XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 13:34

Körfəz gərginliyində İsrail amili –Qətərin niyə cəzalandırıldığı üzə çıxır - TƏHLİL

Hüseyn Əbdül-Hüseyn

"Anadolu News Agency"

 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Qətər arasındakı əlaqələrdə yaşanan ani təzyiq artımı, ilk baxışdan, tam izah oluna biləcək vəziyyət deyil. İlk olaraq, iki dövlətin mediası Qətər əmiri Şeyx Təmim bin Hammad əs-Saninin, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) İrana qarşı sərt rəftarından fərqli bir mövqe tutacağı ilə bağlı sözlərinə təpki olaraq hücuma keçdi.

Əmirə aid edilən bəyanatı rəsmi Doha təkzib etdi və mübahisəli ifadələri yayan rəsmi xəbər agentliyinin kiber hücuma məruz qaldığını bildirdi. Bu iddia daha sonra Vaşinqton tərəfindən da təsdiqləndi.

Lakin saxta bəyanata əsasən başlayan media savaşından sonra Riyad və Əbu Dabi rəsmi Dohaya qarşı siyasi hücuma keçdi: diplomatik əlaqələr kəsildi, Qətər təyyarələrinə hava sahəsi və Qətər dəniz nəqliyyatının üzünə limanlar bağlanıldı.

İqtisadi həyatı BƏƏ və Səudiyyə Ərəbistanına bağlı olan Misirin prezidenti Əbdülfəttah Sisi isə məmnuniyyətlə bu iki ölkənin arxasına düşdü. Diplomatik çəkisi olmayan bir neçə ərəb paytaxtı da Qətər əleyhinə olan cəbhəyə qatıldı. Daha böyük çəkiyə sahib olan İordaniya kimi bəzi ölkələr isə yalnız diplomatik təmsilçilik səviyyəsini azaldaraq eyni səfdə dayanmağa çalışdılar.

Ən sonda Qətər, aralarında Türkiyə, İraq, Livan, İordaniya, Küveyt, Oman, Əlcəzair, Mərakeş, Sudan və Tunis olan bir çox ölkə ilə əlaqələrini mühafizə edərək, bu hücumdan sağ çıxdı.

Prezident Trampın bir neçə qəribə və qeyri-diplomatik "tweet"inə baxmayaraq, Doha Vaşinqton tərəfindən qəti şəkildə çıx-daş edilmədi. Amerikanın nüfuzlu rəsmiləri Trampın "tweet"lərindən fərqli açıqlamalar verdilər və Vaşinqtonun Qətərlə əlaqələri tərifləndi.

Xülasə, Qətəri təcrid etmə səyləri nəticə vermədi.

İlk döyüşə səbəb olan toz-duman yatdıqda və Küveyt əmiri Şeyx Sabah əl-Sabah tərəf olan ölkələrin nümayəndələrini qəbul edib rəqib paytaxtlar arasında vasitəçilik edərkən, KƏŞ-dəki bu döyüşün nə İranla, nə də Suriya ilə bağlı olduğu ortaya çıxmağa başladı.

Trampın Səudiyyə Ərəbistanına səfərindən əvvəl yazdığımız kimi, ABŞ prezidentinin Riyad seçiminin Körfəz ölkələri ilə mövcud əlaqələrinə aidiyyəti yox idi. Bu, daha çox İsrail və KƏŞ üzvü olan ölkələr arasında sülh yaradılmasına istiqamətlənmiş ssenari idi.

Tramp seçildikdən sonra ortodoks yəhudi olan kürəkəni Cared Kuşneri Ərəb-İsrail sülhünə məsul olan şəxs təyin etdi. 36 yaşlı Kuşner isə təcrübəsizliyi ucbatından, özü kimi yəhudi və "Tramp Organisation"a uzun müddət xidmət etmiş Ceyson Qrinblattın köməyinə bel bağladı.

Qrinblattın gördüyü ilk iş – İsrailin də bir müddətdir yaydığı bəyanatı təkrarlamaq oldu. Bu, son dəfə İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən fevral ayında Ağ Evdə Trampla ortaq mətbuat konfransında dilə gətirilmişdi. Netanyahu İran qorxusunun israillilərlə ərəbləri bir-birinə daha çox yaxınlaşdırdığını söyləmişdi.

Netanyahu, fələstinlilərə güzəştə getməyə istəkli olmayan və tez-tez İsrailin (miladdan əvvəlki) Yəhudi Krallığının Qərbi Şəriyədəki tarixi torpaqlarını əlində tutmasını müdafiə edən mühafizəkar partiyalara minnət borcu olan zəif bir koalisiya hökumətinə başçılıq edir. Bu da Trampın böyük sülh vədlərindən hər hansı birini reallaşdırmaq üçün Netanyahunun alternativ bir sülhə ehtiyacı olması mənasını verir.

Buna görə də israillilər və Qrinblatt, İsrailin KƏŞ üzvü olan ölkələrlə sülh müqavilələri imzalaya biləcəyinə inanırdı. Belə bir uğur həm Trampı yaxşı simada göstərəcək, həm də israillilər üçün mükafat olacaqdı.

Həmin məsələdə yeganə çətinlik isə İsraillə sülh danışıqlarına girdikləri təqdirdə, fələstinlilərin sahib ola biləcəkləri təzyiqetmə imkanı idi. Lakin KƏŞ-lə öncədən imzalanan sülh sayəsində bu təzyiq imkanı itirdi.

