XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 İyun 2017 - 20:00

FTB-nin keçmiş direktorunun Trampı hakimiyyətdən sala biləcək ifadəsi:"Prezident dedi ki, Flinn vitse-prezidenti aldadıb..." (TAM MƏTN)

The Independent (Böyük Britaniya), 08.06.2017

 

Strateq.az ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Kominin Senatın Kəşfiyyat üzrə Komitəsində Donald Trampın seçki qərargahı üzvləri ilə Rusiya arasında ehtimal edilən əlaqələri haqda ifadə verməzdən öncə, rəsmi protokola daxil edilməsi üçün yayılmış bəyanatının tam mətnini təqdim edir:

 

Senatın kəşfiyyat üzrə Xüsusi Komitəsinə

Ceyms Komi

08 iyun 2017-ci il

 

Cənab sədr Berr, sədr müavini Uorner, hörmətli komitə üzvləri!

Bu gün Komitənizin toplantısında çıxışa dəvət üçün sizə təşəkkür edirəm. Məndən bu gün ifadə verməyi və seçilmiş prezident və prezident Donald Trampla, başa düşdüyüm kimi, sizin üçün maraq doğuran mövzularda söhbətlərimizdən danışmağı xahiş ediblər. Mən prezidentlə söhbətimin bütün təfərrüatlarını çıxışıma daxil etməmişəm, lakin başa düşdüyüm qədər, Komitənin işinə dəxli olacaq informasiyanı daxil etməyə cəhd etmişəm.

 

6 yanvar: brifinq

 

Mən o zamankı seçilmiş prezident Trampla ilk dəfə Nyu-Yorkda cümə günü yanvarın 6-da "Trump Tower" otelinin mətbuat zalında görüşmüşəm. Mən onu və milli təhlükəsizlik üzrə yeni komandasını Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı Kəşfiyyat Cəmiyyətinin (KC) apardığı analizlərin nəticələri ilə tanış etmək üçün kəşfiyyat cəmiyyətinin digər rəhbərləri ilə bərabər orada idim. Brifinq başa çatarkən analizin gedişində toplanmış materiallardakı şəxsi xarakterli bir neçə fakt haqda məlumat vermək üçün seçilmiş prezidentlə təkbətək qaldım.

KC rəhbərliyinin fikrincə, məlumatların nalayiq səciyyə daşıdığı və yoxlanmadığına baxmayaraq, bu materialın varlığı haqda – müxtəlif səbəblər üzündən – prezidentə xəbərdarlıq etmək vacib idi:

1) KİV-lərin bu materialı yaymağa hazırlaşdığını bilməyimiz və bu materialın varlığını KC-nin seçilmiş prezidentdən gizlətməyinin  lazım gəlmədiyi və onun tezliklə dərc ediləcəyi;

2) yeni prezidenti nüfuzdan salmaq üçün hansısa cəhdlər ediləcəksə, xəbərdarlıq addımı qismində brifinq keçirərək bu cür hərəkətlərin mənfi nəticələrini yumşalda biləcəyimiz bu səbəblər içində idi.

Milli Kəşfiyyat direktoru tutduğum vəzifəni, həmçinin materialın FTB-nin əks-kəşfiyyat fəaliyyəti sahəsindəki vəzifələrinə dəxli olduğunu nəzərə alaraq brifinqin bu hissəsini keçirməyi şəxsən mənə tapşırdı. Biz həmçinin razılaşdıq ki, seçilmiş prezidentdə yarana biləcək pərtliyi və naqolaylıq hissini cüziləşdirməkdən ötrü bunu mən özüm edəcəyəm. Bu brifinqin mənim tərəfimdən keçirilməsini məqsədəuyğun saysaq da, FTB rəhbərliyi təmsilçiləri ilə narahat idik ki, brifinq yeni prezidentin hakimiyyətə gələrək FTB-nin onun fəaliyyətinin əks-kəşfiyyat araşdırması aparıb-aparmadığını dəqiq bilmədən qeyri-müəyyənlik hissi yaşayar.

Anlamaq vacibdir ki, FTB-nin əks-kəşfiyyat təhqiqatları geniş şəkildə məlum olan cinayət araşdırmalarından fərqlənir. FTB əks-kəşfiyyat araşdırmaları aparmaqla düşmən dövlətlərin Birləşmiş Ştatlara təsir göstərmək və yaxud sirlərimizi oğurlamaq üçün insana yönəlik istifadə etdiyi texniki və psixoloji üsulları anlamağa səy göstərir.

FTB bu məlumatlardan bu cür fəaliyyətin qabağını almaq üçün istifadə edir. FTB potensial ələ almaq və yaxud xarici dövlət tərəfindən təsir obyekti olan adama xəbərdarlıq edir ki, bəzən bunların qarşısını alsın. Bəzən bunun üçün kiberhücuma məruz qalan kompüter müdafiə sisteminin yüksəldilməsi üzrə tədbilər görülür. Arada FTB düşmənçilik fəaliyyətini önləmək üçün ələ alınmış adamı “yenidən ələ almalı” olaraq onu ikili agentə çevirməli və yaxud bu fəaliyyəti aşkar ifşa etməli olur, sanksiyalar və yaxud səfirliklərdə işləyən kəşfiyyatçıları ölkədən sürgün kimi təsir üsullarına əl atmalı olur. Kəşfiyyat fəaliyyətinin kökünü kəsmək üçün ayrı-ayrı hallarda cinayət məsuliyyətindən istifadə olunur.

Düşmən xarici dövlətin təbiəti məlum olduğundan əks-kəşfiyyat cəmiyyəti, adətən, diqqətini FTB-nin xarici dövlətin agenti saydığı, bilərəkdən və yaxud bilməyərəkdən hərəkət edən şəxslərə cəmləşdirir. Xarici dövlətin hansısa amerikalını ələalma obyekti qismində seçdiyi və yaxud amerikalının agent kimi gizlicə işlədiyini güman etməyə FTB-də əsaslar meydana çıxanda FTB bu amerikalıya nisbətdə “araşdırmalara başlayır”. FTB bu zaman məhkəmə instansiyalarının yardımına əl atır ki, bu xarici dövlətlə müxtəlif növ münasibətlərin qarşısını almaq üçün onun xarakterini ayırd etməyə çalışsın.

Mən bu kontekstdə hələ yanvarın altısındakı görüşə qədər şəxsən ona münasibətdə araşdırma aparmadığımıza inandırmaq üçün seçilmiş prezident Trampı sakitləşdirməyinə dəyib-dəymədiyini FTB rəhbərliyi ilə müzakirə etdim. Əslində, belə də idi – Trampa nisbətdə əks-kəşfiyyat xətti ilə heç bir araşdırma aparmırdıq.

Biz razılaşdıq ki, şərait tələb etsə, bunu mən edəcəyəm. "Trump Tower" qülləsində seçilmiş prezident Trampın brifinq vaxtı əldə edilmiş məlumata reaksiyası nəzərə alınmaqla keçirilən təkbətək görüşümüz zamanı o, məndən bu haqda birbaşa soruşmasa da, onu buna əmin etdim.

Mən seçilmiş prezidentlə ilk söhbətimi qısa konspekt tərtib etməklə sənədləşdirməyi zəruri saydım. Qeydlərimin lap dəqiq olması üçün brifinq bitəndən dərhal sonra işə girişdim – binadan çıxdım, "Trump Tower"in yanında durmuş xidməti maşınıma əyləşdim və mətni noutbukda yazmağa başladım. O vaxtdan bəri prezident Trampla təkbətək keçən söhbətlərimizin məzmununu qeydə almağı qayda kimi qəbul etdim. Əvvəllər bunu heç vaxt etməmişdim. Prezident Obama ilə şəxsən iki dəfə söhbət etmişəm (və onunla telefonda heç vaxt danışmamışam) – ilk dəfə hüquq qaydaları tətbiqinə dair məsələlər müzakirə edilərkən 2015-ci ildə. İkinci dəfə 2016-cı ilin sonunda qısa bir söhbət olub – o, vidalaşmaq istərkən. Nə birinci, nə də ikinci dəfə bu söhbətlərin məzmununu qeydə almamışam.

