XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2017 - 20:32

Tehrandan alınan qisas:Terror yalnız İŞİD-in ayağına yazılacaq, yoxsa... - TƏHLİL

Tomas Erdbrink

"New York Times"

 

Çərşənbə günü səhər İranın ən güclü rəmzləri olan Məclisə və İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin məqbərəsinə iki dağıdıcı hücum nəticəsində ən azı 12 nəfər həlak olub, 39 nəfər yaralanıb. 

İŞİD dərhal məsuliyyəti öz üzərinə götürdü. Bu xəbərin doğru olması aşkarlanarsa, həmin hücumlar İran hüdudları daxilində terror qrupunun ilk böyük aksiyaları hesab olunacaq.

Terror qrupu bildirib ki, hücumları sünni müsəlman ekstremistlər törədib. İŞİD-çilər İraqda və Suriyada İran dəstəkli qüvvələrlə mübarizə aparır və şiə müsəlmanları "dönüklər" sayırlar.

Regionda gərginlik onsuz da yüksək idi. Prezident Trampın səfərindən sonra Səudiyyə Ərəbistanı və bir neçə sünni müttəfiqi tərəfindən Qətər – İranla münasibətləri olan Fars körfəzi dövlətinə qarşı təcrid səyləri həyata keçirilir.

Tehrandakı hücumlar saat 10:30-da başlamaqla, bir neçə saat çəkdi. Avtomat silahlı və intihar gödəkcələrilə silahlanmış adamlar – onların bir neçəsi qadın qiyafəsində olub – bir keşikçini öldürərək parlament binasına girdi, digər insanlar da girov götürdü.

Qarşıdurma dörd saat davam etdi.

Binada, xüsusilə girişində, təhlükəsizliyi artırmaq üçün təmir işləri gedirdi, lakin onlar hələ başa çatmamışdı.

"Mən danışa bilmirəm, vəziyyət həqiqətən təhlükəlidir, mühasirəyə alınmışıq", – iranlı jurnalist Ehsan Bodağinin bu sözlərindən sonra parlament binasının daxilində telefon əlaqəsi kəsildi. Bundan sonra qışqırıq səsləri eşidildi.

Parlamentinin spikeri Əli Laricani "bəzi qorxaq terroristlər"in doğurduğu "kiçik hadisə"nin mahiyətini kiçiltməyə çalışdı: "Təhlükəsizlik gücləri mütləq onlara qarşı ciddi tədbirlər görəcək".

İŞİD, Məclisdə yerdə yatan qana bulaşmış adamı göstərən 24 dəqiqəlik video yaydı. Arxa plandakı döyüşçü isə qışqırırdı: "Allaha şükür. Elə bilirsiniz buranı tərk edəcəyik? İnşallah, burada qalacağıq".

Parlamentdən 10 mil cənubda yerləşən məqbərəyə hücum saat 11-ə yaxın başladı və təxminən saat yarım davam etdi. 

İki şəxsdən biri 1989-cu ildə vəfat edən Ayətullah Xomeyninin məzarının qərb qanadında partlayış törətdi. Digəri başqa təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildi. Amma başqa xəbərə görə o, sianid həbi udaraq intihar edib.

Məqbərənin nəzarətçisi Məhəmməd Əli Ansari bildirib ki, qurşaqlarına partlayıcı bağlamış silahlılar "kor-koranə atəş açıblar".

On il sonra Tehranda həyata keçirilən ilk terror hücumları Trampın Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə İranı təcrid edəcəyinə dair vədindən yalnız iki həftə sonraya təsadüf edir. İran buna məhəl qoymadı, Səudiyyə Ərəbistanına silah satışını İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın Səudiyyə Ərəbistanını "inək kimi sağma" kimi səciyyələndirdi.

Tehranın şübhələri yeni prezident Trampın dəstək ziyarəti ilə ötən ay qonaq getdiyi Səudiyyə Ərəbistanına – İranın regional rəqibinə yönəlib.