Kuşnerin xanımı, yəni özü kimi ortodoks yəhudi olan Trampın qızı İvanka və Qrinblatt Səudiyyə Ərəbistanına yollanan prezident təyyarəsinə minmək üçün Nyu-Cersi ravvinindən icazə almalı idilər. Çünki uçuş qismən yəhudi şabatı günü (yəhudilərə bir çox şeyləri yasaq edən şənbə günütərc.) olacaqdı.

Riyada yetişdikdə Qrinblatt şabatın geri qalanına otağında riayət etdi, ilk dəfə çölə Trampın ikitərəfli danışıqları başladacağı bazar günü çıxdı və yığıncaqlara qatıldı.

Bir neçə görüşdə əldə edilən məlumata görə, KƏŞ-İsrail sülhü Trampın prioritetlərindən biri idi. Bu da Səudiyyə Ərəbistanına edilən səyahətin digər məsələlərdən niyə üstün olmasını izah edir.

Tramp bu səyahətində vəzifədaşları ilə İran təhdidi və digər məsələlərə dair ortaq bəyanatlar verdi. Lakin sülh ehtimalı olmadan Trampın Riyad səfəri nəticəsiz sayılardı. 

Səudiyyə Ərəbistanı sabiq prezident Barak Obamaya da medal vermişdi. ABŞ-da ciddi şəkildə təriflənən və Trampın "yüz milyardlarla dollar" və Amerika fəhlələriüçün "iş, iş, iş!" deyərək səciyyələndirdiyi 110 milyard dollarlıq silah razılaşması, Brukinqs İnstitutundan Bryus Reydelin bir araşdırmasına əsasən, həqiqətən saxta xəbərə bənzəyir.

Təyyarənin İsrailə enməsindən az sonra Netanyahu, İsrail baş nazirinin də Riyaddan Qüdsə uçacağı günü arzuladığını söylədi. Bu da Trampın Səudiyyə Ərəbistanı ziyarətində israillilər üçün ən əhəmiyyətli olan ünsürün Səudiyyə-İsrail sülhünə qatqı təmin etmə ehtimalı olduğunun digər bir göstəricisidir.

KƏŞ-də baş verən münaqişənin İsrail sülhü ilə əlaqədar prosesin nəticəsi olduğunun ən son dəlili – Trampın səfərindən bir həftə əvvəl Vaşinqtonda Qətər əleyhinə kampaniyanın başlamasıdır. İsrail dostları tərəfindən maliyyələşən "beyin mərkəzləri"ndə çalışan araşdırmaçılar Qətəri sünni terrorizminə dəstək verməkdə günahlandıran məqalələr dərc etdilər. Bu tədqiqatçılar yazılarında rəsmi Dohanın beş "Taliban" liderinə ev sahibliyi etməsinə, üstəlik "HƏMAS""Müsəlman qardaşlar"ın liderlərinə də sığınacaq verməsinə sərt təpki göstərdilər.

Lakin "Taliban" liderləri Vaşinqtonun tələbi ilə Dohada yaşayırlar. Quantanamoda məhbus olan bu "Taliban" xadimləri Obama dövründə girov dəyişmə əsnasında, ABŞ hərbçisi Boui Berqdalın azad edilməsi müqabilində sərbəst buraxılmışdılar. 

"HƏMAS və "İxvan" liderlərinə ev sahibliyi də KƏŞ-də anlaşılmazlıqlara səbəb olmuş köhnə bir problemdir. Səudiyyə Ərəbistanı və BƏƏ, Qətərdən "İxvan"ı "qara siyahı"ya salmasını və "HƏMAS liderlərini ölkədən çıxarmasını tələb edəndə, Doha, "İxvan"ın nə ABŞ-ın, nə AB-nin, nə BMT-nin, nə də Ərəb Birliyinin terror siyahısında olduğunu bildirərək buna qarşı çıxmışdı. Doha, "İxan"ın qanunlara uyğun şəkildə fəaliyyət göstərdiyini və aralarında Küveyt, İordaniya, Tunis və Mərakeşin də olduğu ərəb ölkələri parlamentlərində təmsil edildiyini söylədi.

Bundan əlavə, Küveytin vasitəçiliyi ilə KƏŞ "İxvan"ın Qətərin daxili işi olduğunu qəbul etdi və döyüş baltaları endirildi. O gündən bu yana KƏŞ ölkələri "İxvan" mövzusundakı anlaşmazlıqlarına baxmayaraq, sülh içində yaşayırdılar.

Qətər və "İxvan" mövzusunda bu müddətdə heç bir dəyişiklik olmadı, Qətərin Suriya və İraqda İranla mübarizə apardığı, həmçinin Yəmən müharibəsində Səudiyyə Ərəbistanının koalisiyasında və İŞİD əleyhinə koalisiyanın üzvü olduğu bəlli idi. Odur ki, rəsmi Doha və iki digər Körfəz paytaxtı arasındakı bu ayrılığın yeganə mümkün səbəbi ancaq və ancaq İsraillə sülhü məsələsidir.

Qətər bəlkə də gəlməkdə olan bu diplomatik hücumu əvvəldən hiss etmişdi. Buna uyğun olaraq "HƏMAS"a Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaşaya biləcəyini eşitdirən yeni bir bəyanat yayması təlimatı vermişdi. Lakin İsrail hazırda 1967-ci il sərhədlərindən çox-çox kənardadır.

Netanyahu "HƏMAS"ın yeni bəyannaməsini cırıq-cırıq etmək məqsədilə televiziyaya çıxdı. Bundan az sonra KƏŞ-də Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətərdən qəti şəkildə "HƏMAS"ı boğmanı tələb etməsi ilə ortaya çıxan qarşıdurma başladı. Bundan sonra nə olacağını isə kimsə qəti olaraq bilmir…

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə