XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2017 - 14:08

Ağ Ev üzərində əsən impiçment yelləri:Trampın vəkilləri müdafiə üçün səfərbər edilir – Araşdırma

The Week (ABŞ), 10.06.2017

 

Ağ Ev ətrafında dolaşan qalmaqallarla bağlı Konqresdə artıq “İ hərfli söz” səslənir. Budur, bu barədə bilməyin gərəkdiyi hər şey:

 

Nə zamansa prezident impiçmenti keçirilibmi?

 

Nümayəndələr Palatası öz tarixi boyunca yalnız iki prezidenti impiçmentə düçar edib və Senat hər ikisinə bəraət verib. Birinci 1868-cı ildə Vətəndaş müharibəsini uduzmuş Cənuba münasibətdə kursundan törəyən siyasi böhran üzündən Endryü Conson, ikinci 1998-ci ildə Ağ Evdə təcrübə keçən Monika Levinski ilə romana görə Bill Klinton olub.

Riçard Niksonu impiçment təhdid edib, amma prezident bundan qabaq istefa verib.

Hazırda prezident Trampın seçki qərargahı ilə Rusiya arasında mümkün işbirliyinin təhqiqatı üzrə özəl prokuror təyin edildikdən sonra çoxları impiçment haqda yenidən danışmağa başlayıb. Şayiələrə görə, hazırda prosedur başlayarsa, Trampın hüquqşünasları prezidenti müdafiə üsulları arayırlar.

"Paddy Power" bukmekr şirkəti güman edir ki, Trampın ilk prezidentlik müddəti ərzində impiçment şansı 60%-ədək yüksəlib. 26-a qədər demokrat və iki respublikaçı “İ hərfli sözü” artıq açıq şəkildə tələffüz etməyə müvəffəq olub. Amma impiçment partiya mülahizələrinin güclü təsir etdiyi mürəkkəb və uzun prosesdir. Klintonun impiçmentinə səs vermiş keçmiş respublikaçı konqresmen Bill Makkollum iddia edir ki, hətta o başlasa da, “sürətlə olmayacaq”.

 

İmpiçment haradan ortaya çıxıb?

 

Bu prosedur XIV əsrdə məhkəməyə tabe olmayan əyan və kral müşavirlərinə qarşı işlədilmiş İngiltərədə yaranıb. İstibdadın mümkün bərqərarından ehtiyatlanan Amerika konstitusiyasının müəllifləri impiçment ideyasını həddini aşan prezident, həmçinin vitse-prezident, nazir, federal hakim və Ali Məhkəmə hakimlərini dinc yolla hakimiyyətdən etmək üsulu kimi mənimsəyiblər.

İmpiçment hüququnun Ali Məhkəməyə verilməsinin gərəkib-gərəkmədiyi haqda qığzın mübahisələr gedib, amma yekunda konstitusiya “müstəsna impiçment hüququ”nu  Nümayəndələr Palatasına verib. Senat “istənilən impiçmenti nəzərdən keçirməyə müstəsna hüquq”, yəni müttəhimi günahkar bilmək və yaxud bəraət vermək hüququ əldə edib.

 

Nəyə görə impiçmentə düçar edirlər?

 

Konstitusiyaya əsasən, “dövləti xəyanət, rüşvətxorluq və digər ağır cinayət və təqsirlərə görə”. Bununla belə, “ağır cinayət və təqsir”ın ümumi məqbul təyini yoxdur. Bəzi hüquqşünaslar hesab edirlər ki, söhbət təkcə yazılı hüququn pozulmasından gedir. Başqalarının fikrincə, hakimiyyətdən istənilən sui-istifadə və yaxud prezident vəzifəsini ləkələyən istənilən davranış vaxtı impiçment tətbiq edilir. Təfsir praktikada bütünlüklə siyasi durumdan asılıdır.

Klintonu yalan ifadə vermək və hüquq qaydalarına mane olmağa görə impiçmentə məruz qoyublar. Çünki o, and altında – yazılı ifadələrdə və andlılar məhkəməsində Levinski ilə münasibətləri haqda yalan danışıb. Jurnalistlər bu zaman aşkarlayıblar ki, Respublikaçılar partiyasının əksər liderləri də ailə xəyanətində günahkardırlar. Respublikaçılar cavabında – hərçənd çox uğursuzluqla – etiraz ediblər ki, indiki halda ailə sədaqətinin deyil, yalanın əhəmiyyəti var. O zaman Nümayəndələr Palatasında azlığın lideri olmuş Cerald Fordun 1970-ci ildə acı-acı qeyd etdiyi kimi, “Nümayəndələr Palatasında çoxluğun münasib saydığı şey impiçment üçün bəhanə ola bilər”.

 

İmpiçment prosesi necə görünür?

