XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2017 - 19:08

Səudiyyə Ərəbistanı Qətərə müdaxilə edərsə… –Türkiyə rəsmi Dohanı "ümumi düşmən"dən qoruyacaqmı? - TƏHLİL

Vicay Pradaş

"AlterNet"

 

Səudiyyə Ərəbistanı və altı digər ölkənin Qətərlə əlaqələri kəsməsi xəbəri çıxdıqda, Qətər xarici siyasət xidmətinin bir təqaüdçü rəsmisi qaşqabaqla dedi: "Mən Səudiyyə Ərəbistanının hərbi müdaxiləsindən qorxuram".

Bu şişirtmə ola bilər. Amma 2013-ci ildə Səudiyyə Ərəbistanı Qətərin əvvəlki əmiri Hamad bin Xəlifə Əl-Tanini oğlu, cari əmir Təmim bin Hamad əl-Taninin xeyrinə taxt-tacdan imtina etməyə məcbur etdi.

Səudiyyə Ərəbistanı və onun kiçik qonşusu arasında gərginlik uzun zamandır mövcuddur və hər dəfə onlar həll edilib.

Buna görə də niyə məhz indi işğal qorxusu var?

Türkiyə parlamenti hər cür ehtimala qarşı Qətəri onun qoşunlarından qorumaq üçün hərbi baza yaradılması barədə müqaviləni təsdiq edib. 2014-cü ildə, əvvəlki əmirin taxt-tacdan imtinasından sonra Türkiyə bu bazanın inşasına başlayıb. Növbəti il Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirdi ki, bazada 3 min türk əsgəri yerləşdiriləcək. İndi onların sayı bir neçə yüz nəfərdir. Önümüzdəki günlərdə bu say artacaq.

Eyni zamanda, İraqdakı Xalq Səfərbərlik Bölmələrinin ("Haşdi-Şəabi") xeyli hissəsi son iki gün ərzində İraq-Səudiyyə sərhədinə köçürülüb. Bu xəbəri ilk dəfə iyunun 6-da iraqlı jurnalist Heydər Suməri yayıb. "Qətər ədalətsiz ittiham olunur", – deyə İraq hökuməti bildirib.

Bu hərbi yerdəyişmə əhəmiyyətli hadisədir. Yəqin ki, Səudiyyə işğalının müzakirəsi də boş söz deyil.

 

"Müsəlman qardaşlar"ın havadarları

 

Türkiyə və Qətərin əməkdaşlığı 2007-ci ildə başlayıb, lakin son bir neçə ildə möhkəmlənib. Türkiyə-Qətər Hərbi Əməkdaşlıq Sazişi (2015 mart) bu iki ölkənin ən geniş strateji anlaşmasıdır. Müqavilə dövlətin "ümumi düşmən"ə qarşı birləşdirir. Lakin sənəddə "düşmənlər"in kimliyi səlis ifadə edilməyib.

Aydındır ki, Türkiyə və Qətər həm də "Müsəlman qardaşlar"ın havadarlarıdır və bölgədə Səudiyyə patronajı olmadan da anlaşa bilərlər. 2013-ci ildə "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Mursinin devrilməsi, Qətərin keçmiş əmirinin hakimiyyətdən kənarlaşdırılması, 2014-cü ildə Qəzzada "HƏMAS"-a qarşı İsrailin apardığı müharibə, Liviyada, Suriyada Türk-Qətər vəkalətnamələri müharibəsi, "Müsəlman qardaşlar"ın tədricən təcrid olunması və məğlubiyyəti Qətər və Türkiyəni daha yaxın əməkdaşlıq və koordinasiyaya sürüklədi.

Səudiyyə Ərəbistanı Misirin yeni lideri general Sisi və onun Liviyadakı müttəfiqləri ilə əlaqələrini möhkəmləndirdi və Suriyada küləyi özünə uyğun səmtə əsdirdi. 2015-ci ildə sabiq Səudiyyə hökmdarının ölümündən qısa müddət sonra səltənət yoxsul ərəb dövləti Yəmənə qarşı müharibəyə girişdi.

Yeni kral Salman ölkəni çıxılmazlığa gətirib çıxardı. Yəməndə hərbi müdaxilə ilə regionda hökmranlığının sementlənəcəyi, Səudiyyə Ərəbistanının qısa zamanda qələbə qazanacağı ümidi vardı. Səudiyyə Ərəbistanı Yəməndə öz məqsədlərinə nail olsaydı, o, həqiqətən, düşmənlərinə – Qətərə və Türkiyəyə, eləcə də İrana mesaj göndərərdi.