Xatırlaya bilirəm ki, dörd ay ərzində prezident Trampla təkbətək doqquz söhbətimiz olub – üç söhbət şəxsi görüşlər zamanı və altısı telefonla.

 

27 yanvar: şam yeməyi

 

Cümə günü, yanvarın 27-də saat 18.30-da Ağ Evdə Yaşıl otaqda prezidentlə şam yeməyi yedik. Həmin gün naharda mənə zəng etdi, dedi ki, bütün ailəmi dəvət etməyə hazırlaşır. Düzdür, bu dəfə ancaq məni çağırmağı qət etdi, bütün ailəmlə isə növbəti dəfə gələcəkdim. Şam yeməyinə daha kimin qatılacağı söhbətdən anlaşılmadı, amma güman edirdim ki, başqaları da olacaq.

Məlum oldu ki, ancaq biz ikimizik. Biz Yaşıl otağın ortasında dairəvi masanın arxasında əyləşmişdik. Bizə Hərbi Dəniz Donanmasının otağa yalnız yemək və içki vermək lazım gələrkən daxil olan iki sıravisi xidmət edirdi. Prezident FTB direktoru postunda qalmaq istəyib-istəmədiyimi soruşmağa başladı ki, bu da mənə qəribə göründü. Çünki əvvəllər başqa söhbətlərdə o, artıq iki dəfə ümidini ifadə etmişdi ki, mən qalacağam, mən isə onu əmin etmişdim ki, qalmağa hazırlaşıram. O dedi ki, çoxları sənin  yerinə iddia edir və getmək istəsəydim, keçən il məruz qaldığım hücumları nəzərə almaqla bunu başa düşərdi.

Mən fəhmlə hiss etdim ki, bu təkbətək görüş də, özünü mənim vəzifəm haqda ilk dəfə danışırmış kimi aparmağı da bildirir ki, nahar (ən azı, qismən) ona görə təşkil olunub ki, ondan məni bu vəzifədə saxlamağı xahiş etməyə vadar etsin. Və aramızda onun tərəfindən qəyyumluq çalarlı münasibət formalaşsın deyə. FTB-nin icra hakimiyyəti qurumlarında müstəqil statusu nəzərə alınmaqla bu, məni çox narahat edirdi.

Cavab verdim ki, işimdən xoşum gəlir, qalmaq və onillik müddəti direktor vəzifəsində başa vurmaq niyyətindəyəm. Sonra isə bu vəziyyətdə necəsə bir pərtlik hiss edərək əlavə etdim ki, siyasətçilərin  işlətdiyi mənada “etibarlı adam” deyiləm və o, mənə həmişə güvənə bilər – mən ona həqiqəti deyəcəyəm. Və hələ dedim ki, siyasi planda heç kimin tərəfini tutmuram. Həm də bu sözün ənənəvi siyasi mənasında mənə güvənmək olmaz və dediyim kimi, bu mövqe (prezident kimi) onu tam qane etməlidir.

Bir qədər keçdikdən sonra prezident dedi: “Mənə loyallıq lazımdır, mən sədaqətə güvənirəm”. Yersiz bir sükut hökm sürdü. Mən qımıldanmadım, bir kəlmə dinmədim və sifətim dəyişmədi. Biz sadəcə oturmuşduq və dinməz-söyləməz bir-birimizə baxırdıq. Sonra söhbət davam etdi, lakin şam yeməyinin sonuna doğru yenidən bu mövzuya toxundu.

Hansısa bir anda FTB və Ədliyyə Nazirliyinin Ağ Evdən asılı olmadığının nə qədər önəmli olduğunu izah etdim. Bütün tarix ərzində bəzi prezidentlərin “problem”in ədliyyədən qaynaqlandığını hesab etdiyindən nazirliyi özünə daha yaxın tutmaqla tamamilə özünə tabe etmək cəhdlərini paradoksal adlandırdım. Amma bu sərhədlərin yuyulması son nəticədə problemləri ağırlaşdırır, ictimaiyyətin institutlara və onların fəaliyyətinə inamını azaladır.

Prezident şam yeməyimizin sonuna yaxın işimlə bağlı mövzuya qayıdıb dedi ki, qalmaq istədiyimə görə çox şaddır. Və əlavə etdi ki, Cim Mettis, Ceff Saşns və xeyli baqalarından mənim haqqımda yaxşı çox şey eşidib. Sonra dedi: “Mənə loyallıq lazımdır”.

Mən cavab verdim: “Siz mənim düzgünlüyümə həmişə güvənə bilərsiniz”. O susdu, sonra isə dedi: “Bax, mənə də bu lazımdır. Düzgün loyallıq”.

Mən susdum, sonra dedim: “Mənə güvənə bilərsiniz”.

Şam yeməyindən dərhal sonra etdiyim qeydlərimdə yazdığım kimi, ola bilsin, biz “düzgün loyallıq” söz birləşməsini müxtəlif cür başa düşürdük, amma fikirləşdim ki, bu mövzunu inkişaf etdirmək məqsəduyğun olmazdı. “Düzgün loyallıq” termini çətin söhbəti bitirməyə yardım etdi, mənim izahlarımdan isə aydın idi ki, o, nəyə güvənə bilər.

Prezident şam yeməyi zamanı yanvarın 6-da ona məlumat verdiyim nalayiq xarakterli materiallara bir də qayıtdı. Və əvvəllər olduğu kimi, bu əsassız bəyanatlarla bağlı hədsiz narazılığını bildirib təkzib etdi. O dedi ki, guya, baş vermiş bu insidentin olmadığını sübut etmək üçün onun araşdırılmasını mənə tapşırmaq üzərində düşünür.

Cavabında ona hər şeyi ətraflı götür-qoy etməyi məsləhət gördüm, çünki şəxsən ona nisbətdə araşdırma apardığımız haqda söz-söhbət (ki, gerçəkliyə uyğun gəlmir) yarana bilər. Həm də əksini sübut etmək çox çətin olduğuna görə.

O, bu haqda düşünməyə söz verdi və məndən də düşünməyimi xahiş etdi.

Prezident Trampla söhbətlərimizin məzmununu qeydə almaq qaydama əməl edərək, şam yeməyi başa çatandan dərhal sonra bu haqda təfərrüatlı qeydlər apardım və FTB ali rəhbərliyi təmsilçilərini bu qeydlərlə tanış etdim.

 

14 fevral: Oval kabinetdə brifinq

 

Fevralın 14-də Oval kabinetə prezidenti terrorizmlə mübarizə sahəsində işlərin durumu ilə tanış etməli olduğumuz planlaşdırılmış brifinqə yollandım. O, masa arxasında, biz isə masanın o biri tərəfində yarımdairəvi qoyulmuş kürsülərdə əyləşmişdik. Biz – prezidentin qarşısında əyləşənlər altı nəfər idik – vitse-prezident, MKİ direktor müavini, Terrorizmlə mübarizə üzrə Milli Mərkəzin direktoru, daxili təhlükəsizlik naziri, baş prokuror və mən.

Mən MKİ direktoru müavini ilə Antiterror Mərkəzi direktorunun arasında birbaşa prezidentlə qarşı-qarşıya əyləşmişdim. Kabinetdə arxamızdakı divan və kreslolarda əyləşmiş xeyli digər adamlar da var idi.

Prezident işarə vurdu ki, brifinq bitib, qrupumuza təşəkkür edərək iştirak edənlərə dedi ki, mənimlə təkbətək söhbət etmək istəyərdi. Mən öz yerimdə oturmağımdaydım. Brifinq iştirakçıları Oval kabinetin çıxışına sarı yollananda Baş prokuror yanımda ayaq saxladı, amma prezident ona təşəkkür etdi və dedi ki, təkcə mənimlə söhbətləşmək istəyir.