 

Nümayəndələr Palatası əvvəlcə impiçment prosedurunun başlanması üçün səs verməlidir. Bunun üçün adi səs çoxluğu lazımdır. İstənilən konqresmen impiçment təklifi verə bilər. Bunu həm də Konqresin komitələri, müştərək ərizə müəllifləri, özəl prokuror və prezident edə bilər. Səslərin sadə çoxluğu ittihamlardan, heç olmasa, birini müdafiə etsə, prezident rəsmən impiçmentə məruz qalır ki, bu da onu faktiki olaraq müttəhim edir. Bu halda Senat hakim rolunda çıxış edir.

 

İmpiçment necə keçir?

 

Nümayəndələr Palatası özəl nümayəndələr – ittiham tərəfini təmsil edən menecerlər təyin edir. Prezident müdafiə tərəfini təmsil edəsi vəkillər yığır. Senatorlar Ali Məhkəmə sədrinin başçılığı ilə andlılar məhkəməsi keçirir. Senat eyni zamanda prosesual qaydaları müəyyən etməlidir – məsələn, şahidləri dinləməyin gərəkib-gərəkmədiyi və yaxud yazılı ifadələrlə kifayətlənməyi.

“İmpiçment unikal hadisədir, – Klintonun impiçmenti vaxtı menecerlərdən biri olmuş keçmiş konqresmen Bob Barr izah edir. – Adi məhkəmədə andlılar qaydaları və hansı sübutları görmək istəyib-istəmədiklərini müəyyən etmirlər”.

Sübutun dəqiq kriteriyası yoxdur – təqsirlilik haqda məsələni senatorların hər biri öz zövqünə əsasən həll edir. Senatorların üçdə ikisindən çoxu prezidenti təqsirkar elan etsə, o, öz postundan məhrum olur və vitse-prezident onun yerinə gəlir.

 

Trampı impiçment təhdid edirmi?

Amerikanın hazırki prezidenti Donald Tramp

 

Özəl prokuror Robert Müllerin apardığı təhqiqat, sözsüz, bu cür imkanı nəzərdə turur. Texasdan demokrat konqresmen El Qrin iddia edir ki, artıq impiçment üçün ittiham hazırlamağa başlayıb. Onun fikrincə, Tramp hüquq qaydalarına mane olmaqda təqsirlidir. Qrin hesab edir ki, prezident FTB direktoru Ceyms Komini Trampın çevrəsi ilə Kreml arasındakı mümkün işbirliyi araşdırmasını dayandırmağa məcburiyyətə cəhd edib, sonra isə araşdırmanı dayandırmaq ümidilə Komini işdən çıxardıb.

Amerikanın keçmiş prezidenti Bill Klinton

 

Klinton və Nikson hadisələrində məhz hüquq qaydalarına maneçilik impiçment üçün bəhanə olub, lakin hər ikisi – Trampdan fərqli olaraq – müxalifətin nəzarət etdiyi rəqib Konqreslə uğraşmalı olub. Respublikaçıların öz prezidentlərinə qarşı çıxmaq və impiçmentinə səs verməyi üçün onun reytinqi bütün partiyaya təhlükəli olacaq həddədək düşməlidir. ABŞ Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Bryus Feyn hesab edir: “Hər şey 99% prezidentin nə qədər populyarlığından asılıdır”.

 

Nikson impiçmentdən necə yayınıb?

 

Amerikanın keçmiş prezidenti Riçard Nikson

 

Riçard Nikson “Uotergeyt”də – XX əsrin əsas siyasi qalmaqalında dolaşmışdı. Onun təqsirinin sübutları o qədər inandırıcı idi ki, mütləq impiçment təhlükəsi var idi. Amma o, rüsvayçılıqdan yayına bildi, çünki vaxtında istefa verdi.

1974-cü ilin iyulunda Nümayəndələr Palatası məhkəmə komitəsi “hiyləgər Dik”in impiçmentinə icazə verdi. 1972-ci ildə Demokratik Partiya Milli Komitəsinin mənzil qərargahına qanunsuz soxulma, hüquq qaydalarına maneçilik, hakimiyyətdən sui-istifadə və Konqresə hörmətsizliklə bağlı üç ittiham buna əsas oldu. Altı gündən sonra Niksonun lap əvvəldən araşdırmaya mane olmağa səy göstərdiyini əminliklə sübut edən audioyazı dərc olundu. Respublikaçılar partiyası liderləri Niksona həm Nümayəndələr Palatasında, həm də Senatda dəstəkdən məhrum olduğunu xəbər verəndə prezident istefaya getməyi qət etdi. O, məşhur nitqində bildirdi: “Məsələni uzatmağına dəyməz”.

Bir aydan sonra Niksonun varisi – onun keçmiş vitse-prezidenti Cerald Ford haçansa etdiyi bütün cinayətləri bağışlayaraq, onu əfv etdi. Fordun sözlərinə görə, Nikson artıq “yetərincə əzab çəkib”.

 

Tərcümə Strateq.az-ındır.