azərbaycanın necə ağır durumda olduğu aydın görünür.

Prezident Əbülfəz Elçibəy bir il sonra -1993-cü il iyunun 4-də polkovnik Sürət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyam nəticəsində devrilib.

Xaqani SƏFƏROĞLU  

Strateq.az 

 

http://www.trtarsiv.com/izle/100377/1992-azerbaycan-genel-secimleri




Yuxarı Əvvələ Ana Səhifə