Yanmda ayaq saxlayan və bir-birimizlə xoş sözlər bölüşdüyümüz  Cared Kuşner kabinetdən axırıncı çıxdı. Prezident onu buraxaraq söylədi ki, mənimlə söhbət etmək istəyir. Döşəmə üzərindəki saatın yanındakı qapı örtüləndə və biz tək qalarkən prezident dedi: “Mən Mayk Flinn haqda danışmaq istəyirəm”.

Flinn bu yaxınlarda istefa vermişdi. Prezident ondan başladı ki, Flinn ruslarla söhbətləşərkən pis heç nə etməyib, lakin onu işdən çıxartmalı olub, çünki o, vitse-prezidenti aldadıb. Əlavə etdi ki, Flinnlə bağlı onu başqa məsələ rahatsız edir, lakin məhz nə – o vaxt bunu dəqiqləşdirmədi. Sonra prezident məxfi məlumatın sızması haqda uzun-uzadı danışaraq o zaman bölüşdüyüm və indi də şərik çıxdığım əndişəsini ifadə etdi. Saatların yanındakı qapının arasından Rayns Pribus və arxasında gözləyən bir dəstə adamı görünənə kimi o, sızıntılar haqda artıq bir neçə dəqiqə danışmışdı. Prezident ona əl elədi ki, qapını örtsün və dedi ki, tezliklə qurtaracaq. Qapı örtüldü. Və prezident bu zaman Mayk Flinn mövzusuna qayıtdı. Dedi: “O, yaxşı oğlandır və çox şeydən keçib”. Təkrar etdi ki, Flinn ruslarla telefon söhbətlərində pis heç nə etməyib, lakin vitse-prezidenti aldadıb. Sonra dedi: “Ümidvaram ki, bütün bunları tədricən necə yekunlaşdırmağı, Flinni necə unutmağı bilirsiniz. O, yaxşı oğlandır. Ümid edirəm ki, bu məsələni necə əngəlləməyi bacararsınız”.

Cavabında ancaq təkrarladım ki, “o, yaxşı oğlandır”. (FTB-dəki işimin lap başlanğıcında Mayk Flinn həmkarım olarkən və Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutarkən, həqiqətən, onunla müsbət iş təcrübəm var idi). Mən “bu işi əngəlləyəcəyim haqda” heç nə demədim. Prezident bir anlığa informasiya sızıntısı mövzusuna qayıtdı. Mən sonra durdum, döşəmə saatlarının yanındakı qapıdan çıxdım və qapının dalında gözləyən və aralarında Pribus və vitse-prezidentin də olduğu insan dəstəsini yarıb keçdim.

Mən dərhal Flinn haqda söhbətin açıq qeydlərini hazırladım və bu məsələni FTB ali rəhbərliyi təmsilçiləri ilə müzakirə etdim. Mən başa düşdüm ki, prezident Flinnin dekabrda Rusiya səfiri ilə söhbətləri haqda yalan bəyanatları ilə bağlı ona nisbətdə bütün araşdırmaları dayandırmağımızı xahiş edir. Deyilmişlərdən nəticə çıxartmadım ki, prezidemt Rusiya və onun seçki qərargahı üzvlərinin Rusiya ilə mümkün əlaqələrinə görə daha geniş araşdırmalardan danışır. Mən səhv edə bilərəm, lakin anladım ki, Flinin istefası nəticəsində nə baş verdiyinə, onun telefon danışıqları haqda necə danışdığı ilə bağlı qalmaqala  xüsusi önəm verir. Amma hər necə olur-olsun, müstəqil istintaq qurumu kimi, FTB-nin rolu nəzərə alınmaqla bütün bunlar məndə ciddi narahatlıq doğururdu.

FTB rəhbərliyi mənimlə razılaşdı ki, prezidentin xahişi, yerinə yetirməyə hazırlaşdığımız tapşırıq şəklində istintaqa təzyiq göstərməmək əhəmiyyətlidir. Biz həm də nəticəyə gəldik ki, bu söhbətin təkbətək aparıldığı nəzərə alınmaqla hekayətimin həqiqiliyini sübut edən heç bir dəlilim yoxdur. Qənaətə gəldik ki, bizim gümanımıza görə, çox ehtimal  ki, yaxasını kənara çəkəcək və Rusiya ilə bağlı araşdırmalardan imtina edəcək (o, bunu iki həftədən sonra etdi) Baş prokuror Ceff Seşnsə bu haqda məlumat verməyin özəl mənası yoxdur. Baş prokurorun vəzifəsini o zaman müvəqqəti olaraq ABŞ federal prokuroru icra edirdi və bu vəzifədə çox duruş gətirmədi.