İranda bir çoxlarının rəyinə görə, İŞİD kimi tanınan təşkilat Səudiyyə Ərəbistanı ilə birbaşa bağlıdır. İranın ali lideri Ayətullah Əli Xamenei ilə əlaqələndirilən sərt siyasət tərəfdarı olan analitik Həmidrza Tərəqi deyir: "İŞİD ideoloji, maliyyə və maddi cəhətdən Səudiyyə Ərəbistanı tərəfindən tam dəstəklənir".

"Birinin o birindən fərqi yoxdur", – deyə o əlavə edir.

İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə qarşı-qarşıya gəlmiş iki aparıcı tərəfdir – şiə və sünni İslam arasında ayrışma xətti. İranın İraq və Suriyada hərbi müşavirləri var və o, həmin ölkələrdə və Livanda şiə milisləri maliyyələşdirir. Tehran, həmçinin Yəməndə də hökumətlə mübarizə aparan husilərə nəzarət edir və tez-tez Bəhreyndə şiələrə dəstək verir. İran deyir ki, sünni monarxiya əksəriyyətin haqlı tələbinə repressiyalarla cavab verir.

Çərşənbə günü səhər, İrandakı hücumlardan bir neçə saat əvvəl, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr bildirib ki, İran region ölkələrinin daxili işlərinə müdaxilə etdiyinə görə cəzalandırılmalıdır. O, Tehranı "terrorun aparıcı tərəfdarı" adlandırıb.

İran isə öz növbəsində, çoxdan bu səltənəti bölgədə, xüsusilə İraq və Suriyada sünni ekstremistləri, o cümlədən İŞİD kimi qrupları dəstəkləməkdə ittiham edir.

Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlər, İrana dəstək ittihamı ilə, bazar ertəsi günü qazla zəngin Qətərilə əlaqələri kəsəndən bəri Tehran qida və dərman göndərmək təklif ilə boşluğu doldurmağa çalışır.

"Səudiyyəlilər indi özlərini tam səlahiyyətli hiss edir, – analitik Tərəqi bildirir. – İndi onlar Tehrandan qisas alır''.

Analitik əlavə edir ki, İranın siyasəti Səudiyyə ittifaqının arasına paz soxmaq idi: "Biz indi Qətərə kömək edirik. Səudiyyə ittifaqı artıq quru sözdür".

İran təhlükəsizlik rəsmilərindən biri bildirib ki, bu hücumlar İrana dərs vermək üçün nəzərdə tutulan Səudiyyə Ərəbistanının ismarışı idi. O, həmçinin hücumların İranın təpkisini yoxlamaq üçün olduğunu iddia edib.

Digərləri rəsmi Tehranın Qətər müdafiə etmək qərarını səbəb göstərirr. "Biz birdən-birə Qətərlə sıx əməkdaşlığa getməklə yanlış hərəkət etdik, – hökumətə yaxın iqtisadçı-analitik Səid Laylaz bildirib. Qətərlilər də, səudiyyəlilər kimi, sünni terror qruplarını maliyyələşdiriblər".

Səudiyyə Ərəbistanı kralı Salman İranı "qlobal terrorizmə liderlik"də ittiham edib. Ərəbistan rəsmiləri deyir ki, İran regiona nəzarət etmək istəyir. Səudiyyə Ərəbistanı – mütləq monarxiyalı səltənət İranın siyasi ideologiyasına, ali liderinə, prezidentinə, parlamentinə və həm kişilər, həm də qadınların iştirak edə biləcəyi seçki sisteminə, o cümlədən şəhər şuralarına qarşı çıxır.

Terror hücumları Avropa və Yaxın Şərqdə adi hal alsa da, İran nisbətən təhlükəsiz qalmışdı. May seçki kampaniyası dövründə prezident Həsən Ruhani tez-tez bu vəziyyəti, ölkənin sayıq təhlükəsizlik qüvvələri və kəşfiyyat xidmətlərini mədh edirdi.

Çərşənbə günü uzlaşdırılmış terror hücumlarından sonra təhlükəsizlik məsələsinə toxunan bir analitik deyib: "Bu gün sübut olundu ki, biz də təhlükədən sığortalanmamışıq".