Amma Yəməndə qələbə əldən çıxdı. Ruslar 2015-ci ildə Suriyaya müdaxilə etdi, Qərb həmin il İranla nüvə sazişi imzaladı. Birdən-birə Səudiyyənin falı dəyişdi. İrana etimad döndü və Suriya müharibəsində artıq Bəşər Əsəd və onun rus müttəfiqləri, eləcə də İran tərəfdaşlarının üstünlüyü ortaya çıxdı.

Səudiyyə Ərəbistanının iqtisadiyyatı hazırda böhran keçirir və onun neft sənayesinin yenidənqurulması söhbəti gedir.

Kral Salman və oğlunun şərəfi tapdalanıb.

2015-ci ilin sonuna yaxın "Səudiyyə gündəliyi"nin nizamsız olduğu ortaya çıxdı. Qətər və Türkiyə səudiyyəlilərdən hələ də qorxurdu. Suriyada yanlış ilə pis vəziyyətdə olan Türkiyə öz iqtisadiyyatını sabitləşdirmək üçün Qətərin təbii qaz gəlirinə etibar etməyə başladı və Rusiya ilə müzakirələr aparmaq üçün Qətərə söykəndi.

Səudiyyə Ərəbistanı, eyni zamanda, Birləşmiş Ştatlara üz tutdu və daha çox silah gətirdi. İran və "Müsəlman qardaşlar"ın havadarlarına, yəni Türkiyə və Qətərə qarşı ərəb NATO-sunu yaratmağa cəhd etdi.

Odur ki, indi Qətəri təcridetməyə dair bu dramatik addım 2015-ci ilin sonundan atılır.

 

Səudiyyəlilərin qorxusi nədir?

 

Səudiyyə Ərəbistanının Qətərə təzyiq etmək istəyinin iki səbəbi var:

Birincisi, səudiyyəlilər uzun müddətdir monarxları rədd edən İslam nəzəriyyəsinin perspektivlərindən narahatdır. İranın hazırkı hakim ideologiyası – Vilayət-e fəqih dərin anti-monarxiya tərkiblidirr. Bu, ölkəni padşahın yox, fəqihlərin idarə etməsini nəzərdə tutur.

İranın bu siyasi nəzəriyyəsi liberal demokratiyaya çox oxşayır. Amma o, dünyəvi yox, İslami idarəçiliyi nəzərdə tutur. Beləliklə, İran, Səudiyyə Ərəbistanının monarxiyasına alternativ İslam Respublikası quruluşunu irəli sürür.

"Müsəlman qardaşlar" da anti-monarxiya hərəkatıdır. O, burjua imtiyazlarının siyasi müstəviyə çıxarılmasını istəyir. İran və "Müsəlman qardaşlar" təkcə Səudiyyə Ərəbistan yox ("Qardaşlar"ın ideologiyası Qətəri istisna edir), bölgədəki bütün monarxları təhdid edir. BƏƏ liderlərinin də "qardaşlar"ın əleyhinə olması bu mənada təəccüblü deyil.

İkincisi, Qətər son bir neçə onillik ərzində İranla yaxın əlaqələri inkişaf etdirib. İki ölkə 9.700 kv km-lik dünyanın ən böyük təbii qaz yatağını bölüşürlər.

İranla Qətərin yaxınlığı ortaq təbii qaz sahəsi ilə məhdudlaşmır. Keçən il Suriyada, şəhərlərdə atəşkəsin saxlanılması üçün Qətər və İranin əməkdaşlığı onları bir az da yaxınlaşdırdı. Bu hərəkət Əsədin devirmək kimi işin ümidsizliyinə baxmayaraq, Suriyada müharibəni davam etdirmək istəyən səudiyyəliləri narahat etdi.

Mursi Misirin prezidenti olarkən əlavə dəlil yarandı. O, 1979-cu ildən bəri İrana səfər edən ilk Misir rəhbəri idi. Mursinin devrilməsində Misir hərbçiləri ilə yanaşı, səudiyyəlilərin də rolu düzgün qiymətləndirilməlidir.

İran və Qətər arasında sıx əlaqələr uzun zamandır səudiyyəliləri qıcıqlandırır. İndi bu əlaqələri qırmaq üçün o, kiçik qonşusuna təzyiqi artırmaq qərarına gəlib.

…İraq və Suriyaya səpilən müharibə toxumları indi cənuba yayılır. Artıq Türkiyə üçün böyük problem yaranıb. Bu problemlər həm də Körfəz boyu səyahət edir.

 

Tərcümə: Strateq.az