Məsələni müzakirə edərək araşdırmamız irəlilədikcə nə düşünəcəyimizi qət edərək hər şeyi məxfi saxlamağa razılaşdıq. Araşdırma sürətli templə irəliləyirdi, lakin istintaq qrupunun bütün  üzvləri – və yaxud onları dəstəkləyən Ədliyyə Nazirliyinin hüquqşünaslarından hər biri – prezidentin xahişindən xəbərsiz idilər.

Bundan dərhal sonra prezidentin informasiya sızması haqda narahatlığını çatdırmaq üçün Baş prokuror Seşnslə şəxsən söhbət etdim. Vəziyyətdən istifadə edib Baş prokurordan bundan sonra prezidentlə mənim aramda birbaşa heç bir təmasa yol verməməyi xahiş etdim. Baş prokurora dedim ki, (ondan çıxmağı xahiş edərək baş prokurora tabe olan FTB direktoruna qalmaq buyruğu verilərkən) baş verənlər yolverilməzdir və belə bir şey ümumiyyətlə olmamalıdır. O, heç bir cavab vermədi. Yuxarıda göstərilən səbəblərə görə ona demədim ki, prezident FTB-də general Flinnin məsələsinin mümkün araşdırılması mövzusuna toxunub.

 

30 mart: telefon söbəti

 

Prezident martın 30-da səhər-səhər FTB-yə mənə zəng etdi. O, Rusiya məsələsinin araşdırılmasını onun ölkənin maraqlarında hərəkət etmək qabiliyyətinə mənfi təsir edən “qara bulud” adlandırdı. Dedi ki, Rusiya ilə heç bir bağlılığı yoxdur, Rusiyada fahişələrlə münasibətdə olmayıb və hər dəfə Rusiyada olarkən güman edirmiş ki, onun danışıqları yazılır. O soruşdu ki, “bu qara buludu rədd etmək” üçün nə edə bilərsiniz? Cavab verdim ki, araşdırmanı mümkün qədər tez aparmağa çalışırıq və çox yaxşı olardı ki, işimizi vicdanla icra edəydik və eyni zamanda heç nə tapmayaydıq. O razılaşdı, amma sonra yenə bu araşdırma üzündən onda yaranan problemlərə işarə etdi.

Prezident sonra soruşdu ki, keçən həftə Konqresdə niyə Rusiya məsələsi üzrə dinləmə keçirilib və mən bu zaman – Ədliyyə Nazirliyinin  göstərişlərinə uyğun olaraq – təsdiq etmişəm ki, Rusiya ilə Trampın seçki qərargahı arasında mümkün qarşılıqlı fəaliyyət haqda araşdırma aparılır. İzah etdim ki, Konqresdə hər iki partiya rəhbərliyinin təmsilçiləri onlara daha təfərrüatlı məlumat verməyi tələb edir və senator Çak Qrassli hətta baş prokuror müavini namizədliyini təsdiqləməyi araşdırmanın bütün incəlikləri haqda ona məlumat verməyincə təxirə salıb.

Mən izah etdim ki, Konqres rəhbərliyini məhz hansı şəxslərə nisbətdə araşdırma apardığımız haqda məlumatlandırmışıq. Həm də Konqres liderlərinə məlumat verdik ki, prezident Trampın özünə nisbətdə araşdırma aparmırıq. Onun yadına saldım ki, əvvəllər də ona bu barədə demişəm. O mənə dəfələrlə dedi: “Biz bu haqda məlumat verməliyik”. Mən prezidentə demədim ki, FTB və Ədliyyə Nazirliyi bizdə prezident Trampa görə araşdırma aparılmadığı haqda ictimai  açıqlamanı həvəssiz verir ki, bunun da bir neçə səbəbi var. Ən başlıcalarından biri bundan ibarətdir ki, durum dəyişiləcəyi halda öz açıqlamalarımıza da düzəliş etməyə məcbur olacağıq.