Analitik Nadir Kərimi Coni əlavə edib: "İndi, İraq və Suriyada onları məğlub etdiyimiz dövrdə, İŞİD-in digər hücumlarını təxmin etmək olar".

Çərşənbə günü hücumlarının təfərrüatları hələ də aydın deyil, yerli xəbər agentlikləri elan edib ki, Xomeyninin məqbərəsində özünü partladan qadın olub.

Uzun illərdir ki, İran silahlı müxalifət qrupu, onilliklər boyu keçmiş İraq diktatoru Səddam Hüseyn tərəfindən dəstəklənən marksist-İslam təşkilat – "Mucahidin-e Xəlq" tərəfindən terrora məruz qalıb və bundan əziyyət çəkirdi. "Mucahidin-e Xəlq" hücumlarının çoxunda onun üzvləri sianid zəhəri içərək sonda intihar törədib.

2012-ci ildə bir qrup mühafizəkar respublikaçı siyasətçinin dəstəyi ilə o, ABŞ-ın terror təşkilatları siyahısından çıxarılıb.

İranda hücumlar İŞİD-in döyüş meydanında güclü təzyiqlə üzləşməsi ilə eyni vaxta təsadüf edir. İraq və Suriyada İŞİD-in elan etdiyi "xilafət" ərazisi daralır. Suriyadakı ABŞ dəstəkli qüvvələr bazar ertəsi günü İŞİD-in de-fakto paytaxtı Raqqa ətrafında böyük əməliyyat başlayıb. Bir çox İŞİD-çilər Suriyanın cənubdakı Mayadin şəhərinə qaçırlar. İraqda İran dəstəkli şiə milisləri Amerika döyüş təyyarələrinin köməyi ilə Mosul şəhərində şiddətli döyüş aparır.

Ərazilərini itirən İŞİD-in ümumi taktikası – yayındırma və xarici hücumlarla ardıcıllarına mənəvi dəstək vermək cəhdidir. Mayın 22-də Mançestrdə, İngiltərədə intihar aktı və şənbə gecəsi Londondakı terror hücumu bu modelə tam uyğundur.

Corc Vaşinqton Universitetində ekstremizmə dair proqramın elmi işçisi Muxtar Avad deyir ki, Tehrandakı hücumlar nəhayət, "cihadçı dairələrdə İŞİD-in İrana həmlə edə bilməməsi" məsələsinə cavabdır.

"Onlar uzun müddət buna lağ edirdilər, – M.Avad bildirib. – Bu, İŞİD-in həqiqətən İslamın bütün düşmənləri ilə mübarizə apardığını sələfilərə və cihadçıların daha geniş kütləsinə göstərmək üçündür".

"Bu, güclü ismarışdır, – deyə hücumlarına toxunaraq, o əlavə edib. – İndi onlar Tehranla mübarizə apara biləcəklərini əyani göstərdilər".

M.Avad, həmçinin deyib ki, hücum qismən İraq, Liviya və Suriyada məğlubiyyətdən sonra döyüş ruhunu qaldırmaq cəhdi kimi izah edilə bilər.

Onlar İŞİD-in İrana qarşı ilk uğurlu hücumu olsa da, qrupun bu ölkəni ilk dəfə hədəf seçməsi sayıla bilməz. "2015-ci ildən bu yana bir neçə cəhd olub, – Parisdəki Terrorizmin Təhlili Mərkəzinin sədri Jan-Şarl Brisar bildirib. – Fars dilində danışan İŞİD-çinin İranın hədəf seçilməsi barədə İran sünnilərinə video çağırışı mart ayında yayıldı və bu, son xəbərdarlıq idi".

Dünyanın bir çox dövlətləri, o cümlədən Livan və Rusiya hökumətləri hücumları pislədilər.

"Bu terror cinayətləri terroru aradan qaldırmaq üçün İranın qətiyyətini artıracaq",Livan parlamentinin spikeri və şiə siyasi partiyasının rəhbəri Nabih Berri bildirib.

 

Tərcümə: Strateq.az