Prezident sonra dedi ki, onun silahdaşlarından nəsə qanunazidd bir iş görənin olub-olmadığını aydınlaşdırmaq yaxşı olardı. Və bu zaman bildirdi ki, şəxsən o, pis heç nə etməyib və ümid edir ki, onun fəaliyyətini araşdırmadığımız haqda rəsmən məlumat vermək üsulunu tapacağıq.

O, mövzunu kəskin şəkildə dəyişib FTB direktoru müavini Endryu Makkeybdən söz salaraq bildirdi ki, “Makkeyb məsələsi”ni müzakirəyə qoymayıb. Çünki mən Makkeybi düzgün və namuslu adam adlandırmışdım. Lakin Makoliff Klintonlara yaxındır və ona kampaniyanın keçirilməsi üçün nəzərdə tutulmuş  pul verib (düşünürəm ki, o, direktor müavini Makkeybin arvadını nəzərdə tuturdu). Prezidentin bu mövzuya niyə toxunduğunu anlamasam da, təkrar etdim ki, cənab Makkeyb namuslu adamdır.

O, axırda ölkə rifahı naminə hərəkət etməkdə ona mane olan “qara bulud” problemini vurğuladı və ümidini ifadə etdi ki, ona nisbətdə heç bir araşdırmanın aparılmadığı haqda rəsmən məlumat verməyin üsulunu taparam. Mən söz verdim ki, nə etməyin mümkünlüyü haqda düşünərik və araşdırmanı lazımınca və mümkün qədər tez aparcağıq.

Bu söhbətdən dərhal sonra Baş prokuror müavini vəzifəsini icra edə Dan Benteyə zəng etdim (Baş prokuror bu vaxta yaxın yaxasını kənara çəkdi və Rusiya ilə bağlı məsələləri araşdırmaqdan imtina etdi) və ona prezidentin zəngi haqda məlumat verərək dedim ki, onun göstərişlərini gözləyəcəyəm. Lakin beləcə ondan heç bir cavab almadım. İki həftədən sonra isə prezident mənə yenidən zəng etdi.

 

11 aprel: telefon danışığı

 

Prezident aprelin 11-də səhər mənə zəng edib soruşdu ki, ona nisbətdə araşdırma aparılmadığı haqda onun “rəsmən məlumat vermək” xahişi ilə bağlı nə təşəbbüs göstərmişəm. Cavab verdim ki, onun xahişini Baş prokuror müavini vəzifəsini icra edənə çatdırmışam, lakin cavab almamışam. O dedi ki, “qara bulud” ona öz işini görməyə  mane olur. Və istisna etmədi ki, öz adamlarına Baş prokuror müavini vəzifəsini icra edənlə əlaqəyə girmək və onunla söhbətləşmək tapşırığı verəcək. Cavab verdim ki, onun xahişinin rəsmiləşdirilmə proseduru məhz bu cürdür. Dedim ki, Ağ Evin hüquqşünası Don Makqanın ənənəvi kanaldan – Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət və sorğu verməkdən istifadə etməklə hərəkətə keçməyi lazımdır.

O, cavab verdi ki, belə də edəcək və əlavə etdi: “Çünki mən sizə qarşı olduqca loyal idim, çox loyal idim. Axı bizim nəyimizsə var idi – özünüz bilirsiniz nə”.

Mən cavab vermədim və soruşmadım ki, bu “nə isə”nin altında nəyi nəzərdə tutur. Ancaq dedim ki, sorğunun rəsmiləşdirmə qaydasına uyğun olaraq  Ağ Evin hüquqşünası Baş prokuror müavini vəzifəsini icra edənə müraciət etməlidir. O, cavab verdi ki, belə də edəcək. Bununla da bizim telefon söhbətimiz bitdi.

Bu mənim prezident Trampla son danışığım idi…

 

Tərcümə Strateq.az-ındır.